Məhkəmə qərarları › İş №e-2-2(113)-2832/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2832/2024

20.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2832/2024 20.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Şəmkir oğlunun Cavabdeh MMC-nə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, illik 5%) X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iştirakı, iddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli 02 saylı müqaviləyə əsasən yaranmış 24.213,04 manat məbləğində əsas borcun, 1210,67 manat məbləğində faiz borcunun, hüquqi xidmət müqabilində vəkilə ödənilmiş 300 manat pulun və hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi ollaraq 163,84 manat pulun, ümumilikdə 25.887,55 manat pulun Cavabdeh MMCdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 14 may 2023-cü il tarixli 2 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, iddiaçı yük cavabdehin sifarişi əsasında özünə məxsus **-DT-*** dövlət qeydiyyat nişanlı “MAN” markalı yəhərli dartıcı və **-ZH-*** dövlət qeydiyyat nişanlı “Hovo” markalı özü boşaldan nəqliyyat vasitəsi ilə yük daşıma xidmətləri həyata keçirmişdir. Belə ki, müqavilənin 1.1-ci bəndinə əsasən, Sifarişçi qırma daş yükünün Tərtər çayı hövzəsində yerləşən karxanadan 0-45 çay materialının Mingəçevir şəhərində sifarişçi tərəfindən tələb olunan əraziyə daşıma xidmətlərinin göstərilməsini sifariş verib. Sifarişçi razılaşdırılmış xidmət haqqı ödəməyi, İcraçı isə Sifarişçinin müəyyən etdiyi qaydada iş icraçısı tərəfindən tapşırılan yük daşıma xidmətlərini görməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə daşınan yükün 1 kubunun qiyməti 9,00 manat müəyyən edilir və daşınmada istifadə olunan dizel yanacağı daşınmanın dəyərindən çıxılır və yük daşıyan tərəf sifarişçinin ünvanına elektron qaimə göndərdikdən 3 gün ərzində hesablaşma həyata keçirilir. İddiaçı xx.xx.2023-cü il tarixli müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirsə də Cavabdeh MMC tərəfindən daşıma xidmətlərinin müqabilində iddiaçıya ödənməli olan 71.213,04 manat puldan cəmi 47.000 manat pul ödənilmişdir. Beləliklə də həmin müqavilə üzrə cavabdeh MMC-nin iddiaçıya 24.213,04 manat ödənilməmiş əsas borcu qalmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli, 439280 nömrəli elektron qaimə-faktura sənədinə görə 12.510 manat, xx.xx.2023-cü il tarixli 608339 nömrəli elektron qaimə-faktura sənədinə görə 10.008 manat, xx.xx.2023-cü il tarixli, 879345 nömrəli elektron qaimə-faktura sənədinə görə 5000,04 manat, xx.xx.2023-cü il tarixli 598281 nömrəli elektron qaimə-faktura sənədinə görə 15.003 manat, xx.xx.2023-cü il tarixli 837984 nömrəli elektron qaiməfaktura sənədinə görə 28.692 manat pul məbləğində yükdaşıma xidmətləri iddiaçı tərəfindən cavabdehə göstərilmişdir, cavabdeh tərəfindən iddiaçıya ödənilməli idi. İddia ərizəsinə əlavə edilmiş iddiaçının bank hesabından çıxarışdan görünür ki, həmin eqaimələr əsasında göstərilən 71.213,04 manat yükdaşıma xidmətlərinə görə cavabdeh xx.xx.2023-cü il tarixdə 8.000 manat,xx.xx.2023-cü il tarixdə 4.000 manat, xx.xx.2023-cü il tarixdə 15.000 manat, xx.xx.2023-cü il tarixdə 10.000 manat, xx.xx.2023-cü il tarixdə 10.000 manat cəmisi 47.000 manat ödəniş etmiş, qalıq 24.213,04 manat borcunu isə ödəməmişdir. Dəfələrlə iddiaçı tərəfindən Cəmiyyətdən borcun ödənilməsi barədə şifahi qaydada xahiş və tələb edilsə də, eyni zamanda xx.xx.2024-cü il tarixdə email vasitəsilə pretenziya, xx.xx.2024-cü il tarixdə elektron kargüzarlıq vasitəsilə pretenziya, xx.xx.2024cü il tarixli pretenziya məktubu ilə xəbərdarlıq edilsə də, cavabdeh MMC tərəfindən bugünədək 24.213,04 manat borc məbləği iddiaçıya ödənməmişdir. Göründüyü kimi Cavabdeh MMC iddiaçıya olan borcunu ödəməmiş, öhdəliyini pozmuşdur. Odur ki, xx.xx.2023-cü il tarixli, 02 saylı müqaviləyə əsasən 24.213,04 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 431.1, 431.2, 445.2, 445.7, 448.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarında olan: “Sifarişçi” Cavabdeh MMC ilə “İcraçı" İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 02 nömrəli xidmətlərinin göstəriməsi haqqında müqavilənin predmetindən görünür ki, “Sifarişçi” qırma daş yükünün Tərtər çayı hövzəsində yerləşən karxanadan 0-45 çay materialının Mingəçevir şəhərində sifarişçi tərəfindən tələb olunan əraziyə daşıma xidmətlərinin göstərilməsini sifariş verib. “Sifarişçi" razılaşdırımış xidmət haqqı ödəməyi, ”İcraçı” isə “Sifarişçi"nin müəyyən etdiyi qaydada iş icrası tərəfindən tapşırılan yük daşıma xidmətlərini görməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətin həcmi bu müqaviləyə əlavə edilən Xidmət aktı ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı tərəflər arasında razılaşmaya əsasən 2 nömrəli aktda xidmətlər üçün verilmiş qiymətlər əsasında müəyyən edilir. Müqavilənin 2.1-ci maddəsinə əsasən xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi Sifarişçi tərəfindən verilir. Müqavilənin 4.1-ci maddəsinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə daşınan yükün 1 kubunun qiyməti 9 manat müəyyən edilir və daşınmada istifadə olunan dizel yanacağı daşınmanın dəyərindən çıxılır və yük daşıyan tərəf sifarişçinin ünvanına elektron qaimə göndərdikdən 3 gün ərzində hesablama həyata keçirilir. İddiaçı məxsus "xxxx" ASC-də olan 28-1866401-1 nörməli hesab üzrə çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən EBDH439280, EBDK608339 və EBDL598281 saylı qaimələr üzrə xx.xx.2023-cü il tarixində 8000 manat, xx.xx.2023-cü il tarixində 4000 manat, xx.xx.2023-cü il tarixində 15000 manat,xx.xx.2023-cü il tarixində 10000 manat və xx.xx.2023-cü il tarixində 10000 manat ödəniş edilmişdir. EBDH seriyalı, 439280 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 12510 manat, EBDK seriyalı, 608339 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 10008 manat, EBDK seriyalı, 879345 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 5000,04 manat, EBDL seriyalı, 598281 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 15003 manat, EBDM seriyalı, 837984 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 28962 manat İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Seriya nömrəsi BB111696 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Reisch Yarımqoşqu” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı özü boşaldan nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. Seriya nömrəsi BB111694 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Man TGX 18.480 YÜK” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. Tərtib edilmiş cədvəllərdən göründüyü kimi, Cavabdeh MMC tərəfindən müxtəlif dövrlərdə müxtəlif həcmlərdə qravilin (çınqıl) daşınması üçün İddiaçı sifarişlər verilmişdir. 19 may 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət büdcəsinə 163,84 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli, 30354 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 321 manat köçürülmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzər tutulmuş xidməti göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını ödəməmişdir. Bu fakt e-qaimələrlə də öz təsdiqini tapır, çünki mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və ya öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır ki, əvvəllərdə iddiaçı tərəfindən görülən işlərlə bağlı verilmiş e-qaimələr əsasında cavabdeh tərəfindən müxtəlif ödənişlər edilmişdir. Buna görə də iddiaçının icra etdiyi işin müqabilində cavabdehdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil alınan xidmətlərə görə 24.213,04 manat məbləğində pulu ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, tərəflər arasındakı işgüzar adəti nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 24.213,04 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas borcun ödənilməsinin gecikdirildiyi təqdirdə illik 5% ilə hesablanmış 1210,67 manat faiz borcunun da ödənilməsini tələb etmişdir. Lakin, məhkəmə 24.213,04 manat əsas borca 1210,67 manat faiz məbləğinin hesablanmasını əsaslı hesab etmir. Çünki cavabdeh tərəfindən bu günə kimi borcun gecikdirilməsi 1 il deyil, 9 aydır. Buna görə də, 24.213,04 manat borca qaytarılmayan 9 ay müddət üçün illik 5 faiz hesablamaqla (24213,04 – 5%= 1210,65:12=100,89x9=908,01) 908,01 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, vəkil üçün tələb edilən xidmət haqqı ağlabatan olduğundan 300 manat xidmət haqqı, eyni zamanda, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş 166,27 manat dövlət rüsumunun 165 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 14 may 2023-cü il tarixli 2 saylı müqaviləyə əsasən 24213 (iyirmi dörd min iki yüz on üç) manat 04 (dörd) qəpik əsas borc, 908 (doqquz yüz səkkiz) manat 01 (bir) qəpik faiz borcu, hüquq xidmətinə görə vəkilə ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun 165 (yüz altmış beş) manatının əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar