Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2846/2021 24.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X2iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 196.749,99 manat – bundan 150000 manat əsas, 22583,33 manat məbləğində faiz, 19333,33 manat məbləğində cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 4833,33 manat məbləğində faiz borcu və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat məbləğində rüsumun Cavabdeh1 MMC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12.04.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus, ünvan 1 ünvanında yerləşən 47 nömrəli mənzilə yönəldilməsi, yuxarıdakı əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 MMC-dən tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin və mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Dostluq” filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış 21.05.2019-cu il tarixli DSF0022H saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə 12 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 150.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12.04.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 47 nömrəli mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə bank ilə Cavabdeh2 arasında 21 may 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə 6 saylı Notariat Ofisi tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 27.05.2019-cu il tarixli 264797 qeydiyyat nömrəli çıxarış verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 2.1.2-ci bəndinə əsasən borc alan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********113 saylı 02.04.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 14.01.2021-ci il tarixinə Cavabdeh1 MMC-nin kredit üzrə cəmi borcu 196749,99 manat təşkil edir. Bundan 150.000 (bir yüz əlli min) manat əsas, 22583,33 manat məbləğində faiz, 19333,33 manat məbləğində cərimə və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 4833,33 manat məbləğində faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Dostluq” filialı (kredit verən) ilə Cavabdeh1 MMC (kredit alan) arasında bağlanmış arasında bağlanmış 21.05.2019-cu il tarixli DSF0022H saylı kredit müqaviləsindən görünür ki, kredit verən kredit alana kredit verməyi, kredit alan isə krediti qəbul edib ondan 12. bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri kredit verənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə kredit alana bərpa olunan kredit xətti üzrə 150.000 manat məbləğində limit müəyyən olunur və kredit alana kredit xətti üzrə ona ayrılmış krediti birdəfəlik və ya hissə-hissə götürə bilər. 3.4-cü bəndinə əsasən kredit alan kreditdən istifadəyə görə kredit verənə illik 20 % faiz ödəyir. 3.5-ci bəndinə əsasən faizlər kreditin ssuda hesabına daxil olduğu günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır. 3.6-cı bəndinə əsasən faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən 30 təqvim gününün bitdiyi sonuncu gün Kredit alan tərəfindən Kredit verənin hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Kredit məbləği Kredit alan tərəfindən Kredit verənə 4.1-ci bəndində göstərilən müddət ərzində tam olaraq qaytarılır. 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə kredit 12 ay müddətinə verilir. 4.2-ci bəndinə əsasən bu müqavilə üzrə 1il 360, 1 ay 30 təqvim günü hesablanır. 4.3-cü bəndinə əsasən bu müqavilə kredit alan tərəfindən kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklər kredit verənə icra olunduğu andan ləğv edilir. 4.4.-cü bəndinə əsasən bu müqavilə üzrə kredit verən tərəfindən aşağıdakı hallarda 2.4.10. yarımbəndi ilə müəyyən olunan şərtlərlə birtərəfli qaydada vaxtından əvvəl ləğv edilə bilər. 4.4.1. kredit və faizlərin ödənilməsi kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə. 4.4.2. kredit müqaviləsinin 1.2 bəndi ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə. 4.4.3. kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı kredit verənin ehtimalları yarandıqda. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. LPO İddiaçı ASC tərəfindən verilmiş **********193 saylı 25.01.2021-ci il tarixli maliyyə arayışı ilə təsdiq edilir ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 21 may 2019-cu il tarixli DSF0022H saylı kredit müqaviləsi müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə 12 ay müddətinə illik 20 % olmaqla 150.000 manat kredit verilmişdir. 14.01.2021ci il tarixə Cavabdeh1 MMC-nin 150.000 manat əsas, 22583,33 manat faiz, 19.333,33 manat cərimə, MM-in 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 4.833,33 manat faiz olmaqla, ümumilikdə 196.749,99 manat borcu vardır. İddiaçı ASC (ipoteka saxlayan), Cavabdeh1 MMC (kredit alan) və Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış 21 may 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ilə müəyyən edilir ki, ipoteka saxlayan ilə borclu arasında 21 may 2019-cu il tarixli DSF0022H saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə ayrılmış 150.000 manat məbləğində veriləcək kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Həmin müqavilənin: -2.1-ci bəndinə əsasən bu müqavilə üzrə ipoteka ilə təmin edilən tələb ipoteka saxlayanla kredit alan arasında 21.05.2019-cu il tarixdə Bakı şəhərində bağlanmış DSF0022H N-li kredit müqaviləsindən, ona edilmiş əlavələrdən əmələ gələn mövcud, həm də ipoteka saxlayanla kredit alan arasında gələcəkdə bağlanacaq kredit müqavilələrindən irəli gələn ipoteka saxlayanın kredit alana qarşı olan əsas borc, faizlər, öhdəliyin idra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi üzrə bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklər üzrə tələblərin ölçüsü və icra müddəti kredit alanla ipoteka saxlayan arasında gələcəkdə bağlanacaq kredit müqavilələrində göstəriləcəkdir. -3.1-ci bəndinə əsasən ipotekanın predmeti, AR ƏMDK yanında DƏDRX-in RX seriyalı 12.05.2018-ci il tarixli, ******* №-li. **********19-05301-093035 reyestr №-li, ********** qeydiyyat №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh2 Yunшs oğluna xüsusi mülkiyyət hüququ əsasında məxsus, ünvan 2 ünvanında yerləşən,147.84 kv.m. ümumi sahədən ibarət 47 nömrəli mənzildir. -3.2-ci bəndinə əsasən ipotekanın predmeti 323.000 manat məbləğində qiymətləndirilmişdir. -5.1-ci bəndinə əsasən ipoteka saxlayanın aşağıdakı hallarda ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır; Bu müqavilənin 4.1.2, 4.1.3., 4.1.6., 4.1.8. 4.1.9. 4.1.11 və 4.1.12. bəndləri ilə müəyyənləşdirilən vəzifələr ipoteka qoyan tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə; Kredit alan ipoteka ilə təmin edilən əsas öhdəlik üzrə kreditdən onun verildiyi ınəqsəd(lər) üçün istifadə etmədikdə; Kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı ipoteka saxlayanın ehtimalları yarandıqda; Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 5.1-ci bəndinə əsasən İpoteka saxlayan məhkəməyə müraciət etmədən ipoteka predmetinə qanunvericiliklə müəyyənləşdirilən qaydada tutma yönəltməyə haqlıdır. 7.1-ci bəndinə əsasən bu müqavilə müqavilənin 2.1. bəndi ilə nəzərdə tutulan bütün pul tələbləri tam ödənilən müddətədək qüvvədədir. Müqavilə borc alan, ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli 12.04.2018-ci il tarixli Çıxarışla təsdiq edilir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 147,84 kv.m olan mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ********** saylı 27.05.2019-cu il tarixli Çıxarışla təsdiq edilir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 147,84 kv.m olan mənzil olan əmlak kompleksi üzərində Cavabdeh2 oğlunun hüququ İddiaçı ASC-nin Dostluq Filialı qarşısında ipoteka ilə yüklü edilmişdir. LPO İddiaçı ASC tərəfindən Cavabdeh2 ünvanlanmış 13.04.2021-ci il tarixli,**********185 saylı xəbərdarlıq məktubundan görünür ki, kredit müqaviləsi üzrə borcun qısa müddət ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı ASC-nin Cavabdeh2 ünvanladığı 13.04.2021-ci il tarixli ipotekaya tutma yönəldilməsi barədə bildiriş; bildirişin qeydə alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı 19.04.2021-ci tarixli ərizə; müraciəti qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi ilə təsdiq edilir ki, İddiaçı ASC Cavabdeh2 məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 147,84 kv.m olan mənzilinə tutma yönəldilməsi barədə bildiriş Cavabdeh2 göndərilmiş və qeydiyyata alınmışdır. -"xxxx" MMC-nin 15 oktyabr 2021-ci il tarixli,LP-181/21 saylı qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 147,84 kv.m olan mənzilin hazırkı bazar qiyməti 365.000 manat, likvid qiyməti 350.000 manat təşkil edir. -"xxxx" MMC-nin 10 may 2019-cu il tarixli qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 147,84 kv.m olan mənzilin hazırkı bazar qiyməti 323.000 manat, likvid qiyməti 306.850 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Dostluq” filialı (kredit verən) ilə Cavabdeh1 MMC (kredit alan) arasında bağlanmış arasında bağlanmış 21.05.2019-cu il tarixli DSF0022H saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC Cavabdeh1 MMC-yə müqavilədə müəyyən edilmiş şərtlərlə 150.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə həmin müqavilə üzrə Cavabdeh1 MMC-nin banka 150.000 manat əsas, 22.583,33 manat faiz borcu yaranmışdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə Cavabdeh1 MMC-nin 21.05.2019-cu il tarixli DSF0022H saylı kredit müqaviləsi üzrə LPO İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin banka əsas və faiz borcunun yarandığını, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi X1 isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehdən 150.000 manat əsas, 22.583,33 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehdən mübahisəli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə 19.333,33 manat məbləğində dəbbə pulunun tutulması barədə iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi Cavabdeh1 MMC-nin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tutulması tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm borclunun əsaslı mənafelərini nəzərə alaraq tutulması tələb olunan dəbbə pulunun azaldılaraq 10.000 (on min) manat məbləğində müəyyən edilməsini ədalətli hesab edir. Kreditin verilmə müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faizlərin tutulmasına dair iddia tələbinə gəldikdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin sözügedən maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmin qərarda həmçinin göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Odur ki, kreditin verilmə müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 4833,33 manat məbləğində faizlərin tutulmasına dair hissədə də iddiaçı LPO AtaBank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iş materiallardan görünür ki, LPO AtaBank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Dostluq” filialı (kredit verən) ilə Cavabdeh1 MMC (kredit alan) arasında bağlanmış 21.05.2019-cu il tarixli DSF0022H saylı kredit müqaviləsi üzrə kredit alanın öhdəliklərinin təminatı olaraq İddiaçı ASC (ipoteka saxlayan ilə Cavabdeh1 MMC (kredit alan) və Cavabdeh2 (ipoteka qoyan) arasında 21 may 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən müvafiq olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 147,84 kv.m olan mənzil ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetinə tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” AR Qanununda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımi icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” AR Qanununun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh1 MMC kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmiş, nəticədə “İpoteka haqqında” AR Qanununun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 147,84 kv.m olan mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına LPO İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılmalı, satışdan əldə edilmiş vəsait ödənilməsi qət edilmiş borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğ Cavabdeh1 MMC-dən tutulmalıdır. Bundan əlavə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətinin rəyi alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş 15 oktyabr 2021-ci il tarixli, LP-181/21 saylı qiymətləndirmə rəyinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 147,84 kv.m olan mənzilin hazırkı bazar qiymətinin hazırkı bazar qiyməti 365.000 manat, likvid qiyməti 350.000 manat olması müəyyən edilmişdir. Bununla yanaşı iş materiallarından görünür ki, ipoteka predmeti olan əmlak ipoteka müqaviləsi bağlanarkən də qiymətləndirilmiş və həmin qiymətləndirmə rəyinə əsasən ipoteka predmetinin qiyməti ipoteka müqaviləsində 323.000 manat məbləğində müəyyən edilmişdir. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə daşınmaz əmlak bazarında qiymətlərin daim dinamikada olmasını nəzərə alaraq ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin (likvid dəyərinin) sonuncu alınmış rəyə - "xxxx" MMC-nin 15 oktyabr 2021-ci il tarixli,LP-181/21 saylı qiymətləndirmə rəyinə əsasən müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 147,84 kv.m olan mənzilin ilkin satış qiyməti 350.000 manat məbləğində müəyyən edilməlidir. İddianın ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin və mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə təhvil verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, ipoteka qoyanın ipoteka qoyulmuş əmlak açıq hərracda satılanadək borcu ödəmək, eyni zamanda açıq hərracda ipoteka predmetini əldə etmək hüququ olduğundan, digər tərəfdən ipoteka predmeti olan əmlak açıq hərracdan satılaraq alqı-satqı rəsmiləşdirilənədək həmin əmlak üzrə mülkiyyət hüququ ipoteka qoyana məxsus olduğundan hazırkı mərhələdə məhkəmə qətnaməsi ilə əmlakın boşaldılmasının qət edilməsi hazırkı iş üzrə ipoteka qoyanın qanunla qorunan hüquqlarını pozur. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, “İpoteka haqqında” AR Qanununun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göstərilən maddənin məzmunundan da göründüyü kimi ipoteka predmeti olan yaşayış sahəsi satıldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə həmin sahəni tərk etməyən ipoteka qoyan və onun ailə üzvlərinin həmin sahədən məcburi çıxarılaraq sahənin boşaldılması bu barədə məhkəmə qərarı olmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında həyata keçirilə bilər. Odur ki, ipoteka qoyanın sahəni boşaltması barədə məhkəmə qərarının qəbul edilməsi həmin əmlakı açıq hərracda əldə edəcək şəxsin qanunla qorunan hüquqlarının müdafiəsi baxımından da zəruri hesab edilə bilməz. Belə bir qərarın qəbul edilməsi zərurəti mövcud olsa belə ipoteka saxlayanın əmlakı əldə edəcək şəxsin hüquqlarını müdafiə etmək üçün belə bir iddianı qaldırmağa dair subyektiv hüququ da yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməli, qiymətləndiricinin rəyinin verilməsinə görə ödənilməli olan 300 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin bank hesabına (VÖEN:**********, "xxxx" ASC-nin Yasamal filialı, VÖEN: **********, kod: 512565, h/h:AZE30AZRT********************, m/h: AZE02NABZ********************; SWİFT:AZRTAZ22) ödənilməlidir. Məhkəmə xərclərinin qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 MMC-dən 150.000 (yüz əlli min) manat məbləğində əsas, 22.583,33 manat (iyirmi iki min beş yüz səksən üç manat otuz üç qəpik) məbləğində faiz borcu, 10.000 (on min) manat məbləğində dəbbə pulu, müqavilə üzrə kreditin verilməsi müddəti bitdikdən sonrakı müddət üçün 4833,33 manat (dörd min səkkiz yüz otuz üç manat otuz üç qəpik), cəmi 187.416,66 manat (yüz səksən yeddi min dörd yüz on altı manat altmış altı qəpik) məbləğində borc, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti və digər məhkəmə xərclərinin əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan İddiaçı ASC -yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 47 saylı mənzilə yönəldilsin. Həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 350.000 (üç yüz əlli min) manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılsın. Satışdan əldə edilmiş vəsait ödənilməsi qət edilmiş borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğ Cavabdeh1 MMC-dən tutulsun. Eyni zamanda qiymətləndiricinin rəyinin alınmasına görə ödənilməli olan 300 (üç yüz) manat pul vəsaiti Cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin bank hesabına (VÖEN:**********, "xxxx" ASC-nin Yasamal filialı, VÖEN: **********, kod:512565,h/h:AZE30AZRT********************,m/h:AZE02NABZ********************; SWİFT:AZRTAZ22) ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun və məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2846/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2846/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver