Məhkəmə qərarları › İş №e-2-2(113)-2847/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2847/2022

21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2847/2022 21.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oyun avadanlıqların qiyməti olan 4700 manatın, bir illik icarə haqqı olan 9000 manatın, bir illik gecikməyə görə 658 manat faizin, cəmi 14385 manatın və 5000 manat mənəvi xərcin, eyni zamanda məhkəməyə ödənilmiş 150 manat dövlət rüsumunun tutularaq mənə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aramizda bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən hər birinin dəyəri 2350 manat olmaqla, 2 ədədə görə ümumilikdə 4700 manat dəyəri olan “Playstation 5” oyun avadanlığı ləvazimatları ilə birlikdə 1 günlük icarə haqqı 25 manat olmaqla 2 günlük, yəni xx.xx.2021ci il tarixədək cavabdehə icarəyə verilmişdir. Həmin tarixdə aramızda bağlanmış təhviltəslim aktına əsasən həmin oyun avadanlığı ləvazimatları ilə birlikdə cavabdehə təhvil verilmişdir. Lakin müqavilə müddətinin bitməsinə baxmayaraq bugünə kimi həmin oyun avadanlığı ləvazimatları ilə birlikdə geri qaytarılmamışdır. Bununla da həm maddi, həmdə mənəvi zərər dəymişdir. Belə ki, icarə obyekti olan “Playstation 5” oyun avadanlığı ləvazimatları ilə birlikdə dəyəri 2350 manatdır. Həmin oyun avadanlığından 2 ədəd cavabdehə təhvil verilmişdir. Ümumilikdə 4700 manat manat dəyərində olan icarə obyekti cavabdehdə qalmışdır. Digər tərəfdən 1 günlük icarə haqqı 25 manatdır. İcarə müqaviləsinin müddətinin bitdiyi, yəni xx.xx.2021-ci il tarixdən növbəti 1 il ərzində (məhkəməyə müraciət 2022-ci ilin aprel ayında edilməsinə baxmayaraq, məhkəmə araşdırması və müsbət qətnamənin qanuni qüvvəyə müddətləri nəzərə alınmaqla) ümumilikdə mənə 9000 manat icarə haqqı ödənilməlidir. Əlavə olaraq Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri nəzərə alınmaqla illik 5% miqdarında, bir ilə görə 658 manat faiz ((4700+9000)x5%) mənə ödənilməlidir. İcarə müqaviləsinin müddətinin bitməsinə baxmayaraq bugünə kimi əmlakı qanunsuz özündə saxlamaqla cavabdeh mənə mənəvi zərər vurmuş, əsassız olaraq mənəvi-psixoloji gərginlik yaşamağıma səbəb olmuş, hələ də həmin vəziyyət davam etməkdədir. Mövcud biznesim onun qanunsuz hərəkətləri nəticəsində zərərə uğramışdır. Bu isə gündəlik fikirlər, əsəb və stress yaratmışdır. Bu səbəbdən mənəvi zərər olaraq 5000 manat ödənilməlidir. xx.xx.2022-ci il tarixdə “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış əldə edilmişdir. xx.xx.2022-ci il tarixdə öz VÖEN hesabımdan cavabdehin VÖEN hesabına pretenziya göndərilmişdir. Lakin cavabdeh pretenziyada göstərilən tələbi icra etməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 27 avqust 2021-ci il tarixli İddiaçı ilə Cavabdeh arasında bağlanmış icarə müqaviləsindən görünür ki, bu müqavilə üzrə icarəyə verən İddiaçı məxsus hər birinin dəyəri 2350 manat olan 2 ədəd “Playstation 5” oyun qurğusu ləvazimatları (joystik və sair) ilə birlikdə 1 günlük icarə haqqı 25 manat olmaqla 2 günlük. yəni xx.xx.2021-ci il tarixədək Cavabdeh icarəyə verilmişdir. Həmin müqavilənin 5.3-cu bəndinə əsasən “təhvil-təslim aktı” vasitəsi ilə “icarəçiyə” verilən verilən predmetlərdə icarəçinin səhvi və ya günahı ucbatından icarə predmetinə maddi zərər dəydikdə bu “icarəçi”nin hesabına ən geci 5 iş günü müddətində aradan qaldırılmalı/ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 443.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Göründüyü kimi, Cavabdeh ilə İddiaçı arasında qanunvericiliyə uyğun olaraq icarə müqaviləsi bağlanmış və iki günlük icarə haqqını alan iddiaçı hər birinin dəyəri 2350 manat olan 2 ədəd “Playstation 5” oyun qurğusunu ləvazimatları (joystik və sair) ilə birlikdə cavabdehə icarə vermiş, lakin caavbdeh müqavilənin müddətinin bitməsinə baxmayaraq 2 ədəd “Playstation 5” oyun qurğusu ləvazimatları ilə birlikdə geri qaytarmamışdır. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, icarə müqaviləsinin 5.3-cü bəndinə əsasən İddiaçı icarəyə verdiyi hər birinin dəyəri 2350 manat olan 2 ədəd “Playstation 5” oyun qurğusunun ləvazimatları ilə birlikdə dəyərinin əvəzi olan 4700 manat məbləğində pulun tələb edilməsi hissəsində iddiası əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, İddiaçı bir illik icarə haqqı olan 9000 manatın, bir illik gecikməyə görə 658 manat faizin cəmi 14385 manatın tələbi hissəsində iddia təmin edilə bilməz, belə ki, tərəflər arasında imzalanan icarə müqaviləsində icarəçinin müqavilə müddətindən artıq avadanlıqlarının istifadə etməsinə görə icarəyə verənə şərtsiz əlavə haqq verilməsi ilə bağlı müddəalar qeyd olunmamış, əksinə həmin müqavilənin 1.5-ci bəndinə əsasən icarə müqavilənin uzadılması icarəçinin yazılı razılığı ilə şərtləndirilmişdir. Eyni zamanda iddiaçının 5000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutulması hissəsində iddia rədd edilməlidir, belə ki, İddiaçı tərəfindən sözügedən tələblə bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4700 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. İddia digər hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4700 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia digər hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar