Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-285/2023 24.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh Əsgərov İlham Çingiz oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Əsgərov İlham Çingiz oğluna və X2 qarşı cəmi 6564.64 ABŞ dolları, 2452.26 əsas, 815.41 ABŞ dolları faiz, 2947.45 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 349.52 ABŞ dolları faiz borcu, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiyaya dair xərcin cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlərə qarşı cəmi 6564.64 ABŞ dolları, 2452.26 əsas, 815.41 ABŞ dolları faiz, 2947.45 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 349.52 ABŞ dolları faiz borcu, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiyaya dair xərcin cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Əsgərov İlham Çingiz oğlu arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə əsas vəsaitin artırılması məqsədi ilə 24 ay müddətinə 28 faizlə 12740 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2017ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalan Əsgərov İlham Çingiz oğlu ilə bağladığı Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 5098.97 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Cavabdeh Əsgərov İlham Çingiz oğluna kredit verilərkən X4 ilə Bank arasında 22 dekabr 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdehlər müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, onlar, bu öhdəliyi yerinə yetirməmişlər. LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması X5 Çingiz oğluna qarşı “bank tərəfindən verilmiş kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması” mübahisəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, Əsgərov İlham Çingiz oğlu və X4 ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu barədə “İlkin mediasiya prosesində iştirak edilməməsi” barədə MŞB/5-02864 nömrəli xx.xx.2022-ci il tarixli Arayış tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********496 saylı 28 iyun 2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Əsgərov İlham Çingiz oğlunun kredit üzrə cəmi borcu 6564.64 ABŞ dolları təşkil edir. Bundan 2452.26 əsas, 815.41 ABŞ dolları faiz, 2947.45 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 349.52 ABŞ dolları faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Əsgərov İlham Çingiz oğlunun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, iddia müddətinin tətbiq olunması barədə məhkəməyə ərizə verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Əsgərov İlham Çingiz oğlu arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Əsgərov İlham Çingiz oğluna 24 ay müddətinə 28 faizlə 12740 ABŞ dolları məbləğində krеdit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər arasında bağlanmış kredit və zaminlik müqavilələri üzrə xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavə sazişlərdən görünür ki, kreditin qalıq məbləği 5098.97 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti xx.xx.2019cu il tarixədək müəyyən edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X4 arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli 480002848/ZM nömrəli Zaminlik müqaviləsindən görünür ki, cavabdeh X4 22 dekabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş Əsgərov İlham Çingiz oğlu tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli **********021 saylı Maliyyə arayışından görünür ki, Əsgərov İlham Çingiz oğlunun xx.xx.2022-ci il tarixə 22 dekabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə borcu, 2452.26 əsas, 815.41 ABŞ dolları faiz, 2947.45 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 349.52 ABŞ dolları faiz borcu, cəmi 6564.64 ABŞ dolları təşkil edir. xx.xx.2022-ci il tarixli **********441 saylı Mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, iddiaçı hazırki mübahisə ilə bağlı cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş və təklif xx.xx.2022-ci il tarixdə cavabdeh Əsgərov İlham Çingiz oğluna çatmışdır. xx.xx.2022-ci il tarixli **********057 saylı Mediasiya üçün müraciətdən görünür ki, iddiaçı hazırki mübahisə ilə bağlı Bakı 5 saylı Mediasiya təşkilatına müraciət etmiş və müraciəti xx.xx.2022-ci il tarixdə mediasiya təşkilatı tərəfindən qəbul edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Məhkəmə iddianın cavabdeh X2 qarşı olan hissəsinə münasibətdə qeyd edir ki, müqavilənin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsində xitam verilmə müddəti dəqiq müəyyən edilməmişdir. Çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən söz etmək mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X4 ilə bağlanılmış xx.xx.2012-ci il tarixli 328/2/F23 nömrəli Zaminlik müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir. Ona görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Əsgərov İlham Çingiz oğlu arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən tərəflər razılaşdırmışlar ki, kredit 24 ay müddətinə verilir. Sonra tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavə sazişlə kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Beləliklə, cavabdeh Əsgərov İlham Çingiz oğlunun iddiaçı qarşısında xx.xx.2019-cu il tarixdən ödənilməmiş borcları yaranmışdır. Məhkəmə hesab edir ki, həmin vaxtdan müqavilə üzrə pozuntu yarandığından zaminlik müqaviləsi üzrə də məsuliyyət yaranmışdır və həmin vaxtdan da zamin X4 borclu ilə birgə məsuliyyət daşımalıdır. Lakin iddiaçı tərəfindən əsas öhdəliyin icrası vaxtının çatdığı xx.xx.2019-cu il tarixdən müqavilənin icrası ilə bağlı bir il müddətində zamin X2 qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia cavabdeh X2 aid hissədə təmin oluna bilməz. Məhkəmə iddianın cavabdeh Əsgərov İlham Çingiz oğluna qarşı olan hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1, 373.2-ci və 373.3-cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir”. Bundan başqa, həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli və Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarlarında göstərmişdir, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. İddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış və hazırki mübahisə həmin müqavilə tələbinin yerinə yetirilməsi ilə bağlı olmasını nəzərə aldıqda, müqavilə tələbi üzrə iddia müddəti üç ildir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Əsgərov İlham Çingiz oğlu arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən kredit 24 ay müddətinə verilmiş, sonra tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavə sazişlə kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. İddiaçı tərəfindən hazırki mübahisə ilə bağlı cavabdehlərə göndərilmiş mediasiya prosesinin tətbiqi barədə təklif xx.xx.2022-ci il tarixdə cavabdeh Əsgərov İlham Çingiz oğluna çatmış, iddiaçı hazırki mübahisə ilə bağlı Bakı 5 saylı Mediasiya təşkilatına müraciət etmiş və müraciəti xx.xx.2022-ci il tarixdə mediasiya təşkilatı tərəfindən qəbul edilmiş, ilkin mediasiya sessiyası xx.xx.2022-ci il tarixdə keçirilmiş və bu barədə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin son müddəti xx.xx.2019-cu il tarix olmuş, həmin müqavilə üzrə iddia müddəti xx.xx.2022-ci il tarixədək olmuşdur. İddiaçı mediasiya prosesinin tətbiqi barədə mediasiya təşkilatına xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Əsgərov İlham Çingiz oğlu arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə üç il iddia müddəti keçmişdir. Hətta, mediasiya prosesinin tətbiqi cavabdeh Əsgərov İlham Çingiz oğluna göndərilmiş təklifdən (xx.xx.2022-ci il tarix) sayılsa belə, yenə də iddia müddəti keçmişdir. Belə ki, mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış xx.xx.2022-ci il tarixdə verilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinə əsasən iddia müddətinin axımı həmin tarixdən bərpa olunmuş hesab olunur, iddiaçı isə məhkəməyə həmin tarixdən 42 gün sonra məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olmasını nəzərə aldıqda, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Əsgərov İlham Çingiz oğlu arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə iddia müddəti keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1.maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2 maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, cavabdeh Əsgərov İlham Çingiz oğlunun nümayəndəsi və vəkili tərəfindən verilmiş iddia müddətinin tətbiq olunması barədə ərizə məhkəmə tərəfindən qəbul olunmalı və iddia müddəti tətbiq edilməklə iddia cavabdeh Əsgərov İlham Çingiz oğluna qarşı hissədə də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Əsgərov İlham Çingiz oğluna və X2 qarşı cəmi 6564.64 ABŞ dolları, 2452.26 əsas, 815.41 ABŞ dolları faiz, 2947.45 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 349.52 ABŞ dolları faiz borcu, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiyaya dair xərcin cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-285/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-285/2023
24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver