Məhkəmə qərarları › İş №e-2-2(113)-2857/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2857/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2857/2025 22.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, kredit müqaviləsi, zaminlik müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 yanvar 2024-cü il tarixli, 413015-CNS-51818 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 4987,19 manat (dörd min doqquz yüz səksən yeddi manat on doqquz qəpik) məbləğində əsas borc, 405,69 manat (dörd yüz beş manat altmış doqquz qəpik) məbləğində faiz borcu olmaqla, ümumilikdə 5392,88 manat (beş min üç yüz doxsan iki manat səksən səkkiz qəpik) məbləğində pul və 73,93 manat (yetmiş üç manat doxsan üç qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra mətndə Cavabdeh) xx.xx.2023-cü il tarixli, 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, 22 yanvar 2024-cü il tarixli, 413015-CNS-51818 saylı birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-yə (bundan sonra mətndə Bank) müraciət etmiş və ona dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun cari hesabından kart hesabına akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə banka ümumilikdə manat 5392,88 (beş min üç yüz doxsan iki manat səksən səkkiz qəpik) məbləğində borcu qalmışdır. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 2.1-ci bəndinə əsasən aksept - müştərinin banka təqdim etdiyi ərizə-razılaşmanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra "Mülki Məcəllə”) 409.1-ci maddəsinə uyğun olaraq qeyd-şərtsiz qəbul etməsi barədə həmin ərizə-razılaşmada imza etməklə və bankın möhürü ilə təsdiqlənməsi ilə ifadə olunan bankın yazılı cavabıdır. Cavabdeh tərəfindən imzalanmış 22 yanvar 2024-cü il tarixli, 413015-CNS-51818 saylı birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsindən müəyyən edilir ki, Cavabdeh “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda (11.1.3-cü bənd) və ya kredit alan bu müqavilə ilə müəyyənləşdirilən vəzifələrindən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə (11.1.4-cü bənd) bank kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimənin ödənilməsini və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququna malikdir. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.26.3cü bəndinə əsasən müqavilə üzrə gecikdirilmiş kreditə görə, birdəfəlik kreditlər üzrə, hər gecikdirilən gün üçün ərizə-razılaşmada göstərilən cərimə tətbiq edilir. 22 yanvar 2024-cü il tarixli, 413015-CNS-51818 saylı birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsindən isə müəyyən edilir ki, gecikdirilmiş borc üzrə hər gecikdirilən gün üçün hər tam və ya natamam 10 manat üçün 0,02 manat məbləğində cərimə hesablanır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin və qanunvericiliyin tələblərinə əsasən 22 yanvar 2024-cü il tarixli, 413015-CNS-51818 saylı kredit müqaviləsi üzrə Cavabdeh bank qarşısında məsuliyyət daşıyır. Tərəflər arasında münasibətləri məhkəmədənkənar qaydada həll etmək məqsədi ilə Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da, qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Həmçinin hesab edilir ki, bank tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 73,93 (yetmiş üç manat doxsan üç qəpik) manat məbləğində dövlət rüsumu da Cavabdeh tutulmalıdır. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə borcu qaytarmalı olduğuna dair vəzifələrini icra etməməsi nəticəsində bank məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə zərər çəkmişdir. Buna görə də, dövlət rüsumu da, Cavabdeh tutulmalıdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 405.2, 407.1, 408.1, 409.1, 417.1, 418.1, 442, 443.1, 462.1, 739.1, 743.1, 743.2, -ci maddələrinə istinad olunmuşdur.

4. 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilmiş, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Bank Xidmətlərinin Göstərilməsinə dair müqavilənin ümumi şərtləri”nin “ümumi müddəalar” başlığının 1-ci bəndinə əsasən müştəri İddiaçı ASC tərəfindən təklif olunan məhsul və/və ya xidmətlərdən istifadə etmək məqsədilə müraciət etdiyi, habelə istifadə etməyə başladığı və ya mövcud istifadəni davam etdirdiyi halda bank xidmətlərinin göstərilməsinə dair müqavilənin ümumi şərtləri müştəri ilə bank arasında yaranan münasibətlərə tətbiq edilir. Başlığın 5-ci bəndinə əsasən müqavilənin bağlanması tərəflər üçün hər hansı bir məhdudiyyət tətbiq edilmədən ümumi şərtlərin, limit sazişinin, ərizə-razılaşmanın, tariflərin və valyuta məzənnəsinin tam və qeyd-şərtsiz qəbul edildiyi anlamına gəlir.

6. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 001 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi” üzrə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 yanvar 2024-cü il tarixli, 413015-CNS-51818 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi-razlaşma”nın məzmunundan görünür ki, müvafiq razılaşma əsasında Cavabdeh bankdan illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 6000 (altı min) manat məbləğində kredit götürmüşdür. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.

7. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ********* nömrəli ödəniş tapşırığının məzmunundan görünür ki, Cavabdeh AZ66VTBA**********15AZN001 nömrəli kart hesabına 6000 manat kredit məbləği köçürülmüşdür.

8. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 413015-CNS-51818 saylı “Nağd pul krediti müqaviləsi” üzrə xx.xx.2025-ci il tarixə banka əsas borcu 4987,19 manat, faiz borcu 405,69 manat olmaqla, ümumilikdə 5392,88 manat təşkil edir.

9. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə cavabdehdən 5392,88 (beş min üç yüz doxsan iki manat səksən səkkiz qəpik) manat məbləğində borcun 3 (üç) iş günü ərzində ödənilməsi tələb edilmişdir.Əgər göstərilən müddət ərzində bankın pul tələbləri ödənilməzsə, bank öz mülki hüquqlarının müdafiəsi məqsədilə pul tələblərinin ödənilməsi üçün qanunvericiliyin tələbinə uyğun (məhkəmə aktı və ya notariusun icra qeydi ilə bağlı) tədbirlər görəcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

10. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış əlavə edilmişdir. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin mövqeyi

13. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh arasında 22 yanvar 2024-cü il tarixli, 413015-CNS-51818 saylı kredit müqaviləsi bağlanmış və həmin razılaşma əsasında Cavabdeh bankdan dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 6000 (altı min) manat məbləğində kredit götürmüşdür.

14. İddia tələbini Cavabdeh 22 yanvar 2024-cü il tarixli, 413015-CNS-51818 saylı krеdit razılaşması üzrə 4987,19 manat məbləğində krеdit bоrcu və 405,69 manat məbləğində faiz bоrcunun tutulması təşkil edir.

15. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin (borcalan) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin (borcalan) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4987,19 manat (dörd min doqquz yüz səksən yeddi manat on doqquz qəpik) əsas borc, 405,69 manat (dörd yüz beş manat altmış doqquz qəpik) faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.

16. Eləcə də, iddiaçı ödənilmiş 73,93 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

17. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzində 73,93 manat (yetmiş üç manat doxsan üç qəpik) məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 413015-CNS-51818 saylı kredit müqaviləsi üzrə 4987,19 manat (dörd min doqquz yüz səksən yeddi manat on doqquz qəpik) əsas borc, 405,69 manat (dörd yüz beş manat altmış doqquz qəpik) faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 73,93 manat (yetmiş üç manat doxsan üç qəpik) olmaqla, cəmi 5466,81 manat ( beş min dörd yüz altmış altı manat səksən bir qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar