Məhkəmə qərarları › İş №e-2-2(113)-2858/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2858/2024

23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2858/2024 23.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 20779,12 manat əsas borc, 2633,51 manat faiz borcu və 194,49 manat cərimə borcu olmaqla, cəmi 23607,12 manat borc və 160,82 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-nin Mərdəkan filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh2 ilə və xx.xx.2022-ci ildə Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2022-ci il tarixli kredit limitinə əlavə sazişə əsasən Cavabdeh1 ilə zaminlik əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 21% olmaqla 36 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. 2024-cü ilin martın 01-dək Cavabdeh3 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 20779,12 manat əsas borc, 2633,51 manat faiz borcu və 777,97 manat cərimə borcu olmaqla, cəmi 24190,6 manat borcu vardır. Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcunun 777,97 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 194,49 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 448.2, 467, 472.1, 472.2, 501-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

5. İş üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

7. Cavabdeh3 məhkəmə iclasında izahat verərək bildidi ki, iddianı qismən, əsas borc hissəsində qəbul edir. Faiz və cərimə borcunu qəbul etmir.

8. İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixdə bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlər toplusu (Əlavə 1, Əlavə 2 və imza möhür nümunəsi) razılaşma (1 nömrəli Əlavə) bağlanmışdır.

9. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 29-MCR-1- 757-22 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşmadan görünür ki, Cavabdeh3 bankdan 120 (yüz iyirmi) ay müddətinə, aylıq faiz dərəcəsi 2,5% olmaqla, 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır.

10. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 29-MCR-1- 757-22/1 nömrəli (kredit verilməsinə dair) razılaşmadan görünür ki, Cavabdeh3 bankdan 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 1,75% olmaqla, 30000 (otuz min) manat məbləğində kredit verilmişdir.

11. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Z/08080/22 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 29-MCR-1-757-22 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşma üzrə Cavabdeh3nın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

12. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Z/16280/22 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 29-MCR-1-757-22 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşma üzrə Cavabdeh3nın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

13. xx.xx.2022-ci il tarixli məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixli, 29-MCR-1-757-22/1 nömrəli kredit müqaviləsinə əsasən 15000 manat məbləğində pul verilmişdir.

14. xx.xx.2022-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixli, 29-MCR-1-757-22/1 nömrəli kredit müqaviləsinə əsasən 14551 manat məbləğində pul verilmişdir.

15. İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanladığı xx.xx.2023cü il tarixli, KBD9136 nömrəli pretenziya məktubundan görünür ki, borcun 5 (beş) gün müddətində tam ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

16. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3nın xx.xx.2024-cü il tarixə banka olan borcu 20779,12 manat əsas, 2633,51 manat faiz, 777,97 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 24190,60 manat təşkil edir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4151 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 20 may 2022-ci il tarixli, 29-MCR-1-757-22 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 İddiaçı ASC-yə xx.xx.2023cü il tarixinə olan əsas borcu 21526,41 manat, faiz borcu üzrə 441,78 manat, xx.xx.2024cü il tarixinə olan əsas borcu 21526,41 manat, faiz borcu üzrə 1672,37 manat, xx.xx.2024cü il tarixinə olan əsas borcu 21526,41 manat, faiz borcu üzrə 3304,79 manat təşkil edir. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi

21. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, 29-MCR-1-757-22 nömrəli (kredit limitinin ayrılmasına dair) müqavilə bağlanmış və razılaşmaya əsasən Cavabdeh3 bankdan 120 (yüz iyirmi) ay müddətinə, aylıq faiz dərəcəsi 2,5% olmaqla 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, 29-MCR-1-757- 22/1 nömrəli (kredit verilməsinə dair) müqavilə bağlanmış və razılaşmaya əsasən Cavabdeh3 bankdan 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 1,75% olmaqla 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə digər cavabdehlər arasında xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 29-MCR-1-757-22 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşma üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdehlər bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmiş, ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

22. Həmçinin qeyd olunmalıdır ki, zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən bu müqavilələrin predmetini xx.xx.2022-ci il tarixli, 29-MCR-1-757-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir; 1.2-ci bəndinə əsasən zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi İddiaçı ASC tərəfindən ayrılan vəsaitdir; 1.3-cü bəndinə əsasən müqavilələrin 1.1-ci yarımbəndində nəzərdə tutulan xx.xx.2022-ci il tarixli, 29-MCR-1-757- 22 kredit müqaviləsi üzrə ayrılmış kredit limiti qeyd olunan kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər daxilində borcalan tərəfindən dəfələrlə istifadə oluna bilər.

23. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 20779,12 manat əsas borc, 2633,51 manat faiz borcunun tutulması təşkil edir.

24. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4151 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu hissəsində tam və faiz borcunun tutulması hissəsində isə qismən (ekspert rəyinə uyğun) təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 20779,12 manat (iyirmi min yeddi yüz yetmiş doqquz manat on iki qəpik) əsas borc, 1672,37 manat (min altı yüz yetmiş iki manat otuz yeddi qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalı, faiz borcunun tutulmasına dair iddia tələbi qalan hissədə təmin olunmamalıdır.

25. Məhkəmə qeyd edir ki, iddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə yuxarıda qeyd edilən qənaətə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarını nəzərə almışdır. Belə ki, cavabdehlərə göndərilən xx.xx.2023-cü il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, cavabdehlərdən müqavilə üzrə borcun 5 gün müddətində ödənilməsi tələb olunmuş, həmin müddət ərzində borc ödənilməzsə, borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdehlər tərəfindən ödəniş edilmədiyindən kredit müqaviləsi bank tərəfindən birtərəfli qaydada ləğv edilmiş hesab edilməlidir. Cavabdehlərə ünvanlanan xx.xx.2023-cü il tarixli pretenziya məktublarından, onlar qəbul edilsə də, onların göndərilmə və qəbul olunma vaxtı müəyyən olunmur. Eyni zamanda müəyyən olunur ki, Cavabdeh3 onlayn kargüqarlıq qaydasında, digər cavabdehlərə kağız daşıyıcıda xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubları göndərilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışında xx.xx.2024-cü il tarixə olan borc hesablanmış və xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət olunsa da, xx.xx.2024-cü il tarixə hesablanan borc məbləğinin cavabdehlərdən tutulması tələb edilmişdir. Ona görə də ekspert rəyi ilə həmin tarixə hesablanan faiz borcunun cavabdehlərdən tutulmalı olması qənaətinə gəlinmişdir.

26. İddia tələbinin digər hissəsini cavabdеhlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 194,49 manat cərimə borcunun tutulması təşkil edir.

27. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

28. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən birgə qaydada 194,49 manat (yüz doxsan dörd manat qırx doqquz qəpik) məbləğində cərimə məbləği tam şəkildə iddiaçının xeyrinə tutulmalıdır.

29. Eləcə də, iddiaçı 160,82 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

30. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 154,27 manat (yüz əlli dörd manat iyirmi yeddi qəpik) məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

31. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pulun 143,90 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 6,10 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022ci il tarixli kredit müqaviləsi üzrə 20779,12 manat (iyirmi min yeddi yüz yetmiş doqquz manat on iki qəpik) əsas borc, 1672,37 manat (min altı yüz yetmiş iki manat otuz yeddi qəpik) faiz borcu, 194,49 manat (yüz doxsan dörd manat qırx doqquz qəpik) cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 154,27 manat (yüz əlli dörd manat iyirmi yeddi qəpik) olmaqla, cəmi 22800,25 manat (iyirmi iki min səkkiz yüz manat iyirmi beş qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pulun 143,90 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 6,10 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar