Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2859/2023 10.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun müştərək qaydada tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, restrukturizasiya, zaminliyə xitam, cərimə, qanuni faiz, mediasiya xərci, ekspertiza xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Xəlilli Səmral Vasif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun müştərək qaydada tutulması və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra LPO İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 5644,57 manat əsas borc, 4427,73 manat faiz borcu, 5855,22 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən əsas borca illik 5% ilə hesablanmış 807,3 manat faiz borcu olmaqla ümumilikdə 16734,82 manat məbləğində pulun və 210 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçının İçərişəhər filialı ilə Cavabdeh2 İsgəndər qızı arasında ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə sonuncuya dövriyyə vəsaitinin artırılması məqsədi ilə 24 ay müddətinə illik 27% dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 İsgəndər qızına kredit verilərkən Cavabdeh1 ilə iddiaçı arasında 330004273/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Cavabdeh2 İsgəndər qızının öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində iddiaçıya dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Cavabdeh1 iddiaçı qarşısında Cavabdeh2 İsgəndər qızı ilə eyni həcmdə məsuliyyət daşıyır. 2.2. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı hesablanmış faizlər kapitallaşdırılaraq 8046,65 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən əlavə saziş imzalandığı tarixdən etibarən illik 18% ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. 2.3. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlərə qarşı “borcun ödənilməsi” tələbi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etmədiklərindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/10-000120 nömrəli xx.xx.2023-cü il tarixli arayış tərtib edilmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********741 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. İddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni iddiaçının fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idilər, iddiaçı öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445, 449, 739-cu və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, təkrar və ya əlavə ekspertizanın keçirilməsi barədə vəsatəti yoxdur, 23 avqust 2023-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasına münasibəti məhkəmənin mülahizəsinə buraxır.
6. Cavabdeh1 məhkəmə iclaslarında iştirak edərək 23 avqust 2023-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasına etiraz etmədiyini qeyd etdi və faiz borcunun və dəbbə pulunun azaldılmasını xahiş etdi.
7. Cavabdeh2 qeydiyyatda olduğu ünvanına məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilmişdir. Lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İddiaçı (kreditor qismində) ilə Cavabdeh2 (borcalan qismində) arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinin 1-ci hissəsinə əsasən, həmin müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir.
11. Adıçəkilən müqavilənin 2-ci hissəsinə əsasən, kreditor borcalana 10000 AZN məbləğində kredit verir (2.1). Bu müqaviləyə əsasən kredit borcalana dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə verilir (2.2). Kredit 24 ay müddətinə verilir (2.3). Kreditin istifadəsinə görə borcalan kreditora illik 27 faiz ödəyir (2.4). Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 28,103 faiz təşkil edir. Güzəşt müddəti yoxdur (2.6).
12. Sözügedən müqaviləyə 1 nömrəli əlavədən görünür ki, kreditin verilmə tarixi xx.xx.2014-cü il, son ödəmə tarixi xx.xx.2016-cı il, kreditin məbləği 10000 manat, kreditin illik faiz dərəcəsi 27%, faktiki illik faiz dərəcəsi 28,103%, aylıq ödəniş 543,92 manat, banka ödəniləcək ümumi faiz məbləği 3053,87 manat, ümumi məbləğ isə 13053,87 manat təşkil edir.
13. İddiaçı (kreditor qismində), Cavabdeh2 (borcalan qismində) ilə Cavabdeh1 (zamin qismində) arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli zaminlik müqaviləsinə əsasən, həmin müqavilənin predmeti ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin və ya zaminlərin öz üzərinə götürməsidir (1.1). Zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi İddiaçı ASC tərəfindən ayrılan vəsaitdir (1.2). Zaminliklə təmin edilmiş öhdəlik: 10000 AZN təşkil edən kredit məbləği (2.1); 24 ay təşkil edən kreditin qaytarılma müddəti (2.2); 27% təşkil edən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi (2.3); 54% təşkil edən kreditin qaytarılması gecikdirildiyi halda cərimə kimi ödəniləcək illik 4,5% isə aylıq cərimə faiz dərəcəsi (2.4).
14. xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə sazişdən görünür ki, kredit aşağıdakı şərtlərlə restrukturizasiya edilir: borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı hesablanmış faizlər kapitallaşdırılaraq 8046,65 AZN təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil edir (1.1). Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 18% ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 18% təşkil edir (1.2).
15. Həmin əlavə sazişə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2017-ci il, son ödəniş tarixi xx.xx.2020-ci il, hər ay 290,91 manat (sonuncu ay isə 290,7 manat) olmaqla ümumilikdə 8046,65 manat əsas borc, 2425,9 manat faiz borc üzrə ödənişlərin edilməsi nəzərdə tutulmuşdur.
16. xx.xx.2014-cü il tarixli ********* nömrəli zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə sazişdən görünür ki, kredit aşağıdakı şərtlərlə restrukturizasiya edilir: borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı hesablanmış faizlər kapitallaşdırılaraq 8046,65 AZN təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil edir (1.1). Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 18% ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 18% təşkil edir (1.2).
17. İddia ərizəsinə əlavə edilmiş 09 fevral 2023-cü il tarixli **********719 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 30 yanvar 2023-cü il tarixə əsas borc 5644,57 manat, müqavilə müddətinə faiz borcu isə 4427,73 manat təşkil edir.
18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2859/2023 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 23 avqust 2023-cü il tarixli 9/4858 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, 30 mart 2020-ci il tarixə (müqavilənin bitdiyi tarixə) xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə 01 nömrəli əlavə sazişə əsasən Cavabdeh2 iddiaçıya olan əsas borcu 5638,25 manat, faiz borcu isə 2565,79 manat təşkil edir.
19. Məhkəməyə təqdim edilən Cavabdeh2 məxsus AZ36AZER**********27AZN41010 nömrəli bank hesabından çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə saziş üzrə sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə həyata keçirilmişdir.
20. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 10000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə Cavabdeh2 verməyi, cavabdeh isə aldığı pul vəsaitini 24 ay müddətinə, illik 27% dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Bundan sonra adıçəkilən müqavilə üzrə 8046,65 manat məbləğində qalıq borc xx.xx.2020-ci il tarixədək ödənilmək şərtilə illik 18 faizlə restrukturizasiya edilmişdir. xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi və ona xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə saziş üzrə Cavabdeh2 öhdəliklərinin icrasının təminatı olaraq isə Cavabdeh1 ilə xx.xx.2014-cü il tarixli ********* nömrəli zaminlik müqaviləsi və ona xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə saziş bağlanmışdır. Cavabdeh2 kredit məbləğini təşkil edən 10000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
21. İddiaçı adıçəkilən kredit müqaviləsi və ona əlavə saziş üzrə 5644,22 manat əsas borc və 4427,73 manat faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.
22. Cavabdeh1 faiz borcunun və dəbbə pulunun azaldılmasını xahiş edir.
23. Cavabdeh2 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən, iddiaya heç bir etiraz etmir.
24. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.
25. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
26. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
27. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
29. X3 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
30. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
31. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçı və cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.
32. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə borc məbləği 23 avqust 2023-cü il tarixli 9/4858 nömrəli məhkəməmühasibatlıq ekspertizasının rəyinə uyğun olaraq 5638,25 manat əsas borc, 2565,79 manat faiz borcu kimi müəyyən edilməlidir.
33. Məhkəmə zamin Cavabdeh1 öhdəliyi və onun həcmi barədə aşağıdakıları qeyd edir.
34. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
35. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
36. Həmin Məcəllənin 477.0 və 477.0.4-cü maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
37. xx.xx.2014-cü il tarixli ********* nömrəli zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən zaminliyə xitam verilir: zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürülmədiyi halda.
38. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2020-ci il tarixdə başa çatdığından və iddiaçı yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək zamindən pulun tutulmasını tələb etdiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsi və tərəflər arasındakı razılaşmanın 5.1.4-cü bəndinə uyğun olaraq Cavabdeh1 zaminliyinə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir və ona qarşı xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsindən (əlavə saziş daxil olmaqla) irəli gələn iddia təmin oluna bilməz.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi və kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 01 saylı əlavə saziş üzrə 5638,25 manat əsas borc, 2565,79 manat faiz borcu Cavabdeh2 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir.
b) Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra hesablanan illik 5 faizin tutulması tələbi ilə bağlı
40. İddiaçı xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi və kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 01 saylı əlavə saziş üzrə illik 5 faizlə hesablanmış 807,3 manat pulun cavabdehlərdən tutulmasını xahiş edir.
41. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
42. Konstitusiya Məhkəməsi göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarlar).
43. Yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, müqavilə üzrə annuitet ödənişlərin həyata keçirilməli olduğu müddət xx.xx.2020-ci il tarixdə başa çatdığından həmin dövrdən sonra hesablanan əsas borca illik beş faizlə hesablanmış məbləğ tutulmalıdır.
44. Qanuni faizin məbləğini qiymətləndirərkən məhkəmə qeyd edir ki, müqavilə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən etibarən iddiaçının tələb etdiyi (maliyyə arayışı – səh. 28) xx.xx.2023-cü il tarixədək (1035 gün üçün) əsas borca illik 5 faizlə hesablanmış məbləğ 799,4 (5638,25*5/100/365*1035) manat təşkil edir.
45. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən əsas borca illik 5 faizlə hesablanmaqla 799,40 manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir (zaminə münasibətdə bax §38-44).
c) Kredit müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
46. İddia ərizəsində iddiaçı 5855,22 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
47. xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 01 saylı əlavə sazişin 1.3-cü bəndinə əsasən, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən cərimə kimi illik 36% dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir.
48. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
49. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
50. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
51. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh pul məbləğini qaytarmadığı halda, iddiaçı da uzun müddət iddia ilə məhkəməyə müraciət etməmişdir.
52. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, Cavabdeh2 tutulmalı cərimə məbləğinin 290 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
53. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 290 manat Cavabdeh2 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir (zaminə münasibətdə bax §38-44).
d) Məhkəmə xərcləri ilə bağlı
54. İddiaçı eləcə də 210 manat (ödəniş tapşırığı-səh.24) mediasiya xərcinin cavabdehlərdən tutulmasını xahiş etmişdir.
55. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/10-000120 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və ödəniş tapşırığından görünür ki, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdehlər xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 210 manat məbləğində mediasiya xərci ödənmişdir.
56. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, 23 avqust 2023-cü il tarixli 9/4858 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.
57. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
58. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
59. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
60. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
61. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
62. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 117 manat Cavabdeh2 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməli, mediasiya xərci qalan hissədə iddiaçıya aid edilməli, ekspertiza xərci olaraq 56 manat Cavabdeh2 tutularaq, 44 manat məbləğində pul iddiaçı LPO İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
V. Nəticə:
63. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi və kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 01 saylı əlavə saziş üzrə 5638 (beş min altı yüz otuz səkkiz) manat 25 (iyirmi beş) qəpik əsas borc, 2565 (iki min beş yüz altmış beş) manat 79 (yetmiş doqquz) qəpik faiz borcu, 290 (iki yüz doxsan) manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən əsas borca illik 5% hesablanmaqla 799 (yeddi yüz doxsan doqquz) manat 40 (qırx) qəpik olmaqla, ümumilikdə 9293 (doqquz min iki yüz doxsan üç) manat 44 (qırx dörd) qəpik məbləğində pul Cavabdeh2 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 117 (yüz on yeddi) manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 56 (əlli altı) manat məbləğində pul Cavabdeh2, 44 (qırx dörd) manat məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova