Məhkəmə qərarları › İş №e-2-2(113)-2867/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2867/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2867/2024 28.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Dursunov (Ənvərzadə) Toğrul Ənvər oğluna və Cavabdeh1 qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Dursunov (Ənvərzadə) Toğrul Ənvər oğluna və Cavabdeh1 qarşı borc tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 25 Noyabr 2022-ci il tarixli,RB/BM-00142 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4762,39 manat, faiz borcuna görə 418,71 manat, dəbbə borcuna görə 111,06 manat, cəmi 5292,16 manat məbləğində pulun və 73 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin X2 ilə cavabdeh – X3 oğlu arasında bağlanmış 25 noyabr 2022-ci il tarixli, RB/BM-00142 saylı kredit müqaviləsinə əsasən illik 22 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 8000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 25 noyabr 2022-ci il tarixdə İddiaçı ASC-nin X2 ilə digər cavabdeh(lər) Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 25 noyabr 2022-ci il tarixli, RB/BM-00142 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 25 noyabr 2022-ci il tarixli, RB/BM-00142 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan X3 oğlu kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icraedilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 25 noyabr 2022-ci il tarixli, RB/BM-00142 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 25-dan gec olmayaraq hər ay 415,03 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh X3 oğlunun 25 noyabr 2022-ci il tarixli, RB/BM-00142 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 4762,39 manat, faiz borcuna görə 418,71 manat, dəbbə borcuna görə 111,06 manat, borcun cəmiməbləği 5292,16 manat təşkil edir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC-nin X2 (Borc verən) və X3 oğlu (Borc alan) arasında imzalanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Borc verən bu Müqavilənin şərtləri daxilində Borc alana əsas vəsaitlərin artırılması məqsədilə 8000 AZN məbləğdə kredit verməyi, Borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq Borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit 24 (iyirmi dörd ) ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hisssə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 8000 (səkkiz min manat 00 qəpik) AZN çox olmamalıdır. Kredit Borc alan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər. Müqavilənin 2.3-cü bəndinə əsasən kreditə görə illik 22% (iyirmi iki) faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 23% təşkil edir. Müqavilənin 2.7-ci bəndinə əsasən Borc alan hesablanmış kredit faizlərini və əsas borc qalığını annuitet qaydada (“Kreditin ödəniş cədvəli”nə əsasən) aylıq olaraq ödəməyi öhdəsinə götürür. Əsas borc kredit müddətinin son gününədək (sonuncu gün daxil olmaqla) ödənilməlidir. Müqavilənin müddəti bitdikdə və Borc alan kredit borcunu ödəmədikdə, kreditin ödənilməyən əsas məbləği üçün faizlər bu Müqavilənin 2.3-cü bəndində göstərilən faiz dərəcəsinin 2 (iki) qatı həcmində, yəni (44%) faiz, borc tam ödənilən günədək hesablanır və Borc alan tərəfindən tam ödənilməlidir. İddiaçı ASC-nin X2 (Borc verən) və Cavabdeh1 (Zamin) arasında imzalanmış xx.xx.2022-ci il tarixli RB/BM-00142 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin Cavabdeh1 X3 ilə kreditor (Bank) arasında bağlanmış RB/BM-00142 saylı, xx.xx.2022 tarixli Kredit Müqaviləsinə əsasən kredit almış borc alanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtmda icra etməsi üçün məsuliyyəti öz üzərinə ötürür. Müqavilənin 1.2-ci bəndinə əsasən zamin müqavilənin 1.1.-ci bəndində qeyd edilmiş Kredit Müqaviləsinin aşağıda göstərilmiş şərtlər daxil olmaqla, bütün şərtləri ilə tanış olmuş və Borc alanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyət daşımağa razıdır: kreditin məbləği (kredit xəttinin limiti) 8000 AZN; kreditin qaytarılması müdəti 24 ay; kreditin faiz dərəcəsi 22 %; kreditin ödənilməsi (qaytarılma) qaydası: ayliq; cərimə və dəbbə pullarının məbləği və hesablanması qaydası. 2.2-ci bəndinə əsasən borclu kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasının borcludan və ya zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. Müqavilənin 2.1-ci və 2.2-ci bəndlərinə əsasən zamin borc verənin (Bank) qarşısında Borc alanın öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borc alan borc verən (Bank) qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2024-cü il tarixli İddiaçı ASC tərəfindən tərtib edilmiş arayışından görünür ki, xx.xx.2024-cü il tarixə cavabdeh Dursunov (Ənvərzadə) Toğrul Ənvər oğlunun oğlunun 4762,39 manat məbləğində əsas, 418,71 manat məbləğində faiz və 111,06 manat məbləğində cərimə, cəmi 5292,16 manat borcu vardır. Dursunov (Ənvərzadə) Toğrul Ənvər oğlu ilə bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə uyğun olaraq tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 8000 manat olan illik faiz dərəcəsi 22% olan kredit üzrə Dursunov (Ənvərzadə) Toğrul Ənvər oğlu 25 dekbar 2022-ci il tarixdən 25 noyabr 2024-cü il tarixinə qədər hər ayın 25-i olmaqla 415,01 manat, sonuncu ay 415,57 manat ödəməlidir. 25 noyabr 2022-ci il tarixli sərəncam-orderin surətindən görünür ki, Dursunov (Ənvərzadə) Toğrul Ənvər oğlunun hesabına müvafiq olaraq 8000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC 73 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi Məhkəmə iş metariallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Çünki məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC və Dursunov (Ənvərzadə) Toğrul Ənvər oğlu arasında imzalanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi çərçivəsində illik faiz dərəcəsi 22 faiz olmaqla, 24 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC və Cavabdeh1 arasında imzalanmış xx.xx.2022-ci il tarixli RB/BM-00142 saylı zaminlik müqaviləsi bağlanmış və zamin borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyi, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 4762,39 manat əsas borc, 418,71 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehlərdən 4762,39 manat əsas borc, 418,71 manat məbləğində faiz borcu, tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən hesablanmış 111,06 manat məbləğində cərimə pullarının cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 111,06 manat məbləğində dəbbə pulu tutulmalıdır. Həmçinin məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsi təmin edildiyindən ödənilmiş 73 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Dursunov (Ənvərzadə) Toğrul Ənvər oğlu və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli RB/BM-00142 saylı kredit müqaviləsinə əsasən 4762,39 manat əsas borc, 418,71 manat faiz borcu, 111,06 manat cərimə məbləği olmaqla cəmi 5292 (beş min iki yüz doxsan iki) manat 16 (on altı) qəpik borc, ödənilmiş 73 (yetmiş üç) manat dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar