Məhkəmə qərarları › İş №e-2-2(113)-287/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-287/2023

17.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-287/2023 17.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “pulun geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən əsassız əldə etdiyi 60.000 manat pul vəsaitinin və Mülki Məcəllənin 449-cu maddəsinin müəyyən etdiyi qaydada həmin əsas borcun vaxtına qaytarılmadığı günlərinə görə onun üzərinə Mərkəzi Bankın geridə qalmış dövrlər üzrə müəyyən etdiyi uçot faiz dərəcəsini də qətnamə çıxan tarixə hesablanmaqla tutulması və 410 manat məbləğində çəkilmiş mediasiya xərcinində tutularaq "xxxx" MMCyə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 sentyabr 2022-ci il tarixində "xxxx" MMC adlı təşkilatdan "xxxx" MMC-yə EBCD seriyalı 251016 nömrəli Elektron Qaimə göndərilərək 24 adda olan nəqliyyat vasitələrinə aid ehtiyyat hissələrinin alınması üçün 70.800 (60.000 manat əsas dəyəri və 10.800 manat 18% ƏDV) pul vəsaitinin köçürülməsi xahiş edilmişdir. Belə ki, həmin "xxxx" MMC adlı təşkilatla"xxxx" MMC arasında vaxtilə 14 fevral 2018-ci il tarixindən bağlanmış 24/18 nömrəli Alqı-Satqı Müqaviləsi mövcuddur. Məhz həmin müqaviləyə əsasən ehtiyac olduqda "xxxx" MMC-nin sifarişləri əsasında zəruri olan nəqliyyat vasitələrinə aid ehtiyyat hissələrinin alınması "xxxx" MMC-dən həyata keçirilir. Lakin tamamilə yanlışlıq nəticəsində, yəni iddiaçı"xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında bu haqda heç bir rəsmi müqavilə olmadan və iddiaçı təşkilata cavabdeh təşkilatdan heç bir elektron qaimə göndərilmədən, iddiaçı təşkilatın mühasibi tərəfindən X1 Bank xidmətindən istifadə edilərək iddiaçının həmin bankda olan hesabından cavabdeh "xxxx" MMC-nin "xxxx" ASC-nin Yasamal filialında olan hesabına səhvən xx.xx.2022-ci il tarixli OD18 nömrəli ödəniş tapşırığına əsasən 60.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Belə ki, həmin xx.xx.2022-ci il tarixli OD18 nömrəli ödəniş tapşırığının D1 qrafasında ödənişin təyinatı və əsası kimi məhz 06 sentyabr 2022-ci il tarixində "xxxx" MMC adlı təşkilatdan"xxxx" MMC-yə ünvanlanmış EBCD seriyalı 251016 nömrəli Elektron Qaiməyə istinad edilmişdir. Bu faktın özü onu təsdiq edir ki, həmin Elektron Qaiməyə əsasən göstərilən pul vəsaiti yalnız "xxxx" MMC-yə köçürüldüyü halda qanuni sayıla bilər. Odur ki, iddiaçı təşkilatın mühasibinin səhlənkarlığı nəticəsində baş vermiş bu səhvə görə iddiaçı "xxxx" MMC xx.xx.2022-ci il tarixli OD 19 nömrəli yeni ödəniş tapşırığına əsasən, məcburiyyət qarşısında qalaraq məhz 06 sentyabr 2022-ci il tarixində "xxxx" MMC adlı təşkilatdan "xxxx" MMC-yə ünvanlanmış EBCD seriyalı 251016 nömrəli Elektron Qaiməyə yenidən istinad edərək artıq 60.000 manat pul vəsaitini bu səfər (ikinci köçürülmə halı) ünvanı üzrə düz köçürmüşdür. Lakin ilkin olaraq səhv nəticəsində iddiaçı təşkilatın hesabından cavabdeh "xxxx" MMC-nin "xxxx" ASC-nin Yasamal filialında olan hesabına xx.xx.2022-ci il tarixli OD18 nömrəli ödəniş tapşırığına əsasən 60.000 manat məbləğində köçürülmüş pul vəsaiti həmin cavabdehdə qalmış və bu günə kimi həmin vəsait iddiaçı təşkilata qaytarılmamışdır. Belə ki, iddiaçı təşkilat tərəfindən cavabdeh təşkilata istər onlayn kargüzarlıq qaydasında istərsədə rəsmi poçt vasitəsilə xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində göndərilmiş pretenziya və irad (tələb) məktublarına baxmayaraq, cavabdeh təşkilat həmin əsassız yerə və səhvən köçürülmüş 60.000 manat pul vəsaitini iddiaçıya geri qaytarmaqdan imtina etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən öhdəliklər üzrə yaranmış 160.000 (bir yüz altmış min) AZN borcun və iddia tələbi üzrə ödənilən 450 (dörd yüz əlli) manat dövlət rüsumunun və vəkilə çəkilən 200 (iki yüz) manatın alınaraq iddiaçı Cavabdehnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6463/2022 saylı qərardadı ilə İNVESTALL” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Sonradan Cavabdeh xx.xx.2022-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı yenidən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən öhdəliklər üzrə yaranmış 160.000 (bir yüz altmış min) AZN borcun və iddia tələbi üzrə ödənilən 450 (dörd yüz əlli) manat dövlət rüsumunun və vəkilə çəkilən 200 (iki yüz) manatın alınaraq iddiaçı Cavabdehnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6463/2022 saylı qərardadı ilə Cavabdeh qarşılıqlı iddia ərizəsi qeri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-1230/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6463/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli 0D18 nömrəli ödəniş tapşırığı ilə iddiaçının "xxxx" ASC-də olan müxbir hesabından Cavabdeh MMC-nin "xxxx" ASC-nin Yasamal fililialında olan hesabına xx.xx.2022-ci il tarixdə 60.000 manat pul köçürülmüşdür. Ödəniş tapşırığında ödənişin təyinatı və əsası kimi EBCD seriyalı 251016 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə göstərilmişdir. Adı çəkilən xx.xx.2022-ci il tarixli EBCD seriyalı 251016 saylı elektron qaimədə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri olaraq ƏDV-siz 60.000 manat məbləğində pulun köçürülməli olması göstərilmişdir. Həmçinin işdən görünür ki, 15 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2018-ci il tarixli 24/18 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmçinin də, qeyd edilməlidir ki, pulun elə cavabdehə köçülmüş olduğu xx.xx.2022ci il tarixdə iddiaçı tərəf "xxxx" ASC-yə 228 nömrəli məktub göndərərək xx.xx.2022-ci il tarixdə müştəribank sistemi vasitəsilə səhvən Cavabdeh MMC-yə 60.000 manat vəsait köçürüldüyünü bildirmiş, həmin məbləğin Cavabdeh MMC-yə köçürülməsinin dayandırılmasını və vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Lakin artıq ödəniş həyata keçirildiyi üçün pul vəsaitinin qaytarılması mümkün olmamışdır. İddiaçı səhvən köçürülmüş pul vəsaitin geri qaytarılması ilə əlaqədar cavabdehə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə müraciət etsə də, pul vəsaiti geri qaytarılmamışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, 60.000 manat pulun "xxxx" MMC-yə köçürmək əvəzinə səhvən Cavabdeh MMC-yə köçürüldüyünü, cavabdehlə hər hansı bir müqavilə münasibətlərinin olmadığını bildirir və qeyd edilən pulun tutulmasını xahiş edir. Cavabdeh tərəf isə iddiaya yazılı və ya şifahi etirazını bildirməmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İlk növbədə qeyd edilməlidir ki, tərəflər arasında qeyd edilmiş pulla bağlı hər hansı bir müqavilə münasibətlərinin yaranması iş materialları ilə təsdiqini tapmır. Ona görə də, hazırki işdə iddiaçının iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırkı işdə də, qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Belə ki, göründüyü kimi "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 60.000 manat məbləğində pul köçürülərkən də, "xxxx" MMC-nin iddiaçıya göndərmiş olduğu elektron qaiməyə istinad olunmuşdur. Bu hal da, onu təsdiq edir ki, iddiaçı "xxxx" MMC-yə pul köçürməsi əvəzinə səhvən Cavabdeh MMC-yə köçürmüşdür. Ona görə də, Məhkəmə hesab edir ki, iddiaçı 60.000 manat məbləğində pulun cavabdeh tərəfindən ona qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddianın Mülki Məcəllənin 449-cu maddəsinə istinad etməklə əsas borcun vaxtında qaytarılmadığı günlərinə görə qətnamə çıxarılan tarixə hesablanmaqla faizin tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir. Göründüyü kimi iddiaçı cavabdeh tərəfindən 60.000 manat məbləğində puldan faydalandığı barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 410 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli BD580 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mediasiya xərci olaraq 410 manat məbləğində pul ödəmişdir. Belə olan halda, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 410 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 60.000 (altmış min) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 410 (dörd yüz on) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar