Məhkəmə qərarları › İş №e-2-2(113)-287/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-287/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-287/2025 26.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi,zaminlik müqaviləsi, rüsum) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli 1539micBKX/22 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 4069.5 AZN, faiz üzrə 1023.15 AZN, cərimə üzrə 1215.07 AZN, cəmi 6307.72 AZN və dövlət rüsumu kimi ödənilmiş 83.08 AZN məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh2arasında bağlanmış xx.xx.2022-ci il tarixli 253micNAR/22 saylı kredit müqaviləsinə əsasən, borcluya 12 ay müddətinə, illik 23 % ödəmək şərtilə, 15000 (on beş min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" KB ASC iləCavabdeh3 və Cavabdeh1arasında xx.xx.2022-ci il tarixli 253micNAR/22 saylı Zaminlik Müqaviləsi bağlanmışdır.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4836/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair kommersiya işinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

4. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

7. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, “X2” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 253micNAR/22-EM saylı əsas kredit müqaviləsi bağlanmışdır.

11. Müqavilənin 1.1-ci bəndinə əsasən borcverən borcalana 300.000 manat məbləğində, illik maksimum 32 faiz minimum 1 ay, maksimum 120 ay müddətinə xx.xx.2032ci il tarixinədək müddət ərzində Azərbaycan manatı çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verməyi öhdəsinə götürmüşdür.

12. Kreditor qarşısında borclunun xx.xx.2022-ci il tarixli 253micNAR/22-EM saylı əsas kredit müqaviləsi və onun çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmin olunması üçün Bank ilə Cavabdeh3 (zamin), Cavabdeh2 (borclu) arasında və Cavabdeh1 (zamin), Cavabdeh2 (borclu) arasında xx.xx.2022-ci il tarixli 253micNAR/22 saylı, zaminlik müqavilələri bağlanmışdır.

13. Daha sonra bank ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 253micNAR/22 saylı Əlavə kredit müqaviləsi bağlanmış, müqavilə əsasında borcverən borcalana 12 ay müddətinə xx.xx.2023-cü il tarixinədək, illik 23 faiz ödəmək şərtilə 15.000 manat məbləğində kredit verilmişdir.

14. Tərəflər Əlavə kredit müqaviləsi üzrə ödəniş cədvəlini 1 saylı Əlavə ilə təsdiq etmişlər.

15. Müqavilələr tərəflərin imzası, bankın möhürü ilə təsdiq edilmişdir.

16. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

17. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

19. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

20. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

21. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

22. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 253micNAR/22 saylı müqavilə üzrə cavabdehlərin xx.xx.2024-cü il tarixinə əsas borcu 4.069,5 manat, faiz borcu üzrə 1.023,15 manat borcu vardır.

23. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən 9/9351 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixli 253micNAR/22 saylı Əlavə kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə), xx.xx.2024-cü il tarixə (maliyyə arayışında borcun hesablandığı tarix) və xx.xx.2024cü il tarixə (məhkəmə qəraradadının tarixinə) olan borcu əsas borc üzrə 4.107,23 manat, faiz borcu isə 223,08 manat məbləğində təşkil edir.

24. Göründüyü kimi, cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməmiş borcu vardır.

25. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş, iddiaya etiraz bildirməmiş və qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişlər.

26. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində qismən əsaslıdır və cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 4.069,5 manat, faiz bоrcu üzrə 223,08 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

27. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır.

28. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

29. Hazırki işin hallarından görünür ki, cavabdehlərin əsas borcuna münasibətdə 200 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

30. Məhkəmə həmçinin hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64,92 manat məbləğində pul da, cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

31. Məhkəmə həmçinin qeyd edir ki, işdən də, göründüyü kimi Məhkəməmühasibatlıq Ekspertizasının keçirilməsi xərci 200 manat təşkil edir. Ona görə də, 200 manat məbləğində pul müştərək qaydada Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənməlidir.

32. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli 253micNAR/22 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 4.069 (dörd min altmış doqquz) manat, 50 (əlli) qəpik, faiz bоrcu üzrə 223 (iki yüz iyirmi üç) manat, 08 (sıfır səkkiz) qəpik, cərimə borcu üzrə 200 (iki) manat olmaqla, cəmi 4.492 (dörd min dörd yüz doxsan iki) manat, 58 (əlli səkkiz) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutularaq “X2” ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64 (altmış dörd) manat, 92 (doxsan iki) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutularaq “X2” ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul müştərək qaydada Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutularaq “X2” ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar