Məhkəmə qərarları › İş №e-2-2(113)-2870/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2870/2025

24.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2870/2025 24.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla)pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: subroqasiya, pul tələbi) X6 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla)pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17459,63 manat məbləğində sığorta ödənişinin və 142,38 manat məbləğində dövlət rüsumunun, cəmi 17602,01 manat məbləğində pulun tutulub onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə cavabdehin istifadəsində olan və Bakı şəhəri, Xətai rayonu, A.Rəhimov küçəsi, 13 C ünvanında yerləşən İddiaçı ASC (bundan sonra ASC) ilə bağlanmış “daşınmaz əmlakın icbarı sığortası” müqaviləsinə əsasən sığorta təminatı almış (sığorta şəhadətnaməsinin nömrəsi RAZ**********) daşınmaz əmlak obyektində yanğın hadisəsi baş vermişdir. Həmin obyektə dəymiş zərərin aradan qaldırılması üçün ASC tərəfindən 17459,63 manat məbləğində sığorta ödənişi edilmişdir. Baş vermiş yanğın hadisəsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən cavabdehin obyektin istifadəçisi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda yanğın təhlükəsizliyi haqqında qanunvericiliyin tələblərinə riayət etmədiyi və bunun nəticəsində yanğın hadisəsinin baş verdiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 17459,63 manat məbləğində sığorta ödənişinin cavabdehdən tələb etmək hüququna sahib olmuşdur. Bundan başqa, iddianın qaldırılması ilə bağlı dövlət rüsumu da cavabdehdən tutulmalıdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 430.1, 448.1, 936.1, 936.6, 936.2, 936.2, 936.5, 1096, 1097, 1108.1-ci maddələrinə, “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 6.1, 6.2 və 6.5-ci bəndlərinə və Ticarət, və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi Qaydaları”nın 3.19.3 və 3.19.4-cü bəndlərinə istinad olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, eyni zamanda izahatında əlavə olaraq bildirmişdir ki, sığortalanmış daşınmaz əmlakda yanğın hadisəsi nəticəsində zərər dəymişdir. Dəymiş zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən 17459,63 manat sığorta ödənişi həyata keçirdilmişdir. Baş vermiş yanğın hadisəsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən cavabdehin obyektin istifadəçisi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda yanğın təhlükəsizliyi haqqında qanunvericiliyin tələblərinə riayət etmədiyi və bunun nəticəsində yanğın hadisəsinin baş verdiyi müəyyən edilmişdir. Qərara əsasən Cavabdeh tərəfindən “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 6.1, 6.2 və 6.5-ci bəndlərinin tələbləri pozulmuşdur. Bunun nəticəsində də yanğın hadisəsi baş vermişdir. İddia əsaslıdır və təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi suallara cavab olaraq bildirmişdir ki, “İcbari sığorta haqqında” Qanunda icbari sığorta ilə bağlı subroqasiya hüququ nəzərdə tutulmuşdur. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranması əsaslarında göstərilmiş hallardan qanunun 25.1.3-ci maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranması halı qeyd edilmişdir. Mülkiyyətçinin xəbəri olmadan buna hüququ olmayan şəxs tərəfindən əmlakdan istifadə edilmə halı olsaydı 25.1.3-cü bəndi ilə tələb etmək hüququ yaranmış olardı. Bununla bağlı “İcbari sığortalar haqqında” Qanunun 25.1.1.-ci bəndində kobud ehtiyatsızlıq ifadəsi də qeyd edilməli idi. Bu “İcbari sığortalar haqqında” Qanundan irəli gələn bir boşluqdur. Hazırda iddia tələbininin hüquqi əsası kimi iddia ərizəsində qeyd edilən normalar iddia tələbinin əsasını təşkil edir. “İcbari sığortalar haqqında” Qanunda hazırkı mübahisə predmetinə birbaşa uyğun gələn norma yoxdur. Burada hadisə ehtiyatsızlıqdan baş verib və iddiaçı ümumi normalardan çıxış edərək tələbini irəli sürmüşdür. İddiaçıya hər hansı zərər dəyməsə də Mülki Məcəllənin 936-cı maddəsinə istinad edilmişdir. Sonda isə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə cavabdeh tərəfindən etiraz təqdim edilmişdir. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə onun istifadəsində olan və Bakı şəhəri, Xətai rayonu, A.Rəhimov küçəsi, 13 C ünvanında yerləşən İddiaçı ASC ilə bağlanmış “daşınmaz əmlakın icbarı sığortası” müqaviləsinə əsasən sığorta təminatı almış (sığorta şəhadətnaməsinin nömrəsi RAZ**********) daşınmaz əmlak obyektində yanğın hadisəsi baş vermişdir. Həmin obyektə dəymiş zərərin aradan qaldırılması üçün ASC tərəfindən 17459,63 manat məbləğində sığorta ödənişi edilmişdir. Baş vermiş yanğın hadisəsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən cavabdehin obyektin istifadəçisi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda yanğın təhlükəsizliyi haqqında qanunvericiliyin tələblərinə riayət etmədiyi və bunun nəticəsində yanğın hadisəsinin baş verdiyi müəyyən edilmişdir. İddiaçı öz tələbini əsaslandırmaq üçün AR Mülki Məcəlləsinin 21-ci, 936-cı və digər normalarını sadalamaqla, cavabdehdən 17459,63 manat məbləğində sığorta ödənişinin və 142,38 manat məbləğində dövlət rüsumunun, cəmi 17602,1 manat məbləğində pulun tutulub iddiaçının hesabına ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı hər nə qədər obyektdə yanğından məsul şəxsin cavabdeh olmasını qeyd etsə də, ilk öncə FHN-nin istinad etdiyi xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin hər hansı bir nüsxəsi cavabdehdə yoxdur, ümumiyyətlə mülkiyyətçi ilə o tarixdə icarə müqaviləsi bağlanılması və bununla da həmin müqavilənin şərtlərini xatırlamır. Bundan əlavə müqavilədə yanğın və texniki təhlükəsizlik qaydalarına əmək etməli olduğu göstərilsəydi də belə, bu bütövlükdə obyektdə baş verə biləcək yanğın və digər xoşagəlməz hallara görə cavabdeh olmağı anlamına gəlmir. Belə ki, FHN araşdırması zamanı cavabdeh tərəfindən verilən izahatda cavabdeh həmin obyektdə 2018-ci il tarixindən yanğın baş verən tarixədək- xx.xx.2024-cü il tarixinədək fəaliyyət göstərmişdir. Obyektin yanğın və texniki təhükəsizlik qaydasında uyğun şəkildə mülkiyyətçi tərəfindən cavabdehə təhvil-təslim edilməsi barədə heç bir sənəd mövcud olmamışdır. Obyekt cavabdehdən əvvəl uzun müddət eyni sahədə (çörək sexi kimi) fəaliyyət göstərmiş, onun təmiri və şəraiti çox zəif olmuşdur, heç də standartlara cavab verməmişdir. FHN araşdırmasından görünür ki, yanğın hadisəsi obyektin elektrik şəbəkəsində yaranmış nasazlıqdan- qısa qapanmadan baş vermişdir. Cavabdeh mülkiyyətçi ilə bağladığı hər hansı müqavilədə, nə də hər hansı şifahi razılaşmada obyektin elektrik xətlərinə qulluq etmək kimi bir öhdəlik daşımamışdır. Əksinə cavabdeh obyektdə fəaliyyət göstərdiyi zaman əsasən qazla çalışan təndirdən istifadə etmişdir, bəzən enejidə nasazlıq (qısaqapanma) yaranmış, cavabdeh bu halın aradan qaldırılmasını dəfələrlə şahidlərin yanında mülkiyyətçidən xahiş etmişdir. O, isə mənə nasazlığı aradan qaldırılacağını, təmir işləri görəcəyini bildirmişdir. Lakin sahənin təmiri köhnə olduğu üçün onun yüngül xərclə aradan qaldırılması qeyri-mümkün idi, əsaslı vəsait hesabına həmin yeri mülkiyyətçi təmir edə bilərdi və etməli idi. İşdə olan sübutlardan da görünür ki, yanğın hadisəsi saat 23:00 radələrində- yəni işdən sonra baş vermişdir. Bütün göstərilən xüsusatlar cavabdeh baş vermiş yanğın hadisəsinə heç bir aidiyyəti olmamasını, yanğının onun fəaliyyətindən qaynaqlanmamasını şübhəsiz sübut edir. Belə olan halda isə iddiaçının cavabdehə qarşı iddia tələbləri qanuni və əsaslı sayıla bilməz. Bundan əlavə hazırki iş üzrə doğru qənaətə gəlmək üçün Bakı şəhəri, Xətai rayonu, A.Rəhimov küçəsi, 13 C ünvanında yerləşən obyektin mülkiyyətçisi X1 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməsi son dərəcə zəruridir. Belə ki, cavabdeh hazırki iddiadan xəbər tutan zaman dərhal ondan məsələ ilə bağlı xəbər alanda cavabdehə bildirmişdir ki, ona qarşı onun heç bir iddia və tələbi yoxdur, sığorta şirkəti ona tam ödəniş həyata keçirməmişdir. Hazırda iddiaçı tərəfindən iddia ərizəsinə mülkiyyətçiyə ödənişin verilməsini təsdiq edən hər hansı sənədin əlavə edilməməsi cavabdehdə ümumiyyətlə mülkiyyətçiyə vəsaitin verilməməsi şübhəsini yaratmışdır. Ödənişin aparılmasını təsdiq edən sənəd iddiaçının iddiasına əlavə etdiyi ödəniş tapşırığı yox, mülkiyyətçi tərəfindən imza olunan qəbz və ya köçürmə sənədi ola bilərdi. Lakin cavabdeh iş materiallarında elə bir sənədə rast gəlməmişdir. Bu hal isə mülkiyyətçinin bildirdiyi faktın- yəni ona iddia ərizəsində göstərilən məbləğdə vəsaitin verilməməsinin doğru olması qənaətinə gəlməyə əsas verir. Cavabdeh mülkiyyətçidən yanğın hadisəsi ilə bağlı araşdırmada istinad olunan icarə müqaviləsinin bir nüsxəsini istəyəndə o, həmin müqavilənin FHN tərəfindən ondan götürülməsini, onda heç bir nüsxəsinin qalmamasını bildirmişdir. Ona görə də məhkəmə həmin şəxsi iş üzrə iştiraka cəlb etməklə yanaşı, rəsmi sənədlərdə istinad olunan xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin əslinin məhkəməyə təqdim edilməsini təmin etməlidir. Mülkiyyətçi özü də şahiddir ki, əslində yanğın hadisəsi zamanı obyektdə yerləşən cavabdehə məxsus əşyalar yanıb məhv olmuş, bununla da cavabdehə 7500 manatdan artıq zərər dəymişdir. Hətta mülkiyyətçi şahidlərin yanında dəfələrlə cavabdehdən heç bir narazılığının olmamasını, cavabdehə dəymiş zərərin kompensasiyası və obyektdə fəaliyyyət göstərmək üçün götürdüyü borcların qaytarılmasına dəstək məqsədilə həmin obyekti yenidən təmir edəndən sonra güzəştli şərtlərlə işlətmək üçün cavabdehə icarəyə verməyi təklif etmişdir. Bütün göstərilən xüsusatlar hadisə ilə bağlı cavabdehin zərər vuran yox, həqiqi zərər çəkən şəxs olmağını təsdiq edir. Zərərçəkmiş şəxsdən isə iddiaçı tərəfindən təkrarən sığorta ödənişinin tələb edilməsi iki qat ədalətsizlikdir. Bundan əlavə məhkəmə işdə olan AR FHN Əməliyyat- İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli qərarına tənqidi yanaşmalı, İstintaq orqanının cavabdehin yanğın hadisəsinin baş verməsinə aidiyyətinin olması, guya obyektdə yanğın və texniki təhlükəsizlik qaydalarına cavabdeh kimi qələmə verilməyi hissəsində hər hansı mötəbər sübuta əsaslanmamasını nəzərə almalıdır. Həmçinin FHN tərəfindən aparılan araşdırmanın obyektivliyi cavabdehdə şübhə yaratmışdır ki, obyekti görən işlək müşahidə kameralarının olmasına baxmayaraq, bir neçə dəfə xatırlatmağına rəğmən həmin qurum tərəfindən nədənsə həmin kameralara nəzər yetirilməməsi olmuşdur. Halbuki yanğın hadisəsi ilə bağlı ədalətli və obyektiv qənaətə gəlmək üçün təkcə mülkiyyətçinin izahatı ilə kifayətlənməməli, digər mötəbər sübutlara da (kamera görüntüləri əldə edilməli və qiymət verilməli idi) müraciət olunmalı idi. İddiaçının iddiasının hüquqi əsası kimi istinad etdiyi normativ hüquqi aktların tələbləri hazırki mübahisəyə tətbiq oluna bilməz. Belə ki, bildiyiniz kimi AR Mülki Məcəlləsinin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb etməsindən, həmin Məcəllənin 936.1-ci maddəsi subroqasiya hüququndan, həmin Məcəllənin 1108.1-ci maddəsinə yüksək təhlükə mənbəyinin vurduğu ziyandan, həmin Məcəllənin 459.1-ci maddəsi zərərin əvəzini ödəməyə borclu olan şəxsin əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməsindən, həmin Məcəllənin 1096-1097-cı maddələri mülki hüquq pozuntularından (deliktdən), həmin Məcəllənin 1114-cü maddəsi başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququndan, həmin Məcəllənin 385.1-ci maddəsi öhdəlik anlayışından, həmin Məcəllənin 430.1-ci maddəsi öhdəlikdən imtinadan, həmin Məcəllənin 448.1-ci maddəsi borclunun onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmasından bəhs edir. Yuxarıda da göstərdiyi kimi onun tərəfindən bilavasitə və ya dolayı yolla heç kimə- nə mülkiyyətçiyə, nə də sığorta ödənişi verdiyini iddia edən hazırki iddiaçıya heç bir zərər vurulmamışdır, onun obyektdə göstərdiyi fəaliyyət isə yüksək təhlükə mənbəyi hesab olunan fəaliyyət sayılmır. Belə olan halda iddiaçının həmin normaların tələblərini sadalamaqla ondan vurmadığı zərərə görə pul tələb etməsi absurd və qanunsuzdur. İddiaçının iddia ərizəsində istinad etdiyi aşağıda qeyd olunan normativ aktların tələblərinə cavabdehlik isə onun yox, mülkiyyətçinin üzərində olmuş, obyekti lazımı və yararlı vəziyyətdə icarəyə vermək (icarəçiyə təhvil-təslim etmək) öhdəliyini daşımışdır: “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 6.1, 6.2 və 6.5-ci bəndlərinin tələblərinə əsasən elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı həmin qurğular müvafiq qaydalara və digər normativ sənədlərə uyğun olaraq istismar edilməlidirlər; elektrik mühərrikləri, idarə etmə aparatları, işə salıb nizamlama, nəzarət ölçü cihazları və mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri), müvafiq qaydaların tələblərinə uyğun olaraq seçilib quraşdırılmalı, eləcə də artıq yükləmədən və qısa qapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməlidirlər, elektrik aparatlarını və cihazlarını onu hazırlayan müəssisənin tövsiyələrinə (təlimatlarına) uyğun olmayan şəraitdə və ya yanğına səbəb ola bilən nasazlığı olduqda istifadə etmək, eləcə də örtüyü (izolyasiyası) zədələnmiş və ya sıradan çıxmış naqilləri və kabelləri istismar etmək və nasaz elektrik qurğularından istifadə etmək qadağan olunur. “Ticarət, və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi Qaydaları”nın 3.19.3 və 3.19.4-cü bəndlərinin tələblərinə əsasən qısaqapanma, artıq yükləmədən, artıq daxili və atmosfer gərginliklərindən və s. pozulmalardan mühafizə aparatlarının saz olmasına müntəzəm nəzarət etmək, bütün elektrik qurğularının yanğın və alışmaya gətirib çıxaran təhlükəli amillərdən mühafizəedici aparatının olmasına elektrik qurğularının vəziyyətinə cavabdeh olan şəxslər borcludurlar. İşdə olan heç bir sənəddən cavabdehin elektrik qurğularının vəziyyətinə məsuliyyətli şəxs olmağı müəyyən olunmur. Cavabdeh icarə predmeti olan təmiri və şəraiti zəif olan obyektdə fəaliyyət göstərmiş, orada təmir və yenidənqurma kimi bir iş görmək hüququ olmamışdır, fəaliyyətə başladığı vaxtdan yanğın baş verən vaxtadək elektrik enejisinin qısaqapanmasına və gücə düşməsinə səbəb ola biləcək hər hansı qurğu və avadanlıqdan istifadə etməmişdir. Qeyd etdiyi xüsusatları ümumiləşdirərək, baş vermiş qısaqapanma ilə cavabdehin fəaliyyəti arasında heç bir səbəbli əlaqə yoxdur. Ehtimal ki, hadisə vaxtilə obyektə çəkilmiş elektrik xətlərinin istismar müddətinin təbii olaraq başa çatması (təbii aşınma) ilə bağlı təsadüfən olmuşdur, buna görə də hər hansı bir təqsirdən və zərər vurma halından söhbət gedə bilməz. AR Mülki Məcəlləsinin 152.10-cu maddəsinə əsasən Əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür. Cavabdeh sığorta şirkətinin mülkiyyətçiyə sığorta ödənişi etməsinə etiraz etməsə də, həmin ödənişin əvəzinin sonradan cavabdehdən tutulmasını qəbul etmir. Belə ki, sığorta şirkəti mülkiyyətçi ilə bağladığı müqavilə (Şəhadətnamə) əsasında ona dəyə biləcək zərərə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür, özü də bu öhdəlik hər hansı qeyd-şərtdən (misal üçün sonradan ödənişin subroqasiya qaydasında tələb olunacağı şərtindən) asılı edilməmişdir. Şirkət mülkiyyətçiyə ödənişi etdikdən sonra bütün hallarda yox, subroqsiya üçün əsas olduğu halda mülkiyyətçinin hüququndan istifadə etməklə hazırki iddia ilə çıxış edə bilərdi. Hazırki halda sığorta hadisəsinin baş verməsinə və zərərə görə məsuliyyət daşımadığıma görə şığortaçı şirkətin ona qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da yaranmamışdır. Belə olan halda hazırki iddia Sığortaçının əsassız varlanmaya və sığorta ödənişini cavabdehin hesabına qanunsuz olaraq kompensasiya etmək cəhdi kimi qiymətləndirilməlidir. Hazırda faktiki olaraq əmək qabiliyyəti yoxdur, səhhəti yol vermədiyinə görə heç yerdə işləmir, ağır dərəcə epilepsiya və təzyiq xəstəsidir, qohumlarının verdiyi məhdud dəstəklə dolanmağa çalışır, kirayədə yaşayır, himayəsində işsiz və əmək qabiliyyətsiz ailə üzvü var, müxtəlif kredit təşkilatlarına və vətəndaşlara külli miqdarda borcu vardır. İddiaçının iddia etdiyi məbləği ümumiyyətlə ödəmək iqtidarında deyildir. Odur ki, İddiaçı ASC-nin ona qarşı pul tələbinə dair iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 ərizə ilə məhkəməyə müraciət edərək xəstəliyi səbəbi ilə iştirak edə bilməyəcəyini bildirmiş və üzrlü hesab olunmasını xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: xx.xx.2024-cü il tarixli, CFİ-0119/2024 - AKT318/24 saylı sığorta aktına əsasən sığortalı X2 məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2024-cü il tarixdə yanğın hadisəsi baş verdiyi, dəymiş ziyan 17714 manat müəyyən edildiyi, azadolma məbləği 250 manat və hesablanmış sığorta ödənişi 17464 manat müəyyən edildiyi qeyd olunmuşdur. “Daşınmaz əmlakın icbari sığortası” RAZ********** seriyalı şəhadətnaməsinə əsasən sığortaçı "xxxx" ASC sığortalı X1 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi, daşınmaz əmlakın icbari sığortası növü üzrə yanğın, ildırım düşməsi, elektrik naqillərində baş verən qısaqapanma və s. sığorta risklərindən 25614 manat sığorta məbləğində sığortalamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********10-06301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında 0.015690 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 138,7 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə X1 adına Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. X4 əsasən, hadisə nəticəsində ünvan 1 ünvanında təndirxanaya dəymiş zərər orta bazar qiymətləri nəzərə alınaraq ümumilikdə 9500 manat olması müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən X2 17459,63 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin 0519 nömrəli, 02 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası FHN Əməliyyat-istintaq İdarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024- cü il tarixli, 3-16-16/2-10/5248 saylı məhkəmə yanğın və texnoloji parlayışların tədqiqi ekspertizasının rəyinə əsasən ünvan 2 ünvanında yerləşən, X2 məxsus təndirxanada yanğın izlərinin nisbi analizinə görə müəyyən edilmişdir ki, yanğının mənbəyi, təndirxanaya həyət tərəfdən daxil olduqda sağ tərəfdə tavan səviyyəsində olmuşdur. Müəyyən edilmiş mənbə zonasında istilik ixrac edə bilən texniki qurğulardan elektrik lampası, elektrik xətlərinin yerləşdiyini və hadisə ərəfəsində təndirxanada elektrik qurğularının (elektrik lampalarının, kassa aparatının, 2 ədəd soyuducunun və dondurucunun) işlək vəziyyətdə, yəni elektrik şəbəkəsinin gərginlik altında olduğunu nəzərə aldıqda, yanğın təndirxananın tavanına yaxın sahə ilə çəkilmiş elektrik naqillərində yaranmış hansısa qəza (qısaqapanma, yüksək keçid müqaviməti, artıq yüklənmə və s.) hallarından baş verməsi üçün xarakterikdir. Baş vermiş hadisə ilə əlaqədar, “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ N03-2002) 3.19.4-cü bəndinin tələbi pozulmuşdur. ünvan 2 ünvanında yerləşən, X2 məxsus təndirxananın daxili elektrik qurğuları yanğın və alışmaya gətirib çıxaran təhlükəli amillərdən mühafizəedici aparatlarla təmin edilmədiyinə görə, “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydalarının (YTQ N03-2002) 3.19.4-cü bəndinin tələbi 1.2-ci bəndə görə, təndirxananın yanğın təhlükəsizliyinə və elektrik təsərrüfatının saz vəziyyətdə saxlanılmaqla təhlükəsiz istismar edilməsinə cavabdeh şəxs(-lər) tərəfindən pozulmuşdur. Hadisə yerinə keçirilmiş baxış protokolu, alınmış izahatlarla, ekspert rəyləri və həmçinin yoxlama zamanı toplanmış digər sənədlərlə müəyyən edilmişdir ki, X3 ünvan 2 ünvanında yerləşən qeyri- yaşayış sahəsinin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda, “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydalarının 1.2 və 3.19.4-cü bəndlərinin tələblərini, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh isə yanğın hadisəsi baş vermiş təndirxananın icarəçisi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda, “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 3.19.4-cü bəndinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişlər. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində təndirxanada elektrik qurğularının (elektrik lampalarının, kassa apartının, 2 ədəd soyuducunun və dondurucunun) işlək vəziyyətdə, yəni elektrik şəbəkəsinin gərginlik altında olduğunu nəzərə aldıqda, yanğın təndirxananın tavanına yaxın sahə ilə çəkilmiş elektrik naqillərində yaranmış hansısa qəza (qısaqapanma, yüksək keçid müqaviməti, artıq yüklənmə və s.) hallarından baş vermişdir. Lakin yoxlama materialından göründüyü kimi, yanğın hadisəsi nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmamış, əmlaka dəymiş maddi ziyan ağır nəticə kimi hesab edilmir, hadisə ölümə və ya digər ağır nəticələrə səbəb olmamışdır. Odur ki, baş vermiş yanğın faktında Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilməlidir. xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində ünvan 3 ünvanında yerləşən, X2 məxsus təndirxanada baş vermiş yanğın faktında cinayət tərkibi olmadığından Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən dövlət büdcəsinə 142,38 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3, iddiaçı tərəfindən sığorta edilmiş ünvan 4 sahəsindəki təndirxananı Cavabdeh icarəyə vermişdir. Daha sonra ünvan 4 ünvanında xx.xx.2024-cü il tarixində yanğın hadisəsi baş vermiş, hadisə nəticəsində dəymiş ziyana görə iddiaçı tərəfindən sığortalı C.Hüseynova 17464 manat sığorta ödənişi edilmişdir. Bu faktlar işin mübahisələndirilməyən halları kimi qiymətləndirilmişdir. Hazırda iddiaçı ödədiyi sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutularaq ona ödənilməsini tələb etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, sübutları tədqiq edib belə nəticəyə gəlir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Çünki iddiaçı cavabdehdən subroqasiya qaydasında pul tələb etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı ilə mülkiyyətçi arasında icbari sığorta müqaviləsindən irəli gələn münasibətlər yarandığından iddiaçının tələbinin qanuni əsası kimi “İcbari sığortalar haqqında” Qanunun normalarına istinad olunmalıdır. Çünki Mülki Məcəllənin 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsində icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları göstərilmişdir. Həmin əsaslar içərisindən iddiaçının iddia tələbinə uyğun gələn əsas 25.1.3-cü maddəsində göstərilmişdir. Həmin Qanunun 25.1.3-ci maddəsinə görə isə iddiaçının o zaman, cavabdehə qarşı subroqasiya hüququ yaranardı ki, sığortalanmış təndirxana, sığortalı C.Hüseynovun xəbəri olmadan Cavabdeh tərəfindən istifadə edilmiş olardı. Lakin iş materiallarından və tərəflərin izahatlarından mülkiyyətçi C.Hüseynovla icarəçi Cavabdeh arasında icarə müqaviləsi olduğu, yəni mülkiyyətçinin cavabdehin istifadəsindən məlumatlı olduğu və buna razı olduğu müəyyən edilmişdir. Belə olan halda isə Cavabdeh ünvan 4 sahəsindən istifadə etmək hüququ olduğundan, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələb etmə hüququ yaranmamışdır. Beləliklə, məhkəmə mülki qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar