Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2871/2021 09.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı "X7" MMC-nin cavabdeh "X8" MMC -yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "X7" MMC-nin cavabdeh "X8" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "X7" MMC tərəfindən ödənilmiş 1850 (min səkkiz yüz əlli) manat məbləğin, 350 manat (üç yüz əlli) hüquqi yardım üçün ödənilən məbləğin və tərəfimizdən ödənilmiş 30 manat (otuz) dövlət rüsumunun, cəmi 2200 manat (iki min iki yüz) pul məbləğinin 30 manat dövlət rüsumunun cavabdeh "X8" MMC-dən tutularaq iddiaçı "X7" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirik. İddia ərizəsi onunla əsaslandırımışdır ki, "X7" MMC Məhdud Məsuliyyətli Cəmiyyəti (Sifarişçi) ilə "X8" MMC (İcraçı) arasında 15 fevral 2021-ci il tarixində 66 saylı Müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə görə "X8" MMC (İcraçı) "X7" MMC (Sifarişçinin) www.caspian-energy.net saytına bir illik xidmət göstərməyi öhdəsinə götürmüş, tərəflərin razılığına görə xidmət haqqı 1850 (min səkkiz yüz əlli) manat müəyyən edilmiş, "Sifarişçi" tərəfindən 15.02.2021-ci il tarixli, BD9 saylı Ödəniş tapşırığı ilə "icraçının" hesabına 1850 manat (min səkkiz yüz əlli) pul köçürülmüş, lakin sonradan "İcraçının" öz işini ümumiyyətlə yerinə yetirmədiyi məlum olmuşdur. Ona görə də "Sifarişçi" tərəfindən müqavilənin ləğv olunması və ödənilmiş 1850 manat pul vəsaitinin geri qaytarılması barədə 05.04.2021-ci ildə "icraçıya" məktub göndərilmiş, lakin cavabdeh "X8" MMC heç bir məlumat verməmiş və öz öhdəliklərini icra etməmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, müqavilə bağlanıldıqdan sonra cavabdeh tərəfindən iddiaçının reklamının edildiyini və bunun əvəzində ödəniş olunduğunu, tərəflər arasında daha sonra mübahisə yarandığından iddiaçı tərəf pulun qaytarılmasını tələb etdiyini və Vakansiya.az saytında hazırda da iddiaçının reklamının aparıldığını bildirmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 15 .02.2021-ci il tarixli müqavilədən görünür ki, "X7" MMC ilə "X8" MMC arasında 66 saylı müqavilə bağlanmışdır. Sifarişçi www.caspian-energy.net saytına bir illik yerləşməsi üçün tərəflərin razılığına görə ximdət haqqı 1850 Azn müəyyən edilmişdir. Həmin müqavilənin: -1-ci bəndinə əsasən,bu ödəmə 15.02.2020-ci ildən 15.02.2021-ci ilə qədər qüvvədədir. -15.02.2021-ci il tarixli BD9 nömrəli ödəniş tapşırığından görünür ki, "X7" MMC" tərəfindən “X8" MMC-nin hesabına 1850 manat məbləğ köçürülmüşdür. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında 15 .02.2021-ci il tarixli müqavilə ilə podrat münasibətləri yaranmış və müqavilənin predmetini www.caspianenergy.net saytına məlumatların yerləşməsi təşkil etmişdir. Sifarişçi tərəfindən müqavilədə razılaşdırılmış 1850 manat məbləğində pul podratçı olan “X8" MMC-nin hesabına köçürülmüşdür. Hazırda iddiaçı iddia qaldıraraq, “X8" MMC-nin müqavilə üzrə öhdəliklərinin yerinə yetirilmədiyini bildirərək, ödəmiş olduğu 1850 pulun qaytarılmasını tələb edir. Cavabdeh tərəf isə buna etiraz edərək, müqavilə üzrə şərtləşdirilmiş işin görüldüyüni bildirir və iddianın rədd edilməsini xahiş edir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının pulun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış podrat müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun pulun qaytarılması vəzifəsi və iddiaçının müqavilə üzrə ödədiyi pulu tələb etmək hüququ yaranmışdır. Qeyd edilməlidir ki, podrat müqaviləsi iki tərəfli, konsensual və əvəzli müqavilədir. Belə olan halda podrat müqaviləsi üzrə nəzərdə tutulmuş işlərin görülmüş olduğunu sübutetmə vəzifəsi podratçı olan "X8" MMC-nin üzərinə düşür. Hazirki işdə də, 1850 manat pulun podratçıya ödənilməsi işin mübahisəsiz halıdır. İşin mübahisələndirilən halı isə "X8" MMC-nin nəzərdə tutulmuş işi görüb-görməməsidir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sms yazışmalarının surətindən görünür ki, cavabdeh "X8" MMC-nin direktoru Şahin Rəcəbov ilə iddiaçının nümayəndəsi arasında müxtəlif tarixlərdə ödənişin geri qaytarılması ilə bağlı danışıqlar aparılmış, cavabdeh "X8" MMC-nin direktoru Şahin Rəcəbov pulun geri qaytarılması üçün müddətin lazım olduğunu bildirmişdir. Bununla bağlı məhkmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi “**********” mobil nömrəsinin həqiqətən də “X8" MMC-nin direktoruna aid olduğunu bildirmiş ancaq yazışmaların mətnində olan pulun qaytarılması üçün nəyə görə vaxt isməsini izah edə bilməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, “X8" MMC müqavilə üzrə öz üzərinə düşən öhdəliyin icra edilməsini subuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 1850 manat pulun tələb edilməsi hissəsində iddia əsaslıdır və təmin edilməlidir. Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərclərin ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən vəkilə hər hansı bir məbləğin ödənilməsinə dair sənəd (qəbz) təqdim edilmədiyindən, qeyd edilən hissədə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1850 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2871/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2871/2021
09.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver