Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2873/2024 25.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: qanunsuz qoşulmanın müəyyən edilməsi zamanı qaz paylayıcısının etməli olduğu hərəkətlər, qazın talanması nəticəsində dəymiş zərərin ödənilməsi qaydası, sahibkarlıq fəaliyyəti subyektində yoxlamanın aparılması qaydası) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1-də yerləşən qeyri-yaşayış sahəsinin (çörək sexi) **********00000 saylı hesabına təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən əsassız hesablanmış 2214 manat borcun silinməsi və ödənilmiş dövlət rüsumun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı fərdi sahibkar kimi vergi orqanında xx.xx.2008-ci il tarixdən qeydiyyata alınmaqla ********** saylı VÖEN-lə ünvan 1 ünvanında özünə məxsus qeyriyaşayış sahəsində çörək sexi quraşdırmaqla çörək istehsalı ilə məşğuldur və şəhərin bir qisim əhalisinin çörək tələbatını ödəyir. Çörək sexi aidiyyəti layihə institutu tərəfindən texniki icra sənədləri tərtib edilməklə və cavabdeh ilə müvafiq alqı-satqı müqaviləsi bağlanılmaqla qazlaşdırılmışdır. İddiaçının istifadəsində olan sayğaca cavabdehin nəzarətçisi hər ay baxış keçirmiş, göstərici qeydiyyata alınaraq hesab verilmiş və göstərilən sərfiyyata uyğun ödənişlər edilmişdir. 2.2. 2024-cü ilin təxminən fevral ayında ödəniş üçün sənəd təqdim edərkən istifadə edilən sərfiyyata aid olmayan 2214 manat əlavə borcun yazıldığı aşkar olunmuşdur. Təqdim olunan hesabda 2214 manat əlavə borc göstərilən zaman iddiaçı Qax Qaz İdarəsi ilə əlaqə saxlamış, guya 2024-ci ilin yanvar ayında çörək sexinin yerləşdiyi qeyri-yaşayış sahəsində yoxlama keçirildiyi və yoxlama zamanı müəssisədə istifadə olunan qaz cihazlarının ümumi saatlıq qaz sərfinin qaz sayğacının maksimal ölçmə həddindən çox olduğu bildirilmişdir. ******* saylı xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş, həmin akt əsasında isə X3 İstismar İdarəsi tərəfindən çörək sexinə 8856 kub metr itirilmiş qaz hesablamış və itirilmiş qazın həcmini 0,25 qəpiyə vurmaqla dəyəri 2214 manat müəyyən edilmişdir. 2.3. Halbuki sahibkarlıq fəaliyyəti göstərilən çörək sexində cavabdehin sənədlərdə göstərilən əməkdaşları sayğac göstəricisinin oxunması xaricində olmamış, hər hansı yoxlama, baxış keçirməmiş, yoxlamanın keçirilməsinə dair əmr, qərar və çıxarış verməmiş, iddiaçının iştirakı təmin edilməmiş, qeyd olunan sənədlərin tərtibatından iddiaçının hər hansı məlumatı olmamışdır. Qeyri-yaşayış sahəsində istismarda olan “G-6” markalı sayğacın onun texniki pasportunda olduğu kimi maksimum qaz buraxma gücü 10 kub metrdir və hazırda istifadədəki qaz cihazları ilə həmin sərfiyyatın aşılması mümkün deyildir. 2.4. Qeyri-yaşayış sahəsinin hesabında qeydə alınmış 2214 manat cərimənin silinməsi üçün cavabdeh təşkilata rəsmi müraciət edilsə də, müsbət nəticə əldə edilməmişdir. Əksinə müəyyən edilən 2214 manat cərimə ödənilmədiyi halda, çörək sexinin qaz təminatının dayandırılacağı bildirilir. Çörək sexinin qaz təminatının dayandırılması isə iddiaçının sahibkar kimi küllü miqdarda maddi ziyana düşməsi və sahibkarlıq fəaliyyətinin dayandırılması ilə nəticələnəcəkdir. Eyni zamanda şəhər əhalisinin çörəklə təminatında çatışmazlıqlar ortaya çıxacaqdır. 2.5. Digər tərəfdən, cavabdehin əməkdaşları xx.xx.2024-cü il tarixli akt tərtib edərək iddiaçıya məxsus obyektdə yoxlamanı sayğacın qaz sərfiyyatını tam qeydə almaması, sayğacın sərfiyyata uyğun olmaması kimi qeydiyyata almışlar. Lakin cavabdeh mübahisəli borcun hesablanmasını iddiaçıya məxsus obyektdə sayğacın sərfiyyatı tam qeydə almaması ilə əlaqədar cavabdehə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçı tərəfindən sayğaca kənar müdaxilə edilməsini, habelə yaranmış qüsurun iddiaçının təqsirim nəticəsində əmələ gəlməsini təsdiq edən sübutlar mövcud deyildir və birtərəfli qaydada tərtib edilən xx.xx.2024-cü il tarixli akt cavabdehə ziyan vurulması faktının müəyyən edilməsi üçün yetərli sübut deyildir. 2.6. Eyni zamanda qeyri-yaşayış sahəsinin **********00000 saylı hesabından görünür ki, xx.xx.2024-cü il tarixli aktda göstərilən müddət üçün sayğac göstəricilərinə əsasən borc hesablanmış və həmin borc iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda istehlakçının təqsiri olmadan düzgün hesablanmamış qazın dəyərinin yenidən hesablanaraq istehlakçıdan tələb edilməsi “Qazdan istifadə Qaydaları”na ziddir. Beləliklə, qeyri-yaşayış sahəsində quraşdırılmış sayğacın nasazlığının istehlakçının təqsiri üzündən yaranması materiallar ilə təsdiqlənmədiyindən, eyni zamanda həmin borcun hesablandığı müddət üçün iddiaçıya “Qazdan istifadə Qaydaları” və müqavilənin tələblərinə əsasən istifadə edilmiş qaza görə hesablanmış borc ödənildiyindən iddiaçıya cavabdeh tərəfindən həmin müddət üçün əlavə borcun hesablanması qanunsuz və əsassızdır. 2.7. Bundan əlavə cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə cərimə yazarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə riayət etməmişdir. Belə ki, cavabdeh qeyri-yaşayış sahəsində plandankənar yoxlamanın keçirilməsi ilə bağlı şərtlər olmadan yoxlamaya dair birtərəfli qaydada sənədlər tərtib etmiş, sahibkarlıq subyektində faktiki olaraq yoxlama aparılmamış və sənədlərin tərtibində, yoxlamada iddiaçının iştirakı təmin olunmamış, yoxlamanın keçirilməsi ilə bağlı yoxlayıcı orqanın əmr, qərarı, vahid məlumat reyestrindən çıxarış, xidməti vəsiqələr, yoxlamanı əhatə edəcək suallar təqdim edilməmiş, müəssisənin əlində olan vahid məlumat reyestrindən çıxarışda yoxlama aparan şəxslərin heç birinin adları qeyd olunmamışdır. Cavabdeh tərtib etdiyi sənədləri qanuni etmək üçün xx.xx.2024-cü il tarixli aktın tərtibindən sonra vahid məlumat reyestrindən çıxarış tərtib etmişdir. Əgər vahid məlumat reyestrindən çıxarış əvvəlcədən mövcud olsa idi, bu barədə xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda göstərilmiş olardı və vahid məlumat reyestrindən çıxarışda da aktda adları qeyd olunan şəxslərin adları əks olunardı. Bu da onu deməyə əsas verir ki, xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda göstərilmiş şəxslərin iddiaçıya məxsus sahibkarlıq subyektində yoxlamanın keçirilməsi ilə bağlı qanuni icazələri, yəni vahid məlumat reyestrindən çıxarış olmamışdır. 2.8. Həmçinin cavabdehin yalnız qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara dair vahid məlumat reyestrindən çıxarışın alınmasına icazə verilir. Lakin hazırkı mübahisədə olan müqavilə şərtlərinə əməl olunması, sərfiyyat aşmalarla bağlı yoxlamaların aparılması ən azı 01 yanvar 2025-ci ilədək qadağandır. Ona görə də cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli yoxlamanın aparılması, ümumiyyətlə, qanunun tələbinə ziddir ki, bu da tərəf üçün məsuliyyət tədbirlərinin görülməsini özündə ehtiva edir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.7-ci maddəsi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2.3, 3.2-ci və s. maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndi göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2873/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Cavabdehin nümayəndəsi X2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. iddiaçıya məxsus qeyri-yaşayış sahəsində (çörək sexi) xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16-17-ci maddələri əsasında xx.xx.2024-cü il tarixli KY242074057 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmışdır. Çıxarış əsasında sahibkarlıq sahəsinin qaz təsərrüfatında qanun pozuntuları aşkar edilmiş və bu pozuntular müvafiq qaydada rəsmiləşdirilmişdir. İstehlakçının nümayəndəsinin iştirakı ilə aparılan yoxlama zamanı obyektin qaz xətti üzərində quraşdırılmış “G-6” markalı 40380505 nömrəli qaz sayğacına və sayğacdan sonra quraşdırılan qaz cihazlarına baxış keçirilərkən müəssisədə istifadə olunan qaz cihazlarının ümumi saatlıq qaz sərfinin qaz sayğacının maksimal ölçmə həddindən çox olduğu aşkar edilmiş, həmçinin yoxlamada layihədən kənarlaşma, texniki təhlükəsizlik qaydalarının pozulması, detektorların işlək olmaması, rejim sazlama işlərinin, qaz cihazlarının standarta uyğun olması barədə sertifikatın olmaması, obyekt daxilində qaz xətlərinin qapalı ərazidən keçməsi, sızmaların olması müəyyən edilmişdir. 5.2. Göstərilənlərlə əlaqədar olaraq 23 yanvar 2024-cü il tarixli yoxlama aktı və sonda xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmişdir. Sözügedən aktda istehlakçının bir ədəd firon (çörək bişirmə), bir ədəd axımlı su qızdırıcı, iki təndir istifadə edildiyi müəyyən olunmuşdur. Bundan sonra cavabdehin İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilməklə mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda, qaz qurğularının maksimal saatlıq qaz sərfi 14,1 m3/saat, hesabat müddətinin 90 gün olduğu nəzərə alınaraq hesabat forması aşağıdakı kimi aparılmışdır: 14,1 – 10 + 4.1 x 24 x 90 = 8856 m3 və onun pul dəyəri 2214 manat (8856 m3 x 0.25 m = 2214 manat) təşkil etmişdir. 5.3. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. İstehlakçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ cavabdeh tərəfindən iddiaçının qanuna zidd və təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Ona görə də hazırkı vəziyyət abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan cavabdehin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar.
7. İddiaya etirazda hüquqi əsas kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1, 8-ci və s. maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 3.1, 16.11-ci və s. maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” xx.xx.2000-ci il tarixli, 356 nömrəli Fərmanın 9-cu bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 2.11-2, 6.5-1 və s. bəndlərinə və s. istinad edilmişdir.
II. Tərəflərin mövqeləri:
8. İddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, eyni zamanda göstərmişdir ki, xx.xx.2024-cü il tarixli KY242074057 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda yoxlayıcı qismində X3 İstismar İdarəsinin baş mühəndisi Zaur Məmmədov qeyd olunsa da, cərimənin yazılmasına əsas olmuş və faktiki yoxlayıcılar hesabına təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı aktda adları çəkilən şəxslər olmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı aktda adları çəkilən Asiman Davudov, Nəvai Mirzəyev, Vəfa Babayevanın iddiaçıya məxsus qeyri-yaşayış sahəsində yoxlama keçirmələri ilə bağlı səlahiyyətləri olmamış və onların adlarına yoxlamanın keçirilməsi ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmamışdır. İddiaçıya məxsus qeyri-yaşayış sahəsində yoxlamanın keçirilməsində sonuncunun iştirakı təmin edilməmiş və ya hər hansı məlumatlandırma aparılmamışdır. Hazırda yalnız qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma hallarının araşdırılması ilə bağlı yoxlamalara dair vahid məlumat reyestrindən çıxarışın alınmasına icazə verildiyi halda cavabdeh bundan kənara çıxmışdır. Hazırkı mübahisədə olan müqavilə şərtlərinə əməl olunması, sərfiyyat aşmalarla bağlı yoxlamaların aparılması ən azı 01 yanvar 2025-ci ilədək qadağandır. Qeyri-yaşayış sahəsində plandankənar yoxlama aparılması zərurətinin olması faktı mövcud olmamış və ya bu zərurət əsaslandırılmamışdır. Cavabdehin iddia etdiyi qazdan istifadə qaydalarının pozulması faktı ilə bağlı tərtib edilmiş aktın bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə göndərilməmiş və bununla bağlı icraat aparılmamışdır. İddia olunan yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmamışdır. xx.xx.2024-cü il tarixli KY242074057 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışın alınmasına əsas olmuş plandankənar yoxlamaya icazə verilən sayğaca müdaxilə və sayğacdan kənar qoşulma hallarına aiddir və bu baxımdan qeyd olunan çıxarışla sərfiyyat aşmaya görə cərimə yazılması yolverilməzdir.
9. Cavabdehə məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.
10. Məhkəmə işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
14. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki: – iddiaçı ilə cavabdeh arasında 12 oktyabr 2021-ci il tarixli AMX-4041/21 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdeh tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə iddiaçını qaz qurğuları 1 ədəd radiator, 1 ədəd dəmir sobası, 1 ədəd təndir, 1 ədəd “PQ-4” qaz plitəsi, 1 ədəd çörək kürəsi olaraq göstərilmişdir; – 23 yanvar 2024-cü il tarixdə xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərini əhatə edən plandankənar yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində KY242074057 nömrəsi ilə qeydə alınmış, plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas kimi sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi; sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi; insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması göstərilmişdir. 23 yanvar 2024-cü il tarixdə iddiaçıya məxsus ünvan 1 ünvanında yoxlama aparılması ilə bağlı yoxlama aktı tərtib edilmiş, həmin aktda iddiaçının 1 ədəd fırını (çörək), 1 ədəd 24 kVt axımlı su qızdırıcısı, 2 ədəd təndirinin olduğu, layihədən kənarlaşma, texniki təhlükəsizlik qaydalarının pozulması, detektorların işlək olmaması, rejim sazlama işlərinin, qaz cihazlarının standarta uyğun olması barədə sertifikatın olmaması, obyekt daxilin qaz xətlərinin qapalı ərazidən keçməsi, sızmaların olması qeyd edilmişdir; – Bundan sonra təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23 yanvar 2024-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş, müəssisədə istifadə olunan qaz cihazlarının ümumi saatlıq qaz sərfinin qaz sayğaclarının maksimal ölçmə həddindən çox olduğu qeyd edilmişdir, dəymiş ziyanın hesablanaraq ödənilməsi tələb edilmişdir; – 31 yanvar 2024-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək, 23 yanvar 2024-cü il tarixli ******* nömrəli akt əsasında “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə Müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda, qaz qurğularının maksimal saatlıq qaz sərfinin 14,1 m3/saat, hesabat müddətinin 90 gün olduğunu nəzərə alaraq hesabat aparılmışdır (14,1 – 10 = 4,1 x 24 x 90 = 8856 m3) və iddiaçıya məxsus **********00000 nömrəli abonentin saldosunun “qalıq və aktlar” sütununa 2024-cü ilin yanvar ayı üçün 2214 manat məbləğində borc daxil edilmişdir.
15. İddiaçı hesablanmış 2214 manat borcun hüquqi əsasının olmadığını qeyd edərək silinməsini tələb edir.
16. Cavabdeh iddiaya etiraz edərək yoxlamanın qanuni olduğunu və reyestrdə qeydə alındığına istinad edərək iddianın rədd olunmasını xahiş edir.
17. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
18. Əvvəla, göstərilməlidir ki, iddiaçı cavabdeh tərəfindən hər hansı yoxlamanın aparılmadığını, yoxlamanın nəticəsindən yalnız 2024-cü ilin fevral ayında xəbər tutduğunu bildirir.
19. Cavabdeh tərəfindən yoxlama zamanı tərtib edilmiş 23 yanvar 2024-cü il tarixli ******* nömrəli aktda, 23 yanvar 2023-cü il tarixli yoxlama aktında istehlakçının imza etməkdən imtina etdiyi göstərilmişdir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6-5.4-cü maddəsinə əsasən, qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
21. Göründüyü kimi, qaz təchizatı haqqında qanunvericiliyə görə, qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısının və istehlakçının nümayəndəsi tərəfindən imza edilmiş akt tərtib edilməli, istehlakçı imza etməkdən imtina etdikdə isə pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır.
22. Lakin hazırda cavabdeh tərəfindən belə bir qeydiyyatı əks etdirən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, pozuntu yalnız birtərəfli qaydada tərtib edilmiş aktla təsdiqlənmişdir. Bu isə məhkəmə tərəfindən cavabdehin qeyd etdiyi qanunsuz qoşulma hallarının yoxlanılmasını qeyri-mümkün etmişdir.
23. Digər tərəfdən, “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
24. Məhkəmə qeyd edir ki, qazın talanması ilə bağlı dəymiş zərərin istehlakçı tərəfindən ödənilməsinə yalnız o halda yol verilir ki, qazın talanmasında istehlakçının təqsirli olması müəyyən edilsin. Həmin təqsir isə Energetika Nazirliyi, cinayət təqibi orqanı və ya məhkəmə (inziibati xəta və ya cinayət icraatı qaydasında işə baxan məhkəmə) tərəfindən müəyyən edilir.
25. Lakin iş materiallarında qaz təchizatı haqqında qanunvericilikdə təsbit edildiyi kimi aktın bir nüsxəsinin Energetika Nazirliyi və ya cinayət təqibi orqanına göndərildiyi, həmin orqanlar tərəfindən qazın talanması faktının, istehlakçının təqsirinin müəyyən olunması təsdiqlənmir. Hazırkı icraat çərçivəsində isə aktın tərtib edilməsi zamanı qaz paylayıcısı tərəfindən yol verilən pozuntular və texniki vasitələrlə qeydiyyatın aparılmaması məhkəmə tərəfindən istehlakçının təqsirinin qiymətləndirilməsini də qeyrimümkünə çevirir.
26. Bundan başqa, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
27. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
28. “Qaz təchizatı haqqında” Qanunun 3-cü maddəsinin 5-ci bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir.
29. Həmin Qanunun 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
30. Həmin Qanunun 3-cü maddəsinin 5-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
31. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
32. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
33. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.
34. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də qanunvericiliyə əsasən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
35. Nəzərə alınmalıdır ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də hər hansı istisna olmadan, imperativ şəkildə bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir.
36. Qeyd edilməlidir ki, qaz sayğacının sahibkarlıq subyektinə məxsus obyektin daxilində və ya kənarda yerləşməsindən asılı olmayaraq qaz təchizatı sahəsində inhisarçı mövqe tutan hüquqi şəxs kimi cavabdehin əməkdaşları tərəfindən qaz sayğacının göstəricisinin oxunması halı istisna olmaqla sahibkarlıq subyektinin qaz təchizatı sisteminə baxış keçirildiyi və bu baxışın nəticəsinin istehlakçı üçün əlavə öhdəlik yaratdığı hər bir halda həyata keçirilən yoxlama (baxışın) qeydə alınmalı, bu zaman qanunvericilikdə nəzərdə tutulan məlumatlar reyestrə daxil edilməlidir.
37. Həmin məlumatlar sırasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4. və 3.4.13-cü bəndinə əsasən reyestrə yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi ilə bağlı məlumatların da daxil edilməli olması göstərilmişdir.
38. Lakin hazırkı iş üzrə yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Belə ki, KY242074057 nömrəsi ilə qeydə alınmış çıxarışda yoxlama zamanı yalnız X1 iştirak edəcəyi göstərilmiş, lakin 23 yanvar 2024-cü il tarixli ******* nömrəli aktda, 23 yanvar 2023-cü il tarixli yoxlama aktında reyestrsə qeyd alınmayan A.M.Davudov, N.M.Mirzəyev, V.A.Babayeva, Soltanov Rəşid adlı şəxslərində iştirak etdiyi göstərilmişdir.
39. Qeyd edilən səbəblərdən məhkəmə hesab edir ki, 23 yanvar 2024-cü il tarixli akt əsasında borc əsassız hesablanmışdır və hüquqi qüvvəsi yoxdur.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh İB tərəfindən İddiaçı məxsus **********00000 nömrəli abonent koduna 23 yanvar 2024-cü il tarixli akt əsasında hesablanmış 2214 manat məbləğində borc silinməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
41. İddiaçı eyni zamandan ödənilmiş dövlət rüsumunun tutulmasını tələb edir.
42. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 42,14 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.
43. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
44. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42,14 manat məbləğində pul Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilməlidir.
V. Nəticə:
46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən **********00000 nömrəli abonent koduna 23 yanvar 2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2214 (iki min iki yüz on dörd) manat məbləğində borc silinsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42 (qırx iki) manat 14 (on dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova