Məhkəmə qərarları › İş №e-2-2(113)-2879/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2879/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2879/2021 29.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh1 (eyni zamanda Cavabdeh3 MMC-nin qanuni nümayəndəsi) iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.08.2018-ci il tarixli 005L**********53 saylı uzunmüddətli kredit müqaviləsinin, 17.08.2018-ci il tarixli 005R********** saylı krеdit razılaşmasının və 30.08.2019-cu iltarixli 005R**********S saylı sazişə xitam verilməsi, Cavabdeh3 MMC-dən və Cavabdeh1 müştərək qaydada "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 34.336,36 manat məbləğində krеdit bоrcu, 6371.66 manat məbləğində faiz bоrcu və 10826.93 manat məbləğində cərimə borcu olmaqla, cəmi 51534 (əlli birmin beş yüz otuz dörd) manat 95 (doxsan beş) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsində yerləşən 97 saylı evin 7 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və 51.534 (əlli bir min beş yüz otuz dörd) manat 95 (doxsan beş) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3 MMC-dən və Cavabdeh1Həsən oğlundan iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə müştərək qaydada tutulması, Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsində yerləşən 97 saylı evin 7 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin əmlakdan çıxarılmaları, həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 MMC-nin "xxxx" QSC ilə bağladığı 16.08.2018-ci il tarixli 005L**********53 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 800.000 (səkkiz yüz min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə "xxxx" QSC ilə bağladığı 17.08.2018-ci il tarixli 005R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları 30.08.2019-cu iltarixli 005R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 MMC krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 17.04.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 MMC götürdüyü krеdit bоrcundan 15.663.64 manat ödəmiş, onun 34.336,36 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh3 MMC kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 26.02.2021-ci il tarixə 315 gün üçün hesablanmış faiz borcu 6371.66 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 26.02.2021-ci il tarixə 315 gün üçün hеsablanmış cərimə 10826.93 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 MMC öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən Cavabdeh1 iddiaçı ilə bağladığı 16.08.2018-ci il tarixli ipoteka müqaviləsi əsasında Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsində yerləşən 97 saylıevin 7 saylı mənzilini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X2 izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 (eyni zamanda Cavabdeh3 MMC-nin qanuni nümayəndəsi) izahat verərək, əsas və faiz borcu ilə razı olduğunu, cərimə borcunun cox hesablandığını və evin ilkin satış qiymətinin 105.000 manat olmasına etiraz etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" QSC ilə Cavabdeh3 MMC arasında bağlanmış 16.08.2018-ci il tarixli 005L**********53 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 (yüz iyirmi) ay müddətinə 800.000 (səkkiz yüz min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Tərəflər arasında 16.08.2018-ci il tarixli 005R********** saylı krеdit razılaşması imzalanmış və Cavabdeh3 MMC-yə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50.000 (əlli min) manat məbləğində krеdit verilmişdir. Tərəflərin imzaladıqları 30.08.2019-cu il tarixli 005R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilərək, sonuncu ödəniş tarixi 17 yanvar 2022-ci il tarixi müəyyən edilmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 MMC öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsi və Bankla Cavabdeh1 arasında 16.08.2018-ci il tarixdə ipoteka müqavilə bağlanaraq Cavabdeh1 məxsus Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsində yerləşən 97 saylıevin 7 saylı mənzilini Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, 26.02.2021-ci il tarixə Kirpi MMC-nin Banka əsas borc üzrə 34336,36 manat, faiz borcu üzrə 6371,66 manat, cərimə borcu 10826,93 manat olmaqla cəmi 51534,95 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. X3 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, kredit müqaviləsi bağlanmış, Bank tərəfindən Cavabdeh3 MMC-nə 50.000 manat məbləğində pul verilmiş və MMC-nin direktoru tərəfindən qəbzə imza edilərək pulu köçürmə yolu ilə qəbul etmişdir. Həmçinin bu halı məhkəmə iclasında iştirak edən MMC-nin direktoru Cavabdeh1 da təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışı və hesabdan çıxarışdan görünür ki, MMC öz üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır. Qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır və əsas borc üzrə 34.336,36 manat, faiz borcu üzrə 6371.66 manat cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh1 müştərək qaydada tutularaq Banka ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia dəbbə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 34.336,36 manat olduğu mübahisəli olmayan əsas borcuna münasibətdə iddiaçı 10826.93 manat cərimə hesablayıb tələb etmişdir və məhkəmənin qənaətinə görə həmin məbləğ əsas borca mütənasib deyildir və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 1700 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə iddianın borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İşin hallarından da göründüyü kimi, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 MMC öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh1 Bankla Cavabdeh1 arasında ipoteka müqavilə bağlanaraq Cavabdeh1 məxsus Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsində yerləşən 97 saylı evin 7 saylı mənzilini Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Mənzil ipoteka ilə yüklü edilərkən həmin ünvanda qeydiyyatda olmaqla yaşayan Cavabdeh2 ərizə verərək, əmlakın ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. Həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş də, qanunvericiliyin tələbinə uyğun olaraq qeydə alınmışdır. İşə əlavə edilmiş ipoteka müqaviləsinin 2.5-ci bəndindən görünür ki, ipoteka premetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 105.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 21.10.2021-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə rəydən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsində yerləşən 97 saylı evin 7 saylı, ümumi sahəsi 71.9 kv.m təşkil edən mənzilin bazar dəyəri 125.000 manat, likvid dəyəri isə 105.000 manat təşkil edir. Göründüyü kimi qanunveriliyin tələblərinə əməl edilərək ipoteka müqaviləsi bağlanmış və tutmanın yönəldilməsinə dair bildiriş də qeydə alınmışdır. Məhkəmə həmçinin hesab edir ki, iddianın müqavilələrin ləğvi ilə hissəsin də əsaslı olmaqla həmin hissədə də, iddia təmin edilməlidir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 421.2-ci maddəsi təşkil edir. Həmin maddəyə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi müqavilə tərəfinin müqaviləni əhəmiyyətli dərəcədə pozması müqavilənin ləğv edilməsi əsaslarına aiddir. Hazırkı işdə də qeyd olunan əsaslar mövcuddur. Məhkəmə ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin tutulması barədə iddia ərizəsində göstərilmiş hissəyə münasibət bildirmir. Belə ki, ipoteka predmeti satıldıqdan sonra vəsait borc məbləğini bağlamağa kifayət etmədikdə, qanunvericilikdə nəzərdə tutulmuş icra hərəkətləri ilə umumi qaydada tutulacaqdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat və 21 (iyirmi bir) manat məbləğində xidmət haqqının cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh1 birgə qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh3 MMC arasında bağlanmış 16.08.2018-ci il tarixli 005L**********53 saylı uzunmüddətli kredit müqaviləsi, 11.08.2018-ci il tarixli 005R********** saylı krеdit razılaşması və 30.08.2019-cu iltarixli 005R**********S saylı saziş ləğv edilsin. Əsas borc üzrə 34.336,36 manat, 6.371,66 manat faiz bоrcu və 1700 manat cərimə borcu olmaqla, cəmi 42.408 (qırx iki min dörd yüz səkkiz) manat 02 (iki) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh3 MMC-dən və Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat və 21 manat xidmət haqqı müştərək qaydada Cavabdeh3 MMC-dən və Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilsin. Tutma Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsində yerləşən 97 saylı evin 7 saylı mənzilinə yönəldilsin, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsində yerləşən 97 saylı evin 7 saylı mənzilin hərracdan ilkin satış qiyməti 105.000 (yüz beş min) manat məbləğində müəyyən edilərək açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait əsas borc üzrə 34.336,36 manat, 6.371,66 manat faiz bоrcu və 1700 manat cərimə borcu olmaqla, cəmi 42.408 (qırx iki min dörd yüz səkkiz) manat 02 (iki) qəpik məbləğində borcun ödənilməsinə yönəldilsin, Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsində yerləşən 97 saylı evin 7 saylı mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılmaqla boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar