Məhkəmə qərarları › İş №e-2-2(113)-2884/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2884/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2884/2025 20.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Nümayəndə, Cavabdeh3 MMC-yə qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Nümayəndə, Cavabdeh3 MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Nümayəndə, "xxxx" MMC-dən müştərək qaydada onun xeyrinə 19795,17 manat əsas borc, 976,1 manat faiz borcu, 165,84 manat cərimə borcu, cəmi 20937,11 manat pul vəsaitinin, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 152,81 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2024-cü il tarixli, 24290***-*******01L saylı kredit limitinin açılmasına dair razılaşmaya əsasən Cavabdeh3 MMC-yə 120 ay müddətinə 300000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limitinin açılmasına dair razılaşma üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh1 və Nümayəndə ilə xx.xx.2024-cü il tarixli 24FİZAM203379501, 24FİZAM159034702 zaminlik müqavilələri bağlanmış və onlar razılaşma üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kredit limitinin açılmasına dair razılaşmanın şərtlərinə uyğun olaraq xx.xx.2024-cü il tarixli kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair razılaşmaya əsasən İddiaçı ASC tərəfindən Cavabdeh3 MMC-yə 12 ay müddətinə illik 19% dərəcəsi ilə 30000 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 MMC onunla bağlanmış razılaşmaların şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zaminlər Cavabdeh1 və Nümayəndə dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, razılaşmalardan irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit limitinin açılmasına dair razılaşma üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh3 MMC-nin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 19795,17 manat məbləğində əsas kredit borcu, 976,1 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 165,84 manat kredit üzrə cərimə borcu olmaqla, cəmi 20937,11 manat məbləğində borcu qalmaqdadır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və təqdim olunmuş sübutlar əsasında iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: “Məsafədən bank xidmətlərinin göstərilməsinə dair” Kompleks Bank Xidməti Müqaviləsinin 11.1-ci bəndinə əsasən Bank (Kreditverən) Müştərinin (Borcalanın) müraciətinə və müştəri ilə bağlanmış müvafiq razılaşmaya və/və ya bu müqavilənin 20-ci bəndində qeyd edilmiş qaydaya uyğun olaraq Müştəriyə kredit razılaşması və ya Əsas kredit limiti razılaşması əsasında kreditlər verir. Həmin müqavilənin 11.15-ci bəndinə əsasən Borcalan tərəfindən kredit üzrə ödəniş cədvəlinə müvafiq olaraq ödənişlər lazımi qaydada həyata keçirilmədikdə verilmiş kredit üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi müvafiq kredit razılaşmasında müəyyən edilən illik faiz dərəcəsi üstəgəl 5 (beş) % gecikdirmə faizi ilə hesablanır. Borcalan verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə Kreditverənə gecikdirilmiş borc məbləğinin 40 (qırx) % məbləğində cəriməni ödəməlidir. Qeyd olunanlarla yanaşı Kreditverən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır. Həmin müqavilənin 11.15-ci bəndinə əsasən bu müqavilənin “Kreditin verilməsi”nə dair şərtləri Müştəri ilə kreditin verilməsinə və/və ya kredit limtinin açılmasına dair müvafiq razılaşmanın bağlanması ilə qüvvəyə minəcəkdir. Bu zaman kreditin verilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələri bu müqavilənin 12-ci, 13-cü bəndləri və əsas kredit limiti razılaşması (kredit razılaşmaları) ilə tənzimlənəcəkdir. Həmin müqavilənin 12.1-ci bəndinə əsasən Bank (Kreditverən) Müştərinin (Borcalanın) müraciətinə və müştəri ilə bağlanmış müvafiq razılaşmaya və/və ya bu müqavilənin 20-ci bəndində qeyd edilmiş qaydaya uyğun olaraq kredit xətti açır və açılmış kredit xəttinə müvafiq olaraq kredit verir. Həmin müqavilənin 13.10-cu bəndinə əsasən bu müqavilənin “Kredit xəttinin açılması”na dair şərtləri Müştəri ilə kredit xəttinin açılmasına dair müvafiq razılaşmanın bağlanması ilə qüvvəyə minəcəkdir. Həmin müqavilənin 22.9-cu bəndinə əsasən Müştəri bu müqaviləni elektron qaydada təsdiq edərək bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə bank xidmətlərinin (kredit və qeyri-kredit) göstərilməsinə dair müraciətinin bu müqavilənin müddəalarının müştəri üçün məcburi hüquqi qüvvəyə malik olması üçün səbəb olduğunu və bağlanılan müvafiq razılaşmaların bu müqavilənin ayrılmaz tərkib hissəsi olduğunu qəbul edir. İddiaçı ASC (Bank) və Cavabdeh3 MMC (Müştəri) arasında imzalanmış ******* nömrəli, xx.xx.2023-ci il Qoşulma Razılaşmasının 1.1-ci bəndinə əsasən bu razılaşma tərəflərin bank xidmətlərinin göstərilməsinə dair hüquq və vəzifələrini müəyyən edir. Müştəri müraciətinə (Müştəri tərəfindən identifikasiya məlumatlarından istifadə etməklə və/və ya Banka yaxınlaşmaqla Bank xidmətlərindən istifadə edilməsinə dair iradə ifadəsi) əsasən bankın təklif etdiyi xidmətlərədn istifadə edərkən Bank və Müştəri arasında olan münasibətlərin həmin xidmətlərə dair xüsusi şərtləri özündə əks etdirən və Bankın https://www.bankrespublika.az/az/pages/kompleks-bank-xidmeti-muqavilesi_1310 rəsmi saytında və ya Mərkəzi Bankın müvafiq platformasında (bundan sonra RİS adlandırılacaq) PDF və ya ASANDOC formatında yerləşdirilmiş və şərtləri Müştəri tərəfindən əvvəlcədən oxunub qəbul edilmiş Kompleks Bank Xidməti Müqaviləsi (bundan sonra KBXM) və müvafiq razılaşmalar ilə tənzimləndiyini bu razılaşmanı imzalayaraq qəbul edir. İddiaçı ASC (Kreditverən) və Cavabdeh3 MMC (Borcalan) arasında imzalanmış xx.xx.2024-cü il tarixli 24290***-*******01L saylı “kredit limitinin açılmasına dair” razılaşmaya əsasən “Kreditverən” “Borcalan”a illik faiz dərəcəsinin yuxarı həddi 30% olmaqla 300000 manat məbləğində 120 ay müddətinə bərpaolunan (təminatı: Nümayəndə ilə xx.xx.2024 tarixli 24FİZAM159034702 saylı zaminlik müqaviləsi, Cavabdeh1 ilə xx.xx.2024 tarixli 24FİZAM203379501 saylı zaminlik müqaviləsi) kredit limiti açmışdır. İddiaçı ASC-nin Nümayəndə ilə imzaladığı xx.xx.2024 tarixli 24FİZAM159034702 saylı zaminlik müqaviləsinin, həmçinin Cavabdeh1 ilə imzaladığı xx.xx.2024 tarixli 24FİZAM203379501 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyin (əsas öhdəlik: Borclu Cavabdeh3 MMC-yə xx.xx.2024-cü il tarixli 24290***-*******01L saylı əsas kredit razılaşmasına əsasən 300000 manat məbləğində, illik faiz dərəcəsi 30%-dən artıq olmamaq şərti ilə, 120 ay müddətinə (xx.xx.2034-cü il tarixinədək) açılmış kredit limiti) tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Müqavilənin 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulmsı üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kredit qarşısında borclu ilə eyni həmcdə və birgə məsuliyyət daşıyır. 2.2-ci bəndinə əsasən borclu kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasının borcludan və ya zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. İddiaçı ASC (Kreditverən) və Cavabdeh3 MMC (Borcalan) arasında imzalanmış xx.xx.2024-cü il tarixli 24290***-*******01L saylı “kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair” razılaşmasına əsasən Kreditverən xx.xx.2024-cü il tarixli 24290***- *******01L saylı kredit limitinin açılmasına dair razılaşma çərçivəsində illik 19 faiz dərəcəsi ilə 12 ay müddətinə 30000 manat məbləğində, dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə Borcalana kredit verməyi öhdəsinə götürmüşdür. Cavabdeh3 MMC ilə bağlanmış xx.xx.2024-cü il tarixli razılaşmaya əlavə olan ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 30000 manat olan kredit üzrə Cavabdeh3 MMC 05 aprel 2024-cü il tarixindən 28 fevral 2025-ci il tarixinə qədər hər ayın 5-7-si (28 fevral) 2773,02 manat, sonuncu ay 2772,05 manat ödəməlidir. İddiaçı ASC-də olan Cavabdeh3 MMC-yə məxsus hesab üzrə çıxarışdan görünür ki, xx.xx.2024-ci il tarixində 24290***-*******01 saylı müqaviləyə əsasən Cavabdeh3 MMCnin hesabına 30000 manat kredit köçürülmüşdür. xx.xx.2024-cü il tarixdə sonuncu dəfə 2774 manat kreditə görə ödəniş edilmişdir. İddiaçı ASC tərəfindən Nümayəndə, Cavabdeh1 və Cavabdeh3 MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktublarından görünür ki, iddiaçı, öhdəliklərini pozduğu üçün kredit müqaviləsini birtərəfli qaydada ləğv etdiyini qarşı tərəfin nəzərinə çatdırmış və kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə banka olan 19795,17 manat əsas, 537,84 manat faiz, 323,34 manat cərimə olmaqla, cəmi 20656,35 manat borcun 3 gün müddətində banka ödənilməsini tələb etmişdir. 04 fevral 2025-ci il tarixli Cavabdeh3 MMC-nin İddiaçı ASC-yə olan kredit borcunun faizlərini və penyanın hesablanması haqqında arayışdan görünür ki, xx.xx.2025-ci il tarixə 19795,17 manat əsas borc, 976,1 manat faiz borcu, 165,84 manat cərimə məbləği hesablandığı qeyd edilmişdir. “Asan Ödəniş” sistemi ilə ödənilmiş xx.xx.2025-ci il tarixli **********47 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC 152,81 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 740.9-cu maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5-ci maddəsinə əsasən qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 744.1-ci maddəsinə əsasən kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu şəkilində hüquqi qiym verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC (Kreditverən) və Cavabdeh3 MMC (Borcalan) arasında imzalanmış xx.xx.2024-cü il tarixli 24290***- *******01L saylı kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə kredit razılaşmasına əsasən, Kreditverən xx.xx.2024-cü il tarixli 24290***-*******01L saylı kredit limitinin açılmasına dair razılaşma çərçivəsində illik 19 faiz dərəcəsi ilə 12 ay müddətinə, xx.xx.2025-ci il tarixinədək 30000 manat məbləğində, dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə Borcalana kredit verilmişdir. Eyni zamanda İddiaçı ASC ilə Nümayəndə və Cavabdeh1 arasında xx.xx.2024 tarixli 24FİZAM159034702 saylı, xx.xx.2024 tarixli 24FİZAM203379501 saylı zaminlik müqavilələri bağlanmış və zaminlər borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. İddiaçı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək 30000 manat kredit versə də, borcalan və zaminlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmiş, xx.xx.2024-cü il tarixdən sonra aylıq borc ödənişlərini ödəməyərək cədvəl üzrə ödəniş müddətlərini ardıcıl olaraq iki dəfədən çox pozmuş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Buna görə də iddiaçı xx.xx.2025-ci il tarixdə pretenziya ilə cavabdehlərə müraciət edərək vaxtından əvvəl borcun (əsas, faiz və cərimənin) ödənilməsini tələb etmiş və müqavilənin birtərəfli qaydada ləğv edildiyini bildirmişdir. Cavabdehlər iddiaya qarşı heç bir etiraz etməmişlər. Nəticədə, tərəflərin razılaşmasına və mülki qanunvericiliyə əsasən iddiaçının cavabdehlərə qarşı borcun qaytarılmasını tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Bundan başqa məhkəmə hesab edir ki, cavabdehlərin kredit və zaminlik müqavilələri üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış həmin müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən müqavilələr üzrə tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından həmin müqavilələr üzrə 165,84 manat məbləğində cərimə məbləği tutulmalıdır. Beləliklə məhkəmə, işin hallarına məcmu şəkildə qiymət verərək, cavabdehlərin öhdəliklərini icra etmədiklərini, iddiaçının borcu tələb etməkdə haqlı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müşərək qaydada iddiaçının xeyrinə 19795,17 manat əsas borc, 976,1 manat faiz borcu, 165,84 manat cərimə məbləği tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, ödənilmiş 152,81 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Nümayəndə, Cavabdeh1 və Cavabdeh3 MMC-dən müştərək qaydada 19795,17 manat əsas borc, 976,1 manat faiz borcu, 165,84 manat cərimə borcu olmaqla cəmi 20937 (iyirmi min doqquz yüz otuz yeddi) manat 11 (on bir) qəpik borc və ödənilmiş 152 (yüz əlli iki) manat 81 (səksən bir) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar