Məhkəmə qərarları › İş №e-2-2(113)-2885/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2885/2020

08.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2885/2020 08.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X3 Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 oglunun, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 oglunun iştirakı ilə İddiaçı Cavabdehnə qarşı iddiaçı və cavabdeh arasında xx.xx.2019-ci il tarixində bağlanmış ofis icarəsinə dair müqaviləyə xitam verilməsi və cavabdehdən 7500 manat ödənilməmiş icarə haqqı borcunun, 1350 manat ƏDV borcunun, 2655 manat gecikdirilmiş günlər üçün cərimə borcunun, 131.74 manat elektrik borcunun, cəmi 11636.74 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı və cavabdeh arasında xx.xx.2019-ci il tarixində bağlanmış ofis icarəsinə dair müqaviləyə xitam verilməsi və cavabdehdən 7500 manat ödənilməmiş icarə haqqı borcunun, 1350 manat ƏDV borcunun, 2655 manat gecikdirilmiş günlər üçün cərimə borcunun, 131.74 manat elektrik borcunun, cəmi 11636.74 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında xx.xx.2019cu il tarixində Ofis icarəsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı, ünvan 1 ünvanında yerləşən "Caspian Plaza”da Müqavilənin Əlavə 1-də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığında cavabdehə verir. Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-in 1.1-ci madəsinə əsasən, İcarəyə verən Binanın 8-ci mərtəbəsində yerləşən 75 kv.metr sahəni İcarəçiyə icarəyə verir. Əlavə 1-in 2.1-ci maddəsinə əsasən, İcarəçi xx.xx.2019 tarixindən xx.xx.2020-ci il tarixinədək 1500+18% ƏDV icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Ödəniş aylıq olmaq şərti ilə hesab faktura və elektron qaimə təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. Hazırki müqavilə üzrə cavabdeh Mart ayından etibarən heç bir ödəniş etməmişdir. Ümumilikdə cavabdehin icarə müqaviləsi üzrə cəmi 7500 manat ödənilməmiş icarə haqqı borcu, 1350 manat ƏDV borcu, 2655 manat gecikdirilmiş günlər üçün cərimə borcu və 131.74 manat elektrik borcu yaranmışdır. Bununla bağlı cavabdehlə dəfələrlə görüşlər, şifahi və telefon danışıqları olsa da heç bir nəticəsi olmayıb. Eyni zamanda xx xxxx 2020-ci il tarixində iddiaçı tərəfindən cavabdehə Pretenziya məktubu göndərilmiş və 10 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin həmin tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, zənglərə də cavab verilməmişdir. Buna görə də, cavabdehlə xx.xx.2019-cu il tarixli Ofis icarəsinə dair müqaviləyə xitam verilməsi barədə iddiaçı tərəfindən müqavilənin 7.3-cü maddəsinə əsasən, xx xxxxxx 2020-ci il tarixində xitam bildiriş göndərilmişdir. Müqavilənin 4.2-ci maddəsinin (b) bəndinə əsasən, İcarəçi Kommunal Xidmətlər üçün ödənişlər icarə haqqı xaricində göstərilibsə bu ödənişləri vaxtında həyata keçirməlidir. Hazırki müqavilə üzrə cavabdehin 131.74 manat ödənilməmiş elektrik borcu yaranmışdır. İcarə müqaviləsinin 5.1-ci maddəsinə əsasən, İcarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 1(bir) faizini ödəməlidir. Müqavilə üzrə gecikdirilmiş günlər üzrə cərimə məbləği 1 gün üçün 17.70 manat təşkil edir. Cavabdeh tərəfindən gecikdirilmiş günlər üçün yığılan ümumi cərimə məbləği isə 150 gün üçün 2655 manat təşkil edir. Müqavilənin 3.1-ci maddəsinin (f) bəndinə əsasən, İcarəçi tərəfindən icarə haqqının ödənilməsi hesab-faktura və elektron qaimə təqdim edildiyi gündən etibarən 15 (on beş) gündən çox gecikdirildikdə İcarəçiyə binanın istifadəsi Texniki xidmətlərdən yararlanmada məhdudiyyətlər qoya bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 oglu iddia ərizəsinin məzmununa uygun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən icarə haqqı borcundan 4425 manat, elektrik enerjisinə görə borcdan 91,30 manat ödənişlər olmuşdur. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 oglu məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki, iddia ərizəsində qeyd edilmişdir ki, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri Mart ayından etibarən yerinə yetirilmədiyinə görə İddiaçı Cavabdehlə dəfələrlə görüşlər, şifahi və telefon danışıqları həyata keçirmişdir. Bununla yanaşı, X6 3.1-ci maddəsinin (f) bəndini əsas gətirərək Cavabdehə binanın istifadə və Texniki xidmətlərindən yararlanmasına məhdudiyyətlər qoymuşdur. Bu məhdudiyyətlər çərçivəsində daxilində kommersiya və şəxsi məlumatları daşıyan server və 8 ədəd noutbuk olan ofisə xx.xx.2020 tarixindən Cavabdehin girişi məhdudlaşdırılmışdır. Eyni zamanda 10 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələbi ilə Cavabdehə İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində Pretenziya məktubu göndərilmişdir. Cavabdeh xx.xx.2020- ci il tarixli X4 öhdəliklərin icrasını, Mart və May ayının icarə haqqını tam şəkildə, iyun ayının icarə haqqını isə 50%, toplam 3750.00 AZN+ƏDV şəklində həyata keçirə biləcəklərini lakin iddiaçı tərəfindən tətbiq edilən Texniki məhdudiyyətlərə görə bunu edə bilmədiklərini bildirmişdir. İddiaçı şərtləri qəbul etməyərək Pretenziya məktubunda göstərilən müddət ərzində Cavabdeh tərəfindən ödəniş edilməməsini əsas gətirərək İcarə müqaviləsinə xx.xx.2020-ci il tarixində xitam vermişdir. Cavabdeh X4 bildirdiyi kimi Mart və May ayının icarə haqqını tam şəkildə, iyun ayının icarə haqqını isə 50% + ƏDV cəmi: 4425.00 AZN həcmində ödənişi xx.xx.2020 tarixində yerinə yetirmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 441.2, 442, 448, 443.5, 21 və 462.1-ci maddələrini əsas gətirərək 7500 AZN ödənilməmiş icarə haqqı borcu, 1350 AZN ƏDV borcu, 2655 AZN gecikdirilmiş günlər üçün cərimə borcu, 131.74 AZN elektrik borcunun cəmi olaraq 11636.74 AZN və 30 AZN dövlət rüsumunun Cavabdeh MMC-dən tutulmasını tələb etmişdir. Bir daha Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh MMC X9 Sisteminin (X8 – https://www.sabre.com//) Azərbaycan Respublikası ərazisində maraqlarını təmsil edir. X2 turizm agentlikləri tərəfindən aviabilet, mehmanxana, tur, dəmir yolları biletləri, dəniz kruizləri səfər sığortası satışları üçün istifadə edilən sistemlərdir. Yəni, cavabdehin gəlir mənbəyi birbaşa turizm sahəsinin fəaliyyətindən asılıdır. xx xxxx 2020-ci il tarixində X7 COVİD-19-un pandemiya xarakterli xəstəlik olmasını və nəticə olaraq, pandemiyanın qarşısının alınması üçün səyahət məhdudiyyətləri, izolyasiya və digər tədbirlərin görülməsini dünya ictimaiyyətinə bəyan etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixində “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam qəbul etmişdir. Bu Sərəncama müvafiq olaraq İşçi Qrupları, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılaraq onlara pandemiya ilə mübarizə aparılması səlahiyyəti verilmişdir. Nazirlər Kabineti yanında Operativ Qərargahın “Koronavirus İnfeksiyasının Azərbaycan Respublikasının Ərazisində Geniş X1 X11 Haqqında” xx xxxx 2020-ci il tarixli Qərarına əsasən “Koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları yerlərdə qalmaları tələb olunurdu.” “Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılmışdı.” Həmin Qərara müvafiq olaraq “İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi” ilə bir çox xidmət sahələri üzrə fəaliyyət dayandırılmışdır. Fəaliyyəti dayandırılmış bir çox orta və kiçik sahibkarlara İddiaçı MMC və Cavabdeh MMC də daxildir. Mart və Aprel ayları ərzində Bakı şəhəri və ölkə daxili gedişgəlişdə, həmçinin bütün ölkə daxilində hərəkətə məhdudiyyətlər qoyulmuş, Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli Qərarının əlavələrində nəzərdə tutulmuş xidmət sahələri istisna olmaqla, digər sahələrdə iş rejimi dayandırılmışdır. Yəni faktiki olaraq, Cavabdeh MMC-nin fəaliyyət göstərməsi qeyri-mümkün olmuşdu. Əlavə olaraq, Nazirlər Kabinetinin “Koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş X1 X11 haqqında” 124 saylı, x xxxxx 2020-ci il tarixli Qərarı ilə “x xxxxx 2020-ci il saat 00:00dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri” tətbiq edilir. Nazirlər Kabinetinin Operativ Qərargahının xx xxxxx 2020-ci il tarixli Qərarı ilə karantin rejimi dəyişilmədən xx xxx 2020-ci il tarixinədək uzadılmışdı. Beləliklə, Nazirlər Kabinetinin Operativ Qərargahının müvafiq 122, 124, 144, 208, 236, 255, 256 nömrəli qərarları ilə Xüsusi Karantin rejimi xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Cavabdeh MMC-nin gəlir mənbəyinin birbaşa turizm sənayesindən asılı olmasını və Xüsusi Karantin rejiminin xx.xx.2020-ci il tarixindən yumşaldılmasına baxmayaraq turizm sahəsində məhdudiyyətlərin davam etməsi nəticəsində Cavabdeh MMC-nin fəaliyyət göstərməsi növbəti aylar ərzində də mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Bunları nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2020-ci il tarixli Sərəncamı, Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli, xx xxxx 2020- ci il tarixli, xx xxxx 2020-ci il tarixli, xx xxxxx 2020-ci il, xx xxxx 2020, x xxx 2020, xx xxx 2020, xx xxxx 2020-ci il tarixli Qərarları, həmçinin Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, x xxxxx 2020-ci il tarixli i Qərarları şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422.1-ci maddəsinə müvafiq olaraq “Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar.” Cavabdeh müqavilə öhdəliklərinin yerinə yetirilməsini Mart 2020-ci il tarixindən dayandırmışdır. Yəni, məlum hadisələrin başladığı vaxt, əgər Cavabdeh İcarə Sahəsinin istifadəsinin qeyri mümkün edən bu hadisələrdən xəbərdar olsaydı, İcarə Sahəsinin icarəsini birmənalı təxirə salacaq və yaxud, tam imtina edəcəkdi. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi müqavilənin ləğvinə əsas verir. Mülki Məcəllənin 422.2-ci maddəsinə əsasən isə, tərəflər arasında müqavilənin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə uyğunlaşdırılması barədə razılığa gəlməsələr müqavilə məhkəmə tərəfindən aşağıdakı şərtlər nəzərə alınmaqla ləğv edilə bilər. Birinci şərt ondan ibarətdir ki, “müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər”. Şəraitin bu dərəcədə dəyişəcəyini Tərəflərin Müqavilə bağlanarkən nəzərə alması ağlabatan dərəcədə mümkün deyildir. İkinci şərtdə qeyd edilmişdir ki, “şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz”. Açıq-aydın, və İcarə Sahəsindən istifadəsinə qadağa ilə nəticələnmiş, pandemiya və onunla mübarizə metodları, habelə dövlət orqanların qəbul etdiyi aktlar Cavabdeh MMC-nin səylərindən, istəyindən və qayğısından asılı deyil və aradan qaldırıla bilmir. Üçüncü şərtə əsasən, müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozmuş olmalı və maraqlı tərəfə o qədər zərər vurmalıdı ki, o, “müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum” olsun. Tətbiq edilən karantin rejimi çərçivəsində turizm sahəsi ilə əlaqəli sahibkarlıq fəaliyyəti ilə məşğul olmağın qadağan edilməsi və nəqliyyat məhdudiyyətləri Cavabdehə ciddi maddi ziyan vurmaqla yanaşı onun Müqavilə üzrə haqqı çatan Ofisdən istifadəsini qeyri mümkün etmişdir. Dördüncü şərt isə “işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir” müddəasından ibarətdir. Tərəflər arasında olan İcarə Müqaviləsinin 10-cu maddəsi isə “Tərəflərin ağlabatan nəzarətindən kənarda qalaraq, öhdəliklərin icrasını qeyri-mümkün edən” hal baş verdiyində öhdəliklərin yerinə yetirilməsində hər hansı gecikmə və ya pozulmaya görə heç bir Tərəf məsuliyyət daşımır” müddəası əks olunub. Deməli, Müqaviləyə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə görə olan pozulmalara görə tərəflər məsuliyyət daşımadığı üçün şəraitin dəyişməsi riskini də Tərəflər daşımır. İddiaçının şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində ona dəymiş zərərin hamısını Cavabdehdən tələb etməsi Qanunvericiliyin göstərilən Ədalətlilik prinsipinə ziddir. Ədalətlilik prinisipinə uyğun olaraq Cavabdeh Müqavilə üzrə ödəməli olduğu məbləğin yarısını ödəməlidir. İddiaçının şəraitin əhəmiyyətli dərəcədə dəyişdiyi bir müddətdə ödənişləri tələb etməsinə və Cavabdehin Müqavilə üzrə hüquqlarını “Texniki məhdudiyyət” adı altında məhdudlaşdırmasına baxmayaraq, Cavabdeh vicdanlılıq prinsipini əsas götürərək Məhkəmə qərarından əvvəl, Ədalətlilik prinsipinin də yuxarıda göstərilən tələbinə uyğun olaraq İcarə haqlarının yarısını ödəmişdir. Həmçinin, İddiaçı MMC sahibkarlıq fəaliyyətinin tərkib hissəsi olaraq müqavilə bağladığı digər tərəflərlə Müqavilə öhdəliklərinin yerinə yetirilməsində güzəştlər etməsinə baxmayaraq Cavabdehə heç bir güzəşt etməməsi İddiaçının Vicdanlılıq və Ədalətlilik prinsiplərinə uyğun hərəkət etmədiyinin daha bir göstəricisidir. Beləliklə, Cavabdehin öhdəliklərini Mart, Aprel, May və İyun aylarında yerinə yetirə bilməməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlıdır. Belə olduğu təqdirdə, Ədalətlilik və Vicdanlılıq prinsipləri əsas götürülməli və İddiaçının tələb etdiyi məbləğin Cavabdeh tərəfindən ödənilməsi əsassız olduğu üçün təmin edilməməlidir. İyul ayı üçün nəzərdə tutulmuş İcarə haqqının ödənilməməsinə görə Cavabdehin məsuliyyət daşımaması digər məsələ isə İddiaçının Cavabdeh tərəfindən binanın istifadə və Texniki xidmətlərindən xx.xx.2020-ci il tarixindən Cavabdehin gəlir əldə etməsi üçün vacib olan, daxilində kommersiya və şəxsi məlumatlar daşıyan server və 8 noutbuk-un olduğu Ofisdən istifadəyə məhdudiyyətlər qoymasına baxmayaraq Cavabdehin İyul ayı üçün ödənilməmiş İcarə haqqı ödəməsini tələb etməsi ilə bağlıdır. İcarə Müqaviləsinin 10-cu maddəsinə yenidən nəzər saldıqda Cavabdehin heç bir məsuliyyət daşımamalı olduğu bir vəziyyətdə İddiaçının tətbiq etdiyi məhdudlaşdırma tədbirlərinin heç bir əsası olmadığı aydın görünür. Mülki Məcəllənin 425.2-ci maddəsi tərəflərdən “müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək” hərəkətlərdən çəkinməyi tələb edir. Pandemiya şəraitini və bu proses ərzində yerinə yetirilməyən öhdəliklərinə görə borclunun məsuliyyət daşımadığını bildirən müddəaları nəzərə almadan İddiaçı tərəfindən Cavabdehə qarşı Texniki xidmətlərdən yararlanmada məhdudiyyətlərin qoyulması İddiaçının öhdəliyin icrası zamanı tələb edilən vicdanlılıq prinsipinin tələblərini pozduğunu göstərir. Müqavilənin 3.2ci maddəsinə əsasən İcarəyə Verən “Sahəni boş və istifadəyə yararlı vəziyyətdə İcarəçiyə təhvil verməlidir. Müqavilənin 4.1-ci maddəsinə əsasən isə İcarəçi müqavilənin qüvvədə olduğu istənilən saatda Sahəyə maneəsiz daxil ola və oranı tərk edə bilər. Həmin Məcəllənin 446.1-ci maddəsinə əsasən, kreditor “borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır”. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi vəziyyətində İddiaçı tərəfindən tətbiq edilən Texniki xidmətlərdən yararlanmada məhdudiyyətlərin qoyulması və İddiaçının Müqavilənin 4.1-ci maddəsində göstərilən öhdəliklərini icra etməməsi Cavabdehin öz müqavilə öhdəliklərini həyata keçirməsinə maneçilik törətmişdir. Məhdudiyyətlərin aradan qaldırılmasını tələb edən xx.xx.2020-ci il tarixli X5 tələblərinin yerinə yetirilməməsi isə İddiaçı tərəfindən Cavabdehin öz öhdəlyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətlərin yerinə yetirilməməsi və İcranın gecikdirilməsi sayılmalıdır. Mülki Məcəllənin 446.4-cü maddəsinə əsasən Kreditorun icranı gecikdirdiyi təqdirdə “borclu öhdəliyin icra edilməməsi üçün yalnız bu şərtlə məsuliyyət daşıyır ki, icra borclunun qərəzi və ya kobud ehtiyatsızlığı nəticəsində qeyri-mümkün olsun”. Mövcud prosesdə borclu olan Cavabdeh öhdəliklərini Mart, May və İyun aylarında şəraitin əhəmiyyətli şəkildə dəyişməsi nəticəsində həyata keçirə bilməmişdir. Deməli, Cavabdehin ilkin yerdə icranı həyata keçirməməsi onun qərəzli və kobud ehtiyatsızlığı nəticəsində deyil, Cavabdehin iradəsindən asılı olmayan səbəb olan Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə görə mümkün olmamışdır. Deyilənlər nəzərə alındıqda İddiaçının Cavabdehdən İyul ayı üzrə nəzərdə tutulmuş 1500 AZN + 18% ƏDV İcarə haqqının ödənilməsini tələb etməsi əsassızdır. Bunlarla yanaşı, İddiaçı tərəfindən qoyulmuş texniki məhdudiyyətlər nəticəsində Cavabdehin əsas iş vasitəsi olan və cəmiyyətin fəaliyyət göstərərək gəlir əldə etməsi üçün vacib olan, daxilində kommersiya və şəxsi məlumatlar daşıyan server və 8 noutbuk-dan istifadəsini məhdudlaşdırmışdır. Deməli, İddiaçıya məxsus olmayan kommersiya məlumatlarının istifadəsinə İddiaçı tərəfindən məhdudiyyətlər qoyulması Cavabdehin Qanunla qorunan hüquqlarını həyata keçirməsinə mane olaraq hüquqların pozulmasının və İddiaçının vicdanlı hərəkət etməməsinin göstəricisidir. Beləliklə, Cavabdeh İddiaçının Vicdanlı olmayan və Ədalətsiz hərəkəti və tələblərinə baxmayaraq Vicdanlı hərəkət etməsi nəzərə alınmalı və göstərilən prinsiplərin tələblərinə uyğun olaraq İddiaçının 11636.74 AZN məbləğində ödənişin tələb edilməsinə dair iddia ərizəsi təmin edilməməlidir. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Ofis icarəsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, İddiaçı MMC, Azərbaycan Respublikası, Bakı şəhəri Cəfər Cabbarlı 44 üinvanında yerləşən "Caspian Plaza'-da Müqavilənin Əlavə 1-də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığında Cavabdeh MMC-yə verir. xx xxxx 2019-cu il tarixli İcarə müqaviləsinə əlavə 1 dən görünür ki, icarəyə verən binanın 8-ci mərtəbəsində yerləşən 75 kv.metr sahəni icarəçiyə icarəyə verir. İcarəçi xx.xx.2019-cu il tarixindən xx xxxxxx 2020-ci il tarixinədək 1500 AZN və 18 faiz X10 aylıq icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Hesab kartından müəyyən olunur ki, cavabdehin iddiaçıya icarə haqqına görə borcu 8850 manat təşkil edir. xx xxxxxx 2020-ci il tarixli ödəniş tapşırıgından müəyyən olunur ki, cavabdeh iddiaçının hesabına mart, may, iyun ayı qismən olmaqla 4425 manat icarə haqqı ödəmişdir. xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, cavabdeh 2019-cu ilin noyabrdekabr, 2020-ci ilin yanvar –may ayı üzrə 91 manat 30 qəpik işıq pulu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını dinləyib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 684.2-ci maddəsinə əsasən kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixində Ofis icarəsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, İddiaçı MMC”, Bakı şəhəri, Cəfər Cabbarlı 44 ünvanında yerləşən "Caspian Plaza”da Müqavilənin Əlavə 1-də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığında Cavabdeh MMC-yə verir. Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-in 1.1-ci madəsinə əsasən, İcarəyə verən Binanın 8-ci mərtəbəsində yerləşən 75 kv.metr sahəni İcarəçiyə icarəyə vermiş, İcarəçi xx.xx.2019 tarixindən xx.xx.2020-ci il tarixinədək 1500+18% ƏDV icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehin iddiaçıya icarə haqqı borcu və elektrik enerjisi borcu yaranmış cavabdeh tərəfindən 4425 manat icarə haqqı və 91 manat 30 qəpik işıq pulu ödənişləri edilmiş hazırda cavabdehin iddiaçıya 3628,5 manat ödənilməmiş icarə haqqı borcu, 796,5 manat ƏDV borcu, 40,44 manat elektrik borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkilinin iddianın rədd edilməsi üçün istinad etdiyi əsaslardan biri şəraitin dəyişməsi əsası olmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə istinad etmişdir. Mülki Məcəllənin 422.1-ci maddəsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə aydınlıq gətirmişdir. Normada qeyd edilir ki, şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Mülki qanunvericilik şəraitin elə dərəcədə əhəmiyyətli dəyişikliyini nəzərdə tutur ki, bu halı hər iki tərəf əvvəlcədən görə bilməzdi. Hazırkı halda ölkədə pandemiyanın baş verməsi və müəyyən fəaliyyət sahələrinin, o cümlədən turizm fəaliyyətinin dayandırılması halını əksəriyyət ağlabatan mühakimə şəraitində əvvəlcədən görə bilməzdi. Ona görə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halının baş verməsini məhkəmə qəbul edir. Lakin, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halının baş verməsi icarə müqaviləsi üzrə öhdəliyin cavabdehin istinad etdiyi qaydada icra edilməməsi üçün əsas olubolmaması ilə bağlı məhkəmə dəyərləndirmə aparılmasına zərurət görür. Müqavilə hüququnu nizama salan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 20ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi, tərəflərin bərabərliyi, onların müqavilə maraqlarını qorumaq prinsipinə riayət etməklə mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Müqavilə münasibətləri hüquq münasibətlərinin bir növü olduğuna görə ona bütün hüquq münasibətlərində olan ümumi əlamətlərlə yanaşı özünəməxsus spesifik əlamətlər xasdır. Müqavilə hüquq münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq marağın mövcudluğu ilə fərqlənir. Müqavilə tərəflərinin bərabərliyi dedikdə tərəflərin bərabər mülki hüquqlardan istifadə imkanlarının olması, onların mülki hüquqlarının müdafiəsi zamanı bərabər maddi və prosessual hüquqlardan istifadə etmələri, öz öhdəliklərini icra edərkən bərabər imkanlardan istifadə etmələrində ifadə olunur. İcarə müqaviləsi onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf-icarəyə verən-icarədar əmlakdan istifadə müddəti ərzində icarəyə verdiyi əmlakdan müqavilədə nəzərdə tutulan icarə haqqı məbləğində faydalanmağa, digər tərəficarəyə götürən-icarəçi isə əmlakdan istifadə müddəti ərzində icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti ondadır ki, belə razılaşma hər iki tərəfin mənafe marağı qoruyur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əsası ilə müqavilənin dəyişdirilməsi institutu da, müqavilə tərəflərinin mənafeyinə xidmət edir. Qanunverici belə hallar baş verdikdə müqavilə tərəflərinin mənafeləri arasındakı ədalətli balansı qorumaq üçün həmin institutu təsis etmişdir ki, tərəflər şəraitin dəyişməsini nəzərə alaraq müqaviləni öz mənafelərinə uyğun olaraq dəyişdirə bilsinlər. Hazırki halda isə cavabdehin nümayəndəsi və vəkili müqavilə üzrə öhdəliyin icra edilməməsi ilə bağlı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə istinad etsə də, həmin əsasa görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün məhkəməyə müraciət etmək hüququ olduğu halda, bunu etməmişdir ki, bu halda müqavilə üzrə öhdəliyin icra edilməməsi ilə bağlı göstərilən əsasa istinad etməsi əsassızdır. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdeh ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Belə ki, tərəflər arasında olan icarə müqaviləsi qüvvədə olmuş, icarəyə verilmiş sahə cavabdehin istifadəsində olmaqla cavabdeh tərəfindən həmin müqavilənin dəyişdirilməsi və ya ləgv olunması iddiaçıdan tələb olunmamışdır. Məhkəmə iddia tələbinin tərəflər arasında xx.xx.2019-ci il tarixində bağlanmış ofis icarəsinə dair müqaviləyə xitam verilməsi barədə hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələbinə əsasən müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarından göründüyü kimi iddiaçı qeyd olunan normada göstərilən tələblərə uyğun olaraq müqavilənin ləğv edilməsi ilə bağlı cavabdehə təklif etmiş, lakin cavabdeh tərəfindən bu barədə iddiaçıya hər hansı cavab verilməmişdir. Eyni zamanda cavabdeh icarə müqaviləsi üzrə icarə haqqını üzürlü səbəb olmadan vaxtı-vaxtında ödəməmişdir. Qeyd olunan xüsusatlar xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsinə əsas verdiyindən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış ofis icarəsinə dair müqaviləyə xitam verilməli, icarə müqavilələsinə əsasən yaranmış 3628,5 manat ödənilməmiş icarə haqqı borcu, 796,5 manat ƏDV borcu, 40,44 manat elektrik borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gəlir. Belə ki, müqavilənin 5.1-ci bəndinə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 1 faizi məbləgində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 2655 manat manat dəbbə pulu məbləği yaranmış 3628,5 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 200 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-ci il tarixində bağlanmış ofis icarəsinə dair müqaviləyə xitam verilməli və Cavabdehndən 3628,5 manat ödənilməmiş icarə haqqı borcu, 796,5 manat ƏDV borcu, 200 manat cərimə, 40,44 manat elektrik borcu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 40,09 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 12,03 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 17,97 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-ci il tarixində bağlanmış ofis icarəsinə dair müqaviləyə xitam verilsin və Cavabdehndən 3628,5 manat ödənilməmiş icarə haqqı borcu, 796,5 manat ƏDV borcu, 200 manat cərimə, 40,44 manat elektrik borcu tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 12,03 manat hissəsi Cavabdehndən tutularaq İddiaçınə ödənilsin, qalan 17,97 manat hissəsi İddiaçınə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar