Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2885/2021 25.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə Cavabdehin iştirakı olmadan İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul öhdəliyin icra edilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə ƏDV daxil 2020 manat, 626 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 2676 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 18.11.2019-cu il tarixli M126/19 saylı icarə müqaviləsinə əsasən, iddiaçı Bakı şəhəri, H.Əliyev prospekti 95 ünvanında yerləşən və mülkiyyət hüququ ilə ona məxsus 9 mərtəbəli qeyri-yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 12,9 kv.m təşkil edən sahəni cavabdehə 11 ay müddətinə icarəyə verməyi, cavabdeh isə bunun müqabilində ƏDV daxil aylıq 304.44 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmiş və müqavilə bağlandığı tarixdən 30.11.2020-ci il tarixə kimi cəmi 1461 manat icarə haqqı ödənişi etmişdir ki, son nəticədə iddiaçıya icarə haqqı ödənilməmiş aylar üzrə ƏDV daxil cəmi 2020 manat təşkil etmişdir. İddiaçı tərəfindən cavabdehə 2020-ci ilin aprel və may ayları üçün icarə haqqında 50 % güzəşt edilmişdir. Eyni zamanda müqavilənin 3.2-ci bəndinə əsasən, cavabdeh icarə haqqının gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün icarə haqqının 0,1 % dəyərində cərimə ödəməyi öhdəsinə götürmüşdür ki, bununla da cərimənin məbləği 626.0 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehdən 18.11.2019-cu il tarixli M 126/19 saylı icarə müqaviləsi üzrə əsas borca görə ƏDV daxil olmaqla 1883 manat, 505 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 2418 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - bir tərəfdən icarəyə verən qismində “xxxx” MMC ilə digər tərəfdən icarəçi qismində Cavabdeh MMC arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli, M 126/19 nömrəli müqaviləyə əsasən icarəyə verən Bakı ş., H.Əliyev prospekti 95B ünvanında yerləşən və mülkiyyət hüququ ilə icarəyə verənə məxsus olan (Çıxarış: № MA0358836; 30.03.2012-ci il tarixdə verilmişdir) 9 mərtəbəli qeyri-yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 12,9 kv.m olan sahəni bu müqavilədə nəzərdə tutulmuş qaydada icarəyə verir. İcarəyə götürən isə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə icarə haqqını vaxtında ödəməyi öhdəsinə götürür. 1.2.İcarə obyektinin istismarına su, qaz, elektrik, kanalizasiya, daimi təmizlik. 24/7 ərazinin mühafizəsi, 24/7 cari təmir xidmətləri, avto dayanacaq, kondisionerlərə, havalandırma və lift sisteminə qulluq, giriş-çıxış kartlarının təqdim olunması daxildir. Həmçinin buraya elektrik və sanitar qovşaqlarının və santexnik avadanlıqlarının istifadəsi də daxildir. 1.3.İcarəyəverən icarə obyektini texniki vəziyyəti və icarəyə vermə tarixində mövcud olan texniki avadanlıqların siyahısı göstərilmiş Təhviltəslim aktına əsasən icarəyə götürənin istismarına verir. Qeyd olunan akt bu müqavilənin ayrılmaz tərkib hissəsidir. 2.1.İcarəyə götürən müqavilənin 1.1-ci maddəsinə göstərilən icarə obyektini qəbul edir və şərtləşdirilmiş icarə haqqını hər icarə ayının ilk 7 təqvim günü ərzində qabaqcadan bank köçürülməsi yolu ilə ödəyir. Hesablaşma müddəti bir ay hesab olunur. 2.2-ci bəndə əsasən müqavilə üzrə ümumi sahəsi 12.90 kv.m təşkil edən obyektin hər kv.m-i 20 manat olmaqla, aylıq icarə haqqı ƏDV daxil 304.44 manat təşkil etmişdir. - BRK seriyalı 488385 nömrəli 07.01.2020-ci il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh MMC tərəfindən “xxxx” MMC-yə 18.11.2019-cu il tarixli M126/19 nömrəli icarə müqaviləsinə əsasən 305 manat, BRK seriyalı 488460 nömrəli 01.06.2020-il tarixli kassa mədaxil orderinə əsasən 456 manat, BRK seriyalı 486178 nömrəli, 07.09.2020-ci il tarixli kassa mədaxil orderinə əsasən 400 manat və BRK seriyalı 485817 nömrəli, 08.10.2020-ci il tarixli kassa mədaxil orderinə əsasən 300 manat məbləğində pul ödənilmişdir. -“xxxx” MMC tərəfindən 06.12.2020-ci il tarixdə Cavabdeh MMC-yə REF/2356/20 nömrəli pretenziya qaydasında məktub ünvanlanaraq 2015 manat təşkil edən borc məbləğinin ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - 25.06.2021-ci il tarixli, REF/1656/21 nömrəli maliyyə arayışından görünür ki,cavabdeh tərəfindən 4 ay üzrə, 07.01.2020-ci il tarixdə 305 manat, 01.06.2020-ci il tarixdə 456 manat, 07.09.2020-ci il tarixdə 400 manat və 08.10.2020-ci il tarixdə 300 manat ödəniş edilmişdir. Gecikdirilən günlərin sayı 18.10.2020-ci il tarixdən 24.06.2021-ci il tarixədək götürüldükdə cəmi 250 gün təşkil etmişdir. Cərimə məbləği isə 505 manat təşkil etmişdir. Beləliklə işin hallarından məlum olur ki, tərəflər arasında 18.11.2019-cu il tarixli, M 126/19 saylı icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda cavabdeh həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış 18.11.2019-cu il tarixli M 126/19 saylı icarə müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan Bakı şəhəri, H.Əliyev prospekti 95 ünvanında yerləşən ümumi sahəsi 12.9 kv.m təşkil edən daşınmaz əmlakı cavabdehə 11 ay müddətinə hər ay 304.44 manat olmaqla icarəyə vermiş və müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra etmişdir. Lakin cavabdeh həmin müqavilə üzrə öhdəliklərini tam icra etməyərək 3344 manat təşkil edən ümumi icarə məbləğindən cəmi 1461 manat ödəniş etmiş və 1883 manat məbləğində borc ödənilməmiş qalmışdır. Bundan əlavə iddiaçı cavabdehdən gecikdirilmiş günlər üçün 505 manat məbləğində cərimə borcunun tutularaq ödənilməsini tələb edir. 18.11.2019-cu il tarixli icarə müqaviləsinin 3.2-ci maddəsinə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 0,1 %-ni ödəməlidir. Məlum olduğu kimi, Mülki Məcəllə dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Cavabdeh MMC müqavilədən irəli gələn vəzifəsini icra etməmişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 1883 manat məbləğində icarə haqqı və 505 manat cərimə tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 18.11.2019-cu il tarixli M 126/19 saylı icarə müqaviləsi üzrə ƏDV daxil olmaqla 1883 manat əsas borc, 505 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2418 (iki min dörd yüz on səkkiz) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2885/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2885/2021
25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver