Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2887/2020 18.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində yaranmış borc un ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2019-ci il tarixində bağlanmış ofis icarəsinə dair müqaviləyə əsasən, cavabdehdən 4400 AZN ödənilməmiş icarə haqqı borcu, 792 AZN ƏDV borcu, 1557.60 AZN gecikdirilmiş günlər üçün cərimə borcu, 13.14 AZN elektrik borcu, cəmi 6762.74 AZN və 30 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixində ofis icarəsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən,İddiaçı MMC (“icarəyə verən”),Azərbaycan Respublikası, Bakı şəhəri AZ 1065, Cəfər Cabbarlı 44 ünvanında yerləşən "Caspian Plaza”-da müqavilənin Əlavə 1-də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığında Cavabdeh MMC-yə (“icarəçi”) verir. Müqavilənin ayrılmaz tərkibi sayılan Əlavə 1-in 2.1-ci maddəsinə əsasən, icarəçi xx.xx.2019 tarixindən xx.xx.2020-ci il tarixinədək 1100+18% ƏDV icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Ödəniş 1 (bir) aydan bir olmaq şərti ilə hesab faktura və elektron qaimə təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. Hazırki müqavilə üzrə cavabdeh mart ayından etibarən heç bir ödəniş etməmişdir. Ümumilikdə cavabdehin icarə müqaviləsi üzrə cəmi 4400 AZN ödənilməmiş icarə haqqı borcu, 792 AZN ƏDV borcu, 1557.60 AZN gecikdirilmiş günlər üçün cərimə borcu və 13.14 AZN elektrik borcu yaranmışdır. Bununla bağlı cavabdehlə dəfələrlə görüşlər, şifahi və telefon danışıqları olsa da heç bir nəticəsi olmamışdır. xx xxxx 2020-ci il tarixində iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş və 5 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin həmin müddət ərzində Cavabdeh MMC tərəfindən heç bir ödəniş edilməmiş, zənglərə də cavab verilməmişdir. Buna görə də, cavabdehlə xx.xx.2019-cu il tarixli ofis icarəsinə dair müqaviləyə iddiaçı tərəfindən xx xxxx 2020-ci il tarixində xitam verilmiş və bu barədə qarşı tərəfə də bildiriş göndərilmişdir. Müqavilənin 4.2-ci maddəsinin (b) bəndinə əsasən, icarəçi Kommunal Xidmətlər üçün ödənişlər icarə haqqı xaricində göstərilibsə bu ödənişləri vaxtında həyata keçirməlidir. Hazırki müqavilə üzrə Cavabdeh MMC-nin 13.14 AZN ödənilməmiş elektrik borcu yaranmışdır. İcarə müqaviləsinin 5.1-ci maddəsinə əsasən, icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 1(bir) faizini ödəməlidir. Müqavilə üzrə gecikdirilmiş günlər üzrə cərimə məbləği 1 gün üçün 12.98 AZN təşkil edir. Cavabdeh tərəfindən gecikdirilmiş günlər üçün yığılan ümumi cərimə məbləği isə 120 gün üçün 1557.60 AZN təşkil edir. Müqavilənin 3.1-ci maddəsinin (f) bəndinə əsasən, İcarəçi tərəfindən icarə haqqının ödənilməsi hesab-faktura və elektron qaimə təqdim edildiyi gündən etibarən 15 (on beş) gündən çox gecikdirildikdə icarəçiyə binanın istifadəsi texniki xidmətlərdən yararlanmada məhdudiyyətlər qoya bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı "İddiaçı” MMC-nin nümayəndəsi, Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə tərəflərə bildiriş göndərilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Cavabdeh tərəf məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, eləcə də iddiaya qarşı etiraz və (və ya) mülahizəsini təqdim etməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2019-cu il tarixində ofis icarəsinə dair müqavilədən və həmin müqaviləyə əlavə 1-dən görünür ki, İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixində Ofis icarəsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, İddiaçı MMC (“İcarəyə Verən”),Azərbaycan Respublikası, Bakı şəhəri AZ 1065, Cəfər Cabbarlı 44 ünvanında yerləşən "Caspian Plaza'-da Müqavilənin Əlavə 1-də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığındaCavabdeh MMC-yə (“İcarəçi”) verir. Müqavilənin ayrılmaz tərkibi sayılan Əlavə 1-in 2.1-ci maddəsinə əsasən, İcarəçi xx.xx.2019 tarixindən xx.xx.2020-ci il tarixinədək 1100+18% ƏDV icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Ödəniş 1 (bir) aydan bir olmaq şərti ilə hesab faktura və elektron qaimə təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. -Müqavilənin 3.1-ci maddəsinin (f) bəndinə əsasən, icarəçi tərəfindən icarə haqqının ödənilməsi hesab-faktura və elektron qaimə təqdim edildiyi gündən etibarən 15 (on beş) gündən çox gecikdirildikdə İcarəçiyə binanın istifadəsi texniki xidmətlərdən yararlanmada məhdudiyyətlər qoya bilər. -Müqavilənin 4.2-ci maddəsinin (b) bəndinə əsasən, İcarəçi Kommunal Xidmətlər üçün ödənişlər icarə haqqı xaricində göstərilibsə bu ödənişləri vaxtında həyata keçirməlidir. -Müqavilənin 5.1-ci bəndinə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, hər bir gecikdirilmiş gün üçün icarə haqqının 1 %-ini ödəməlidir. -Müqavilənin 10-cu bəndinə əsasən müqavilənin məqsədləri üçün istifadə olunan "Fors Major” termini elə bir halı nəzərdə tutur ki, həmin hal tərəflərin ağılabatan nəzarətindən kənarda qalaraq, öhdəliklərin icrasını qeyri-mümkün edir. Bunlara təbii fəlakət, yanğın halları və müharibə vəziyyəti daxildir. Gecikmə və ya öhdəliyin pozulması Fors Majorla əlaqədar olduqda buradakı öhdəliklərin yerinə yetirilməsində hər hansı gecikmə və ya pozulmaya görə heç bir tərəf məsuliyyət daşımır. -İddiaçı MMC-nin 211.01 nömrəli hesabın kartına əsasən mart, aprel, may və iyun ayına 4400 AZN+18% olmaqla, cəmi 5192 AZN icarə haqqı borcu vardır. -xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2019-cu il tarixli ofis icarəsinə dair müqaviləyə iddiaçı tərəfindən xx xxxx 2020-ci il tarixində xitam verilmişdir. -xx xxxx 2020-ci il tarixli Pretenziya məktubundan görünür ki, cavabdehdən 5 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq icarə müqaviləsi bağlanmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh tərəf isə onlardan asılı olmayan səbəblərdən üzərinə düşən öhdəliklərini lazımınca yerinə yetirməmiş, öz üzərinə düşən öhdəlikləri tam həyata keçirməmişdir.Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi icarə haqqı barədə iddiası əsaslıdır və təmin edilməlidir. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Bununla yanaşı iddiaçı tərəfindən 3 aylıq (mart, aprel, may) icarə haqqı üzrə 792 manat ƏDV borcu hesablanmışdır. Bu tələblə bağlı məhkəmə qeyd edir ki, aylıq icarə haqqı 1100 manat olduğundan və məhkəmə də ancaq 1 aylıq (mart) icarə haqqı tələbini əsaslı hesab etdiyindən, ƏDV məbləği 1 ay üçün 792 manat (792+18%) hissədə təmin edilməlidir. Həmçinin iddiaçı icarə müqaviləsi üzrə 1557,60 manat gecikdirilmiş günlər üçün cərimə borcu hesablanmışdır. Yuxarıda göstərilən normalara əsasən məhkəmə qeyd edir ki, 1 ay üçün tələb olunan icarə haqqı borcu və ƏDV borcu cəmi 1311,01 manat üçün tənasübsüz surətdə yüksək olan cərimə azaldılaraq 440 manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda məhkəmə sərf olunmuş elektrik enerjisinə görə 13,14 manat məbləğində borcunun ödənilməsi hisssəsində iddia tələbini əsassız hesab edir. Belə ki, iddiaçı ödənilməmiş elektrik borcu ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixində ofis icarəsinə dair müqavilə və həmin müqaviləyə 1 saylı əlavə üzrə yaranmış 4400 manat məbləğində icarə haqqı borcunun, 792 manat ƏDV borcunun, 440 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçı "İddiaçı” MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 4400 manat əsas borc, 792 manat ƏDV borcu, 440 manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2887/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2887/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver