Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2888/2020 10.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, Vəkil və Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə haqqının, cərimənin və elektrik borcunun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2019-ci il tarixində bağlanmış ofis icarəsinə dair müqaviləyə əsasən, cavabdehdən 1980 manat ödənilməmiş icarə haqqı borcu, 356,40 manat ƏDV borcu, 700,20 manat gecikdirilmiş günlər üçün cərimə borcu, 4,50 manat elektrik borcu olmaqla, cəmi 3041,10 manat və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixində ofis icarəsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, İddiaçı MMC (“İcarəyə Verən”), Azərbaycan Respublikası, Bakı şəhəri AZ 1065, Cəfər Cabbarlı 44 ünvanında yerləşən "Caspian Plaza”-da müqavilənin əlavə 1-də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığında Cavabdeh MMC-yə (“İcarəçi”) verir. Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-in 1.1-ci madəsinə əsasən, İcarəyə verən Binanın 4-cü mərtəbəsində yerləşən 57 Sahəni İcarəçiyə icarəyə verir. Əlavə 1-in 2.1-ci maddəsinə əsasən, İcarəçi xx.xx.2019 tarixindən xx.xx.2020-ci il tarixinədək 660 manat+18% ƏDV icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Ödəniş aylıq olmaq şərti ilə hesab faktura və elektron qaimə təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. Hazırki müqavilə üzrə cavabdeh mart ayından etibarən heç bir ödəniş etməmişdir. Ümumilikdə cavabdehin icarə müqaviləsi üzrə cəmi 1980 manat ödənilməmiş icarə haqqı borcu, 356,40 manat ƏDV borcu, 700,20 manat gecikdirilmiş günlər üçün cərimə borcu və 4,50 manat elektrik borcu yaranmışdır. Bununla bağlı cavabdehlə dəfələrlə görüşlər, şifahi və telefon danışıqları olsa da heç bir nəticəsi olmayıb. xx xxxx 2020-ci il tarixində iddiaçı tərəfindən cavabdehə Pretenziya məktubu göndərilmiş və 10 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin həmin müddət ərzində Cavabdeh MMC tərəfindənheç bir ödəniş edilməmiş, zənglərə də cavab verilməmişdir. Buna görə də, cavabdehlə xx.xx.2019-cu il tarixli Ofis icarəsinə dair müqaviləyə xitam verilməsi barədə iddiaçı tərəfindən müqavilənin 7.3-cü maddəsinə əsasən xx xxxx 2020-ci il tarixində xitam bildirişi göndərilmişdir. Müqavilənin 4.2-ci maddəsinin (b) bəndinə əsasən, İcarəçi Kommunal Xidmətlər üçün ödənişlər icarə haqqı xaricində göstərilibsə bu ödənişləri vaxtında həyata keçirməlidir. Hazırki müqavilə üzrə Cavabdeh MMC-nin 4,50 manat ödənilməmiş elektrik borcu yaranmışdır. İcarə müqaviləsinin 5.1-ci maddəsinə əsasən, İcarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 1(bir) faizini ödəməlidir. Müqavilə üzrə gecikdirilmiş günlər üzrə cərimə məbləği 1 gün üçün 7,78 manat təşkil edir. Cavabdeh tərəfindən gecikdirilmiş günlər üçün yığılan ümumi cərimə məbləği isə 90 gün üçün 700,20 manat təşkil edir. Müqavilənin 3.1-ci maddəsinin (f) bəndinə əsasən, İcarəçi tərəfindən icarə haqqının ödənilməsi hesab-faktura və elektron qaimə təqdim edildiyi gündən etibarən 15 (on beş) gündən çox gecikdirildikdə İcarəçiyə binanın istifadəsi Texniki xidmətlərdən yararlanmada məhdudiyyətlər qoya bilər. Cavabdeh MMC-nin nümayəndəsi X2 xx.xx.2020-ci il tarixdə iddiaya etiraz (mülahizələri) verərək, iddia tələbi ilə razı olmadığını, belə ki, iddiaçı ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə və bu müqavilənin ayrılmaz tərkib hisəssi olan 1 saylı əlavəyə əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsi, aylıq icarə haqqı 660 manat+18% ƏDV olmaqla xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək icarəyə götürülmüş, cəmiyyətin əsas fəaliyyət növü ayrı-ayrı şəxslərə müvafiq təlimlərin keçirilməsindən ibarət olmuş, dünyada yayılan Koronavirus (Covid-19) infeksiyasına qarşı Azərbaycan höküməti tərəfindən aparılan tədbirlər çərçivəsində bu ilin mart ayından ölkə ərazisində xüsusi karantin rejiminin və bununla əlaqədar olaraq xüsusi əmək, eləcə də xüsusi hərəkət rejimi qaydalarının tətbiq edilməsi ilə əlaqədar olaraq bəzi sahiblkarlıq subyektlərinin fəaliyyətinə məhdudiyyətlər tətbiq olunmuşdur və rəhbərlik etdiyi cəmiyyət də fəaliyyətinə məhdudiyyət tətbiq olunan sahibkarlıq subyektlərinə aid olduğundan yuxarıda göstərilən səbəblərdən bu ilin mart ayından fəlaiyyətlərini dayandırdıqlarını qeyd edərək, iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X2 iddiaya qarşı vermiş olduğu etirazla eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixində ofis icarəsinə dair müqavilədən və həmin müqaviləyə əlavə 1-dən görünür ki, İddiaçı MMC (“İcarəyə Verən”), Azərbaycan Respublikası, Bakı şəhəri AZ 1065, Cəfər Cabbarlı 44 ünvanında yerləşən "Caspian Plaza”-da müqavilənin əlavə 1də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığında Cavabdeh MMC-yə (“İcarəçi”) verir. Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-in 1.1-ci madəsinə əsasən, İcarəyə verən Binanın 4-cü mərtəbəsində yerləşən 57 Sahəni İcarəçiyə icarəyə verir. Əlavə 1-in 2.1-ci maddəsinə əsasən, İcarəçi xx.xx.2019 tarixindən xx.xx.2020-ci il tarixinədək 660 manat+18% ƏDV icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Ödəniş aylıq olmaq şərti ilə hesab faktura və elektron qaimə təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir Müqavilənin 4.2-ci maddəsinin (b) bəndinə əsasən, İcarəçi Kommunal Xidmətlər üçün ödənişlər icarə haqqı xaricində göstərilibsə bu ödənişləri vaxtında həyata keçirməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, hər bir gecikdirilmiş gün üçün icarə haqqının 1%-ini ödəməlidir. Müqavilənin 10-cu bəndinə əsasən müqaviləinin məqsədləri üçün istifadə olunan “Fors Major” termini elə bir halı nəzərdə tutur ki, həmin hal tərəflərin ağılabatan nəzarətindən kənarda qalaraq, öhdəliklərin icrasını qeyri-mümkün edir. Bunlara təbii fəlakət, yanğın halları və müharibə vəziyyəti daxildir. Gecikmə və ya öhdəliyin pozulması Fors Majorla əlaqədar olduqda buradakı öhdəliklərin yerinə yetirilməsində hər hansı gecikmə və ya pozulmaya görə heç bir tərəf məsuliyyət daşımır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İcarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.2.2, 445.7, 465.2, 467, 700.1, 700.2, 862.1 və 862.3 -cü maddələri, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi və 13cü maddəsinin 5-ci bəndi). Göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq icarə müqaviləsi bağlanmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh tərəf isə onlardan asılı olmayan səbəblərdən üzərinə düşən öhdəliklərini lazımınca yerinə yetirməmiş, öz üzərinə düşən öhdəlikləri tam həyata keçirməmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasında xx xxxx 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilmiş, daha sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq olaraq xx xxxxx 2020-ci il tarixli və xx xxx 2020-ci il tarixli qərarları ilə Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 may saat 00:00-dək uzadılmışdır.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin digər müvafiq qərarları ilə Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər çərçivəsində insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldıması məqsədilə bəzi iş və xidmət sahələri üzrə fəaliyyət o cümlədən, fərdi tədris və repetitor xidmətlərinin (o cümlədən bu sahədə evlərdə xidmət) fəaliyyəti qadağan edilmiş, həmçinin icazəsi olan şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə yalnız təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla, ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi və yaxın qohumunun dəfnində iştirakla əlaqədar yol verilirdi. Bundan başqa ən əsası isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVİD-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslərə və fərdi sahibkarlara münasibətdə bu Əsasnaməyə uyğun müəyyən edilmiş icarə haqları 2020-ci il 01 aprel tarixindən 2021-ci il 01 yanvar tarixinədək hesablanmaması qərara alınmışdır (dövlətin müstəsna yanaşması). Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının 2020-ci ilin mart, aprel, may ayları üçün tələb etdiyi icarə haqqı barədə iddiası ancaq mart ayının icarə haqqı tələbi hissəsində əsaslıdır və təmin edilməlidir. Belə ki, ölkədə və dünyada Koronavirus (COVİD-19) infeksiyasının geniş yayılması bir çox sahələrdə, o cümlədən kommersiya subyektlərinin fəaliyyətinin məhdudlaşdırmasına gətirib çıxartmışdır. Bir sözlə sadalanan hallar, tərəflər arasındakı razılaşmada öhdəliklər üzrə tərəflərin məsuliyyət daşımadığı fors major halı, yəni, həmin hal tərəflərin ağılabatan nəzarətindən kənarda qalaraq, öhdəliklərin icrasını qeyri-mümkün edən hal kimi qiymətləndirilir. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Bununla yanaşı iddiaçı tərəfindən 3 aylıq (mart, aprel, may) icarə haqqı üzrə 356,40 manat ƏDV borcu hesablanmışdır. Bu tələblə bağlı məhkəmə qeyd edir ki, aylıq icarə haqqı 660 manat olduğundan və məhkəmə də ancaq 1 aylıq (mart) icarə haqqı tələbini əsaslı hesab etdiyindən, ƏDV məbləği 1 ay üçün 118,8 manat (660+18%) hissədə təmin edilməlidir. Həmçinin iddiaçı icarə müqaviləsi üzrə 700,20 manat gecikdirilmiş günlər üçün cərimə borcu hesablanmışdır. Yuxarıda göstərilən normalara əsasən məhkəmə qeyd edir ki, 1 ay üçün tələb olunan icarə haqqı borcu və ƏDV borcu cəmi 778,80 manat üçün tənasübsüz surətdə yüksək olan cərimə azaldılaraq 71,20 manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda məhkəmə sərf olunmuş elektrik enerjisinə görə 4,50 manat məbləğində borcunun ödənilməsi hisssəsində iddia tələbini əsaslı hesab edir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixində ofis icarəsinə dair müqavilə və həmin müqaviləyə 1 saylı əlavə üzrə yaranmış 660 manat məbləğində icarə haqqı borcunun, 118,80 manat ƏDV borcunun, 71,20 manat cərimə borcunun, sərf olunmuş elektrik enerjisinə görə 4,50 manat məbləğində borcun, cəmi 854,50 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 28,09%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 28,09%-i, yəni 8,42 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixində ofis icarəsinə dair müqavilə və həmin müqaviləyə 1 saylı əlavə üzrə yaranmış 660 manat məbləğində icarə haqqı borcu, 118,80 manat ƏDV borcu, 71,20 manat cərimə borcu, sərf olunmuş elektrik enerjisinə görə 4,50 manat məbləğində borc, cəmi 854,50 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 8,42 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2888/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2888/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver