Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2889/2020 10.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Xasıyeva İradə Ədalət qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borc tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (“X3 Academy by Gülnar” Məhdud Məsuliyyətli Cəmiyyətinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər bağlanmış xx.xx.2019-cu tarixli İcarə müqaviləsinə əsasən cavabdehdən 800 manat ödənilməmiş icarə haqqı borcu, 144 AZN ƏDV borcu, gecikdirilmiş günlər üçün 283 manat cərimə borcu olmaqla, cəmi 1227,20 manat borc və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh “X3 Academy by Gülnar” MMC arasında xx.xx.2019-cu il tarixində ofis icarəsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC (bundan sonra “İcarəyə Verən”) Bakı şəhəri, AZ 1065, Cəfər Cabbarlı 44 ünvanında yerləşən "Caspian Plaza“ müqavilənin 1 nömrəli Əlavəsində göstərilmiş ofis sahəsini icarə haqqı qarşılığında Cavabdeh MMC-yə (bundan sonra icarəçi”) verir. Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1-nömrəli Əlavənin 1.1-ci maddəsinə əsasən İcarəyə verən Binanın 4-cü mərtəbəsində yerləşən sahəni İcarəçiyə icarəyə verir. 1 nömrəli Əlavənin 2.1-ci maddəsinə əsasən İcarəçi xx.xx.2019 tarixindən xx.xx.2020-ci il tarixinədək 200+18% ƏDV icarə haqqını ödəməyi öhdəsinə götürür. Ödəniş aylıq olmaq şərti ilə hesab faktura və elektron qaimə təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. Hazırkı müqavilə üzrə cavabdeh mart ayından etibarən müqavilənin müddətinin bitmə tarixinədək heç bir ödəniş etməmişdir. Ümumilikdə cavabdehin icarə müqaviləsi üzrə cəmi 800 AZN ödənilməmiş icarə haqqı borcu, 144 AZN ƏDV borcu və gecikdirilmiş günlər üçün 283,20 AZN cərimə borcu yaranmışdır. Bununla bağlı cavabdehlə dəfələrlə görüşlər, şifahi və telefon danışıqları olsa da, heç bir nəticəsi olmamışdır. Eyni zamanda xx xxxx 2020-ci il tarixində iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş və 5 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin həmin müddət ərzində Cavabdeh MMC tərəfindən hər hansı ödəniş edilməmiş, zənglərə də cavab verilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İcarə müqaviləsinin 5.1-ci maddəsinə əsasən İcarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 1(bir) faizini ödəməlidir. Müqavilə üzrə gecikdirilmiş günlər üzrə cərimə məbləği 1 gün üçün 2,36 AZN təşkil edir. Cavabdeh tərəfindən gecikdirilmiş günlər üçün olan ümumi cərimə məbləği isə 120 gün üçün 283,20 AZN təşkil edir. Müqavilənin 3.1-ci maddəsinin (f) bəndinə əsasən İcarəçi tərəfindən icarə haqqının ödənilməsi hesabfaktura və elektron qaimə təqdim edildiyi gündən etibarən 15 (on beş) gündən çox gecikdirildikdə İcarəçiyə binanın istifadəsi, texniki xidmətlərdən yararlanmada məhdudiyyət qoyula bilər. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Son 4 ay üçün icarə haqqının ödənilmədiyini qəbul edir. Pandemiya ilə əlaqədar işləmədiklərinə görə həmin icarə haqqını ödəməmişlər. Əşyalarını götürmək istəsələr də, obyektə daxil olmalarına maneələr yaradılmışdır. Şifahi şəkildə iddiaçının işçilərinə müqaviləyə xitam vermək istədiyini bildirmişdir. Bununla bağlı telefon danışıqları da var. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: -İddiaçı MMC və “X3 Academy by Gülnar” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli İcarə müqaviləsinə əsasən İddiaçı MMC ona məxsus Bakı şəhəri AZ 1065, Cəfər Cabbarlı 44 ünvanında yerləşən ofis sahəsini cavabdeh “X3 Academy by Gülnar” MMC-yə icarəyə verməyi, “İcarəçi” isə müqavilədə nəzərdə tutulmuş 200 manat+18 faiz ƏDV daxil olmaqla icarə haqqını “İcarəyə verən”ə tam şəkildə və vaxtında ödəməyi öhdələrinə götürmüşlər. - 01.2019-cu il tarixdən 10.2020-ci il tarixədək olan müddətə dair hesabdan çıxarışdan görünür ki, icarəçinin ƏDV daxil olmaqla 944 manat borcu qalmışdır. - İddiaçı tərəfindən cavabdeh “X3 Academy by Gülnar” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfdən 800 manat+18 faiz məbləğində borcun ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin yuxarıda göstərilən hallarından görünür ki, İddiaçı MMC ilə cavabdeh “X3 Academy by Gülnar” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə öhdəliyinə əməl edərək icarə obyektini cavabdehə təhvil vermiş, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Belə ki, müqavilənin müddəti bitsə də, cavabdehin müqavilə üzrə yerinə yetirilməmiş öhdəlikləri, yəni 4 ay üçün ödənilməmiş icarə haqqı borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli İcarə Müqaviləsinin: 3.1-ci maddəsinin (f) bəndinə əsasən İcarəçi tərəfindən icarə haqqının ödənilməsi hesab-faktura və elektron qaimə təqdim edildiyi gündən etibarən 15 (on beş) gündən çox gecikdirildikdə İcarəçiyə binanın istifadəsi texniki xidmətlərdən yararlanmada məhdudiyyət qoyula bilər. 7.1-ci maddəsinə əsasən tərəflər heç bir səbəb göstərmədən 3 (üç) ay öncədən qarşı tərəfə yazılı bildiriş göndərməklə müqaviləyə xitam verə bilər. Ancaq müqaviləyə imzalandığı tarixdən ilk 6 (altı) ay ərzində xitam verilə bilməz; 8-ci maddəsinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarə müddəti xx.xx.2019 cu il tarixindən xx.xx.2020 ci il tarixinədək qüvvədədir. Müqaviləyə edilmiş 1 nömrəli Əlavədən görünür ki, icarəçi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 200 manat +18 faiz ƏDV aylıq icarə haqqı ödəməyi öz öhdəsinə götürür. Ödəniş 1 aydan bir olmaq şərti ilə aylıq hesab faktura və elektron qaimə təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödəməlidir. Yuxarıda sadalanan maddi hüquq normalarını, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini işin müəyyən olunmuş hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə icarəyə verilmiş ofis sahəsi üçün icarə haqqı ödənilmədiyindən iddiaçı icarə haqqını tələb etməkdə haqlıdır. İcarə müqaviləsinə əsasən icarəyə verən olan iddiaçıya ödənilməli aylıq məbləğ 200 manat +18 faiz ƏDV olmaqla, hazırda ödənilməli borc 4 ay (mart, aprel, may, iyun) üçün 800 manat əsas, 144 manat ƏDV faiz təşkil edir. Cavabdehin nümayəndəsi son 4 ay üçün icarə haqqının ödənilmədiyini bildirmiş və bunun səbəbini onunla izah etmişdir ki, müqaviləyə vaxtından əvvəl xitam verildiyini iddiaçıya şifahi şəkildə bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh müqavilənin 7.1-ci maddəsinin şərtlərinə müvafiq olaraq iddiaçıya yazılı bildirişin göndərilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmənin gəldiyi nəticəyə əsasən qeyd olunan 944 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin bir hissəsini də borcun ödənilməsinin gecikdirilməsinə görə 283 manat cərimənin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci maddəsinə əsasən İcarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 1 (bir) faizini ödəməlidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 5 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 7 manat hissəsi iddiaçıya aid edilməli, qalan hissəsinin əvəzi olaraq 23 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “X3 Academy by Gülnar” Məhdud Məsuliyyətli Cəmiyyətindən 944 (doqquz yüz qırx dörd) manat borc, 5 manat cərimə və 23 manat dövlət rüsumu olmaqla, cəmi 972 (doqquz yüz yetmiş iki) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2889/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2889/2020
10.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver