Məhkəmə qərarları › İş №e-2-2(113)-2889/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2889/2024

30.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2889/2024 30.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2nə qarşı “ilkin hərracın etibarsız hesab edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: ilkin hərracın etibarsız hesab edilməsi və s.) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Cavabdeh2nə qarşı “ilkin hərracın etibarsız hesab edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh2nə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu 22 A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binasının açıq hərracda satılması ilə bağlı Cavabdeh2 MMC tərəfindən keçirilən ilkin hərracın etibarsız hesab edilməsi, Qaradağ rayon İcra şöbəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi- Lökbatan yolu 22 A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binasının açıq hərracda satışının təşkil edilməsi məqsədilə hərracın keçirilməsinin həvalə edildiyi Cavabdeh2 MMC-dən hərrac sifarişinin geri çağırılması, hərracın keçirilməsinin başqa hərrac təşkilatına həvalə edilməsi yolu ilə yenidən hərracın təşkil olunması və İddiaçı MMC-nin bütün hərrac prosesləri barəsində lazımı qaydada məlumatlandırılmasının təmin edilməsi öhdəliyinin Qaradağ rayon İcra şöbəsinin üzərinə qoyulması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumun Cavabdeh2 MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 mart tarixli 2-2(113)-343/2020 nömrəli qətnaməsi ilə "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası qismən təmin edilmiş və İddiaçı MMC-dən 1 nömrəli müqaviləyə əsasən 3.000.000 manat əsas, 606.750,61 manat faiz borcu (2014-cü 21 noyabr il tarixindən 2020-ci il 12 mart tarixinədək) və 249,39 manat cərimə, cəmi 3.607.000 manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 26,25 manat məbləğində pulun tutularaq ləğv prosesində olan "xxxx" ASC-yəödənilməsi, tutmanın ilkin satış qiyməti 4.000.000 manat olan İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu 22 A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş vəsaitin hesabına İddiaçı MMC-nin borcunun ödənilməsi, satışdan artıq qalan məbləğin İddiaçı MMC-yə qaytarılması, ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pulun 126,88 manatı İddiaçı MMC-dən, 18,12 manatı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq müvafiq hesaba köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan LPO"xxxx" ASC-ninləğvedicisi Əmanətlərin Sığortalanması Fondu,İddiaçı MMC və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən apellyasiya şikayətləri verilmiş və həmin şikayətlərə baxılaraq Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli 2-2(103)-529/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. Həmin qətnamə ilə Atrabank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, digər apellyasiya şikayətləri isə təmin edilməyərək, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 mart tarixli 2-2(113)-343/2020 nömrəli qətnaməsi dəbbə pulu və cəmi borcun tutulması hissəsində dəyişdirilərək, dəbbə pulu 50.000 manat, cəmi borc 3.656.750,61 manat məbləğində müəyyən edilməklə qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli, 2-2(102)-323/2021 nömrəli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli 2-2(103)- 529/2020 nömrəli qətnaməsi kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bununla da Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020ci il 20 oktyabr tarixli, 2-2(103)-529/2020 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və müvafiq olaraq icraya yönəlmişdir. Qaradağ rayon İcra şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş və müvafiq olaraq icra tədbirləri həyata keçirilməyə başlanmışdır. Daha sonra İddiaçı MMC tərəfindən "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edilmiş və 3.656.750,61 manat borcun ödənilməsi üçün müəyyən vaxt verilməsi və icra işinin dayandırılması üçün Qaradağ rayon İcra şöbəsinə rəsmi müraciət edilməsi barədə xahiş edilmişdir. Müraciətin nəticəsi olaraqƏmanətlərin Sığortalanması Fondu xx.xx.2022-ci il tarixdə Qaradağ rayon İcra şöbəsinə rəsmi müraciət edərək xx.xx.2020-ci il tarixli,2-2(103)- 529/2020 nömrəli icra sənədi üzrə icraatın dayandırılmasına dair qərar qəbul edilməsi barədə xahiş edilmişdir. Fondun müraciətinin nəticəsi olaraq Qaradağ rayon İcra şöbəsində icra sənədinin icraatı dayandırılmışdır. İcraat dayandırıldıqdan sonra İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək ümumilikdə 80 000 (səksən min) manat məbləğində vəsait LPO "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Lakin xx.xx.2024-cü il tarixdə Qaradağ rayon İcra şöbəsinin icra məmuru Rəsul Mirzəpur şirkətin əməkdaşı ilə əlaqə saxlayaraq bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-529/2020 nömrəli qətnaməsinin icrasını təmin etmək məqsədilə Qaradağ rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli sifarişinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olanBakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu 22 A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binasının açıq hərracda satışının təşkil edilməsi məqsədilə Cavabdeh2 MMC-yə müraciət edilmişdir. Həmin sifarişin verilməsi Qaradağ rayon İcra şöbəsi tərəfindən İddiaçı MMC-yə rəsmi və ya şifahi olaraq bildirilməmişdir. Qaradağ rayon İcra şöbəsindən xx.xx.2024-cü il tarixdəİddiaçı MMCnin əməkdaşına verilən şifahi məlumata əsasən, Cavabdeh2 MMC tərəfindən xx.xx.2024-cü il tarixdə hərrac keçirilmiş, lakin qeyri-müəyyən səbəblərdən hərrac baş tutmamış, təkrar hərrac isə xx.xx.2024-cü il tarixdə, saat 11:00-da təyin edilmişdir. Qaradağ rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli, xx/xx-253784/1 nömrəli sifariş məktubu və Cavabdeh2 MMC tərəfindən keçiriləcək təkrar hərrracın keçirilməsinə dair bildiriş “whatsapp” tətbiqi vasitəsilə İddiaçı MMC-nin əməkdaşına göndərilmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, borclu kimi İddiaçı MMC-nin keçirilən birinci hərracdan hər hansı məlumatı olmamış və Cavabdeh2 MMC tərəfindən açıq hərracın keçirilməsinə dair bildiriş İddiaçı MMC-nin nə hüquqi ünvanı olan ünvan 3 olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu 22 A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binasında yerləşən ünvanına göndərilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. İş üzrə tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, iş üzrə tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 337.1.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. - 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. - 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. - 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu - 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. - 42.1-ci maddəsinə əsasən Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. - 44-cü maddəsinə əsasən Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 mart tarixli 2-2(113)-343/2020 nömrəli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası qismən təmin edilmiş, İddiaçı MMC-dən müvafiq olaraq pulun tutulması və tutumanın İddiaçı MMC-yə məxsus əmlaka yönəldilməsi qət edilmişdir.

10. Qeyd edilmiş qətnamə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli 2-2(103)-529/2020 nömrəli qətnaməsi ilə, dəbbə pulu və cəmi borcun tutulması hissəsində dəyişdirilmiş, dəbbə pulu 50.000 manat, cəmi borc 3.656.750,61 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli, 2-2(102)-323/2021 nömrəli qərarı ilə qeyd edilmiş qətnamə dəyişdirilmədən saxlanılmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli 2-2(103)-529/2020 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir.

12. İddiaçı tərəf hazırda, Cavabdeh2 MMC tərəfindən keçirilmiş ilkin hərracdan xəbəri olmadığına istinad edərək, xx.xx.2024-cü il tarixli ilkin hərracın etibarsız hesab edilməsini xahiş edir.

13. İş materiallarında olan Cavabdeh2 MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 41 saylı açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu 22 A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binasının dəyəri 4.000.000 manat olmaqla 18 mart 2024-cü il tarixdə açıq hərrac keçiriləcəkdir.

14. İş materiallarına əlavə edilmiş poçt zərfinin üzərində olan qeyddən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı MMC-yə göndərilmiş ilkin hərracın keçirilməsi barədə məktub “ünvan düzgün deyil” qeydi ilə ilə geri qayıtmışdır.

15. İş materiallarına əlavə edilmiş 525-ci qəzetin xx.xx.2024-cü il tarixli buraxılışından görünür ki, qeyd edilmiş əmlak barədə xx.xx.2024-cü il tarixdə açıq hərrac keçirilməsi barədə məlumat qəzetdə öz əksini tapmışdır.

16. Göründüyü kimi, xx.xx.2024-cü il tarixli ilkin hərracın keçirilməsi vaxtı barədə qəzetdə elan verilmişdir.

17. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qətnamənin mövcudluğundan xəbərdar olan iddiaçı tərəf üçün əmlakın hərraca çıxarılması halı aşikar olduğundan və xx.xx.2024-cü il tarixli ilkin hərracın keçirilməsi barədə 525-ci qəzetin xx.xx.2024-cü il tarixli buraxılışında bu barədə məlumat dərc edildiyindən, iddiaçı tərəf ilkin hərracın keçirilməsi vaxtından məlumatlı olmuşdur.

18. Ona görə də, Məhkəmə hesab edir ki, iddiaçının ilkin hərrac barədə xəbərdar edilməməsi barədə dəlili əsassızdır.

19. Belə olan halda yəni iddianın ilk hissəsi olan ilkin hərracın etibarsız hesab edilməsi tələbi əsassız olduğundan, iddianın digər hissələri də, əsassızdır.

20. Ona görə də, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh2nə qarşı “ ilkin hərracın etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar