Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2891/2021 11.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehnə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1039 manat məbləğində icarə haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 06.09.1997-ci il tarixli, 629 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi ilə cavabdeh arasında Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18 ünvanında yerləşən, ümumi sahəsi 75.3 kv.m olan torpaq sahəsinin icarəyə verilməsi barədə 24.10.2018-ci il tarixli, 10690/9679 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtlərinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Beləliklə, cavabdehin dövlət büdcəsinə ödənilməli olan 353/3365 nömrəli icarə müqaviləsi üzrə 1039 manat icarə haqqı borcu vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Hüsiyev iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən bu günə qədər icarə haqqı üzrə borcdan hər hansı ödəniş aparılmamış, əksinə növbəti aylar da onun tərəfindən ödənilməmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (icarəyəverən) ilə Cavabdeh (icarəçi) arasında bağlanılmış 24 oktyabr 2018-ci il tarixli 10690/9679 nömrəli “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” icarə müqavinənin 1.1-ci bəndinə əsasən icarəyəverən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin 27.02.2018-ci il tarixli 43 saylı Əmrinə əsasən Bakı şəhəri, Nəsimi ryaonu, Bülblü prospekti, 18 ünvanında yerləşən ümumi sahəsi 75.3 kv.m təşkil edən Azərbaycan Dövlət İnformasiya Agentliyinin balansında olan qeyri-yaşayış sahəsini kütləvi informasiya məqsədi ilə icarəçinin müddətli istifadəsinə verir. İllik icarə haqqı 632.52 manat, aylıq icarə haqqı isə 52.71 manat təşkil edir. 19.10.2018-ci il tarixinə dövlət büdcəsinə icarə haqqı borcu 190,44 manat təşkil edir. İddiaçının cavabdehə ünvanladığı 01.02.2021-ci il tarixli məktubla 24.10.2018-ci il tarixli icarə müqaviləsinə əsasən dövlət büdcəsinə 31.01.2021-ci il tarixə 934,01 manat məbləğində icarə haqqı üzrə borcun 7 gün müddətində ödənilməsini təmin etməyi, əks halda qanunvericiliyə uyğun tədbir görəcəyi barədə xəbərdarlıq etmişdir. Cavabdehin şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, onun 31.03.2021-ci il tarixə icarə haqqı üzrə borcu 1039,43 manat təşkil edir. Beləliklə işin hallarından məlum olur ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən, torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında həmin Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifəsidir. 14-cü maddəsinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir...Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.5-ci maddəsinə əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.16-cı bəndinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən, icarəyə verilməsindən və onun barəsində həyata keçirilən digər əməliyyatlardan əldə edilən vəsaitin uçotunun aparılmasını və onun dövlət büdcəsinə daxil olmasını təmin etmək, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını həyata keçirmək həmin Xidmətin vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir. Belə ki, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə 1039 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1039 manat məbləğində borc tutularaq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən və iddia tələbi təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 1039 (bir min otuz doqquz) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2891/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2891/2021
11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver