Məhkəmə qərarları › İş №e-2-2(113)-2891/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2891/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2891/2024 06.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. "xxxx" QSC-nin “20 Yanvar” filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında 30 iyun 2015-ci il tarixli, 005L**********68 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 40.000 ABŞ dolları məbləğində 120 ay müddətinə xx.xx.2025-ci il tarixədək uzunmüddətli kredit xəttini açmışdır. Müqaviləyə əsasən uzunmüddətli kredit xətti həmin müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Kreditlər tərəflər arasında “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanılacaq ayrıca razılaşmalar əsasında veriləcəkdir. Həmin müqavilənin: - 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 30 iyun 2025-ci il tarixdən gec olmayaraq verilməlidir. - 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. - 1.6-cı bəndinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. - 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kredit verən bu müqaviləyə vaxtından əvvəl xitam vеrmək və hər bir qaytarmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb еtmək hüququna malikdir. - 4.4-cü bəndinə əsasən tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək bu müqavilə qüvvədədir. Kredit müqaviləsi hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.

2. "xxxx" QSC-nin “20 Yanvar” filialı (bank) ilə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 (zaminlər) arasında müvafiq olaraq 08 iyun 2021-ci il tarixli, 005S**********01 və 005S**********02 saylı, 24 noyabr 2021-ci il tarixli, 005S**********01 saylı zaminlik müqavilələri bağlanmışdır. Müqavilələrin giriş hissəsinə əsasən həmin müqavilələr "xxxx" QSC ilə borclu Cavabdeh1 arasında bağlanmış 30 iyun 2015-ci il tarixli, 005L**********68 saylı uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərini təmin etmək üçün bağlanmış, müddətli kredit müqaviləsinin məbləğinin 40000 ABŞ dolları məbləğində, müddətinin 120 ay, faiz dərəcəsinin yuxarı həddinin 28%, ödənişlərin dövriliyinin hər təqvim aynda bir dəfə olması müəyyən edilmişdir. Həmin müqavilələrin: - 1.1-ci bəndinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. - 3.1.1-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zaminlər icra etməlidir. - 3.1.2-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zaminlər ödəyir. - 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminlərin öhdəliyidir. - 4.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı tarixdən qüvvəyə minir və kredit xətti müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. Müqavilələr bankın imzası və möhürü, zaminlərin isə imzası ilə təsdiq edilmişdir.

3. "xxxx" QSC-nin “20 Yanvar” filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış 30 iyun 2015-ci il tarixli, 005L**********68 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 005R********** saylı, xx.xx.2021-cu il tarixli kredit razılaşmasına əsasən bank məbləği 13.000 manat olan krediti aylıq faiz dərəcəsi 2,0833% olmaqla 36 ay müddətinə kredit alana vermişdir. - 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. - 1.3-cü bəndinə əsasən kredit alana kredit aşağıda göstərilmiş məqsəd üçün verilir və kredit alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir: Fərdi mikro kredit. -2.1-ci bəndinə əsasən bank krediti kredit alanın AZ66ACAB******************** cari hesabına köçürür. Kreditin kredit alanın hesabına köçürüldüyü tarix kreditin verildiyi tarix hesab olunur. - 2.2-ci bəndinə əsasən bank 65 manat məbləğində kreditin verilməsi üçün komisyon haqqı hesablayır. Kredit verilməsi üçün bu haqq ödənildikdən sonra kredit verilir. - 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. - 2.4-cü bəndinə əsasən faktiki illik faiz dərəcəsi FİFD 25.73 % təşkil edir. - 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyə borcludur. Müqavilədə giriş hissəsində kredit alan Cavabdeh1 məlumatları kimi şəxsiyyət vəsiqəsinin nömrəsi ilə yanaşı VÖEN-i də göstərilmişdir. Müqavilə bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir.

4. xx.xx.2021-ci il tarixli ödəniş planına əsasən Cavabdeh1 tərəfindən 005R********** saylı kredit razılaşması üzrə ödəyəcək əsas məbləğ 13.000 manat, faizin məbləği 5.701,24 manat, cəmi ödəniləcək məbləğ 18.701,24 manat məbləğində müəyyən edilmişdir. Ödəniş planı hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.

5. "xxxx" QSC tərəfindən verilmiş ödəniş sənədindən ilə müəyyən edilir ki, 13.000 manat kredit Cavabdeh1 AZ66ACAB******************** nömrəli hesabına köçürülmüşdür. Ödəniş sənədi bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir.

6. "xxxx" QSC-nin “20 Yanvar” filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında xx.xx.2023-cü il tarixli 005R**********S saylı saziş bağlanmışdır. Sazişə əsasən razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Saziş hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə notarial qaydada təsdiq edilmişdir.

7. xx.xx.2023-ci il tarixli dəyişiklik edilmiş ödəniş planına əsasən Cavabdeh1 tərəfindən 005R********** saylı kredit razılaşması üzrə ödəyəcək əsas məbləğ 10.000,44 manat, faizin məbləği 3.350,64 manat, cəmi ödəniləcək məbləğ 13.351,08 manat məbləğində müəyyən edilmişdir. Ödəniş planı hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.

8. "xxxx" QSC tərəfindən verilmiş sonuncu hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə borc alan tərəfindən xx.xx.2021-xx.xx.2024-cü il tarixləri (sonuncu ödəniş tarixi xx.xx.2024-cü il) aralığında müxtəlif vaxtlarda ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixdən (iddia ərizəsində tələb olunan borcun hesablandığı tarixdən sonra) sonra xx.xx.2024-cü il tarixdə 198 manat və xx.xx.2024-cü il tarixdə 148,5 manat məbləğində ödəniş edilmişdir. Həmin ödənişlərin 208,41 manat hissəsi əsas, 138,01 manat hissəsi isə faiz borcuna silinmişdir.

9. xx.xx.2024-cü il tarixli sonuncu maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" QSC-yə xx.xx.2024-cü il tarixə xx.xx.2021-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə 8.857,91 manat əsas, 2170,80 manat faiz, 731,99 manat cərimə borcu olmaqla cəmi borcu 11.760,70 manat təşkil edir. Cərimə hesablanmış gecikdirilən günlərin sayı 440 gün.

10. "xxxx" QSC tərəfindən Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubları ünvanlanaraq 2184,18 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə xx.xx.2023-cü il tarixinədək borc ödənilmədiyi təqdirdə razılaşmaya xitam veriləcəyi və borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4150 saylı ekspert rəyinə əsasən Cavabdeh1 "xxxx" QSC-yə olan borcu 0005R********** saylı, xx.xx.2021-cu il tarixli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə əsas kredit borcu 9163,40 manat, faiz borcu 483,62 manat, xx.xx.2024-cü il tarixə əsas kredit borcu 9163,40 manat, faiz borcu 1813,56 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

12. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 005R********** saylı krеdit razılaşması üzrə 9.066,4 manat məbləğində krеdit bоrcu, 986,33 manat məbləğində faiz bоrcu və 179,75 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 10.232,48 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin və 120,7 manat məbləğində dövlət rüsumunun tutulması barəd qətnamə qəbul edilməsini xahiş etmişdir

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 005L**********68 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 40000 ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 005R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2023-cü il tarixli 005R**********S saylısazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 3.933,6 manat ödəmiş, onun 9.066,4 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 133 gün üçün hesablanmış faiz borcu 2.027,85 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 133 gün üçün hеsablanmış cərimə 179,75 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə edilmiş dəyişiklikdən əvvəl hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdehlər iştirak etməmişdir. Bu barədə xx.xx.2023-ci il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq İddiaçı QSC tərəfindən 200 manat haqq ödənilmişdir.

14. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2 və 501-ci maddələrinə istinad etmişdir

b) İddiaya qarşı etirazın dəlilləri

15. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

16. Cavabdeh2 izahatında məhkəmə tərəfindən borc məbləğinin hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh iddia tələbinin ekspertiza rəyində göstərilən həcmdə təmin edilməsinə etirazının olmadığını bildirmişdir.

17. İş üzrə iddiaçı və cavabdehlər Cavabdeh4, Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər,lakin iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

18. Məhkəmə işə işdə iştirak edən digər şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

19. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

20. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi). İV. TƏTBİQ EDİLƏN HÜQUQ

21. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

22. AR MPM-in: - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

23. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

24. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh1 arasında 30 iyun 2015-ci il tarixli, 005L**********68 saylı uzunmüddətli kredit müqaviləsi və həmin müqavilə üzrə 005R********** saylı, xx.xx.2021-cu il tarixli kredit razılaşmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "xxxx" QSC 005R********** saylı, xx.xx.2021-cu il tarixli kredit razılaşmasına üzrə cavabdeh M Cavabdeh1 müqavilədə və razılaşmada müəyyən edilmiş şərtlərlə cəmi 13.000 manat məbləğində kredit verməklə, razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 isə kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.

26. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə iddiaçı "xxxx" QSC Cavabdeh1 xəbərdarlıq məktubu göndərilsə də, xəbərdarlıq məktubunda həmin tarixə gecikdirilmiş borc məbləğinin ödənilməsi tələb edilmişdir. Odur ki, həmin xəbərdarlıq məktubunun müqavilənin vaxtından əvvəl ləğv edilməsi barədə bildiriş kimi qiymətləndirilməsi üçün əsas yoxdur. 27.Belə olan halda isə iddiaçı "xxxx" QSC xx.xx.2023-cü il tarixədək (iddia ərizəsində tələb olunan tarixədək) olan müddət üçün hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır.

28. Kredit razılaşması üzrə əsas və xx.xx.2023-cü il tarixədək olan müddət üçün hesablanmış faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə Cavabdeh1 "xxxx" QSC-yə olan borcu 0005R********** saylı, xx.xx.2021-cu il tarixli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə əsas kredit borcu 9163,40 manat, faiz borcu 483,62 manat təşkil etməsi müəyyən edilmişdir.

29. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.

30. Odur ki, xx.xx.2023-cü il tarixdən sonra banka edilmiş cəmi 346,5 manat məbləğində ödənişləri (208,41 manat əsas və 138,01 manat faiz borcuna silinmişdir) nəzərə alsaq cavabdehin iddiaçıya əsas borcu 8954,91(9163,40-208,41) manat, xx.xx.2023-cü il tarixədək hesablanmış və faiz borcu 345,61(483,62-138,01) manat təşkil edir. Odur ki, kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilməli, Cavabdeh1 8954,91 manat əsas və 345,61 manat faiz borcu tutulmalıdır.

31. Bundan əlavə iddiaçı kredit razılaşması üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh1 hesablanmış 179,75 manat məbləğində dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür.

32. Məhkəmə hesab edir ki, Cavabdeh1 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı Cavabdeh1 dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır. Eyni zamanda hesablanmış dəbbə pulu məbləği tənasübsüz surətdə yeksək olmadığından onun Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə uyğun olaraq azaldılması üçün əsas yoxdur.

33. İş materiallarından həmçinin görünür ki, "xxxx" QSC (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış 30 iyun 2015-ci il tarixli, 005L**********68 saylı uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi "xxxx" QSC (bank) ilə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 (zaminlər) arasında müvafiq olaraq 08 iyun 2021-ci il tarixli, 005S**********01 və 005S**********02 saylı, 24 noyabr 2021-ci il tarixli, 005S**********01 saylı zaminlik müqavilələri zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 kredit alan Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə öhdəliklərinə, o cümlədən 005R********** saylı, xx.xx.2021-cu il tarixli kredit razılaşmasından irəli gələn öhdəliklərinə zamin durmuşlar.

34. Məhkəmə zaminlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 30 iyun 2015-ci il tarixli, 005L**********68 saylı uzunmüddətli kredit müqaviləsi, o cümlədən həmin müqavilə çərçivəsində bağlanmış 01005R********** saylı, xx.xx.2021-cu il tarixli kredit razılaşması üzrə borc alan Cavabdeh1 bütün öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, "xxxx" QSC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə də haqlıdır.

35. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri və 120,7 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

36. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 120,7 manat təşkil edir.

37. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

38. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

39. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 185 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. 40.İddiaçı tərəfindən artıq ödənilmiş 120,7 manat məbləğində dövlət rüsumu isə iddiaçıya qaytarılmalıdır.

41. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 93 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 7 manat hissəsi isə İddiaçı QSC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, İbrahimov Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 01005R********** saylı, xx.xx.2021-cu il tarixli kredit razılaşması üzrə 8954,91 manat əsas borcu, 345,61 manat faiz borcu, 179,75 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 29.601,65 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 185 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 93 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 7 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. İddia verilərkən artıq ödənilmiş 120,7 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar