Məhkəmə qərarları › İş №e-2-2(113)-2896/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2896/2022

15.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2896/2022 15.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 06/1859/DİLİZ nömrəli X6 Müqaviləsinin xitam edilməsi, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 06/1859/DİLİZ nömrəli X6 Müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə yaranmış 19793.87 manat əsas borc, 8106,14 manat mükafat borcu, 123.44 cərimə faizi, cəmi 28023,45 manat lizinqi borcu məbləğinin, iddiaçı tərərəfindən ödənilmiş 200 manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərc cavabdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 06/1859/DİLİZ nömrəli X6 Müqaviləsinin xitam edilməsi, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 06/1859/DİLİZ nömrəli X6 Müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə yaranmış 19793.87 manat əsas borc, 8106,14 manat mükafat borcu, 123.44 cərimə faizi, cəmi 28023,45 manat lizinqi borcu məbləğinin, iddiaçı tərərəfindən ödənilmiş 200 manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərc cavabdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 06/1859/DİLİZ nömrəli X6 Müqaviləsinə əsasən iddiaçı təsviri bü müqavilədə göstərilən 1 (bir) ədəd, 2008-ci il buraxılışı olan, “Porsche Cayenne-GTS” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehin istifadəsinə vermişdir. Cavabdeh sözügedən müqavilənin 9.4-cü bəndinə əsasən Lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 21500 manat təşkil edir. Bu ümumi məbləğdən 8461 manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Hər-ay 832,26 manat ödəniş etməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 23 % olmaqla 36 ay müddətinə verilmişdir. Cavabdeh müqaviləyə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2019cu il tarixdən etibarən hər ay 832,26 1 manat olmaqla ödəniş etməli olduğu təqdirdə xx.xx.2019-cu il tarixdən etibarən heç-bir ödəniş etməmişdir. İddiaçının mülkiyyətində olan **-PE-*** dövlət qeydiyyat nişanlı “Porsche Cayenne-GTS” avtomobili xx.xx.2021-ci il tarixdə avtomobili lizinqə məxsuz duracağa yerləşdirmiş və avtomobil hal-hazırda yararsız vəziyyətdədir. Yaranmış borcla bağlı iddiaçı tərəfindən cavabdehin faktiki qeydiyyatda olduğu ünvanı olan N.ünvan 1də yazılı və şifahi əlaqə saxlanılaraq xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin xitam edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bu Müqavilənin 4.1.3-cü bəndinə əsasən tərəflər arasındakı müqavilə münasibətlərinə «Lizinq alan» tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi ilə bağlı xitam verildiyi zaman lizinq obyekti «Lizinq alan» tərəfindən geri qaytarılmazsa və ya vaxtında geri qaytarılmazsa ödənilməmiş ümumi məbləğin hər günü üçün 3% məbləğində ödəniş tələb etmək. Bu Müqavilənin 13.1-ci bəndinə əsasən hər hаnsı bir mübаhisə və yахud аnlаşılmаzlıq ilkin olaraq danışıqlar yolu ilə, bu mümkün olmadıqda isə Аzərbаycаn Respublikаsının qüvvədə оlаn qаnunvericiliyinə uyğun оlаrаq Аzərbаycаn Respublikаsının aidiyyəti məhkəməsində həll оlunur. Eyni zamanda cavabdehə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə taxes.gov.az saytından vergi ödəyicisinin şəxsi kabinetinə “pretenziya” məktubu göndərilmişdir. İşin mediasiya qaydasında həll edilməsi üçün xx.xx.2022-ci il tarixdə Mediasiya Şurasında müraciət edilmişdir, mediator tərəfindən xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. İddiaçının nümayəndəsi X3 əvvəl keçirilmiş məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, 2019-ci ilin iyul ayında oğlu lizinqə avtomovil almışdır. 2 ay sürdükdən sonra maşının motoru tökülmüşdür. Daha sonra maşını ustaya təhvil vermişdir. Pandemiya səbəbindən avtomobil orada uzun müddət qalmış, bir müddət sonra avtomobilin bütün hissələrinin oğurlandığını bildirmişlər. Həmin oğrular kameraya da düşmüşdülər. Daha sonra hüquq mühafizə orqanlarına müraciət etmiş və bu işlə bağlı cinayət işi açılmışdır. Həmin iş üzrə cavabdehə 23000 manat zərər dəydiyi müəyyən olunmuşdur. Daha sonra iddiaçıya bu barədə məlumat vermiş, onlar isə ona narahat olmamağını, siğorta olunduğu üçün problemi həll edəcəklərini bildirmişlər. Bir müddət sonra iddiaçının əməkdaşları onunla əlaqə saxlayaraq avtomobili onların dediyi saxlanca qoymağını dedikləri üçün avtomobilin həmin yerə qoyulmasını təmin etmişdir. Həmin vaxtdan bir müddət keçdikdən sonra cavabdehi məhkəməyə vermişlər. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 06/1859/DİLİZ nömrəli X6 Müqaviləsindən görünür ki, iddiaçı, 2008-ci il buraxılışı olan, “Porsche Cayenne-GTS” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili 36 ay müddətinə cavabdehə lizinqə verməyi, cavabdeh isə lizinq obyektindən istifadəyə görə şərtləşdirilmiş muzd ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2019-cu il tarixli Təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən 2008-ci il buraxılışı olan, “Porsche Cayenne-GTS” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən həmin avtomobil təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli 1859/DLİZ saylı Maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli 06/1859/DLİZ nömrəli X7 Müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə və (795) gecikmə gününə yaranmış borc 19793,87 manat əsas borc, 8106,14 manat mükafat borcu, 123,44 manat gecikdirilmiş cərimə məbləği, cəmi 28023,45 manat lizinq borcu mövcuddur. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 06/1859/DİLİZ nömrəli X6 Müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı, 2008-ci il buraxılışı olan, “Porsche Cayenne-GTS” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili 36 ay müddətinə cavabdehə lizinqə verməyi, cavabdeh isə lizinq obyektindən istifadəyə görə şərtləşdirilmiş muzd ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən avtomobil xx.xx.2019-cu il tarixli Təhvil-təslim aktı ilə cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən həmin avtomobil təhvil alınmışdır. Tərəflərin razılığı əsasında ödənişlər müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Cavabdeh müqaviləyə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də lizinq müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları lizinq obyektini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş lizinq obyektinə görə lizinqverən qarşısında lizinq obyektinin dəyərini ödəməyi öhdəliyi daşıyır. İddiaçı cavabdehə lizinq obyektini verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan X6 müqaviləsinə istinad edir. İş materiallarında olan sənədlərlə cavabdehin xx.xx.2019-cu il tarixdə 06/1859/DİLİZ nömrəli X6 Müqaviləsinə əsasən yaranmış 19793.87 manat əsas borc, 8106,14 manat mükafat borcu müəyyən olunur. Məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissələrdə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. Belə ki, müqavilənin 4.1.3-cü bəndinə əsasən tərəflər arasındakı müqavilə münasibətlərinə «Lizinq alan» tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi ilə bağlı xitam verildiyi zaman lizinq obyekti «Lizinq alan» tərəfindən geri qaytarılmazsa və ya vaxtında geri qaytarılmazsa ödənilməmiş ümumi məbləğin hər günü üçün 3% məbləğində ödəniş tələb etmək hüququna malikdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu 123.44 manat dəbbə pulu məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin müqaviləyə xitam verilməsi hissəsinə münasibətdə qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh öhdəliyini yerinə yetirməmiş və bu hal, lizinq müqaviləsinə xitam verilməsi üçün əsasdır. Başqa sözlə, iddia tələbi X6 Müqaviləsinə xitam verilməsi hissəsində təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 06/1859/DİLİZ nömrəli X6 Müqaviləsinə xitam verilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 06/1859/DİLİZ nömrəli X6 Müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə yaranmış 19793.87 manat əsas borc, 8106,14 manat mükafat borcu 123.44 cərimə faizi, cəmi 28023,45 manat lizinqi borcu, 200 manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərc Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar