Məhkəmə qərarları › İş №e-2-2(113)-2897/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2897/2024

29.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2897/2024 29.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) “dəymiş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: obyektiv məsuliyyət, yüksək təhlükə mənbəyinin sahibi, işçi tərəfindən törədilmiş deliktə görə hüquqi şəxsin məsuliyyəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) “dəymiş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus “X5” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq 11498 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçıya məxsus “X5” markalı **- CY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə cavabdehə məxsus “DAF FT” markalı **- JA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə xx.xx.2023-cü il tarixdə Bakı-Quba yolunun 108-ci km-də qəza nəticəsində 13225 manat məbləğində maddi ziyan vurulmuşdur. Bu ziyanın 4846,10 manat hissəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilsə də, 8379 manat hələ də ödənilməmişdir. Eyni zamanda həmin ərəfədə 15 gün iddiaçı işləyə bilməmiş, nəticədə ona 3119,58 manat məbləğində maddi ziyan dəymişdir. Beləliklə, cavabdeh tərəfindən ümumilikdə 11498 manat ziyan vurulmuşdur. Cavabdehə pretenziya məktubu ilə müraciət edilmiş, Mediasiya Şurası tərəfindən proses keçirilmişdir, lakin cavabdeh vurduğu ziyanı ödəməkdən imtina etmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425.1, 442-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

II. Tərəflərin mövqeləri:

6. İddiaçı məhkəmə iclaslarında iştirak edərək, iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, iddia tələbini 3119,58 manat məbləğində əldən çıxmış fayda hissəsində müdafiə etmir. Sadəcə mülkiyyətində olan nəqliyyat vasitəsinə dəymiş zərəri tələb edir.

7. Məhkəmənin suallarına cavab olaraq iddiaçı göstərdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2024-cü il tarixli 9/5324 nömrəli ekspert rəyi ilə razıdır.

8. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə, nümayəndəsi X3 əldən çıxmış fayda hissəsində iddia tələbi ilə razı olmadıqlarını, dəymiş zərərin ekspert rəyi ilə təsdiq olunduğunu, lakin dəymiş zərərin də ödənilməsinə etiraz etdiklərini bildirdilər.

9. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi X3 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2024-cü il tarixli 9/5324 nömrəli ekspert rəyinə etiraz etmədiklərini bildirdi.

10. Üçüncü şəxs X2 əvvəlki məhkəmə iclaslarında iştirak edərək 23 sentyabr 2024cü il tarixli 9/5324 nömrəli ekspert rəyində göstərilən zərərin dəyməsinin mümkün olduğunu, 5000 manat ödəmək istədiyini, lakin cavabdehlə razılığın əldə olunmadığını bildirdi.

11. Cavabdeh və üçüncü şəxs məhkəmənin sonuncu baxış iclasında iştirak etməmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Subroqasiya qaydasında pulun tutulması tələbi ilə bağlı

13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər, mümkün və aid sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

15. İşin məhkəmə tərəfindən müəyyən olunan mübahisəsiz halları ondan ibarətdir ki, üçüncü şəxs X2 xx.xx.2022-ci il tarixdən əmək müqaviləsi əsasında Cavabdeh MMC-də sürücü vəzifəsində işləmiş, həmin vəzifənin icrası zamanı cavabdehə məxsus “DAF FT XF 105.510” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Bakı-Qazax yolunun 108-ci kilometrində idarə edərkən 12 may 2023-cü il tarixdə iddiaçının mülkiyyətində olan “X5” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə “X5” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. X6 tərəfindən tərtib edilmiş İXP ******* seriya və nömrəli xx.xx.2023-cü inzibati xəta haqqında protokola əsasən “DAF FT XF 105.510” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edən üçüncü şəxs yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli hesab edilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli ilkin rəy ilə nəqliyyat vasitəsinə 13225 manat dəyərində ziyan dəydiyi müəyyən olunmuşdur.xx.xx.2023-cü il tarixli 3632 nömrəli ödəniş tapşırığı əsasında “X5” markalı **- CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər üçün "xxxx" ASC tərəfindnən 4846,1 manat sığorta ödənişi edilmişdir.

16. İddiaçı nəqliyyat vasitəsinə dəyən zərərin sığorta ödənişi ilə əhatə olunmayan 8379 manat hissəsinin cavabdehdən tutulmasını tələb edir, Məhkəmə Ekspertiza Mərkəzinin 9/5324 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə razılaşır, 3119,58 manat əldən çıxmış fayda hissəsində iddianı müdafiə etmədiyini bildirir.

17. Cavabdeh dəymiş zərərin çox hesablandığını bildirir, Məhkəmə Ekspertiza Mərkəzinin 9/5324 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyinə etiraz etmir, əldən çıxmış fayda hissəsində iddia ilə razı olmadığını qeyd edir.

18. Üçüncü şəxs 23 sentyabr 2024-cü il tarixli 9/5324 nömrəli ekspert rəyində göstərilmiş zərərin iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə dəyə biləcəyini göstərir.

19. Məhkəmə mübahisənin həlli üçün tətbiq ediləcək hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edir.

20. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yəni öhdəlik bir tərəfin müəyyən hərəkətlər etməsi və ya müəyyən hərəkətlərdən çəkinməsi, digər tərəfin isə tələb etmək hüququ ilə xarakterizə edilən qarşılıqlı hüquqi münasibətdir. Hər bir hüquqi münasibət kimi öhdəlik hüquq münasibətinin də müəyyən yaranma - əmələ gəlmə əsası olur. Mülki Məcəllənin 386-cı maddəsi öhdəliklərin əmələ gəlmə əsaslarını müəyyən edir. Belə ki, öhdəliyin əmələ gəlmə əsaslarına başlıcası müqavilə olmaqla zərər vurulması, əsassız varlanma və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar aid edilir. Mülki hüquq nəzəriyyəsində bu əsaslar müqavilədən və müqavilədən kənar olmaqla iki yerə bölünür. Öhdəliyin zərər vurulması ilə, yəni mülki hüquq pozuntusu (deliktlər) nəticəsində əmələ gəlməsi onun müqavilədən kənar əsasla yaranması hesab olunur.

21. Mülki Məcəllənin doqquzuncu bölməsi mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər adlanır. Mülki Məcəllənin 1096-cı maddəsi mülki hüquq pozuntusuna anlayış verir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Verilən anlayışdan aydın olur ki, mülki hüquq pozuntusunun tərkibi hüquqazidd əməl, bu əməllə zərər arasında səbəbli əlaqə və təqsirdir.

22. Göründüyü kimi, deliktin yaranması üçün üç mühüm şərtin olması vacibdir və bu, bütün deliktlər üçün ümumi normadır. Lakin delikt tərkibi cinayət və inzibati xəta tərkiblərindən fərqli olaraq məhdud tərkiblə də formalaşa bilir. Hüquqi tərkib isə müəyyən hallarda hüquqi məsuliyyətin tipini müəyyən edir. Hüquqi məsuliyyətin hüquq ədəbiyyatında üç tipi fərqləndirilir: təqsir əsaslı məsuliyyət, obyektiv məsuliyyət və mütləq məsuliyyət. Obyektiv məsuliyyət zamanı şəxsin təqsirli olub-olmaması elə bir əhəmiyyət daşımır, lakin müəyyən hallar (məsələn, qarşısıalınmaz qüvvə, zərərçəkənin qəsdi və ya razılığı və s.) olur ki, həmin hallar şəxsin məsuliyyətini istisna edir. Ancaq mütləq məsuliyyət zamanı şəxs zərərin qarşısının alınmasının qeyri-mümkünlüyünü sübut etsə də, məsuliyyətə cəlb olunur.

23. Mülki Məcəllədə mülki hüquq pozuntuları üçün mütləq məsuliyyət nəzərdə tutulmasa da, təqsir əsaslı məsuliyyət və obyektiv məsuliyyət tiplərində hüquqi məsuliyyət nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Başqa sözlə, qanunverici təqsir olmadan da, səbəbli əlaqə və hüquqazidd əməldən ibarət tərkibli mülki hüquq pozuntusunu tanıyır. Yəni obyektiv hüquqi məsuliyyətə yol verir.

24. Mülki Məcəllədə obyektiv məsuliyyət müəyyən edən delikt tərkibindən biri də Mülki Məcəllənin 1108-ci maddəsində təsbit edilmişdir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

26. Hazırkı iş üzrə üçüncü şəxs əmək müqaviləsi əsasında nəqliyyat vasitəsini idarə edən sürücü olmuşdur. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında ifadə olunan hüquqi mövqeyə əsasən qiymətləndirdikdə məhkəmə qeyd edir ki, üçüncü şəxs Mülki Məcəllənin 1108.1-ci maddəsində göstərilən “yüksək təhlükə mənbəyinə sahiblik edən şəxs” hesab edilə bilməz. İddiaçının tələbi də “DAF FT XF 105.510” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisinə (qanuni sahibiblik edən şəxsə) yönəlmişdir.

27. Digər tərəfdən, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, isə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

28. Üçüncü şəxs X1 xx.xx.2022-ci il tarixdən əmək müqaviləsi əsasında Cavabdeh MMC-də sürücü vəzifəsində işləməsi, həmin vəzifənin icrası zamanı cavabdehə məxsus “DAF FT XF 105.510” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Bakı- Qazax yolunun 108-ci kilometrində idarə edərkən 12 may 2023-cü il tarixdə iddiaçının mülkiyyətində olan “X5” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması, nəticədə “X5” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəyməsi işin müəyyən olunan mübahisəsiz halıdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

29. Eyni zamanda hər iki halda (həm Mülki Məcəllənin 1099-cu, həm də 1108-ci maddəsi ilə təsbit edilən halda) Mülki Məcəllənin 1114-cü maddəsində nəzərdə tutulmuş qaydada zərər vurmuş şəxsə reqress hüququ əmələ gəlir.

30. Lakin məhkəmə iddianın obyekti ilə tam həcmdə razı deyildir.

31. Belə ki, buraxılış ili 2009-cu il olan “X5” yük markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobildə iş materiallarında olan 18 may 2023-cü il tarixli ZA-1805/ME-2 nömrəli ekspert rəyində göstərilən təmir-bərpa işlərinin (avtomobilin buraxılış ili nəzərə alınmaqla, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə və diskdə təqdim edilən fotoşəkillərə baxış keçirməklə) görülməsi üçün nə qədər vəsaitin (avtomobilin təmirinin həyata keçirildiyi 2023-cü ilin may ayına olan qiymətlər əsas götürməklə və ehtiyat hissələrinin dəyəri ilə işçilik haqqı ayrılıqda göstərilməklə) tələb olunduğunun müəyyən edilməsi üçün Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2897/2024 nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2024-cü il tarixli 9/5324 nömrəli ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən 2009-cu il buraxılışlı “X5” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin 2023-cü ilin may ayına olan təmir-bərpa xərci təxminən 12275 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti - 9875,00 manat, təmir-bərpa işlərinin qiyməti - 2400,00 manat müəyyən edilmişdir. Tərəflər və üçüncü şəxs qeyd edilən rəylə razı olmuşdurlar.

32. Məhkəmə həmçinin nəzərə alır ki, iddia obyektini təşkil edən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) müvafiq məbləğlərin müəyyənləşdirilməsində həlledicidir.

33. Bu baxımdan məhkəmə hesab edir ki, 23 sentyabr 2024-cü il tarixli 9/5324 nömrəli ekspert rəyi ilə müəyyən olunan zərər məbləğindən cavabdehə ödənilmiş 4846,1 manat sığorta ödənişi çıxıldıqdan sonra tutulmalı məbləğ 7428,9 manat təşkil edir.

34. İddia tələbinin əldən çıxmış fayda hissəsində müdafiə edilmədiyini nəzərə alan məhkəmə həmin hissə iddia üzrə araşdırma aparmağa zərurət görmür və iddia tələbinin 3119,58 manat hissəsində rədd edilməsi qənaətinə gəlir.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh MMCdən 7428,9 manat pul tutularaq İddiaçı ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

36. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli MŞB/6-00089 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçının tərəfindən mediasiya sessiyasının keçirilməsi ilə bağlı 210 manat məbləğində mediasiya xərci ödənmişdir.

37. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

38. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

39. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (tərəflərin mediasiya prosesindən keçərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

40. Göründüyü kimi, iddiaçının məhkəməyə müraciət etmək üçün məhkəməyəqədər hazırlıq mərhələsində həyata keçirməli olduğu hərəkətlər sırasına ilkin mediasiya sessiyasında iştirak Mülki Prosessual Məcəllənin tələbi olmuşdur (mediasiya arayışı xx.xx.2024-cü il tarixdə alınmış, Mülki Prosessual Məcəlləyə kommersiya mübahisələri üzrə məcburi mediasiyanı ləğv edən dəyişiklik isə xx.xx.2024-cü il tarixdən qüvvəyə minmişdir). Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

41. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 130 manat Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

V. Nəticə:

43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehndən 7428,9 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 130 manat pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar