Məhkəmə qərarları › İş №e-2-2(113)-29/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-29/2023

18.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-29/2023 18.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən vurulmuş maddi ziyana görə 205.000 (iki yüz beş min) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının 21 fevral 2005-ci il tarixli 39 saylı Sərəncamına və 21 fevral 2005-ci il tarixli 39 saylı icarə müqaviləsinə əsasən qoyunçuluğu inkişaf elətdirmək məqsədilə 45 hektar torpaq sahəsi verilmişdir. İcarə müqaviləsinin müddəti 2020-ci ildə bitsə də Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının 11 iyul 2017-ci il tarixli Sərəncamı ilə icarə müqaviləsinə vaxtından əvvəl xitam verilmişdir. Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının 16 dekabr 2017-ci il tarixli Sərəncamı ilə torpaq sahələrinin "xxxx" MMC-yə verilməsi və torpaq sahiblərinə dəymiş ziyanın ödənilməsi nəzərdə tutulmuşdur. "xxxx" Consulting Group MMC tərəfindən fermanın bazar dəyəri 85.000 (səksən beş min) manat göstərilmişdir. Verilmiş rəydə ferma ərazsində olan artezian quyularının dəyəri nəzərə alınmamışdır. Bundan əlavə fermada hər birinin dəyəri 25.000 (iyirmi beş min) manat olan iki artezian quyusu qazılmışdı və bu artezianları elektrik enerjisi ilə təmin etmək üçün 900 metr 10 min voltluq dirəkləri olmaq şərtilə 10.000 manat pul xərclənmişdir. Bundan əlavə müqaviləyə vaxtından əvvəl xitam verildiyi üçün əldən çıxmış fayda kimi 60.000 (altmış min) manat məbləğində ziyan dəymişdir. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəməyə izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, eyni zamanda qeyd etmişdir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən ona əlavə edilmiş qiymətləndirmə rəyində ferma qiymətləndirilərkən daha yüksək məbləğdə- 85.000 manat olaraq qiymətləndirilmişdir. İddia tələbində ona da istinad edilmişdir. Məhkəmə iclasında ekspert bildirmişdir ki, ferma ərazisi heyvandarlıq üçün nəzərdə tutulmuş ferma olmuşdur. Belə ki, ferma ərazisində 1.000-ə qədər qoyun olmuşdur. İddiaçı Rayon İcra Hakimiyyətinin sərəncamına uyğun olaraq, məcburiyyət qarşısında həmin heyvanları 1 ay ərzində satmalı olmuşdur. Kənd təsərrüfatı sahəsində məşğul olan şəxlərdən məlumdur ki, 1.000 baş qoyunun artımı bir il ərzində 300-400 baş arasında dəyişir. Bu isə iddiaçının əldən çıxmış fayda kimi cavabdehdən tutulmalıdır. Ekspert rəyində də çəkilən xərclər müəyyənləşdirilmiş, fermanın bazar dəyəri müəyyən edilməmişdir. İddia tələbində qeyd edilən 205.000 manat məbləğdən 85.000 manat fermanın bazar dəyərinə uyğun, 60.000 manat isə müqaviləyə vaxtından əvvəl xitam verildiyi üçün dəymiş zərər kimi tələb edilir. Müqaviləyə vaxtından əvvəl xitam verilməsi nəticəsində qoyunlar satılmışdır ki, bu da iddiaçını gəlirdən məhrum etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qismən qəbul etdiklərini bildirərək qeyd etmişdir ki, ekspert rəyində göstərilmiş 33.820 manatdan əlavə olaraq toraq sahəsinin icarə haqqı ilə bağlı 4.500 manat və meyvə ağacları ilə bağlı 3.250 manat ödənilməsinə cavabdehin rəhbərliyi tərəfindən razılıq verilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “icarəyə verən” Ağcabədi Rayon İcra Hakimiyyəti və “icarəçi” İddiaçı arasında imzalanmış xx.xx.2005-ci il tarixli 39 nömrəli torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləyə əsasən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 39 nömrəli sərəncamı əsasında 45 hektar torpaq sahəsi uzunmüddətli icarəyə verilmişdir. 1.3 bəndə əsasən torpaq sahəsi qoyunçuluğun inkişaf etdirilməsi məqəsdilə icarəyə verilmişdir. 2-ci bənddə müqavilənin xüsusi şərti olaraq razılaşdırılmışdır ki, torpaq sahəsi üzərində əsaslı tikinti işləri aparılmamalıdır. Torpaq sahəsi geri alınarkən tərəflərə dəyən ilkin ziyan qanunla müəyyən edilmiş qaydada aparılır. 2.1 bəndə əsasən müqavilə 15 il müddətinə bağlanılmışdır. 2.4 bəndə əsasən “icarəçi” hər il 473 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. 2.10-cu bəndə əsasən icarə müqaviləsinin dəyişdirilməsi və vaxtından əvvəl ləğv edilməsi dayandırılması və uzadılması barədə təkliflər vermək “icarəyə verən”in hüququdur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin çıxarışlarından məlum olur ki, Ağcabədi rayonu ərazisində 300.000 kv.m torpaq sahəsi və 15.000 kv.m torpaq sahəsi qoyunçuluğun inkişafı məqsədilə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 39 saylı 2005-ci il 21 fevral tarixli sərancamı əsasında İddiaçı icarəyə verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin MB-11/925 nömrəli qiymətləndirmə hesabatından məlum olur ki, Ağcabədi rayonu Hindarx qəsəbəsi ünvanında yerləşən fermanın 12 oktyabr 2018-ci il tarixinə hesablanmış bazar dəyəri 85.000 manat qeyd edilmişdir. 301/R-11/17-BK/03 saylı 10 noyabr 2017-ci il tarixli "xxxx" MMC-nin rəyində qeyd edilmişdir ki Ağcabədi rayonu (“Hindarx qəsəbəsi” qış otlaq sahələri) ərazisində yerləşən, təqdim edilən siyahıya uyğun olaraq icarədə olan torpaqların istifadə və həmin torpaqların üzərində yerləşən tikili və qurğuların, avadanlıqların, inventarların və çoxillik əkmələrin bazar dəyəri 10 noyabr 2017-ci il tarixinə 41.372 (qırx bir min üç yüz yetmiş iki) manat təşkil edir. "xxxx" MMC-nin 19 avqust 2022 tarixli ƏEM/İ 38-502/22 saylı rəyində Ağcabədi rayonu ərazisində yerləşən torpaq sahəsi, həmin torpaqlar üzərində yerləşən tikili və qurğuların, avadanlıqların, inventarın və çoxillik əkmələrin bazar dəyəri- icarə hüququ ilə 45 ha torpaq sahəsi üzrə 21.150 manat, tikililər 25.308 manat, qurğular 32.202,5 manat, ağaclar 3.750 manat olmaqla cəmi 82.410,5 manat qeyd edilmişdir. İş üzrə məhkəmə ekspertizası təyin edilmiş 27 mart 2023-cü il tarixli 10/7371-9/8146 saylı ekspert rəyində qeyd edilmişdir ki, tədqiq olunan tikililər, qurğular və avadanlıqların ümumi dəyəri təqribən 33.820 manat müəyyən edilir. Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının 16 dekabr 2012 tarixli 149 nömrəli sərəncamında qeyd edilmişdir ki, "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli və Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin 07 dekabr 2012-ci il tarixli **********132 saylı məktubları nəzərə alınsın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2017-ci il tarixli 709s saylı sərəncamı ilə əkin dövriyyəsinə cəlb edilməklə ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmiş və "xxxx" MMC-yə icarəyə verilməsi nəzərdə tutulan 850 ha torpaq sahəsində əvəllər fəaliyyət göstərmiş 34 nəfər icarədarın icarə hüquqlarına xitam verilməsi həmin torpaq sahəsində mövcud olan artezian quyuların və ona aid olan avadanlıqların toxunulmaz olaraq saxlanılması, ərazidə yerləşən digər tikili və qurğuların icarədarların hesabına sökülməsi təmin edilsin. (İcarədarların siyahısı əlavə edilir). Ağcabədi rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid ehtiyart fondu torpaqlardan əkinə yararlı 850 ha torpaq sahəsi pambıqçılığın və taxılçılığın inkişafı üçün 49 (qırx doqquz) il müddətinə "xxxx" MMC-yə icarəyə verilsin və cəmiyyət ilə bağlanmış torpaq icarə müqaviləsi təsdiq edilsinş (İcarə müqaviləsi əlavə edilir). Torpaq icarə müqavilələrinə vaxtından əvvəl xitam verilmiş vətəndaşlara əmlaklarının dəyəri olaraq "xxxx" MMC özəl qiymətləndirmə şirkəti tərəfindən hesablanmış və əlavə edilmiş siyahıda göstərilmiş şəxslərə kompensasiyanın, icarəyə götürülmüş 850 ha torpaq sahəsinin notariat xidmətləri rüsumunun və bank xərclərinin ödənilməsi "xxxx" MMC-yə həvalə edilsin. "xxxx" MMC-nin rəhbərliyi yeni yaradılmış təsərrüfat haqqında məlumatları müəyyən olunmuş qaydada rayon statistika idarəsinə və digər əlaqədar təşkilalatlarına müntəzəm olaraq təqdim etsin, torpaqdan təyinatı üzrə səmərəli istifadə edərək onun münbitliyini artırmaq üçün tədbirlər görsün, onunla bağlanmış torpaq icarəsi müqaviləsinin şərtlərinə və mövcud torpaq qanunvericiliyinin tələblərinə ciddi əməl etsin. Sərəncamın icrasına nəzarət və bu sərəncamla icarəyə verilmiş torpaq sahəsi torpaq vergisinə cəlb edilməsi RİHB-nın müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri X.Mirzəyevə tapşırılsın. Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının 11 iyul 2017-ci il tarixli 76 nömrəli sərəncamından çıxarışda qeyd edilmişdir ki, əkin dövriyyəsinə cəlb edilməsi məqsədilə təyinatının dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilməsi məqsədəmüvafıq hesab edilən Ağcabədi rayonunun Hindarx qəsəbə inzibati ərazisinə bitişik dövlət mülkiyyətinə aid 850 ha otlaq sahəsindən istifadə edən 34 (otuz dörd) icarədara məxsus əmlakın dəyərinin qiymətləndirilməsini və təyinatının dəyişdirilməsi nəzərdə tutulan torpaq sahəsini icarəyə götürən şirkətlə icarədarlar arasında razılıq əsasında müəyyən edilmiş kompensasiyanın ödənilməsi öhdəliyini nəzərə alaraq müddəti bitmiş və bitməmiş icarə muqavilələrinə vaxtından əvvəl xitam verilsin. (icarədarların siyahısı əlavə edilir). Sərəncamın icrasına nəzarət RİHB-nın müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hafiz Mehdiyevə həvalə edilsin. Məhkəmə iclasında dindirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Məmmədov Teymur qeyd etmişdir ki, tədqqiqatın aparılması zamanı həmin sahədə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdu ki, torpaq sahəsində çoban evləri, tövlə, toyuq hini, sanitar-qovşağı inşa edilmişdi. Aparılmış ölçü işlərinə əsasən onların hər birinin sahəsi ayrıca rəydə qeyd olunmuşdur. İnşa olunmuş materiallar çiy kərpicdən, bəziləri dəmir konstruksiyadan, bəziləri qamışdan hazırlanmışdı. Ərazi geniş ərazidir və tikililər də istifadəyə yarasızdır. Orada baxışda iştirak edərkən faktiki olaraq heç bir meyvə ağacı, bitki olmadığından onların qiymətləndiriməsi mümkün olmamışdır. Hər bir obyektin bazar dəyəri hesablanmış, sonda toplanaraq ümumi dəyəri qiyməti kimi qeyd edilmişdir. Digər rəylər arasında fərqin yaranması səbəb torpaqların icarə haqqının qoyulmasıdır lakin, icarə haqqı tədqiqat zamanı nəzərə alınmır. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ağcabədi Rayon İcra Hakimiyyəti ilə bağlanmış icarə müqaviləsinə uyğun olaraq ümumilikdə 45 hektar torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. Daha sonra İcra Hakimiyyətinin müvafiq sərəncamlarına uyğun olaraq icarə müqaviləsinə xitam verilməsi və həmin torpaq sahələrinin "xxxx" MMCnin istifadəsinə verilməsi qərara alınmış, həmin sərəncamdan irəli gələrək, hazırda mübahisələndirilən torpaq sahəsində yerləşən təsərrüfatın qiymətləndirilməsi keçirilmiş, iddiaçı qiymətləndirmə ilə razı olmayaraq, ona vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh iş üzrə keçirilmiş məhkəmə ekspertizasına müvafiq olaraq verilmiş rəy üzrə 33.820 manat, torpaq sahəsinin icarə haqqı ilə bağlı 4.500 manat və meyvə ağacları ilə bağlı 3.250 manat ödənilməsini qəbul etmiş, iddia tələbinin qalan hissədə rədd edilməsini xahiş etmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizası zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli 10/7371-9/8146 saylı ekspert rəyindən məlum olur ki, tədqiq olunan tikililər, qurğular və avadanlıqların ümumi dəyəri təqribən 33.820 manat müəyyən edilir. Bundan başqa ekspert rəyindən məlum olur ki, ferma ərazisində olan tikili qurğu və avadanlıqlar qiymətləndirilərkən artezian, elektrik naqili, dirəkləri və kabelləri ilə birlikdə qiymətləndirilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, həmin avadanlıq və qurğular üzrə ayrılıqda maddi zərərin hesablanması əsassızdır. 27 mart 2023-cü il tarixli 10/7371-9/8146 saylı ekspert rəyindən və eyni zamanda məhkəmə iclasında dindirilmiş ekspertin məhkəməyə izahatından məlum oldu ki, ekspertiza keçirilən zaman ferma ərazisində yerləşən meyvə ağacları olmadığından, icarə haqqlarının hesablanması isə ekspertiza tədqiqatına aid olmadığından nəzərə alınmamışdır. Bununla belə məhkəmə cavabdeh tərəfindən icarə haqqı ilə bağlı 4.500 manat, meyvə ağacları ilə bağlı 3.250 manat ödənilməsi hissəsində iddia tələbinin qəbul edildiyini nəzərə alaraq hesab edir ki, həmin məlbəğlər də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbini əldən çıxmış fayda kimi 60.000 manat maddi zərərin cavabdehdən tutulması hissəsində araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair“ 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd edilir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehin faydalandığına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Vİ. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Bundan başqa iş üzrə məhkəmə ekspertizası və əmlakın qiymətləndirilməsi də keçirilmişdir. Məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli olan 50 manat ekspertiza xərci hər iki tərəfdən müvafiq olaraq 25 manat və "xxxx" MMC-yə ödənilməli olan 300 manat xidmət haqqı hər iki tərəfdən müvafiq olaraq 150 manat tutulmalıdır. "xxxx" MMC-nin bank rekvizitləri: VÖEN: **********, HESAB N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC. Məhkəmə Ekspertizası Mərkəzinin bank rekvizitləri: Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən 41.570 (qırx bir min beş yüz yetmiş manat) manat maddi ziyan, 30 (otuz manat) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən 150 (bir yüz əlli) manat, İddiaçı 150 (bir yüz əlli) manat ekspertiza xərci tutularaq "xxxx" məhdud məsuliyətli cəmiyyətinə, "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən 25 (iyirmi beş) manat, İddiaçı 25 (iyirmi beş) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar