Məhkəmə qərarları › İş №e-2-2(113)-2901/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2901/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2901/2024 15.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, müqavilənin qüvvəsi, iradə ifadəsinin üsulları, dəbbə pulunun azaldılması, estoppel prinsipi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Neyman oğlunun iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə (bundan sonra Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə 15340 manat əsas borc, 19520 manat dəbbə pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 05 yanvar 2022-ci il tarixində xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilə və onun əlavəsi olan razılaşma protokoluna görə, iddiaçı cavabdeh haqqında mediada çıxan bütün xəbərlərin monitorinqini aparmalı, bu xəbərləri cəmləyib mütəmadi olaraq günlük, həftəlik və aylıq intervalla cavabdehə elektron qaydada təqdim etməli, habelə toplanmış məlumatlar aylıq qaydada təhlil olunaraq cavabdehə təqdim olunmalı idi. İnternet axtarışları 750-dən çox mediada aparılırdı, monitorinqin əhatəsinə düşən məlumatlar aylıq təhlil olunaraq “Excel” cədvəlində tərtib olunaraq Dövlət Gömrük Komitəsinin İşlər Komitəsinin mətbuat xidmətinə təhvil verilirdi. Xidmət 7/24 rejimində göstərilirdi. xx.xx.2022-ci il tarixli 1 saylı razılaşma protokoluna əsasən, göstərilən media monitorinqi xidməti və təhlilinə görə cavabdeh xidmət haqqı olaraq aylıq 1000 manat ödəməli idi. Müqavilə 12 aylıq imzalanmışdı; əlavə dəyər vergisi ilə birlikdə müqavilənin ümumi dəyəri 14160 manat təşkil edirdi. Cavabdeh 2022-ci ilin birincisi yarısı müqavilə üzrə öhdəliklərini zamanında icra edərək ödənişlərini həyata keçirirdi. 2.2. Lakin 01 iyul 2022-ci ildə Dövlət Gömrük Komitəsinin rəhbərliyi dəyişdikdən sonra cavabdeh müqavilə üzrə ödənişlərini dayandırdı. Telefonla aparılan danışıqlar üzrə “həll olunacaq” dediklərinə görə, iddiaçı da ödənişi gözləmiş və müqavilə üzrə xidmət göstərməyə davam etmişdir. Müqavilənin müddəti 1 illik olsa da, 1 il müddət bitdikdən sonra cavabdehin mətbuat xidmətinin rəhbəri Natiq Axundov “Whatsap Business” yazışmasında xidmətdən razı qaldıqlarını və xidmətin davam etdirilməsini istədiklərini bildirdi. İddiaçı da xidmət göstərməyə davam etmişdir. 2.3. 31 iyul tarixindən sonra isə iddiaçı xidmət göstərməyi cavabdehin xahişi ilə dayandırmışdır. Belə ki, 22 iyul 2023-cü ildə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova yaranmış borcla bağlı müraciət edildikdən sonra Komitənin binasında görüş olmuş, 2023-cü ilin iyul ayının sonunda ödənişlə bağlı problemin yarandığı üçün xidməti 31 iyul 2023-cü ildən sonra dayandırmaq xahiş edilmişdir. Həmçinin həmin görüşdə cavabdeh 2022-ci ilin ikinci yarısının xidmət haqqının ödəniləcəyinə söz vermişdir. Bu görüşdən sonra Emil Əhmədov kimi özünü təqdim edən şəxs iddiaçıya zəng edərək, borcun ödəniləcəyini və bunula bağlı müəyyən sənədlərə ehtiyac olduğunu bildirdi. 2 avqust 2023-cü il tarixində cavabdehin mühasibat və uçot şöbəsinin rəis müavini Emil Əhmədovun adından Birlik tərəfindən yerinə yetirilməmiş öhdəliklərin icra olunmasını təmin etmək məqsədilə üzləşmə aktını tərtib etməsi haqda iddiaçıya rəsmi elektron poçt vasitəsilə müraciət daxil olmuş, iddiaçı xx.xx.2022-ci il tarixli müqavilənin tələblərinə uyğun olaraq həmin üzləşmə aktını tərtib edərək iddiaçıya göndərmişdir. 2.4. İddiaçı 2022-ci ilin mart ayında illik vergi hesabatı verilən zaman xx.xx.2022ci il tarixli müqavilə üzrə ödənişi almadığı halda, həmin ödənişi də gəlir kimi (ƏDV daxil olmaqla) göstərmiş və müvafiq vergiləri də ödəmişdir. Habelə cavabdehə 1 avqust 2023cü il tarixinə qədər göndərilən elektron qaimələr qəbul edilirdi. Buna baxmayaraq cavabdeh 13 aylıq xidmət haqqını ödəməmişdir. İddiaçı hər ay cavabdehə elektron qaimə və 3 aydan bir hesab-faktura yollamışdır. Cavabdeh ödənişləri kvartalda bir dəfə həyata keçirirdi, bu səbəblə onun ödənişləri bir qədər gecikdirdiyini iddiaçı qəbul edirdi. Məhz buna görə cavabdeh oktyabr 2022-ci ildən ödənişləri dayandırdığında iddiaçı onların daha sonra ödənəcəyini düşünərək gözləmişdir. İddiaçı öz ödəliklərini hər ay yerinə yetirmiş, media monitorinq hesabatlarını da cavabdehin təyin etdiyi elektron poçt ünvanlarına yollamışdır. Cavabdehin 2022-ci il üzrə əsas borcu iyul 2022 - dekabr 2022-ci aylar üzrə göstərilən xidmətlərə görə cəmi 7080 manat, 19520 manat cərimə təşkil etmişdir. Eyni zamanda 2023-cü il üzrə cavabdehə 7 ay müddətində xidmət göstərilmiş və həmin aylar üzrə göstərilən xidmətlərə görə də cavabdehin 8260 manat borcu yaranmışdır. 2.5. Cavabdehdən müqavilə üzrə yerinə yetirilmiş xidmətlərə görə haqqı almaq üçün 28 noyabr 2023-cü il tarixində Bakı 9 saylı mediasiya təşkilatına müraciət edilmiş, 07 dekabr 2023-cü il tarixində keçirilən ilkin mediasiya sessiyasına cavabdehin hər hansı nümayəndəsi iştirak etməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 399.3, 448.1-ci və s. maddələri göstərilmişdir.

4. Cavabdeh iddiaya etiraz təqdim edərək, "xxxx" MMC-nin Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.

5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. İddia ərizəsində 2022-ci ilin birinci yarısında cavabdeh tərəfindən ödənişlərin vaxtlı-vaxtında ödənildiyi, ilin ikinci yarısından, yəni 01 iyul 2022-ci il tarixindən xidmət haqqının ödənilməsinin dayandırıldığı qeyd edilmişdir. Həmçinin iddia ərizəsində qeyd olunur ki, guya cavabdehin mətbuat xidmətinin rəhbəri Natiq Axundov adında şəxs iddiaçının göstərdiyi xidmətlərin bəyənildiyini və xidmətlərin davam etdirilməsini istədiyini bildirmişdir, lakin sonra iddia ərizəsində qeyd olunur ki, 31 iyul tarixindən xidmətin göstərilməsini cavabdeh tərəfin xahişi ilə dayandırmışlar. Bununla da iddiaçı tərəf öz fikirlərində məntiqi ardıcıllığı pozur, dəqiqləşdirilməmiş məlumatlar təqdim edir, qeyrimüəyyənliyə gətirib çıxaran hallara şərait yaradır. Halbuki cavabdehin mətbuat xidməti mövcud deyildir. X2 Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəridir, onun cavabdehlə heç bir əlaqəsi yoxdur. 5.2. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Kollegiyasının xx.xx.2013-cü il tarixli 100/01/004 nömrəli qərarı ilə təsdiq olunmuş Əsasnaməsinə əsasən fəaliyyət göstərir. Həmin Əsasnamənin 1.1-ci bəndinə görə Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumdur. Qanunvericiliyə uyğun olaraq istifadəsində olan dövlət əmlakına, müstəqil balansa, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. 5.3. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli 646 nömrəli Fərmanının 2 saylı əlavəsinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu 2 hissədən ibarətdir: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aparatı və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan gömrük orqanları və tabeliyində olan digər qurumlar. Cavabdeh Dövlət Gömrük Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumdur. 5.4. Eyni zamanda iddia ərizəsində yanlışlıqla xidmət göstərilən illər qeyd edilmiş, 2023-cü ilin iyul ayının sonunda ödənişlə bağlı problemin yarandığı üçün xidmətin 31 iyul 2023-cü ildən sonra dayandırılmasının xahiş edildiyi bildirilmiş, “2022-ci ilin ikinci yarısının xidmət haqqının ödəniləcəyinə söz verildiyi” göstərilmişdir. İddiaçının bütün bu mülahizələrinin dəqiqləşdirilməmiş məlumat olduğu, heç bir yazılı və rəsmi sənədlərlə əsaslandırılmadığı müəyyən edilir. Göründüyü kimi, iddia tələbi işin faktiki halları ilə uyğun gəlmir, irəli sürülən fikir və mülahizələr subyektiv xarakter daşıyır, bu səbəbdən iddia tələbində qeyd olunanlar əsassızdır. Eyni zamanda iddia ərizəsində elektron poçt yazışması ilə tələb olunan üzləşmə aktının istənildiyi bildirilsə də, onun təsdiq olunmuş forması iddia ərizəsində göstərilməmişdir. 5.5. Bununla yanaşı, tərəflər arasında bağlanmış adıçəkilən müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti müqaviləyə əlavə ediləcək razılaşma protokol(ları) ilə tənzimlənir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən görülən işlər təhvil-təslim aktı ilə təsdiq edilir. Eyni zamanda həmin müqavilənin 2.4-cü bəndində qeyd olunmuşdur ki, “İcraçı” “Sifarişçi”yə elektron qaimə kəsir və “Sifarişçi” onu 5 gün ərzində təsdiq edir”. Həmçinin sözügedən müqavilənin 2.5-ci bəndinə əsasən qaimə təsdiq edildikdən sonra, “İcraçı” görülən işin dəyərinə dair “Sifarişçi”yə hesab təqdim edir. Qeyd olunan müqaviləyə əlavə razılaşma formasında bağlanmış xx.xx.2022-ci il tarixli 1 saylı razılaşma protokolunun 2-ci bəndinə əsasən, ödənişlər tərəflər arasında xidmətin göstərildiyini təsdiq edən təhvil-təslim aktı imzalanandan və “İcraçı” tərəfindən ödəniş sənədləri təqdim edildikdən sonra “Sifarişçi” tərəfindən 15 bank günü ərzində “İcraçı”nın bank hesabına küçürmə yolu ilə həyata keçirilir. Göründüyü kimi, iddia ərizəsində görülən işləri təsdiq edən sənədlər təqdim edilməmişdir. 5.6. İddia ərizəsinə əlavə edilən üzləşmə aktında Birliyin səlahiyyətli şəxsi düzgün qeyd edilməmiş, müvafiq qaydada təsdiq edilməmişdir. Bundan əlavə 30 dekabr 2022-ci il tarixli təhvil-təslim aktı tərtib edilərkən müqavilə üzrə tərəflər qeyd edilməmiş, sifarişçi tərəfdən təhvil-təslim aktını təsdiq edən səlahiyyətli şəxs qeyd olunmamışdır. Bununla da təhvil-təslim aktının qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilməsi qaydasına riayət edilməmişdir. Əlavə olaraq, iddiaçı tərəfindən göstərilən xidmətlərin müqabilində xidmət haqqının ödənilməsi müvafiq qaydada təsdiq edilmiş təhvil-təslim aktlarına əsasən həyata keçirilmişdir. Bundan əlavə iddia ərizəsində qeyd edildiyi kimi, iddiaçı tərəfə 2022-ci ilin iyul ayından etibarən xidmətin göstərilməsinin dayandırılması barədə məlumat verilmişdir. Buna baxmayaraq, 31 dekabr 2022-ci il tarixindən müddəti bitmiş müqavilə üzrə heç bir əsas olmadan 2023-cü ildə 7 ay üzrə xidmətin göstərilməsi qeyd olunmuşdur və bu xidmətin qarşılığında iddiaçı tərəfindən əsassız şəkildə pul tələbi qoyulur. Hansı səbəbdən və hansı sifariş əsasında 2023-cü ilin 7 ayı ərzində xidmət göstərilmişdir, bu da öz növbəsində qeyri-müəyyən qalan məsələdir. Buna iddiaçı tərəf öz ərizəsində aydınlıq gətirməmişdir.

6. İddiaya etirazda maddi hüquqi əsas kimi Mülki Məcəllənin 448.1-ci maddəsinə istinad edilmişdir.

II. Tərəflərin mövqeləri:

7. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi Nümayəndə Neyman oğlu məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə şərtləşdirilmiş xidmətlərin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə göstərilməsi razılaşdırılmışdır. Kütləvi informasiya subyektlərində Komitə barədə gedən məlumatlar hər gün sonuncuya təqdim edilmiş, hər ay üçün elektron qaimələr göndərdilmişdir. Xidmətlərin göstərilməsi ilə bağlı Komitənin mətbuat xidmətinin rəhbəri Natiq Axundovla daimi əlaqə saxlanılmışdır.

8. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, müqavilə bir il müddətinə bağlanmış, 6 aylıq xidmət haqqı tam ödənilmişdir. Qalan 6 ay üçün xidmət haqqı ödənilməmişdir. Həmçinin müqavilə müddətindən sonra 7 ay xidmət göstərilmiş, 31 iyul 2023-cü il tarixdən sonra xidmətlərin göstərilməsi Komitənin tələbi əsasında dayandırılmışdır. Cavabdeh 2022-ci ilin sonuncu 6 ayının xidmət haqqını vaxtında ödəmədiyindən, lakin həmin dövrlər üçün elektron qaimə tərtib edildiyindən vergi bəyannaməsində ödənilməyən məbləğ gəlir kimi əks olunmuşur. Bu səbəbdən 2023-cü ilin ilk 7 ayı ərzində göstərilən xidmətlər üçün elektron qaimə tərtib edilməmişdir. Həmçinin elektron qaimənin göndərilməsi üçün hər hansı müqaviləyə istinad tələb edilir, lakin xx.xx.2022-ci il tarixli xidmət müqaviləsinin müddəti başa çatdığından bu, mümkün olmamışdır. Qarşı tərəf müqavilə müddəti üçün üzləşmə aktını tələb etmiş, ona görə 6 ay üçün üzləşmə aktı tərtib olunmuşdur. Lakin iddia qaldırıldığı üçün xidmətlərin tam dəyəri tələb olunur.

9. Cavabdehin nümayəndəsi X1 məhkəmə iclaslarında iştirak edərək iddiaya etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini xahiş etdi.

10. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi göstərdi ki, 2022ci ilin 6 ayı üçün 7080 manat xidmət haqqını ödəmək niyyətindədirlər. Lakin 2023-cü il tarixdə xidmətlərin göstərilməsinin hüquqi əsası olmadığından həmin hissədə ödənişlərin edilməsi mümkün deyildir. Həmçinin müqavilə üzrə ödənişlər təhvil-təslim aktları təsdiq edildikdən sonra ödənilirdi ki, təhvil-təslim aktlarını əvvəlcə Natiq Axundov imzalayır, daha sonra isə cavabdeh təsdiq edirdi. Ödənişlər də bu qaydada təhvil-təslim aktları təqdim edildikdən sonra edilirdi. Üzləşmə aktını Natiq Axundova imzaladıb təqdim etsə idilər ödəniş də olunardı.

11. Üçüncü şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü ilə bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Xidmət müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

15. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 05 yanvar 2022-ci il tarixli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi” haqqında TV kanallarda, qəzetlərdə və “on-line” mediada məlumatların toplanması, emalı və nəticələrin, monitorinqin əhatəsinə düşən məlumatların aylıq təhlili və “Excel” cədvəlində cavabdehə elektron poçt vasitəsi ilə çatdırılması, cavabdeh isə tərəflər arasında xidmətin göstərildiyini təsdiq edən təhvil-təslim aktı imzalanandan və ödəniş sənədləri təqdim edildikdən sonra 15 gün ərzində xidmətlərin dəyərinin iddiaçının bank hesabına köçürmə yolu ilə ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 05 yanvar 2022-ci il tarixdə qüvvəyə minməsi və 31 dekabr 2022-ci il tarixədək qüvvədə qalması, xidmət haqqının aylıq ƏDVsiz 1000 manat (ƏDV ilə birlikdə 1180 manat) olması razılaşdırılmışdır. Həmin müqavilə üzrə cavabdeh tərəfindən 2022-ci ilin yanvar-iyun ayları üzrə göstərilmiş xidmətlərin dəyəri ödənilmişdir.

16. İddiaçı 2022-ci ilin iyul-avqust və 2023-cü ilin yanvar-iyul ayları üzrə göstərilmiş xidmətlərin dəyərini təşkil edən 13 ay üçün ƏDV daxil olmaqla 15340 manat məbləğində pulun tutulmasını tələb edir.

17. Cavabdeh iddiaya etiraz edərək, 2022-ci ilin iyul-avqust ayları üzrə ƏDV daxil olmaqla 7080 manat ödəmək niyyətlərində olduqlarını, lakin müqavilənin qüvvəsi 2022-ci ilin dekabr ayının 31-i başa çatdığından 2023-cü ilin ilk 7 ayı ərzində göstərilmiş xidmətləri qəbul etmədiklərini bildirir.

18. Məhkəmə kommersiya mübahisənin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

19. Əvvəla, göstərilməlidir ki, Mülki Prosessual Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.

20. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 05 iyul 2024-cü il tarixli 3-33/000001K nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən, birliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ vardır. Birlik məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış edə bilər.

21. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə iddiaçı və cavabdeh qismində fiziki və hüquqi şəxslərlə yanaşı dövlət orqanları və başqa orqanların da çıxış etmək imkanı nəzərdə tututulmuş, Cavabdeh əsasnaməsində də birliyin məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış edə bilməsi göstərilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iş üzrə Cavabdeh “başqa orqan” kimi cavabdeh qismində çıxış edə bilər.

22. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

25. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 05 yanvar 2022-ci il tarixli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

26. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

27. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

28. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

29. Məhkəmə cavabdehin etirazları ilə bağlı tərəflər arasında xidmət müqaviləsindən irəli gələn işgüzar münasibətlərə nəzər salmağı zəruri hesab edir.

30. 05 yanvar 2022-ci il tarixli xidmət müqaviləsi üzrə iki istiqamətdə işlərin görülməsi şərtləşdirilmişdir: 1) “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi” haqqında TV kanallarda, qəzetlərdə və “on-line” mediada məlumatların toplanması, emalı və nəticələrin cavabdehə elektron poçt vasitəsi ilə çatdırılması; 2) monitorinqin əhatəsinə düşən məlumatların aylıq təhlili və “Excel” cədvəlində cavabdehə elektron poçt vasitəsi ilə çatdırılması. Birinci xidmət iddiaçı tərəfindən hər gün göstərilmiş, ikinci xidmət isə aylıq həyata keçirilmişdir. Hər iki xidmətin məzmunu müvafiq məlumatların cavabdehə elektron poçt vasitəsi ilə çatdırılmasında ifadə edilmişdir. Dəyəri ödənilmiş aylar (2022-ci ilin yanvar-iyun ayları) üzrə xidmətlərin təhvil verilməsi ilə bağlı təhvil-təslim aktları tərtib edilmiş, həmin aktlar hər iki tərəfin möhürü ilə təsdiq edilmiş, həmçinin Natiq Axundov tərəfindən imza edilmişdir. Eyni zamanda 2022-ci ilin yanvar-iyun ayları üzrə 6 elektron qaimə göndərilmiş, həmin elektron qaimələr sistem tərəfindən təsdiq edilmiş, cavabdeh tərəfindən elektron qaimələrə istinad edilməklə ödənişlər həyata keçirilmişdir.

31. Məhkəməyə təqdim edilən (elektron iş materiallarının 24-31, 33, 58-59-cu sənədləri; maddi daşıyıcı - disk) və məhkəmə tərəfindən məhkəmə iclasında iddiaçıya məxsus elektron poçta daxil olaraq tədqiq olunan elektron poçt məlumatlarından görünür ki, iddiaçı tərəfindən 2022-ci ilin iyul ayından 2023-cü ilin iyul ayınadək (sonuncu da daxil olmaqla) “Elektron ünvan 1” elektron poçtuna hər ay üçün “excel” cədvəlində monitorinqin əhatəsinə düşən məlumatların aylıq təhlili, mütəmadi olaraq isə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi” haqqında TV kanallarda, qəzetlərdə və “on-line” mediada məlumatlar göndərilmişdir. Belə ki, monitorinqin əhatəsinə düşən məlumatların “Excel” cədvəlində aylıq təhlili 2022-ci ilin iyun ayı üçün 07 iyun 2022-ci il tarixdə, iyul ayı üçün 13 avqust 2022-ci il tarixdə, avqsut ayı üçün 14 sentyabr 2022-ci il tarixdə, sentyabr ayı üçün 19 oktyabr 2022-ci il tarixdə, oktyabr ayı üçün 14 noyabr 2022-ci il tarixdə, noyabr ayı üçün 15 dekabr 2022-ci il tarixdə, dekabr ayı üçün 07 yanvar 2023-cü il tarixdə, 2023-cü ilin yanvar ayı üçün 13 fevral 2023-cü il tarixdə, fevral ayı üçün 10 mart 2023-cü il tarixdə, mart ayı üçün 18 aprel 2023-cü il tarixdə, aprel ayı üçün 16 may 2023-cü il tarixdə, may ayı üçün 16 iyun 2023-cü il tarixdə, iyun ayı üçün 17 iyul 2023-cü il tarixdə, iyul ayı üçün 16 avqust 2023-cü il tarixdə “Elektron ünvan 1” elektron poçtuna göndərilmişdir. Həmçinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi” haqqında TV kanallarda, qəzetlərdə və “on-line” mediada məlumatların toplanması, emalı və nəticələri mütəmadi olaraq (hər gün) “Elektron ünvan 1”, “Elektron ünvan 2”, “Elektron ünvan 3”, “Elektron ünvan 4” elektron poçt ünvanlarına göndərilmişdir.

32. Həmçinin iş materiallarından görünür ki, 2022-ci il iyul ayı üçün xx.xx.2022-ci il tarixli EBCB 764892 seriya və nömrəli, 2022-ci il avqust və sentyabr ayları üçün xx.xx.2022-ci il tarixli EBCE 561513 seriya və nömrəli, 2022-ci il oktyabr ayı üçün xx.xx.2022-ci il tarixli EBCİ 158495 seriya və nömrəli, 2022-ci il noyabr ayı üçün xx.xx.2022-ci il tarixli EBCK 162841 seriya və nömrəli, 2022-ci il dekabr ayı üçün xx.xx.2022-ci il tarixli EBCL 087620 seriya və nömrəli elektron qaimələr cavabdehə göndərilmiş, həmin qaimələr sistem tərəfindən təsdiq edilmişdir.

33. Eyni zamanda cavabdehin əvvəlki işçisi kimi istinad etdiyi mühasibat və uçot şöbəsinin rəis müavini Emil Əhmədov iddiaçıya 02 avqust 2023-cü il tarixdə müraciət edərək, Birlik tərəfindən yerinə yetirilməmiş öhdəliklərin icra olunmasını təmin etmək məqsədilə üzləşmə aktını tərtib etməyi iddiaçıdan xahiş etmişdir.

34. Göstərilənlər onu deməyə əsas verir ki, 2022-ci ilin iyun ayından 2023-cü ilin iyul ayına dək (sonuncu da daxil olmaqla) 13 ay üçün 05 yanvar 2022-ci il tarixli müqavilənin 1 nömrəli razılaşma protokolunda göstərilən xidmətlər iddiaçı tərəfindən icra edilmişdir.

35. Məhkəmə müqavilənin müddətinin 31 dekabr 2022-ci il tarixdə başa çatmasına münasibətdə göstərir ki, Mülki Məcəllənin müqaviləsin qüvvəsindən bəhs edən 399-cu maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

36. Göründüyü kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması yalnız tərəflər bu barədə müqavilədə nəzərdə tutduqları halda ondan irəli gələn öhdəliklərin xitamına səbəb olur. 05 yanvar 2022-ci il tarixli xidmət müqaviləsində isə belə bir şərt mövcud deyildir. Bu zaman isə müqavilənin qüvvəsinin ondan irəli gələn öhdəliklərin icrası anına qədər qüvvədə qalması prezumpsiyası tətbiq edilir.

37. Digər tərəfdən, müqavilənin qüvvədə olma müddətinin uzadılması müqavilənin dəyişdirilməsi ilə həyata keçirilir.

38. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

39. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

40. Məhkəmə qeyd edir ki, hazırkı halda müqavilə ilə eyni formada olmasa da, şifahi qaydada müqavilə müddətinin uzadılması barədə razılaşma mövcuddur. Belə ki, iş materialları ilə təsdiq edilir ki, iddiaçı müqavilə müddətindən sonra da müqavilə ilə razılaşdırılmış xidmətləri göstərməyə davam etmiş, bununla müqavilə müddətinin uzadılması ilə bağlı iradəsini ifadə etmiş, cavabdeh də heç bir etiraz etmədən həmin xidmətləri qəbul edərək müqavilə müddətinin uzadılmasına razılığını ifadə etmiş, başqa sözlə öz iradəsini bildirmişdir. Belə ki, tərəflər arasında bağlanmış razılaşma protokolu, xidmətlərin təhvil aktı və işgüzar münasibətlər xidmətlərin Natiq Axundov tərəfindən qəbul edilməsinə dair tərəflərin razılaşdığını təsdiq edir. İddiaçının xidmətlərin dəyərinin ödənilməsini tələb etdiyi dövrdə xidmətlər mütəmadi olaraq (hər gün) həmin şəxsə təhvil verilmiş (göndərilmiş), xidmətlərin göstərilməsinə dair iddiaçıya hər hansı etiraz olunmamışdır.

41. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə iradənin ifadəsinin bir neçə üsulu nəzərdə tutulmuşdur. Belə ki, mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Kontragentin dinməz razılığının müqavilə müddətinə təsiri isə öhdəlik hüququnda xidmət müqavilələri kateqoriyasından hesab edilən ticarət agenti ilə bağlı mülki hüquqi tənzimləmədə də öz əksini tapmışdır. Belə ki, Mülki Məcəllənin 794.1-ci maddəsinə əsasən, ticarət nümayəndəsi haqqında müqavilə üzrə hüquq münasibətlərinə, əgər müqavilənin qüvvədə olması konkret müddətlə məhdudlaşdırılmayıbsa, müqavilədə müəyyənləşdirilmiş müddətdə xitam verilir. Lakin əgər tapşıranın dinməz və ya birbaşa razılığı ilə ticarət agenti öz fəaliyyətini davam etdirirsə və ya əgər ilkin müqavilədən sonra yeni müqavilə bağlanırsa, hesab edilir ki, müqavilə lap əvvəldən qeyri-müəyyən müddətə bağlanmışdır.

42. Göstərilənlər onu deməyə əsas verir ki, 05 yanvar 2022-ci il tarixli xidmət müqaviləsinin müddəti tərəflərin razılığı ilə uzadılmışdır. Bu mənada cavabdehin 31 dekabr 2022-ci il tarixdən sonra göstərilmiş xidmətlərin dəyərinin ödənilməsindən imtina etməsi əsassızdır.

43. Cavabdehin Natiq Axundovun onun əməkdaşı olmaması, Dövlət Gömrük Komitəsinin əməkdaşı olması, bu səbəbdən də ona göstərilmiş xidmətin dəyərinin cavabdeh tərəfindən ödənilməli olmaması ilə bağlı arqumentlərinə münasibətdə isə məhkəmə göstərir ki, yuxarıda da qeyd edildiyi kimi, 05 yanvar 2022-ci il tarixli müqavilə üzrə xidmətlərin məzmunu müvafiq məlumatların cavabdehə elektron poçt vasitəsi ilə çatdırılmasında ifadə edilmişdir. Cavabdeh isə 05 yanvar 2022-ci il tarixli müqavilə üzrə razılaşdırılan elektron poçt ünvanının “Elektron ünvan 1” deyil, digər elektron poçt ünvanları olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, məlumatların “Elektron ünvan 1” ünvanına çatdırılmaqla işin təqdim olunmasını mübahisələndirməmişdir. Başqa sözlə, cavabdehin bir tərəfdən “Elektron ünvan 1” elektron poçtunu xidmətlərin qəbul edildiyi elektron poçt kimi təsdiq etməsi, digər tərəfdən xidmətlərin ona göstərilməməsi ilə bağlı mövqe ifadə etməsi anlaşılan deyildir.

44. Halbuki Konstitusiya Məhkəməsi göstərmişdir ki, Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərar).

45. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

46. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

47. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

48. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

49. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

50. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

51. Beləliklə, məhkəmə cavabdeh xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, hazırkı iddia tələbi xidmət müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslıdır.

52. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, 05 yanvar 2022-ci il tarixli xidmət müqaviləsi üzrə ƏDV daxil olmaqla 15340 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

b) Xidmət müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

53. İddia ərizəsində iddiaçı həmçinin 2022-ci ildə göstərilmiş (2023-cü ilin ödənilməyən xidmət haqqına görə deyil) xidmətin haqqının ödənilməməsinə görə 19520 manat dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.

54. 05 yanvar 2022-ci il tarixli müqavilənin 6.2-ci bəndinə əsasən, tərəflər bu müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirmədikdə öhdəliyi yerinə yetirməli olduğu vaxtdan 10 (on) gün keçdikdən sonra, gecikdirilən hər gün üçün müvafiq nəzərdə tutulmuş xidməti dəyərinin 2% (iki) həcmində cərimə ödəyir.

55. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

56. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

57. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

58. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, iddiaçı da 05 yanvar 2022-ci il tarixli müqavilə üzrə sonuncu xidmət 2023cü ilin iyul ayında göstərilməsinə və sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə edildiyi halda, uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

59. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, iddiaçının yalnız 7080 manat məbləğində xidmət haqının gecikdirilməsi üçün dəbbə pulu hesabladığını, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 400 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

60. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 400 manat məbləğində cərimə Cavabdehndən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. c) Məhkəmə xərcləri ilə bağlı

61. İddia ərizəsinə əlavə edilmiş 07 dekabr 2023-cü il tarixli MŞB\9\2023-02354 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi sessiyada iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.

62. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

63. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

64. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən və mediasiya sessiyası keçirilərkən (2023-cü ilin oktyabr-dekabr ayları) Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

65. Digər tərəfdən, xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, 120 manat məbləğində pul dövlət büdcəsinə iddia ərizəsinin verilməsi üçün ödənilmişdir.

66. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən hazırkı iddianın qiymətinə uyğun (34860 manat) dövlət rüsumunun məbləği 194,58 manat təşkil etmiş, həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən iddiaçı mediasiya xərclərini ödəmiş tərəf kimi dövlət rüsumunun 100 manat hissəsindən azad olmuş, ödənilməli dövlət rüsumunun məbləği 94,58 manat olmuşdur.

67. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

68. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

69. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini və göstərilənləri nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

V. Nəticə:

70. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehndən 15340 (on beş min üç yüz qırx) manat əsas borc, 400 (dörd yüz) manat cərimə olmaqla ümumilikdə 15740 (on beş min yeddi yüz qırx) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (bir yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43 (qırx üç) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehndən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar