Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2903/2024 03.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (mülki hüquq pozuntusu üzrə vurulmuş ziyanın ödənilməsi, ekspert rəyi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Daşdəmirova Ləman Şahlar qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının əmlakına dəymiş 4831.75 manat maddi zərər məbləğinin, 68.32 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 qəpik, ümumilikdə 4900.47 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin balansında olan “BMC-Procity” avtobus markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusun və Cavabdeh MMC-nin balansında olan “Karsan” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusun işktirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi barədə MMC-nin əməkdaşı tərəfindən DİN-in “102” çağrı mərkəzinə məlumat verilmiş və Bakı şəhər DYPİ-nin əməkdaşı hadisə yerinə yaxınlaşmışdır. Yol nəqliyyat hadisəsi Bakı şəhər DYPİ-nin Polis kapitanı X6 tərəfindən araşdırılmış və nəticədə Cavabdeh MMC-nin sürücüsü olan X3 əməllərində İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulması öz əkisini tapdığından onun barəsində xx.xx.2023-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Sürücü tərtib edilmiş qərarla razılaşmış və ödənişini etmişdir. Bununla da sürücünün təqsiri Bakı BBPİ DYPİ-də öz təsdiqini tapmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobus yararsız hala düşmüş və təmir olunması üçün uzun müddət xidmətdən kənar edilmiş xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 007952 saylı Zərər Aktına əsasən ** JU *** dövlət qeydiyyat nişanlı avtobusa 4831.75 manat maddi zərər dəymişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh MMC-nin balansında olan “Karsan” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusun avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmadığından İddiaçı MMCnin balansında olan avtobusa vurulmuş 4831.75 manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh tərəfindən heç bir cəhd edilməmişdir. Cəmiyyətə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı Cavabdeh MMC-nin rəhbərliyi ilə danışılmış və məsul şəxsləri ilə görüşlər keçirilmişdir. Danışıqların eləcə də, elektron məhkəmə portalı vasitəsi ilə qarşı tərəfə xx.xx.2024-cü il tarixində ünvanlanmış pretenziya məktubunun heç bir nəticəsi olmamışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Bir tərəfdən “kirayəyə verən” qismində Bakı Nəqliyyat Agentliyi, digər tərəfdən “kirayəçi” qismində İddiaçı MMC arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli əvəzsiz istifadə müqaviləsinin 1.1-ci bəndinə əsasən, kirayəyə verən qanuni əsaslarla sahibliyində olan bu müqavilənin 1 saylı Əlavəsində qeyd olunan 300 ədəd nəqliyyat vasitəsini təyinatı üzrə istifadə olunması üçün saz vəziyyətdə müvəqqəti əvəzsiz istifadəyə verir. Kirayəçi isə nəqliyyat vasitələrini əvəzsiz istifadəsinə qəbul edir və müqaviləyə xitam verildikdə isə nəqliyyat vasitələrini əvəzsiz istifadəsinə qəbul edir və müqaviləyə xitam verildikdə kirayəyə verənə qaytarmağı öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, nəqliyyat vasitələrinin əvəzsiz istifadəyə verilməsi onlara mülkiyyət hüququnun verilməsinə səbəb olmur. 1.3-cü bəndinə əsasən, kirayəçinin nəqliyyat vasitələrini üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur.
7. Bir tərəfdən “sifarişçi” qismində Bakı Nəqliyyat Agentliyi, digər tərəfdən “icraçı” qismində BMC Otomotiv Sanayi ve Ticaret Anonim Şirkəti arasında bağlanmış 16 noyabr 2018-ci il tarixli, 051 nömrəli mallar və xidmətlər üzrə satınalma müqaviləsinin 2.1-ci bəndinə əsasən, müqavilənin predmetini 300 ədəd ictimai nəqliyyat vasitəsinin avtobusun və avtobuslar üzrə 5 illik texniki xidmətin satın alınmasını təşkil edir.
8. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 007952 nömrəli zərər aktına əsasən BMC Procity markalı, ** JU *** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş ziyanın miqdarı 4831.75 manat təşkil etmişdir.
9. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında Qərardan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə Karsan Avtobus markalı 10TH411 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr nəticəsində tərəfindən AR İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
10. X1 Şəhadətnaməsindən görünür ki, mülkiyyətçisi BakuBus MMC olan 99JU348 dövlət qeydiyyat nişanlı avtobus 19 yanvar 2023-cü il tarixdə qeydiyyata alınmışdır.
11. Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən daxil olmuş 25 iyul 2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Baku Bus MMC-nin balansında olan BMC Procity markalı ** JU *** dövlət qeydiyyat nişanlı avtobusun təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 4831.75 manat təşkil etmişdir.
12. 28 mart 2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, Baku Bus MMC tərəfindən 68.32 manat rüum ödənilmiş, xidmət haqqı 0.40 manat təşkil etmişdir.
13. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, hazırkı iş üzrə tərəflər İddiaçı MMC və Cavabdeh MMC arasında mövcud olan mübahisə mülki hüquq pozuntusunun törədilməsi ilə əlaqədardır.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra-MM) zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1). MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə (21.2-ci maddə) hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur
16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, istər mülki hüquq nəzəriyyəsində, istərsə də, qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
17. İşin hallarından məlum olur ki, İddiaçının balansında olan “BMC-Procity” Avtobus markalı **-JU-*** dövlət qeydiyyat nişanlı və Cavabdehin balansında olan “Karsan” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusların iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş, baş vermiş hadisə nəticəsində Cavabdeh MMC-nin sürücüsü (X5) təqsirli bilinməklə, barəsində “inzibati təhbeh vermə haqqında” Qərar tərtib edilmişdir. İddiaçı hazırda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində balansında olan avtobuslara ziyan dəyməsini iddia edərək, xx.xx.2023-cü il tarixli, 007952 nömrəli zərər aktına əsasən, 4831.75 manat məbləğində pul məbləğinin ödənilməsi tələbi ilə çıxış edir.
18. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı “BMC-Procity” markalı **- JU-*** dövlət qeydiyyat nişanlı avtobusun həqiqətən də İddiaçı MMC-nin balansında olduğu müəyyən edilmişdir.
19. Məhkəmə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtobusa dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən daxil olmuş 25 iyul 2024-cü il tarixli ekspert rəyinə əsasən, Baku Bus MMC-nin balansında olan BMC Procity markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusun təmir bərpa xərcinin 4831.75 manat təşkil etməsi nəticəsinə gəlinmişdir.
20. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan tələblərindən çıxış etməklə, cavabdeh hüquqi şəxsin mülki hüquqi məsuliyyət daşımasını və vurulmuş zərərin ödənilməsi ilə bağlı öhdəliyinin mövcud olmasını nəzərə alaraq, hesab edir ki, Cavabdeh MMC-dən iddiaçının balansında olan “BMC-Procity” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş ziyana görə 4831.75 manat məbləğində zərər məbləği tutularaq iddiaçıya ödənilməlidir.
21. İddiaçı tələbində həmçinin 68.32 manat dövlət rüsumunun və xidmət haqqı kimi ödənilmiş 0.40 manat pul məbləğinin tutulmasını tələb edir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 23.İddiaçı rüsum ödənişinin həyata keçirilməsi ilə bağlı müvafiq sənədləri məhkəməyə təqdim etdiyindən məhkəmə dövlət rüsumunun tutulması hissəsində də iddia tələbini əsaslı hesab edir.
V Nəticə:
24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı MMC-nin əmlakına dəymiş 4831.75 (dörd min səkkiz yüz otuz bir manat yetmiş beş qəpik) manat maddi zərər məbləği və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 68.32 (altmış səkkiz amnat otuz iki qəpik) manat pul, 0.40 manat (qırx qəpik) xidmət haqqı olmaqla ümumilikdə 4900.47 (dörd min doqquz yüz manat qırx yeddi qəpik) manat pul məbləği cavabdeh Çinar Trans MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul cavabdeh Çinar Trans MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov