Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2906/2023 05.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, kredit müddətinin uzadılması, zaminliyə xitam, işin nəticəsindən asılı olmayaraq məhkəmə xərclərinin bölüşdürülməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 (bundan sonra "xxxx" MMC), Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 24 fevral 2022-ci il tarixli kredit müqavilə üzrə 20000 manat əsas borc, 60,02 manat faiz borcu, müqavilə müddətinin bitdiyi tarixdən sonra borclunun icranı gecikdirməsi ilə bağlı əsas borca illik 5 faizlə hesablanmaqla 933,33 manat olmaqla ümumilikdə 20993,35 manat məbləğində pulun və ödənilmiş 47 manat dövlət rüsumunun, 200 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 24 fevral 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinə əsasən illik 12% olmaqla 3 ay müddətinə 20000 manat məbləğində kredit ayrılmışdır. Həmin kredit müqaviləsinə əsasən 20000 manat məbləğində kredit xx.xx.2022-ci il tarixə qədər verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 MMC alınmış krediti qaytarmağı, kredit məbləğinə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. 2.2. Kreditin təminatı olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 adıçəkilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımınca icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüş və onlarla iddiaçı arasında 24 fevral 2022-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinə görə borcalan kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi icra etmədikdə, zaminlər borcalanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. 2.3. Cavabdeh1 MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun yuxarıda qeyd edilən məbləğdə borcu yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə hər üç cavabdehə xəbərdarlıq edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəlikləri lazımınca icra edilməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixində 20000 manat vəsait Cavabdeh1 MMC-nin bank hesabına köçürülmüşdür. Həmin vəsait invoysların maliyyələşdirilməsi üçün 3 ay müddətinə verilmiş, bu zaman ödəniş cədvəli tərtib edilməmiş, kredit məbləğinin 23 may 2023-cü il tarixdə tam həcmdə qaytarılması (ilk 2 ay güzəşt müddəti müəyyənləşdirilmişdir) şərtləşdirilmişdir. Lakin cavabdehlər həmin tarixdə vəsaiti qaytara bilməmiş, şifahi razılıq əsasında kreditin qaytarılma müddəti uzadılmış, xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərini əhatə edən ödəniş cədvəli təsdiqlənmişdir.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi bildirdi ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMC-nin bank hesabına 4180 manat vəsait mədaxil olunsa da, vergi orqanı tərəfindən hesaba sərəncam qoyulduğundan həmin vəsait vergilər və digər məcburi ödənişlər üzrə silinmiş, qalıq 1157,6 manat isə sözügedən kredit müqaviləsi üzrə cəriməyə silinmişdir. Eyni zamanda iddiaçı tərəf 05 sentyabr 2023-cü il tarixli ekspertiza rəyinə etiraz etmədi.
7. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi – qanuni təmsilçisi və Cavabdeh2 05 sentyabr 2023-cü il tarixli ekspertiza rəyinə etiraz etməmiş, iddiaçı tərəf kredit müqaviləsi üzrə borc məbləğini restrukturizasiya edəcəyi halda, hər ay üçün təqribən 1000 manat ödəniş etməyə imkanının olduğunu bildirmişdir.
8. Məhkəmənin sonuncu baxış iclasında məhkəmə iclaslarının yeri və vaxtı barədə lazmı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İddia ərizəsinə əlavə olunmuş İddiaçı ASC (Bank qismində) ilə Cavabdeh1 MMC (Borcalan qismində) arasında bağlanmış 24 fevral 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinin şərtlərindən görünür ki, Bank bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək şərtilə kredit verir, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür (1.1). Kredit 28 140.00 AZN (EBBR 703721, EBBR 704630) ümumi qaimə məbləğinin 20 000.00 AZN-lik hissəsinin maliyyələşməsi məqsədilə verilir (1.2). Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir (1.3). Kredit üzrə borc qalığının uçotu Borcalanın ******* unikal kodu altında açılmış kredit hesabında aparılır (1.4). Kreditin əsas şərtləri: kreditin məbləği – 20 000 (iyirmi min) Manat; kreditin müddəti – 3 (üç) ay; güzəşt müddəti – yoxdur; kreditin illik faiz dərəcəsi – 12 (on iki) %; rəsmiləşdirmə komisyon haqqı – 1 (bir) %; nağdlaşdırma komisyon haqqı – Bankın tariflərinə uyğun olaraq; dəbbə pulu (cərimə) – illik 24 (iyirmi dörd) % (2.1). Bu kredit üzrə X6 Dərəcəsi (FİFD) 18,13 (on səkkiz tam yüzdə on üç) təşkil edir (2.2).
13. Məhkəməyə təqdim edilən İddiaçı ASC (Bank qismində) ilə Cavabdeh1 MMC (Borcalan qismində) və Cavabdeh3 (Zamin qismində) arasında bağlanmış 24 fevral 2022ci il tarixli 113-MFZ-218/1 nömrəli zaminlik müqaviləsinin şərtlərindən görünür ki, Borcalan bu müqavilənin 1.2-ci bəndində göstərilən Müqavilə üzrə Bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə. Zamin Borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda həmin Müqavilə üzrə Borcalan öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə Zamin Bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə, dərhal Banka ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür (1.1). Zaminliklə təmin edilən öhdəlik Bankla Borcalan arasında bağlanmış aşağıda qeyd olunan İnvoys kredit müqaviləsindən (bundan sonra “Kredit müqaviləsi”) irəli gələn öhdəlikdir: nömrəsi – 1**-MF-***; tarixi – xx.xx.2022; məbləği – 20 000 (iyirmi min) manat; illik faiz – 12 (on iki)%; müddəti – 3 (ay) (1.2). Zamin və Borcalan Bank qarşısında birgə məsuliyyət daşıyırlar (1.3).
14. Məhkəməyə təqdim edilən İddiaçı ASC (Bank qismində) ilə Cavabdeh1 MMC (Borcalan qismində) və Cavabdeh2 (Zamin qismində) arasında bağlanmış 24 fevral 2022ci il tarixli 113-MFZ-218/1 nömrəli zaminlik müqaviləsinin şərtlərindən görünür ki, Borcalan bu müqavilənin 1.2-ci bəndində göstərilən Müqavilə üzrə Bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə. Zamin Borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda həmin Müqavilə üzrə Borcalan öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə Zamin Bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə, dərhal Banka ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür (1.1). Zaminliklə təmin edilən öhdəlik Bankla Borcalan arasında bağlanmış aşağıda qeyd olunan İnvoys kredit müqaviləsindən (bundan sonra “Kredit müqaviləsi”) irəli gələn öhdəlikdir: nömrəsi – 1**-MF-***; tarixi – xx.xx.2022; məbləği – 20 000 (iyirmi min) manat; illik faiz – 12 (on iki)%; müddəti – 3 (ay) (1.2). Zamin və Borcalan Bank qarşısında birgə məsuliyyət daşıyırlar (1.3).
15. İş materiallarında əlavə edilən hesabdan çıxarışdan görünür ki, 20000 manat kredit məbləği xx.xx.2022-ci il tarixdə müqavilədə razılaşdırılan maliyyə məqsədləri üçün – çeklə ödəmələrə görə köçürülmüşdür.
16. İş materiallarında əlavə edilən Cavabdeh1 MMC-nin möhürü ilə təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 213,33 manat və 23.8.2022-ci il tarixdə 20186,67 manat ödəniş edilməsi şərtli ilə ümumilikdə 20000 manat əsas borc və 600 manat faiz ödənişi şərtləşdirilmişdir.
17. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, kreditin götürülmə tarixi 24 fevral 2022-ci il tarixi, qaytarılma tarixi 24 may 2022-ci il tarixi, ödənilmiş faiz borcu 1550 manat, son ödəniş tarixi xx.xx.2023-cü il (1550 manat) olub iddia qaldırılan günə əsas borcu 20000 manat, xx.xx.2022-ci il tarixə faiz borcunu isə 60,02 manat təşkil edir.
18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2906/2023 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 05 sentyabr 2023-cü il tarixli 9/6052 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, 24 fevral 2022-ci il tarixli 1**- MF-*** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin iddiaçıya olan borcu xx.xx.2022-ci il tarixə 20000 manat əsas borc, 1193,33 manat faiz (kreditdən istifadəyə görə xx.xx.2022-xx.xx.2022 tarixləri əhatə edən faiz) borcu, xx.xx.2023-cü il tarixə 20000 manat əsas borc, 315,56 manat faiz (illik 5%) borcu təşkil edir.
19. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında 24 fevral 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 28140 manat ümumi qaimə məbləğinin 20000 manat hissəsində maliyyələşdirilməsi üçün 20000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə Cavabdeh1 MMC-yə verməyi, cavabdeh isə aldığı pul vəsaitini 23 may 2022-ci il tarixinədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə kredit məbləği müqavilədə razılaşdırılan maliyyə məqsədləri üçün – çeklə ödəmələrə görə köçürülməklə Cavabdeh1 MMC pul vəsaitinə mülkiyyət hüququnu əldə etmişdir. Həmçinin sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq isə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2022-ci il tarixdə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cavabdeh1 MMC kredit məbləğini təşkil edən 20000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
20. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 20000 manat əsas borc, 60,02 manat faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.
21. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 kredit müqaviləsi restrukturizasiya aparılacağı halda ödəniş ediləcəyini ifadə edir.
22. Məhkəmə mübahisənin həllində tətbiq ediləcək hüquq normaları ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.
23. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
25. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
27. X3 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
28. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
29. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə (əsas məbləğ və hesablanmış faizlər ilə) bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
30. Borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, 05 sentyabr 2023-cü il tarixli ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçı və cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.
31. 05 sentyabr 2023-cü il tarixli 9/6052 nömrəli ekspert rəyinə əsasən müqavilənin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə əsas borc 20000 manat, faiz borcu 1193,33 manat olmuş, xx.xx.2023-cü il tarixdə edilmiş 1550 manat ödənişlə faiz borcu qalmamışdır.
32. Belə olan halda məhkəmə qeyd edir ki, 24 fevral 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə borcalanın əsas borcu 20000 manat, kreditdən istifadəyə görə müqavilə müddəti üçün hesablanan faiz borcu isə 0 manat təşkil edir.
33. Məhkəmə zaminlər Cavabdeh3 və Cavabdeh2 öhdəliyi və onun həcmi barədə aşağıdakıları qeyd edir.
34. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
35. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
36. Zaminliyə xitam əsasları isə Mülki Məcəllənin 477-ci maddəsində təsbit olunmuşdur.
37. Zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda (477.0.1); əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə (477.0.2); kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə (477.0.3); zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477.0.4).
38. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara: - kreditin ümumi məbləğinin artırılması - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər.
39. Məhkəmə qeyd edir ki, 24 fevral 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə kredit məbləğinin 3 ay müddətinə - 23 may 2022-ci il tarixədək qaytarılması nəzərdə tutulmuş, xx.xx.2022-ci il tarixdə tərtib edilən ödəniş cədvəlinə əsasən isə kreditin müddəti üç ay artırılaraq kreditin müddətinin bitdiyi tarix xx.xx.2022-ci il kimi razılaşdırılmışdır. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından əldə olunan çıxarışdan görünür ki, reyestrdən son dəfə verilmiş çıxarışın tarixi xx.xx.2022-ci il tarix olmaqla qeyd olunan tarixdən Cavabdeh1 MMC-nin qanuni təmsilçisi Cavabdeh2dur. Kreditin müddətinin 3 ay uzadılmasının razılaşdırıldığı xx.xx.2022-ci il tarixdə tərtib edilən ödəniş cədvəlinə Cavabdeh2 imza (sonuncunun imzası ilə 24 fevral 2022-ci il tarixli zaminlik müqavilələri vizual olaraq müqayisə edildikdə bu fakt təsdiq olunur) etmişdir.
40. Göründüyü kimi, Cavabdeh3 kredit müddətinin uzadılmasına yazılı razılıq ifadə etməmiş, iddiaçının nümayəndəsi də belə bir yazılı razılığın olmadığını bildirmiş, qeyd olunan məsələnin həllini məhkəmənin mülahizəsinə buraxmışdır.
41. Beləliklə, məhkəmə hesab edir ki, tərtib edilən ödəniş cədvəli ilə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə kreditin qaytarılma müddəti uzadıldığından və həmin cədvəl zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar sırasında daxil olduğundan yalnız zaminin razılığı çərçivəsində öhdəlik dəyişdirilsə, zaminlik qüvvədə ola bilərdi. Lakin hazırkı iş üzrə zamin Cavabdeh3 belə bir razılığı olmadığından məhkəmə bu nəticəyə gəlir ki, ödəniş cədvəli tərtib edildiyi andan Cavabdeh3 zaminliyinə xitam verildiyindən ona qarşı 24 fevral 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsindən irəli gələn iddia təmin oluna bilməz.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, 24 fevral 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 20000 əsas borc cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra hesablanan illik 5 faizin tutulması tələbi ilə bağlı
43. İddiaçı 24 fevral 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə illik 5 faizlə hesablanmış 933,33 manat pulun cavabdehlərdən tutulmasını xahiş edir.
44. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
45. Konstitusiya Məhkəməsi göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarlar).
46. Yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, müqavilə üzrə annuitet ödənişlərin həyata keçirilməli olduğu müddət xx.xx.2022-ci il tarixdə başa çatdığından həmin dövrdən sonra hesablanan əsas borca illik beş faizlə hesablanmış məbləğ tutulmalıdır (maliyyə arayışının verildiyi xx.xx.2023-cü il tarixədək).
47. 05 sentyabr 2023-cü il tarixli 9/6052 nömrəli ekspert rəyinə əsasən xx.xx.2023cü il tarixə adıçəkilən kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əsas borca illik 5 faizlə hesablanmış qalıq qanuni faiz məbləği 315,56 manat təşkil edir.
48. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 315,56 manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir (zamin Cavabdeh3 münasibətdə bax §34-41; ekspert rəyinin qiymətləndirilməsinə münasibətdə bax §30).
c) Məhkəmə xərcləri ilə bağlı
49. İddiaçı eləcə də ödənilmiş 47 manat dövlət rüsumunun, 200 manat mediasiya xərcinin cavabdehlərdən tutulmasını xahiş etmişdir.
50. Elektron iddia ərizəsinə əlavə olunan ********** saylı qəbz ilə ödənilmiş 47 manat dövlət rüsumu Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2697/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə iddiaçıya qaytarılmışdır.
51. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00560 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdehlər xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərcini ödənmişdir.
52. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, 05 sentyabr 2023-cü il tarixli 9/6052 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.
53. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
54. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
55. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
56. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
57. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
58. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlərlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdehlər mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehlərdən tutulmalıdır.
59. Beləliklə, məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə, ekspertiza xərci olaraq 100 manat cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
V. Nəticə:
60. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 24 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə 20000 (iyirmi min) manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 315 (üç yüz on beş) manat 56 (əlli altı) qəpik qanuni faiz borcu olmaqla ümumilikdə 20315 (iyirmi min üç yüz on beş) manat 56 (əlli altı) qəpik məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova