Məhkəmə qərarları › İş №e-2-2(113)-2919/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2919/2021

25.11.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2919/2021 25.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə oğlunun və Cavabdeh nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Amerika mənşəli “X1” şirkətinin məhsulu olan bir ədəd 9914-9015-4065 seriya nömrəli Gentlelase PRO aparatının, həmin şirkətin məhsulu olan bir ədəd 9914-9015-1128 seriya nömrəli Gentlelase PRO aparatının və eyni şirkətə aid bir ədəd 9914-9030-5488 seriya nömrəli Gentlelase PRO U aparatının 01 yanvar 2019-cu il tarixdən başlayaraq əvvəlki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2 (103)-879/2019 saylı, 26 dekabr 2019 -cu il tarixli qətnaməsinin icra olunduğu 16 iyul 2020- ci il tarixədək Cavabdeh qanunsuz sahibliyində olduğu bütün müddət ərzində mülkiyyət hüququ ilə özünə mənsub olan həmin əmlakından məhrum olması nəticəsində İddiaçı dəymiş real zərərə görə orta hesabla 541343,75 manat (beş yüz qırx bir min üç yüz qırx üç manat yetmiş beş qəpik) və əldən çıxmış faydaya görə təqribi 270394,86 manat (iki yüz yetmiş min üç yüz doxsan dörd manat səksən altı qəpik) ümumilikdə isə 811738,82 manat (səkkiz yüz on bir min yeddi yüz otuz səkkiz manat səksən iki qəpik) məbləğində pul vəsaitinin, həmçinin dövlət rüsumu qismində ödənilmiş 30 manat pulun Cavabdeh alınanaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 02 noyabr 2011-ci ildə fərdi sahibkar statusu əldə etmiş və vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınmışdır. O, Cavabdeh ilə birlikdə hüquqi şəxs yaratmadan iqtisadiyyatın özəl sektorunda şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, onlar Bakı şəhərinin müxtəlif rayonlarında başqa şəxslərin adlarına rəsmiləşdirilmiş gözəllik salonlarını özlərinin şəxsi vəsaitləri hesabına əsaslı təmir etmiş,normal iş şəraiti yaratmış və onları profilə uyğun zəruri texniki və məişət avadanlıqları ilə təhciz etmişlər. O cümlədən, şərikli fəaliyyət dövründə Amerika mənşəli “X1”şirkətinin məhsulu olan 6 ədəd aparat alınaraq həmin salonlarda çalışan həkim - kosmetoloqların istifadəsinə verilmişdir. İddiaçı 01 yanvar 2019cu il tarixdən etibarən cavabdehlə ticarət ortaqlığından imtina etmişdir. Lakin, bu zaman birgə fəaliyyət dövründə məhz iddiaçının şəxsi vəsaiti hesabına və onun öz adına alınan 9914-9015-1128 seriya nömrəli Gentlelase PRO aparatı, 9914- 9030-5488 seriya nömrəli Gentlelase PRO aparatı və 9914-9015-4065 seriya nömrəli Gentlelase PRO U aparatı hüquqi əsaslar olmadan cavabdehdə qalmışdır. Cavabdeh bu avadanlıqlara qanunsuz yiyələnməklə iddiaçını (mülkiyyətçini) faktik olaraq həmin əşyalardan məhrum etmişdir. Bu üzdən İddiaçı Cavabdeh qarşı ”Özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsinə dair” iddia qaldıraraq həmin əşyaların cavabdehin qanunsuz sahibliyindən alınıb natura şəklində ona qaytarılmasına xahiş etmişdir. Tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış iqtisadi mübahisəyə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin icraatında baxılmışdır. İşə mahiyyət üzrə baxan birinci instansiya məhkəməsinin qəbul etdiyi e-2-2 (82 )-903/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qətnamə ilə iddia rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasna apelyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2 (103)-879/2019 saylı, 26.12.2019 -cu il tarixli qərardadı ilə iddianın təmini tədbiri kimi işdə mübahisə predmetinə aid olan avadanlıqların istifadəsi cavabdehə qadağan olumuşdur. Bu qərardadın icrası Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə həvalə edilmşdir və sözügedən qərardad dərhal icraya yönəldilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-879/2019 saylı, 26 dekabr 2019 -cu il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin e-2-2(82)-903/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv olunmuşdur. Qətnamədən narazı qalan cavabdeh tərəf Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmə də, 2-2(102 )-101/2020 saylı, 20 may 2020-ci il tarxli Ali Məhkəmənin qərarı ilə apelyasiya apelyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdehin kassasiya şikayəti təmin olunmamışdır. 09 mart 2021-ci il tarixli, 312/360 saylı və 09 mart 2021-ci il tarixli, 313/ 360 saylı vəkil sorğuları əsasında Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin 15 mart 2021-ci il tarixli, 3362-95601/2020-15-18 saylı müşayətedici məktubla göndərdiyi 17 iyul 2020-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərardan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2 (103)-879/2019 saylı, 26 dekabr 2019 -cu il tarixli qərardadı 09 yanvar 2020-ci l tarixdə icra edilmişdir. Həmin məktubla göndərilən digər 17 iyul 2020-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərardan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-879/2019 saylı, 26 dekabr 2019 -cu il tarixli qətnaməsi 16 iyul 2020-ci il tarixdə icra edilmişdir. Qanuni qüvvəyə minmiş əvvəlki məhkəmə aktında iddianın predmeti ilə bağlı müəyyən edilmiş faktlar preyudisial əhəmiyyət kəsb edir. İndi isə,iddiaçı ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçıya dəymiş zərərin həcminin dəqiqləşdirilməsi baxımından “Qandela” əmtəə nişanlı tibbi lazer cihazlarının aktiv şəkildə istifadə olunub-olunmadığını, həmin cihazların vasitəsilə iaşə xidmətləri göstərilmiş müştərilərin ümumi sayını və bu xidmətlərə görə ödəniş haqqı məbləğlərinin müəyyən edilməsi bu işdə önəm daşıyır. Lakin, bu məlumatlar cavabdehdə saxlanılır və iddiaçının onları müstəqil əldə etmək imkanı yoxdur. Qanun üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki,Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil,iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.Bu üzdən iddiaçı öz tələbləriinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları əldə etmək üçün anoloji fəaliyyət növü ilə məşgul olan və eyni texnologiyanı tətbiq edən üçüncü şəxslərə müraciətlər etmiş və rəsmi cavablar almışdır. İddiaçı tərəf, həmçinin kosmetologiyada istifadə olunan “Qandela” əmtəə nişanlı tibbi lazer cihazının təbabətdə rolu və həmin cihazın vasitəsilə aparılan kosmetoloji əməliyyatlar zamanı aparatdan edilən minimal atış saylarını müəyyən etmək üçün gözəllik salonunda çalışan həkim-kosmetoloqa müraciət etmiş və ondan qarşısında qoyulmuş konkret suallara dair mütəxəssis qismində rəy verilməsi istənilmişdir. Belə ki, 17 mart 2021-ci il tarixli, 348/ 360 saylı vəkil sorğusuna cavab olaraq “Araş“ firmasının yazdığı 26 mart 2021ci il tarixli məktubdan bəlli olur ki, 9914-9015-1128 seriya nömrəli Gentlelase PRO aparatının, 9914-9030-5488 seriya nömrəli Gentlelase PRO aparatının və 9914-9015- 4065 seriya nömrəli Gentlelase PRO U aparatının təmiri ilə əlaqədar bu avadanlıqlara 2018-ci təqvim ilinin dekabr ayından 09 yanvar 2020-ci il tarixədək olan müddət ərzində həmin firmanın əməkdaşları tərəfindən texniki xidmət göstərilmiş və bu barədə müvafiq aktlar tərtib edilmişdir. Belə ki, 9914-9015-1128 seriya nömrəli Gentlelase PRO aparatının üzərində quraşdırılmış lampa 20 dekabr 2018-ci il, 11 aprel 2019-cu il, 12 iyul 2019-cu il və 25 noyabr 2019-cu il tarixlərdə, 9914-9030-5488 seriya nömrəli Gentlelase PRO aparatının üzərində quraşdırılmış lampa 23 mart 2019-cu il, 22 iyun 2019-cu il və 21 oktyabr 2019-cu il tarixlərdə və 9914-9015-4065 seriya nömrəli Gentlelase PRO U aparatının üzərində quraşdırılmış lampa 05 yanvar 2019-cu il, 02 may 2019-cu il, 29 iyul 2019-cu il və 11 noyabr 2019-cu il tarixlərdə firmanın əməkdaşları tərəfindən dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Həmin lampaların dəyişdirilməsinin texniki səbəbi onların uzun müddət işlənməsi nəticəsində istismara yararsız olması (sıradan çıxması) olmuşdur. Məktubda, həmçinin qeyd olunur ki, kosmetologiyada istifadə olunan həmin aparatlar tibbi təyinatlı lazer cihazlarıdır.Bu cihazların üzərində quraşdırılmış lampa 1 cüt olmaqla komplekt təşkil edir. Lampa kristal işığı qəbul edib, 755 nanometr dalğa uzunluğunda şüa yaratmaq funksiyasını yerinə yetirir və istifadə qaydalarına uyğun olaraq sayca ******* atışdan sonra mütləq yenisi ilə əvəz olunur. Həmin məktuba əlavə edilmiş 20 dekabr 2018ci il tarixi, 2924 N-li Akt, 11 aprel 2019-cu il tarixli, 5745 N-li Akt, 12 iyul 2019-cu i tarixi, 6889 N-li Akt və 25 noyabr 2019-cu il tarixli, 7789 N-li Akt 9914-9015-1128 seriya nömrəli Gentlelase PRO aparatına münasibətdə, 23 mart 2019-cu il tarixli, 5185 N-li Akt, 22 iyun 2019-cu il tarixli, 6749 N-li Akt və 21 oktyabr 2019-cu il tarixli, 7551 N-li Akt 9914-9030- 5488 seriya nömrəli Gentlelase PRO aparatına münasibətdə, 05 yanvar 2019-cu il tarixli, 4097 N-li Akt, 02 may 2019-cu il tarixli, 5927 N-li Akt, 29 iyul 2019-cu il tarixli, 7066 N-li Akt və 11 noyabr 2019-cu il tarixli, 7734 N-li Akt isə 9914-9015-4065 seriya nömrəli Gentlelase PRO U aparatına münasibətdə onların istismar zamanı təmir olunma faktlarını təsdiq edir. Göründüyü kimi, 9914-9015-1128 seriya nömrəli Gentlelase PRO aparatının üzərində quraşdırılmış lampa ayrı-ayrı tarixlərdə 4 dəfə dəyişdirilmişdir ki, bu da toplamda ******* atış deməkdir. 9914-9030-5488 seriya nömrəli Gentlelase PRO aparatının üzərində quraşdırılmış lampa ayrı-ayrı tarixlərdə 3 dəfə dəyişdirilmişdir ki, bu da toplamda ******* atış deməkdir.9914-9015-4065 seriya nömrəli Gentlelase PRO U aparatının üzərində quraşdırılmış lampa ayrı-ayrı tarixlərdə 4 dəfə dəyişdirilmişdir ki, bu da toplamda ******* atış deməkdir. Bu avadanlıqların vaxtaşırı təmiri bir daha təsdiq edir ki, onlar cavabdehin qanunsuz sahibliyində olduğu müddətdə təyinatı üzrə aktiv şəkildə istismar edlmişdir. 29 mart 2021-ci il tarixli, 370/ 360 saylı vəkil sorğusu ilə bağlı həkim-kosmetoloq tərəfindən verilmiş 06 aprel 2021-ci il tarixli “ Mütəxəssis rəyindən görünür ki, kosmetologiyada istifadə olunan “Qandela” əmtəə nişanlı tibbi lazer cihazının tətbiqi ilə lazer epilyasiyası həyata keçirilir ki, bunun köməyilə bədəndə olan tüklərin soğancıqları yandırılaraq məhv edilir. Həmin cihazın vasitəsilə bir qadın pasiyentin üz nahiyyəsində aparılan kosmetoloji əməliyyat zamanı aparatdan minimal 150 sayda, az tüklü bir qadın pasiyentin bədəni üzərində aparılan kosmetoloji əməliyyat zamanı aparatdan minimal 2083 sayda, çox tüklü bir qadın pasiyentin bədəni üzərində aparılan kosmetoloji əməliyyat zamanı aparatdan minimal 3939 sayda, bir kişi pasiyentin boyun arxasında aparılan kosmetoloji əməliyyat zamanı aparatdan minimal 73-85 sayda, bir kişi pasiyentin üz və boğaz nahiyyələrində aparılan kosmetoloji əməliyyat zamanı aparatdan minimal 125 sayda atışlar edilir. Rəyin “qeyd” hissəsində göstərilir: “Əməliyyatdan qabaq aparatın sayğac sistemi yenidən işə salınır, oradakı rəqəmlər sıfıra endirilir və bundan sonra prosedur həyata keçirilir. Bütün prosedur boyu edilən atış sayları sayğacda qeydə alınır. Görünən son rəqəmlər əsas götürülür. Rəy verilərkən bu metoddan istifadə olunmuşdur”. İddiaçı tərəf həmin cihazın vasitəsilə bir pasiyentin üzərində aparılan kosmetoloji əməliyyatların və bu əməliyyatlar zamanı aparatdan edilən minimal atış saylarının müxtəlifliyini nəzərə alaraq, atış saylarını müəyyən edərkən mühasibatlıq qaydalarına uyğun orta hesablama üsuluna üstünlük verir. Orta hesablamalara görə bir pasiyentin üzərində aparılan kosmetoloji əməliyyat zamanı aparatdan sayca 1275 dəfə atışlar edilir. Nəzərə alsaq kı, sözügedən hər bir lampanın maksimal atış imkanları ******* hesablanmışdır və yalnız bir pasiyentin üzərində aparılan kosmetoloji əməliyyat zamanı orta hesabla 1275 sayda atışlar edilir, onda ******* : 1275 = 1569 riyazi formulanın qurulması ilə belə nəticəyə gəlirik ki, bir lampa orta hesabla 1569 sayda müştəriyə xidmət üçün yetərlidir. İddiaçı bu məntiqlə sübut edir ki, dəyişdirilmiş lampaların sayından asılı olaraq 9914-9015-1128 seriya nömrəli Gentlelase PRO aparatının vasitəsilə iaşə xidməti göstərilmiş müştəri sayı orta hesabla 6276 nəfər, 9914- 9030-5488 seriya nömrəli Gentlelase PRO U aparatının köməyilə iaşə xidməti göstərilmiş müştəri sayı orta hesabla 4707 nəfər, 9914-9015-4065 seriya nömrəli Gentlelase PRO aparatının köməyi ilə iaşə xidməti göstərilmiş müştəri sayı orta hesabla 6276 nəfər, bütün müştərilərin ümumi sayı isə orta hesabla 17259 nəfər olmuşdur. 19 mart 2021-ci il tarixli, 360/360 saylı vəkil sorğusuna cavab olaraq “Face “ gözəllik salonunun yetgili şəxsinin yazdığı 24 mart 2021-ci il tarixli məktubda göstərilir ki, salonda 01 yanvar 2019-cu il tarixdən 16 iyul 2020-ci il tarixədək olan dövr üçün “Qandela” əmtəə nişanlı tibbi lazer cihazının vasitəsilə bir fiziki şəxsin üz nahiyyəsində aparılan kosmetoloji əməliyyata görə ödəniş haqqının məbləği 10 manat, bir fiziki şəxsin qol nahiyyəsində aparılan kosmetoloji əməliyyata görə ödəniş haqqının məbləği 25 manat, bir fiziki şəxsin ayaq nahiyyəsində aparılan kosmetoloji əməliyyata görə ödəniş haqqının məbləği 35 manat və bir fiziki şəxsin bütöv bədəni üzərində aparılan kosmetoloji əməliyyata görə ödəniş haqqının məbləği 60 manat civarında olmuşdur. 07 aprel 2021-ci il tarixli, 408/360 saylı vəkil sorğusuna cavab olaraq ”KEUNE” gözəllik salonunun yetgili şəxsinin yazdığı 09 aprel 2021- ci il tarixli məktubda isə göstərilir ki, salonda 01 yanvar 2019-cu il tarixdən 16 iyul 2020-ci il tarixədək olan dövr üçün “Qandela” əmtəə nişanlı tibbi lazer cihazının vasitəsilə bir fiziki şəxsin üz nahiyyəsində aparılan kosmetoloji əməliyyata görə ödəniş haqqının məbləği 10 manat, bir fiziki şəxsin qol nahiyyəsində aparılan kosmetoloji əməliyyata görə ödəniş haqqının məbləği 25 manat, bir fiziki şəxsin ayaq nahiyyəsində aparılan kosmetoloji əməliyyata görə ödəniş haqqının məbləği 35 manat və bir fiziki şəxsin bütöv bədəni üzərində aparılan kosmetoloji əməliyyata görə ödəniş haqqının məbləği 50 manat civarında olmuşdur. Göründüyü kimi eyni texnologiyanın tətbiqi ilə göstərilən iaşə xidmətlərinə görə xidmət növündən asılı olaraq ödəniş üçün fərqli qiymətlər müəyyən edilmişdir.İdiaçı tərəf bu fərqliliyi nəzərə alaraq ödəniş haqqının məbləğini hesablayarkən mühasibatlıq qaydalarına uyğun orta hesablama üsuluna üstünlük verir. Həmin salonlarda müəyyən edilmiş qiymətləri birlikdə götürdükdə bir pasientin üzərində aparılan kosmetoloji əməliyyatın qarşılığında edilən ödəniş haqqının məbləği orta hesabla 31,25 manat təşkil edir. Ərizədə müştərilərin ümumi sayının göstəricisi kimi qeyd olunan “17259” rəqəmini “31,25” rəqəminə vurmaqla hasil olunan nəticəyə görə (17259x31,25 = 539343,75) deyə bilərik ki, 01 yanvar 2019-cu il tarixdən başlayaraq avadanlıqların istifadəsinə qadağa qoyulması haqqında bəlli məhkəmə qərardadının icra olunduğu 09 yanvar 2020-ci il tarixədək olan 373 gün müddət ərzində cavabdeh bu əşyaların qanunsuz istifadəsindən orta hesabla ümumilikdə 539343,75 AZN civarında iqtisadi gəlir əldə etmişdir. Cavabdehin 1 günə düşən iqtisadi gəliri orta hesabla 1445,96 AZN olmuşdur. Bütövlükdə isə, həmin avadanlıqlar tərəflərin ortaq sahibkarlıq fəaliyyətindən imtina etdiyi 01 yanvar 2019-cu il tarixdən başlayaraq əvvəlki iş üzrə yekun məhkəmə aktının icra olunduğu 16 iyul 2020-ci il tarixədək cavabdehin qanunsuz sahibliyində olmuşdur. İddiaçı isə, mülkiyyət hüququ ilə ona mənsub olan həmin əmlakından məhrum olunmuşdur. Doğrudur, cavabdeh 09 yanvar 2020-ci il tarixdən 16 iyul 2020-ci il tarixədək olan 187 gün ərzində bu avadanlıqlardan istifadə etməmiş və iqtisadi gəlir götürməmişdir. Lakin, iddiaçı hesab edir ki, əgər onun sözügedən daşınar əşyalar üzərində mülkiyyət hüququ pozulmasaydı, o özü həmin zaman kəsiyində bu avadanlıqları özgəsinə kirayə vermək və ya digər qanuni üsullarla adi mülki dövriyyə şəraitində onların istifadəsindən cavabdehin bir günlük gəlirini saya almaqla (1445,96 manat) təqribən 270394,86 manat gəlir əldə edə bilərdi. İddiaçı bu təqribi gəliri özü üçün əldən çıxmış fayda hesab edir və belə düşünür ki, cavabdeh əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ona ödəməlidir. Beləliklə, yuxarıda göstərilən kriteriyalar üzrə aparılan hesablamalara görə sözügedən avadanlıqların 01 yanvar 2019cu il tarixdən başlayaraq əvvəlki iş üzrə yekun məhkəmə aktının icra olunduğu 16 iyul 2020-ci il tarixədək cavabdehin qanunsuz sahibliyində olması səbəbindən iddiaçıya həmin əmlakından məhrum olması nəticəsində orta hesabla 539343,75 manat və pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi indiki xərclə bağlı “hüquqi yardımın göstərilməsi haqqında” bağlanılmış müqaviləyə görə 2000 manat olmaqla toplamda 541343,75 AZN real zərər, eləcə də əldən çıxmış faydaya görə təqribi 270394,86 AZN zərər dəymişdir. İddiaçıya vurulan zərərin ümumi həcmi isə 811738,82 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddianı müdafiə edərək təmin olunmasını xahiş edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, tələb olunan 811738,82 manat məbləğdən 539343,75 manatı 01.01.2019-cu il tarixdən 09.01.2020-ci il tarixədək olan dövr üçün zərər, 270394,86 manat 09.01.2020-ci il tarixdən 16.07.2020-ci il tarixədək olan dövr üçün əldən çıxmış fayda və 2000 manat isə hüquqi yardım üçün nəzərdə tutulmuş vəsaitdir. Eyni zamanda izahatında bildirmişdir ki, tərəflər təxminən 7 il ərzində 6 ədəd tibbi lazer cihazlarının istifadəsi ilə bağlı birgə fəaliyyət göstərərək gəlir əldə etmişlər, iddiaçıya 3 ədəd tibbi lazer cihazı təxminən 2019-cu ilin yanvar ayında, digər 3 ədədi isə 16.07.2020ci il tarixdə qaytarılsa da, sonuncu onları satmış və təyinatı üzrə istifadə etməmişdir. Cavabdeh nümayəndəsi Vəkil2 məhkəməyə ünvanladığı etirazında iddia tələbinin aşağıdakılara əsasən rədd edilməsini xahiş etmişdir. Belə ki, iddiaçı heç nə ilə sübuta yetirilməyən ehtimallara əsaslanaraq, guya avadanlıqların istifadəsi nəticəsində ona 811738,82 AZN məbləğində ziyan dəydiyini bildirsə də, iclasda tərəflərin birgə fəaliyyəti dövründə pay nisbətinin nə qədər olması və bunun nə ilə təsdiq edilməsi barədə verilən suala heç bir cavab verilməmiş, birgə fəaliyyət dövründə cavabdeh tərəfindən iddiaçıya nə qədər vəsait ödənilməsi, həmin dövrdə avadanlıqların istifadəsindən iddiaçıya nə qədər vəsait ödənildiyi və avadanlıqların iddiaçıya verilməsindən sonra iddiaçının nə qədər gəlir əldə etməsi və bunu təsdiq edən sənədləri təqdim edə biləcəyi barədə suallara da heç bir cavab verilməmiş və heç bir sübut təqdim etməmişdir. Tərəfimizdən təqdim edilmiş sənədlərlə sübuta yetirilir ki, iddia tələbinin istinad etdiyi illər üzrə cavabdehin mənfəəti 2019-cu ildə 24731,61 manat; 2020-ci ilin 7 ayında isə 8739,71 manat; həmin dövrlər üzrə cəmi 33471,32 manat olmuşdur. Həmin məlumatlar cavabdehin gəlirləri və müvafiq sənədlərlə təsdiq edilən gəlirdən çıxılan xərcləri (əmək haqqı, icarə haqqı, vergi, məcburi sosial sığorta, kommunal xərclər) nəzərə alınmaqla hesablanmışdır və mübahisə mövzusu ola bilməz. Bundan əlavə nəzərə alınmalıdır ki, həmin mənfəətin tərkibinə cavabdehin digər xidmət növlərindən əldə etdiyi mənfəət də daxildir. Avadanlıqların istifadəsindən mənfəətin ümumi mənfəətdə xüsusi çəkisi isə 30%-dən artıq deyildir. Belə olan halda, iddia tələbinin heç bir sübuta əsaslanmayan, faktiki olaraq şişirdilmiş rəqəm olduğu aşkardır. İddia tələbini əsaslandırmaq üçün iddiaçının "xxxx" QSC-nin 26 mart 2021-ci il tarixli məktubu ilə verilən məlumatlara da istinad etməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, həmin məktubla təqdim edilən məlumatlar kommersiya sirri təşkil edir və cavabdehin razdığı olmadan həmin məlumatlar açıqlana bilməzdi. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1 -ci maddəsinə əsasən: 4.1. Aşağıdakılar istisna edilməklə, hüquqi və fiziki şəxslərin bu Qanunun tələblərinə uyğun olan məlumatları kommersiya sirri hesab edilir: 4.1.1. dövlət sirrini təşkil edən məlumatlar; 4.1.2. təsis sənədlərində əksini tapan məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla); 4.1.3. sahibkarlıq fəaliyyətinin bəzi növləri ilə məşğul olmaq hüququ verən lisenziyalar haqqında məlumatlar; 4.1.4. qanunvericilikdə nəzərdə tutulan hallarda auditor rəyi daxil olmaqla maliyyə hesabatlarında olan məlumatlar; 4.1.5. Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi barədə vergi sirri hesab olunmayan məlumatlar; 4.1.6. əməyin ödənilməsi formaları və məbləği barədə, əmək haqqı və sosial ödənişlər üzrə borclar, işçilərin say tərkibini, boş iş yerlərinin mövcudluğunu əks etdirən məlumatlar; 4.1.7. patent və digər mühafizə sənədləri ilə qorunan əqli mülkiyyət obyektləri haqqında məlumatlar; 4.1.8. qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qiymətli kağızların emitenti, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mərkəzi depozitar, səhmdar investisiya fondu və investisiya fondunun idarəçisi tərəfindən açılmalı olan məlumatlar; 4.1.9. qeyri-kommersiya təşkilatlarının fəaliyyəti barədə məlumatlar; 4.1.10. özəlləşdirmənin dövlət proqramının həyata keçirilməsi və konkret obyektlərin özəlləşdirmə şərtləri barədə məlumatlar; 4.1.11. hüquqi şəxsin ləğvi və onun kreditorları tərəfindən tələblərin irəli sürülməsi qaydası və müddəti barədə məlumatlar; 4.1.12. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən barəsində məsuliyyət növü nəzərdə tutulan əməllərə dair məlumatlar; 4.1.13. ekoloji və antiinhisar qanunvericiliyinə əməl olunması, əməyin təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığına ziyan vura bilən məhsulların satışı ilə bağlı məlumatlar; 4.1.14. kommersiya sirri rejiminin qoyulması qüvvədə olan qanunvericiliklə məhdudlaşdırılan məlumatlar; 4.1.15. telekommunikasiya operatoruna və telekommunikasiya provayderinə nömrə resursunun ayrılması, dəyişdirilməsi və geri alınması haqqında məlumatlar; 4.1.16. qanunvericiliyə əsasən kommersiya sirri hesab edilməyən digər məlumatlar. Kommersiya sirrinin yayılmasının yolverilməzliyi həmçinin Azərbaycan Respublikasının Vergi Məcəlləsində də nəzərdə tutulmuşdur. Vergi Məcəlləsinin 30.2-ci maddəsinə əsasən: Aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur: 30.2.1. vergi ödəyicisinin razılığı ilə aşkar edilən; 30.2.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında; 30.2.3. müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında; 30.2.4. vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında; 30.2.5. vergi ödənişləri üzrə borclar; 30.2.6. hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla); 30.2.7. vergi ödəyicisinin ƏDVnin məqsədləri üçün qeydiyyatda olub-olmaması haqqında; 30.2.8. bu Məcəllənin 16.3-cü maddəsinə uyğun olaraq vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının dayandırılıb-dayandırılmaması haqqında; 30.2.9. vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması haqqında. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən, “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vergi ödəyicisinin kommersiya sirrini təşkil edən məlumatlar və ya vergi sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, açılmamalıdır. Kommersiya və (və ya) vergi sirrinin açılmasına əsas etibarilə, ancaq bununla məhdudlaşmayan, vergi yoxlaması zamanı vəzifələrini yerinə yetirərkən vergi orqanının vəzifəli şəxsinə, cəlb edilmiş mütəxəssisə və ya ekspertə bəlli olmuş vergi ödəyicisinin kommersiya və (və ya) vergi sirrinin istifadə edilməsi və ya başqa şəxsə verilməsi aiddir. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, vergi orqanına daxil olmuş və kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların qorunmasının və əldə edilməsinin xüsusi rejimi vardır. Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən siyahı üzrə vəzifəli şəxslər əldə edə bilər. Həmin Məcəllənin 30.5-ci maddəsinə əsasən, kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların itirilməsi və yaxud belə məlumatların açılması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Göründüyü kimi, iddiaçının “sübut” kimi istinad etdiyi “məlumatlar” qanunsuz yolla əldə edilmiş kommersiya sirrini təşkil edən məlumatlar olmaqla, onlara sübut kimi istinad edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV hissəsinə əsasən, Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinə əsasən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Bundan əlavə, yuxarıda da qeyd edildiyi kimi, cavabdehin gəlirlərinin və xərclərinin məbləğləri qeydə alınmış rəsmi mənbələrdə mövcud olduğu təqdirdə, iddiaçının digər xidmət müəssisələrindən aldığı “məlumatlar” əsasında, həmçinin hər hansı digər metodlardan və vasitələrdən istifadə edilməklə hesablanması yolverilməzdir. Həmçinin bir daha bildiririk ki, iddiaçı, onun həmin avadanlıqlara bağlı cavabdehlə mübahisəsi yaranan vaxta qədər ona nə qədər vəsait ödənilməsini nə iddia ərizəsində bildirmiş, nə də məhkəmə iclasında ona bu barədə verilən suala cavab verməmişdir. İddiaçı avadanlıqların onun istifadəsində olduğu dövrdə də nə qədər mənfəət əldə etdiyi barədə sübutları da məhkəməyə təqdim etməmişdir. Halbuki, həmin sübutların təqdim edilməsi iddiaçının iddia etdiyi “zərər” məbləğini müəyyən etmək üçün istifadə oluna bilərdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında belə hüquqi mövqe bildirdi ki, “.. proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət ” adlandırmaq olar.” Şərh edilənlərdən də görünür ki, iddiaçı öz iddia tələblərini prosessual qanunvericiliklə nəzərdə tutulmuş sübutlarla əsaslandıra bilməmiş, üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən: 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 iddianı tələbini qəbul etməyərək məhkəməyə təqdim etdiyi yazılı etirazla eyni məzmunlu izahat verərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2 (103)-879/2019 saylı, 26.12.2019-cu il tarixli qərardadından görünür ki, iddianın təmini tədbiri kimi işdə mübahisə predmetinə aid olan avadanlıqların istifadəsi cavabdehə qadağan olumuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-879/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-903/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və mülkiyyət hüququ ilə iddiaçıya məxsus “X1” şirkətinin məhsulu olan bir ədəd 9914-9015-4065 seriya nömrəli Gentlelase PRO aparatı, bir ədəd 9914-9015-1128 seriya nömrəli Gentlelase PRO aparatı və bir ədəd 9914- 9030- 5488 seriya nömrəli Gentlelase PRO U aparatı və 9914-9015-4065 seriya nömrəli Gentlelase PRO U aparatı Cavabdeh qanunsuz sahibliyindən alınıb natura şəklində İddiaçı qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 101/2020 saylı, 20 may 2020-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-879/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdehin kassasiya şikayəti təmin olunmamışdır. 09 mart 2021-ci il tarixli, 312/360 saylı və 09 mart 2021-ci il tarixli, 313/ 360 saylı vəkil sorğuları əsasında Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin 15 mart 2021- ci il tarixli, 3362-95601/2020-15-18 saylı müşayətedici məktubla göndərdiyi 17 iyul 2020-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-879/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qərardadı 09 yanvar 2020-ci il tarixdə icra edilmişdir. Həmin məktubla göndərilən digər 17 iyul 2020-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-879/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qətnaməsi 16 iyul 2020-ci il tarixdə icra edilmişdir. 04.03.2021-ci il tarixli 360 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı vəkil Nümayəndə tərəfindən hüquqi yardımın göstərilməsi üçün 6 saylı vəkil bürosu ilə müqavilə bağlanmışdır. 05.03.2021-ci il tarixli TT**********587200 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 360 nömrəli müqaviləyə əsasən vəkil Nümayəndə 2000 manat məbləğində pul ödənilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmədə tətqiq olunan sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 01.01.2019-cu il tarixədək təxminən 7 il ərzində 6 ədəd tibbi lazer cihazlarının istifadəsi ilə bağlı qeyri-rəsmi birgə fəaliyyət göstərmişlər. Tərəflər 01.01.2019-cu il tarixdə birgə fəaliyyətlərinə xitam versələr də, iddiaçıya məxsus 6 ədəd tibbi lazer cihazlardan yalnız 3 ədədi geri qaytarılmış, digər 3 ədədi isə məhkəmə qətnaməsinə əsasən 16.07.2020-ci il tarixdə təhvil verilsə də, öncə isə onların istifadəsinə 26.12.2019-cu il tarixli məhkəmənin qərardadına əsasən qadağan edilmiş və sözügedən qərardad 09.01.2020-ci il tarixdə icra edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək özünə məxsus və vaxtında geri qaytarılmayan 3 ədəd tibbi lazer cihazlarının Cavabdeh istifadəsində olan dövr üçün dəymiş zərər və əldən çıxmış fayda kimi 811738,82 manat məbləğində pulu sonuncudan tələb etmişdir. Həmin tələbin 539343,75 manatını 01.01.2019-cu il tarixdən 09.01.2020-ci il tarixədək olan dövr üçün zərər kimi, 270394,86 manatını 09.01.2020-ci il tarixdən 16.07.2020-ci il tarixədək olan dövr üçün əldən çıxmış fayda kimi və 2000 manatı isə hüquqi yardım üçün çəkilən xərc kimi göstərmişdir. İddiaçı dəymiş zərər və əldən çıxmış faydanı məhkəməyə təqdim etdiyi 3 ədəd tibbi lazer cihazlarının təmirini həyata keçirən “Araş“ firmasının məktubuna, həkimkosmetoloqun mütəxəssis rəyinə və gözəllik salonlarının yetgili şəxslərin yazdıqları məktublara istinadən hesablasa da, məhkəmə həmin sənədləri mötəbər sübut kimi qəbul etmir, belə ki, tibbi lazer cihazlarında istifadə olunan lamparın maksimal atış imkanlarının məhz ******* olması ilə bağlı, həmçinin hər bir növ kosmetoloji əməliyyata görə müəyyən edilmiş qiymət və atışların sayı ilə bağlı məktublardan başqa heç bir rəsmi sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, “Araş“ firması məktubunda lampaların dəyişməsinin səbəbinin onların uzun müddət işlənməsi nəticəsində istismara yarasız (sıradan çıxması) olmasına istinad etsə də, hamıya bəlli olan hal odur ki, hər bir cihaz (lampa) qısa zamanda (hətta zəmanət dövrü) sıradan çıxa bilər, bu isə o deməkdir ki, lampanın məhz ******* atışdan sonra dəyişdirilməsi mübahisəlidir. Bununla yanaşı iddiaçı pasiyentlərin sayını təqdim etdiyi sənədlərə əsasən 01.01.2019-cu il tarixdən 09.01.2020-ci il tarixədək olan dövr üçün atışların sayına və kosmetoloji əməliyyatların növünə görə pasiyentlərin sayını 17259 olduğunu qeyd etsə də, məhkəmə hesab edir ki, həmin rəqəm mübahisəlidir, belə ki, pasiyentlərin sayını təsdiq edən heç bir rəsmi sənəd (ödəniş çəki) təqdim edilməmiş, cavabdeh isə gəlir əldə etmək məqsədi olmadan da, tibbi lazer cihazları istifadə edilə bilər (şəxsi və ya yaxınların tələbatı üçün). Göründüyü kimi iddiaçı 01.01.2019-cu il tarixdən 09.01.2020-ci il tarixədək dəymiş zərərin 539343,75 manat məbləğində olduğunu qeyd etsə də, bununla bağlı mötəbər sübut təqdim etməmiş, təqdim edilən sənədlər isə mübahisə doğurur. Məhkəmə eyni zamanda qeyd edir ki, tərəflərin arasında 7 il ərzində 6 ədəd tibbi lazer cihazlarının istifadəsi ilə bağlı qeyri-rəsmi birgə fəaliyyətləri dövründə gəlirin əldə olunması baxmayaraq, iddiaçı həmin dövrdə əldə edilmiş gəliri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, yəni ona dəymiş zərərin həmin dövrdə əldə etmiş illik gəlirə uyğun hesablanmasını qaydasında deyil, hazırki mübahisəli qaydada hesablanmasını xahiş etmişdir. Bu isə bir daha onu göstərir ki, iddiaçının hesablamalarına görə tərəflərin qeyri-rəsmi birgə fəaliyyətləri dövründə 6 ədəd tibbi lazer cihazlarının istifadəsi ilə bağlı illik gəlir təxminən ******* manat (hazırki tələbdə 3 cihaz- 539343,75 manat gəlir) olmuş, halbuki iddiaçı bununla bağlı heç bir sübut təqdim etməmişdir. Lakin iddiaçı məhkəməyə tələbi ilə bağlı mötəbər sübut təqdim etməsə də, cavabdeh 2019-cu ildə 24731,61 manat məbləğində mənfəətin əldə etdiyi və həmin mənfəətin 3 ədəd tibbi lazer cihazlarının istifadəsi ilə bağlı xüsusi çəkisinin 30%-dən artıq olmadığını etiraf etdiyinə görə məhkəmə hesab edir ki, iddia 01.01.2019-cu il tarixdən 09.01.2020-ci il tarixədək dəymiş zərərə görə 539343,75 manat məbləğində pulun tələbi hissəsində iddia qismən təmin edilməli və etiraf edilmiş 7419,48 manat (24731,61x30%) məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının 09.01.2020-ci il tarixdən 16.07.2020-ci il tarixədək olan dövr üçün əldən çıxmış fayda kimi 270394,86 manat məbləğində pulun tələbi hissəsində iddia rədd edilməlidir, belə ki, iddiçı tərəfindən bununla bağlı mötəbər sübut təqdim edilməməklə yanaşı, 3 ədəd tibbi lazer cihazların istifadəsinə 26.12.2019-cu il tarixli məhkəmənin qərardadına əsasən qadağan edilmiş və sözügedən qərardad 09.01.2020-ci il tarixdə icra edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı əldən çıxmış faydanı tələb etsə də, 01.01.2019-cu il tarixdə geri qaytarılan 3 ədəd tibbi lazer cihazlarını təyinatı üzrə ümumiyyətlə istifadə etməmiş və heç bir gəlir əldə etməmişdır. Bu isə o deməkdir ki, 16.07.2020-ci il tarixdə qaytarılan 3 ədəd tibbi lazer cihazları 01.01.2019-cu il tarixdə qaytarılsaydı belə, onlar digər 3 ədəd cihazları kimi təyinatı üzrə istifadə edilməyəcəkdir. Göründüyü kimi iddiaçı cavabdehdən əldən çıxmış faydanı tələb etsə də, özünün istifadəsində olan 3 ədəd tibbi lazer cihazları istifadə etməməklə heç bir gəlir əldə etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı hüquqi yardıma görə çəkilən xərclə bağlı 2000 manat pul tələb etsə də, məhkəmə hesab edir ki, həmin vəsait ağlabatan məbləğdə, yəni 400 manat həcmində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 0,96%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunun 0,96%-i, yəni 0,28 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş zərər kimi 7419,48 manat, hüquqi yardıma görə 400 manat və dövlət rüsumu kimi ödənilmiş 0,28 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia əldən çıxmış fayda kimi 270394,86 manat məbləğində pulun tələbi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş zərər kimi 7419,48 manat, hüquqi yardıma görə 400 manat və dövlət rüsumu kimi ödənilmiş 0,28 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia əldən çıxmış fayda kimi 270394,86 manat məbləğində pulun tələbi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar