Məhkəmə qərarları › İş №e-2-2(113)-292/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-292/2024

06.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-292/2024 06.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən sığorta hadisəsi nəticəsində 38.838,53 manat məbləğində dəymiş ziyanın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 cavabdeh hüquqi şəxsin ləğv edildiyini, hüquqi varisinin olmadığını, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 14 fevral 2024-cü il tarixli qərarı ilə Dövlət Sığorta Kommersiya Şirkətinə sığorta fəaliyyətinə verilmiş lisenziyanın ləğv edildiyini, cavabdehin öz kreditorlarına çağırış etdiyini, lakin iddiaçının onlara müraciət etmədiyini bildirib iş üzrə icraata xitam verilməsini xahiş etdi. İddiaçıya məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırlıq iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları nəzərdən keçirərək hesab edir ki, cavabdeh hüquqi şəxs ləğv edildiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, materiallara əlavə edilmiş “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və "xxxx" ASC-nin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1751 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Fərmanı ilə cavabdeh ləğv edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 08 fevral 2024-cü il tarixli 3-23/3-1-76/2024 saylı əmrindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ləğvi ilə əlaqədar Azərbaycan İnvestisiya Holdinqinin təqdimatı nəzərə alınaraq Şirkətin Gündüz Əliyev, Kənan Quliyev və Ələskər Əliyevdən ibarət tərkibdə ləğvetmə komissiyasının yaradılması əmr edilmişdir. xx.xx.2024-cü il tarixdə kreditor tələblərinin ödənilməsi üçün xx.xx.2024-cü il tarixə qədər tələblərin qeydə alınması ilə bağlı kreditorlara cavabdeh tərəfindən çağırış elan edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.8-ci maddəsinə əsasən işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Materiallardan görünür ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən 97 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh hüquqi şəxs ləğv edildiyindən hazırkı iş üzrə icraata xitam verilməli, ödənilmiş 200 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddia ərizəsi verilərkən ödənilmiş 97 (doxsan yeddi) manat dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılsın. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar