Məhkəmə qərarları › İş №e-2-2(113)-2921/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2921/2024

10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2921/2024 10.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızı, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. "xxxx" QSC-nin “Mərdəkan” filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında 19 aprel 2022-ci il tarixli, 021L**********57 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 100.000 manat məbləğində 120 ay müddətinə xx.xx.2032-ci il tarixədək uzunmüddətli kredit xəttini açmışdır. Müqaviləyə əsasən uzunmüddətli kredit xətti həmin müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Kreditlər tərəflər arasında “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanılacaq ayrıca razılaşmalar əsasında veriləcəkdir. Həmin müqavilənin: - 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 29 yanvar 2028-ci il tarixdən gec olmayaraq verilməlidir. - 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. - 1.6-cı bəndinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. - 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kredit verən bu müqaviləyə vaxtından əvvəl xitam vеrmək və hər bir qaytarmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb еtmək hüququna malikdir. - 4.4-cü bəndinə əsasən tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək bu müqavilə qüvvədədir. Kredit müqaviləsi hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.

2. "xxxx" QSC-nin “Mərdəkan” filialı (bank) ilə Cavabdeh2 (zamin) arasında 19 aprel 2022-ci il tarixli, 021S**********01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin giriş hissəsinə əsasən həmin müqavilə "xxxx" QSC ilə borclu Cavabdeh1 arasında bağlanmış 19 aprel 2022-ci il tarixli, 021L**********57 saylı uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərini təmin etmək üçün bağlanmış, müddətli kredit müqaviləsinin məbləğinin 100.000 manat məbləğində, müddətinin 120 ay, faiz dərəcəsinin yuxarı həddinin 28%, ödənişlərin dövriliyinin hər təqvim aynda bir dəfə olması müəyyən edilmişdir. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. - 3.1.1-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zaminlər icra etməlidir. - 3.1.2-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zaminlər ödəyir. - 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminlərin öhdəliyidir. - 4.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı tarixdən qüvvəyə minir və kredit xətti müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. Müqavilə bankın imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir.

3. "xxxx" QSC-nin “Mərdəkan” filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış 19 aprel 2022-ci il tarixli, 021L**********57 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 021R********** saylı, xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən bank məbləği 5000 manat olan krediti aylıq faiz dərəcəsi 2,1667% olmaqla 24 ay müddətinə kredit alana vermişdir. - 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. - 1.3-cü bəndinə əsasən kredit alana kredit aşağıda göstərilmiş məqsəd üçün verilir və kredit alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir: Fərdi mikro kredit. - 2.1-ci bəndinə əsasən bank krediti kredit alanın AZ04ACAB******************** cari hesabına köçürür. Kreditin kredit alanın hesabına köçürüldüyü tarix kreditin verildiyi tarix hesab olunur. - 2.2-ci bəndinə əsasən bank 50 manat məbləğində kreditin verilməsi üçün komisyon haqqı hesablayır. Kredit verilməsi üçün bu haqq ödənildikdən sonra kredit verilir. - 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. - 2.4-cü bəndinə əsasən faktiki illik faiz dərəcəsi FİFD 26.52 % təşkil edir. - 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyə borcludur. Müqavilədə giriş hissəsində kredit alan Cavabdeh1 məlumatları kimi şəxsiyyət vəsiqəsinin nömrəsi ilə yanaşı VÖEN-i də göstərilmişdir. Müqavilə bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir. 4.021L**********57 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 021R********** saylı kredit razılaşmasının ödəniş planına əsasən Cavabdeh1 tərəfindən kredit razılaşması üzrə 5000 manat əsas məbləğlə yanaşı 1.431.56 manat faiz məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş planı bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir. 5."xxxx" QSC tərəfindən verilmiş ödəniş sənədindən ilə müəyyən edilir ki, 5000 manat kredit Cavabdeh1 AZ04ACAB******************** nömrəli hesabına köçürülmüşdür. Ödəniş sənədi bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir. 6."xxxx" QSC-nin “Mərdəkan” filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli 021R**********S saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Bank ilə kredit alan arasında 19 aprel 2022-ci il tarixli, 021L**********57 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə bağlanmış 021R********** saylı kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri, habelə cərimə nəzərdə tutulduğu halda cərimə borcunu bu sazişə əlavə olunan xx.xx.2022-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.

7. 021L**********57saylı uzunmüddətli kredit müqaviləsi üzrə 021R********** saylı kredit razılaşmasının restrukturizasiya tarixi xx.xx.2022-ci il olan ödəniş planına əsasən Cavabdeh1 tərəfindən kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixənədək ödəyəcək əsas məbləğ 4.115,28 manat, faizin məbləği 1.051,16 manat, hesablanmış fazi borcu 0 manat, hesablanmış cərimə borcu 0 manat, cəmi ödəniləcək məbləğ 5.166,44 manat müəyyən edilmişdir. Ödəniş planı kredit alan, kredit verən və zamin tərəfindən imzalanmışdır. 8."xxxx" QSC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, kredit razılaşması üzrə Cavabdeh1 sonuncu dəfə xx.xx.2023-cü ildə olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir.

9. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 "xxxx" QSC-yə xx.xx.2023-cü il tarixinə əsas borcu 3.842,71 manat, faiz borcu 525,74 manat, (gecikdirilən günlərin sayı 235 gün) cərimə borcu 159,09 manat olmaqla, cəmi borc 4.527,54 manat təşkil edir.

10. "xxxx" QSC tərəfindən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubları ünvanlanaraq xx.xx.2023-cü il tarixə yaranmış gecikdirilmiş borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə xx.xx.2023-cü il tarixinədək borc ödənilmədiyi təqdirdə razılaşmaya xitam veriləcəyi və borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a)İddia tələbi və iddia tələbinin dəlilləri

11. İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 021R********** saylı krеdit razılaşması üzrə 3.842,71 manat məbləğində krеdit bоrcu, 525,74 manat məbləğində faiz bоrcu və 159,09 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4.527,54 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin və 65,28 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 021L**********57 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 021R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2022ci il tarixli 021R**********S saylısazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 1157.29 manat ödəmiş, onun 3842.71 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 235 gün üçün hesablanmış faiz borcu 1126.76 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 235 gün üçün hеsablanmış cərimə 290,52 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə edilmiş dəyişiklikdən əvvəl hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdehlər iştirak etməmişdir. Bu barədə xx.xx.2023-ci il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq İddiaçı QSC tərəfindən 60 manat haqq ödənilmişdir.

13. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2 və 501-ci maddələrinə istinad etmişdir

b) İddiaya qarşı etirazın dəlilləri

14. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

15. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

16. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

17. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

18. AR Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

19. AR MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 20.“Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

21. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh1 arasında 19 aprel 2022-ci il tarixli, 021L**********57 saylı uzunmüddətli kredit müqaviləsi və həmin müqavilə üzrə 021R********** saylı, xx.xx.2022-ci il tarixli kredit razılaşmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "xxxx" QSC 021R********** saylı, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə Cavabdeh1 müqavilədə və razılaşmada müəyyən edilmiş şərtlərlə cəmi 5000 manat məbləğində kredit verməklə, razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.

23. Belə olan halda məhkəmə Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə iddiaçı "xxxx" QSC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" QSC Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 3.842,71 manat məbləğində əsas və 525,74 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

24. Kredit razılaşması üzrə əsas borcu ödəniş cədvəlinə uyğun qaytarmadığına görə Cavabdeh1 hesablanmış 159,09 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

25. Məhkəmə hesab edir ki, Cavabdeh1 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 159,09 manat məbləğində dəbbə pulu tutularaq "xxxx" QSC-yə ödənilməlidir.

27. Bununla yanaşı iş materiallarından həmçinin görünür ki, Cavabdeh1 19 aprel 2022ci il tarixli, 021L**********57 saylı uzunmüddətli kredit müqaviləsi və həmin müqavilə üzrə 021R********** saylı, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi bank ilə Cavabdeh2 arasında 19 aprel 2022-ci il tarixli, 021S**********01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 19 aprel 2022-ci il tarixli, 021L**********57 saylı uzunmüddətli kredit müqaviləsi və həmin müqavilə üzrə 021R********** saylı, xx.xx.2022-ci il tarixli kredit razılaşmadan irəli gələn öhdəliklərinə zamin durmuşdur.

28. Belə olan halda məhkəmə 19 aprel 2022-ci il tarixli, 021S**********01 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 19 aprel 2022-ci il tarixli, 021L**********57 saylı uzunmüddətli kredit müqaviləsi və həmin müqavilə üzrə 021R********** saylı, xx.xx.2022-ci il tarixli kredit razılaşmadan irəli gələn öhdəliklərinə zamin durduğunu, Cavabdeh1 isə həmin razılaşma üzrə öhdəliklərini yerinə yetirmədiyini nəzərə alaraq hesab edir ki, 19 aprel 2022-ci il tarixli, 021L**********57 saylı uzunmüddətli kredit müqaviləsi və həmin müqavilə üzrə 021R********** saylı, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə əsas, faiz borcu və dəbbə pulu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır.

29. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 65,28 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

30. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 65,28 manat təşkil edir.

31. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumu mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödədiyi mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

32. Digər tərəfdən MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır.

33. Odur ki, iddiaçı tərəfindən iddia verilərkən ödənilmiş 60 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

34. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 60 manat və dövlət rüsumunun əvəzi olaraq 5,28 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 021R********** saylı, xx.xx.2022-ci il tarixli krеdit razılaşması üzrə 3.842,71 manat məbləğində krеdit bоrcu, 525,74 manat məbləğində faiz bоrcu və 159,09 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4.527,54 manat məbləğində bоrc, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 60 manat və dövlət rüsumunun əvəzi olaraq 5,28 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. İddiaçı tərəfindən iddia verilərkən artıq ödənilmiş 60 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar