Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2928/2024 03.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdeh2 qarşı iddia və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 “1003 20 Jan Kavvamli natural oil stand” nömrəli qısamüddətli icarə müqaviləsi və xx.xx.2021-ci il tarixli, “2015 X2 Kavvamlı” nömrəli qısamüddətli icarə müqaviləsi üzrə 20.947,77 manat əsas, 6.592,03 manat cərimə borcu olmaqla, ümumilikdə 27,539.80 manat borc məbləğinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, bundan əlavə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat mediasiya xərci və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 175 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərində İddiaçı MMC ilə Cavabdeh2 arasında qısa müddətli icarə müqavilələri bağlanıb. xx.xx.2020-ci il tarixli, “1003 20 Jan Kavvamli natural oilstand” nömrəli qısa müddətli icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə ünvanında İddiaçı MMC-yə məxsus “Bravo” hipermarketi binasında yerləşən obyektin 10 kvadrat metrdən ibarət hissəsi cavabdehə icarəyə verilib. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəyə əsasən, icarə haqqı hər ay üçün 1000 (min) manat + 18 faiz ƏDV təşkil edir. xx.xx.2021-ci il tarixli, “2015 X2 Kavvamlı” nömrəli qısa müddətli icarə müqaviləsinə əsasən, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) (Yeni qaydalarla: AZ5001, ünvan 2 ünvanlarında İddiaçı MMC-yə məxsus “Bravo” hipermarketi binasında yerləşən və Əlavə 1 -də göstərilən obyektin 8,8 kvadrat metrdən ibarət hissəsicavabdehə icarəyə verilib. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəyə əsasən, icarə haqqı hər ay üçün 700 (yeddi yüz) manat + 18 faiz ƏDV təşkil edir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə sənədinə əsasən, cavabdehin xx.xx.2020-ci il tarixli, “1003 20 Jan Kavvamli natural oil stand” nömrəli qısamüddətli icarə müqaviləsi üzrə əsas borcun məbləği 16,530.97 (on altı min beş yüz otuz manat doxsan yeddi qəpik), cərimə məbləği 3,760.24 (üç min yeddi yüz altmış manat iyirmi dörd qəpik) olmaqla cəmi 20,291.21 (iyirmi min iki yüz doxsan bir manat iyirmi bir qəpik) təşkil edir. Həmin maliyyə sənədinə əsasən, həmçinin cavabdehin xx.xx.2021-ci il tarixli, “2015 SUMGAYİT BRAVO CENTER KAVVAMLİ” nömrəli qısamüddətli icarə müqaviləsinə əsasən, icarə müqaviləsi üzrəsas borcun məbləği 4,416.8 (dörd min dörd yüz on altı manat səksən qəpik) manat, cərimə məbləği isə 2,832.41 (iki min səkkiz yüz otuz iki manat qırx bir qəpik) manat olmaqla cəmi 7,249.21 (yeddi min iki yüz qırx doqquz manat iyirmi bir qəpik) manat təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən, cavabdehin iddiaçıya ödəməli olan icarə müqavilələri üzrə əsas məbləğ və cərimə məbləği ümumilikdə 27,540.42 (iyirmi yeddi min beş yüz qırx manat qırx iki qəpik) təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
8. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli “1003 20 Jan Kavvamli natural oil stand” nömrəli və xx.xx.2021-ci il tarixli, “2015 X2 Kavvamlı” nömrəli qısamüddətli icarə müqavilələri və müqavilələrə əlavələr imzalanmışdır.
10. xx.xx.2020-ci il tarixli, “1003 20 Jan Kavvamli natural oilstand” nömrəli qısa müddətli icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə ünvanında İddiaçı MMC-yə məxsus “Bravo” hipermarketi binasında yerləşən obyektin 10 kvadrat metrdən ibarət hissəsi cavabdehə icarəyə verilmişdir.
11. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəyə əsasən, icarə haqqı hər ay üçün 1000 (min) manat + 18 faiz ƏDV təşkil edir.
12. xx.xx.2021-ci il tarixli, “2015 X2 Kavvamlı” nömrəli qısa müddətli icarə müqaviləsinə əsasən, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) (Yeni qaydalarla: AZ5001, ünvan 2 ünvanlarında İddiaçı MMC-yə məxsus “Bravo” hipermarketi binasında yerləşən və Əlavə 1-də göstərilən obyektin 8,8 kvadrat metrdən ibarət hissəsi cavabdehə icarəyə verilmişdir.
13. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəyə əsasən, icarə haqqı hər ay üçün 700 (yeddi yüz) manat + 18 faiz ƏDV təşkil edir.
14. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli müqaviləyə 01 nömrəli dəyişikliyə əsasən bu müqavilənin müddətinin xx.xx.2022-ci il tarixə qədər, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli müqaviləyə 02 nömrəli dəyişikliyə əsasən müqavilənin müddətinin xx.xx.2023-cü il tarixə qədər uzadılması razılaşdırılmışdır.
15. Bundan başqa, iş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli “1003 20 Jan Kavvamli natural oil stand” nömrəli müqaviləyə xitam razılaşması imzalanmış, həmin razılaşma ilə müqaviləyə xx.xx.2023-cü il tarixdən etibarən xitam veriləcəyi, xitam razılaşması qüvvəyə mindikdən sonra icarəçinin icarə haqqı üzrə yaranmış 27.539,80 manat məbləğində borcu 5 iş günü ərzində icarəyə verənə ödəməyi öhdəsinə götürməsi, xitam razılaşmasının imzalandığı tarixdən qüvvəyə minəcəyi razılaşdırılmış, icarəçi Cavabdeh2 da həmin razılaşmanı imzalamaqla 27.539,80 manat məbləğində borcu olduğunu qəbul etmişdir.
16. İşə əlavə olunmuş, hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş, tərəflər arasında xx.xx.2021-ci il tarixli, “2015 X2 Kavvamlı” nömrəli qısamüddətli icarə müqaviləsinə xitam razılaşması imzalanmış, həmin razılaşmaya əsasən müqaviləyə xx.xx.2022-ci il tarixdən etibarən xitam veriləcəyi, bu xitam razılaşmasının xx.xx.2022-ci il tarixdən qüvvəyə minəcəyi razılaşdırılmışdır.
17. Müqavilələr, əlavələr, xitam razılaşmaları tərəflərin imzası və möhürü ilə təsdiq olunmuşdur.
18. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də, məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqavilələrindən irəli gəlir.
19. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən onun obyektdən istifadəyə görə icarə haqqı ödəmək vəzifəsi və iddiaçının da, müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
20. İş materiallarına əlavə olunmuş çıxarışdan görünür ki, Cavabdeh2 İddiaçınə xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən ümumilikdə 20.947,77 manat əsas, 6.592,65 manat məbləğində cərimə borcu vardır.
21. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, müqavilələr üzrə icarə haqqı borcunun ödənilməsini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
22. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və 20.947.77 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilməlidir.
23. Bundan başqa, məhkəmə hər iki müqavilə üzrə cəmi 6.592,65 manat məbləğində cərimə borcunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
24. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
25. Məhkəmə hesab edir ki, hər iki müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə 1.100 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
26. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq 200 manat məbləğində pul Bakı 15 X1 ödənmişdir.
27. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
28. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 175 manat məbləğində pulun tələb olunması ilə bağlı aşağıdakıları qeyd edir.
29. İş materiallarına əlavə olunmuş iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” qrafikindən görünür ki, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 175 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.
30. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
31. Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun məbləği 156,14 manat təşkil edir və həmin məbləğ də mediasiyaya çəkilmiş xərclə (200 manat) əhatə olunmuşdur.
32. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq artıq ödənilmiş 175 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutula bilməz.
33. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən əsas borc üzrə 20.947 (iyirmi min doqquz yüz qırx yeddi) manat, 77 (yetmiş yeddi) qəpik, cərimə borcu üzrə 1.100 (bir min bir yüz) manat olmaqla, cəmi 22.047 (iyirmi iki min qırx yeddi) manat, 77 (yetmiş yeddi) qəpik məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov