Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2931/2023 30.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətininə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, icarə haqqı borcunun ödənilməsi, öhdəliyin icrasının gecikdirilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1906 saylı, xx.xx.2020-ci il tarixli icrarə müqaviləsi üzrə 58005 manat əsas, 10440,90 manat ƏDV borc məbləği, borc məbləğinin borcun ödənilmədiyi gündən məhkəmə qərarının çıxarıldığı günədək Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi illik faiz bank uçot dərəcəsinə uyğun hesablanan məbləğ, 10000 (on min) manat mənəvi ziyan, pozulmuş hüquququn bərpası üçün vəkilə ödənilmiş 100 (bir yüz) manat, ödənilmiş 400 məhkəmə xərci olmaqla, cəmi 78945,90 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə bağlanılmış 1906 saylı, xx.xx.2020-ci il tarixli icrarə müqaviləsinə əsasən texnikalar və nəqliyyat vasitələri cavabdehə icarəyə verilmişdir. Bağlanılmış müqavilə üzrə razılaşdırılmış texnikalar və nəqliyyat vasitəri xidməti ehtiyaclar üzrə cavabdehə təqdim edilərək öhdəliklər icra edilmiş, cavabdeh MMC isə icarəyə verilmiş əmlakları xidməti ehtiyacları üçün istismar etmiş, lakin əmlaklar üzrə razılaşdırılmış icarə haqlarını ödəməyərək, müqavilə üzrə öhdəliklərinin tam icrasını təmin etməmişdir. Cavabdeh qeyd olunan müqaviləyə əsasən (ƏDV-siz) 285354 saylı, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 16506 manat, 459182 saylı, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 26703 manat, 969276 saylı, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 25231 manat, 336559 saylı, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 27446 manat, 431021 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 21305 manat, 151143 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 8349 manat və 844937 saylı, xx.xx.2021ci il tarixli elektron qaimə üzrə 5779 manat icarə üzrə (cəmi: 131319 manat) borc məbləğləri ilə razılaşaraq həmin qaimələri qəbul etmişdir. Həmin borc məbləğindən cavabdeh tərəfindən (ƏDV-siz) xx.xx.2020-ci il tarixdə 2000 manat, xx.xx.2020-ci il tarixdə 10506 manat, xx.xx.2020-ci il tarixdə 6703 manat, xx.xx.2020-ci il tarixdə 2600 manat, xx.xx.2020-ci il tarixdə 21305 manat və xx.xx.2021-ci il tarixdə 6800 manat (cəmi: 73314 manat) bank hesaba köçürülmüş, yerdə qalan 58005 manatın ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Nümayəndə cavabdeh MMC-nin rəhbəri ilə görüşərək müqavilə üzrə qalıq məbləğin ödənilərək öhdəliklərinin tam icrasını tələb etmiş, cavabdeh tərəfindən hər dəfə borc məbləğinin növbəti ay ödəniləcəyi vəd edilsə də, verilən vədə bu günədək əməl edilməmişdir. Cavabdeh ilə bağlanılmış icarə müqaviləsi üzrə əsas borc məbləği 58005 manat, ƏDV üzrə borc məbləği 10440,90 manat təşkil edir. Cavabdeh yaranmış borc məbləğini könüllü ödəməyərək, müqavilə üzrə öhdəliklərinin icrasını tam təmin etmədiyindən həmin borc məbləği faiz dərəcəsi ilə, çəkilən və çəkiləcək xərclər məhkəmə qaydasında cavabdeh MMC-dən alınaraq ödənilməlidir. Mübahisənin məhkəmədən kənar həll olunması üçün mediatora müraciət edilsə də, cavabdeh məlumatlı olmasına baxmayaraq, mediasiya sessiyasında iştirak etməmişdir.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, 58005 manat əsas borc məbləğinin xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üzrə bank uçot (7.5%) dərəcəsinə uyğun hesablanılmış 7521,52 manatın da cavabdehdən alanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386 və 449-cu maddələrinə istinad olunmuşdur.
5. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC və Cavabdeh MMC arasında 1906 saylı, xx.xx.2020-ci il tarixli icarə müqaviləsi bağlanmış və müxtəlif texnikalar və nəqliyyat vasitələri cavabdehə icarəyə verilmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə sübut qismində elektron qaimə və aktlar təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan aktlar və tərəflərin verdiyi izahatlardan məlum olmuşdur ki, əslində tərəflər arasında olan münasibət hər hansı texnikalar və nəqliyyat vasitələrin icarəyə verilməsi deyil, faktiki olaraq asfalt işlərinin görülməsi ilə bağlı yüklərin daşınması xidməti olmuşdur. Belə ki iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş aktlardan belə başa düşülür ki (cavabdeh həmin aktları işlərin yerinə yetirilməsini təsdiq edən sənəd kimi qəbul etmir), Ağstafa rayonu Qırlı kəndində avtomagistralın tikintisi ilə əlaqəli olaraq "xxxx" MMC-nin adları qeyd olunan sürücüləri tərəfindən nəqliyyat vasitələri idarə edilərək yüklərin daşınması həyata keçirilibdir. Bu da onu göstərir ki, həmin nəqliyyat vasitələri Cavabdeh MMC-nin istifadəsində və sərəncamında, başqa sözlə icarəsində olmayıb. Hazırkı mübahisə üzrə tərəflər arasında olan münasibət əslində xidmət müqaviləsi olduğundan bu mübahisəyə icarə müqaviləsinə aid olan normalar deyil, xidmət, yəni tapşırıq müqaviləsinə aid olan hüquq normları tətbiq edilməlidir. Tərəflər arasında əslində olan xidmət müqaviləsinə görə yerinə yetilmiş işlərin dəyəri cavabdeh – Cavabdeh MMC tərəfindən iddiaçı – "xxxx" MMC-yə tam olaraq ödənilmişdir. İddiaçı dəyəri ödənilmiş işlərdən əlavə cavabdeh üçün hər hansı bir xidmət və ya iş yerinə yetirməmişdir. İddiaçı tərəfindən işlərin yerinə yetirilməsini təsdiq edən sübut kimi tədqim edilmiş elektron qaimələr və aktlara münasibətdə isə aşağıdakılar qeyd olunmalıdır. İddiaçı iddia ərizəsində 285354 saylı, xx.xx.2020 ci il tarixli, 459182 saylı, xx.xx.2020-ci il tarixli elektron qaimə, 969276 saylı, xx.xx.2020-ci il tarixli elektron qaimə, 36559 saylı, xx.xx.2020-ci il tarixli elektron qaimə, 431021 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimə, 151143 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimə, və 844937 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimələrə istinad edərək, cavabdeh üçün işin yerinə yetirildiyini iddia edir. 285354 saylı, xx.xx.2020-ci il tarixli e-qaimə xaric olmaqla, bütün qaimələr sistem tərəfindən təsdiq edilmişdir. Cavadehin digər qaimələrin göndərilməsindən məlumatı olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Yəni Konstitusiya Məhkəməsinin formalaşmış mövqeyinə əsasən elektron qaimə birbaşa işlərin və xidmətin yerinə yetirilməsini təsdiq etmir, iddia ərizəsində tələbin əsası kimi yalnız sistem tərəfindən təsdiq edilmiş elektron qaimələrə əsaslanılıb. Daha sonra iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində e-məhkəmə sisteminə 4 ədəd akt və digər 2 ədəd sənəd əlavə edimişdir. Qeyd olunan sənədlərin əsli məhkəmə araşdırması zamanı təqdim olunmayıb. Bundan əlavə həmin sənədlərə tanış olan zaman Cavabdeh MMC-nin işçisi olmuş X3 və Şahid1 adlarının əks olunduğu müəyyən olmuşdur. X3 layihə rəhbəri və Şahid1 isə maliyyə mütəxssisi vəzifəsində işləyiblər. Cavabdeh MMC tərəfindən həmin şəxslərin heç birinə aktların təsdiq edilməsi ilə bağlı səlahiyyət verilməyib. Şahid1 ümummiyətlə ofis işçisi olub. Onun sahədə hansı işlərin yerinə yetirilməsindən məlumatı ola bilməzdi. Əslində isə işlərin görülməsini təsdiq edən sənəd kimi işgüzar adətlərə uyğun olaraq tikintidə istifadə olunan forma № 2 aktı tərtib edilməli, hər iki MMC-nin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilməli idi. Yuxarıda qeyd edildiyi kimi, həmin şəxslərin qeyd olunan akta imza etmək səlahiyyəti olmayıb. Həmçinin imzaların həmin şəxslərə məxsus olması belə şübhəlidir. Lakin bütün sənədlərdə hər iki əməkdaşın adı qeyd olunsa da, yalnız onlardan biri tərəfindən imza edilmişdir (imza etməsi ehtimal edilir). Aktlara Şahid1, digər sənədə isə ƏlŞahid2 tərəfindən imza edildiyi ehtimal edilir. Aktlardan görünür ki, xidmətin göstərildiyi dövr təxminən 6 ay təşkil edib. Münasibətin davam etdiyi altı ay ərzində aktların iddiaçının səlahiyyəti şəxs tərəfindən imza etdirilməməsi, hətta özünün tərtib etdiyi aktlarda adları qeyd olunan şəxslərə imza etdirməməsi həmin aktların doğruluğuna və həqiqətən həmin tarixdə tərtib olunmasına yetərincə şübhələr yaradır. Buna görə də həmin sənədləri mötəbər sübut hesab etmək olmaz. İş materiallarında olan elektron qaimələrdə görülmüş işlərin dəyəri ƏDV daxil 154956,42 manat, aktlarda isə 134981 manat təşkil edir. Göründüyü kimi, iki məbləğ arasındakı fərq 19975,42 manat təşkil edir. Bundan əlavə tərəflər arasında təsdiq olunduğu iddia olunan və iddiaçı tərəfindən tərtib edilmiş aktlarda iddiaçının qalıq borclarının nə qədər olduğu göstərilmişdir. Həmin sənədlərə əsaslansa, cavabdehin 2021-ci ilin yanvar tarixinə olan qalıq borcu ƏDV-siz 5779 manat təşkil edir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçıya 6800 manat pul vəsaiti ödənilmişdir. Belə olduğu halda cavabdeh iddiaçıya deyil, iddiaçı cavabdehə borclu olmuş olur. Nəticə etibarilə iddiaçı tərəfindən görülmüş işlərin dəyəri cavabdeh tərəfindən tam ödənilmişdir.
6. İddiaçının nümayəndəsi və vəkili cavabdeh tərəfindən verilmiş yazılı etiraz ərizəsinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh MMC ona qarşı iddia tələbinə etiraz təqdim edərək müqavilə üzrə nəqliyyat vasitələrinin onların istifadə və sərəncamlarında olmadığını, müqavilənin əslində xidmət müqaviləsi olduğunu, görülmüş işlərin dəyərinin tam olaraq ödənildiyini, dəyəri ödənilmiş işlərdən əlavə hər hansı iş görülmədiyini, təqdim olunmuş 285354 saylı, xx.xx.2020-ci il tarixli e-qaimədən başqa digər qaimələrdən məlumatlarının olmadığını, təqdim olunmuş aktlarda işçilərinin adlarının qeyd olunduğunu, onların aktı imzalamağa səlahiyyətli olmadıqlarını, imzaların həmin şəxslərə məxsus olmasının şübhə doğurduğunu, ona görə də mötəbər sübut hesab edilmədiyini, eqaimələrdə olan məbləğlə aktlardakı məbləğlər arasında ziddiyətlər olduğunu, aktlarda qalıq borclar barədə məlumat göstərilmədiyini, əslində iddiaçıya borclu olmağlarını qeyd edərək həmin əsaslar üzrə də iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh MMC ilə bağlanılmış icarə müqaviləsi və aktlar cavabdeh tərəfindən tərtib olunmuş, müqavilədə qeyd olunmuş öhdəliklərin icrası təmin edilmişdir. İddia ərizəsində qeyd olunaraq təqdim edilmiş bütün e-qaimələr üzrə borc məbləğləri əvvəlcədən cavabdehlə razılaşdırıldıqdan sonra vergi saytı üzrərindən elektron hesab fakturalar göndərilmişdir. Həmin elektron hesab fakturalarla cavabdeh razılaşaraq onları qəbul edərək təsdiqləmişdir. Göndərilərək qəbul edilmiş elektron hesab fakturalardakı məbləğlərlə cavabdeh razılaşmadıqda və ya tələb məbləğində hər hansı yalnışlıqlar olduğu hallarda cavabdeh qeyd olunan elektron hesab fakturaları ləğv etməlidir. Lakin işin hallarında göründüyü kimi, cavabdeh elektron hesab fakturalardan məlumatlı olmuş, onları qəbul edərək onlar ləğv etməmiş, oradakı məbləğlərlə razılaşaraq ödənişləri qismən icra etmişdir. Bu da tələb olunan məbləğlə cavabdeh MMC-nin razılaşdığını təsdiq edir. Əgər həqiqətən cavabdehin e-qaimələrdən məlumatı olmaması və cavabdehə borclu olma halları olmuş olsaydı, bu barədə mediasiyada və təqdim olunmuş pretenziyalarda bunları bildirmiş olardı. Cavabdeh MMC-nin rəhbəri ilə dəfələrlə onların Xırdalan şəhərindəki ofislərində pulun qaytarılması üçün görüşmüş, borcu etiraf edərək yaxın vaxtlarda borclarının qaytaracaqlarına söz versələr də, vədlərinə əməl etmədiklərinə görə məhkəməyə müraciət olunmuşdur. Bundan başqa, təqdim olunmuş aktlar cavabdehin işçiləri tərəfindən tərtib-təsdiq olunmuş, bəziləri isə cavabdehin möhürü ilə təsdiq olunaraq təqdim edilmişdir. Aktı tərtib etmiş şəxsin (şəxslərin) buna səlahiyyətlərinin olubolmamasının isə hər hər hansı aidiyyəti yoxdur.
Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
9. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC “icarəyə verən”, Cavabdeh MMC “icarəçi” olmaqla imzalanmış xx.xx.2020 tarixli 19.06.20.General/YKT2020 saylı icarə müqaviləsinə əsasən “icarəyə verən” qanuni əsaslarla ona məxsus olan bu müqaviləyə əlavə 1-də göstərilən “nəqliyyat vasitələri və texnikaları” icarəyə verir, “icarəçi” isə həmin nəqliyyat vasitələri və texnikaları xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir.
10. xx.xx.2020-ci il tarixində "xxxx" MMC və Cavabdeh MMC arasında imzalanmış 19.06.General/YKT2020 №-li müqaviləyə əlavə № 1-dən məlum olur ki, icarəyə veriləcək nəqliyyat vasitələri və texnikaların aylıq icarə haqqı cəmi 90871,2 manat razılaşdırılmışdır. 3-cü bəndə əsasən uzun müddətli yağışlı günlərdə, bayram günlərində və maşınmexanizmlərin nasaz olduğu günlərdə icarə haqqı hesablanmayacaqdır; 4-cü bəndə əsasən bu əlavə imzalandığı andan qüvvəyə minir və 19.06.General/YKT2020 saylı xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsidir.
11. EBAP seriyalı, 285354 saylı, xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 19.477,08 manat, EBAQ seriyalı 459182 saylı, xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 31.509,54 manat, EBAR seriyalı 969276 saylı, xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 29.772,58 manat, EBAT seriyalı 336559 saylı, xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 32.386,28 manat, EBAW seriyalı 431021 saylı, xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 25.139,9 manat, EBAX seriyalı 151143 saylı, xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 9.851,82 manat, EBAX seriyalı 681922 saylı, xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 6.819,22 manat "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.
12. İddiaçı tərəfindən Cavabdehnə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubunda 58.005 manat əsas borc, 10440,90 manat ƏDV məbləğinin 15 gün ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
13. xx.xx.2020 tarixli 000İCAZ201880108 nömrəli ödəniş tapşırığına əsasən 2.000 manat, xx.xx.2020 tarixli 000İPXO202455200 nömrəli ödəniş tapşırığına əsasən 10.506 manat, xx.xx.2020 tarixli 000İPXO202754798 nömrəli ödəniş tapşırığına əsasən 6.703 manat, xx.xx.2020 tarixli 000İPXO203011727 nömrəli ödəniş tapşırığına əsasən 26.000 manat, xx.xx.2020 tarixli 000İPXO203647767 nömrəli ödəniş tapşırığına əsasən 21.305 manat, xx.xx.2021 tarixli 000İPXO121270111F nömrəli ödəniş tapşırığına əsasən 6.800 manat Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına köçürülümüşdür.
14. İddiaçı tərəfindən təqdim olunmuş: 08 sentyabr 2020 tarixli aktdan məlum olur ki, avqust ayı üzrə 28.661 manat xidmət haqqı və 1958 manat avans ödənişi, 14 oktyabr 2020 tarixli aktdan məlum olur ki, sentyabr ayı üzrə 27090 manat xidmət haqqı və 1859 manat avans ödənişi, 24 noyabr 2020 tarixli aktdan məlum olur ki, sentyabr ayı üzrə 29.101 manat xidmət haqqı və 1655 manat avans ödənişi, 28 dekabr 2020 tarixli aktdan məlum olur ki, noyabr ayı üzrə 23.597 manat xidmət haqqı və 2292 manat avans ödənişi qeyd edilmşdir. Aktlar "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş, "xxxx" MMC-nin nümayəndəsi X2, Cavabdeh MMC-nin maliyyə mütəxəssisi Şahid1 adları qeyd edilməklə imzalanmışdır.
15. Cavabdeh MMC və "xxxx" MMC-nin möhürləri ilə təsdiq edilmiş “dekabr 2020” aktında cəmi 11193 manat “məbləğ”, 2844 manat “avans” 8349 manat “qalıq”, 1503 manat “ƏDV”, cəmi 9852 manat; “yanvar 2021” aktında cəmi 6099 manat “məbləğ”, 320 manat “avans”, 5779 manat “qalıq”, 1040 manat “ƏDV”, cəmi 6820 manat göstərilmişdir.
16. xx.xx.2023 tarixli ödəniş qəbzindən məlum olur ki, Bakı “12” X1 hesabına 401 manat ödənilmişdir.
17. xx.xx.2023 tarixli ödəniş qəbzindən məlum olur ki, Bakı şəhəri “16” saylı Vəkil Bürosunun hesabına 100 manat ödənilmişdir.
18. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 məhkəməyə izahatında və verilmiş suallara cavablarında qeyd etmişdir ki, Cavabdeh MMC-də layihə rəhbəri işləmişdir. Cavabdeh MMC olaraq yol tikintisi ilə məşğuldular. "xxxx" MMC isə texnikaları vermişdir. Aktlardakı imza ona məxsus deyil. Qaraj rəisi imza etmədən aktı imzalamır. Aktları imzalamaq səlahiyyəti olmuşdur.
19. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 məhkəməyə izahatında və verilmiş suallara cavablarında qeyd etmişdir ki, Cavabdeh MMC-də maliyyə mütəxəssisi işləmişdir. Aktlardaki imzalar imzasına oxşamır. Öz imzası olub-olmamasını dəqiq deyə bilmir. Aktların tərtib edilməsi ilə bağlı səlahiyyəti olmamışdır.
20. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış və icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqavilə əsasında İddiaçınə məxsus texnikalar Cavabdehnə icarəyə verilmişdir. "xxxx" MMC icarəyə verilmiş texnikalarla bağlı ödənişlərin olması üçün qarşı tərəfə elektron qaimələr göndərmiş, Cavabdeh MMC tərəfindən ödənişlər edilsə də, tam olaraq icra edilməmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəyə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi
24. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etirazında tərəflər arasında imzalanmış müqaviləni mübahisələndirmiş, əslində tərəflər arasında olan münasibətin hər hansı texnikalar və nəqliyyat vasitələrinin icarəyə verilməsi deyil, faktiki olaraq yüklərin daşınması xidməti barədə münasibət olduğunu bildirmişdir. Tərəflər arasında yaranan münasibətlərin icarə müqaviləsindən deyil, xidmət müqaviləsindən irəli gələn münasibətlər olmasına dair cavabdehin nümayəndəsinin mövqeyinə münasibətdə qeyd olunmalıdır ki, hazırkı mübahisə məhz icarə hüquq münasibətlərindən irəli gələn mübahisədir (eyni zamanda tərəflər arasında başqa münasibətlərin olmasına toxunulmur). Belə ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, icarənin predmeti, aylıq icarə haqqı, icarəyəverən və icarəçi olaraq tərəflərin öhdəlikləri müəyyən olunmuşdur. Eyni zamanda icarə predmetləri icarəçiyə təhvil verilmiş, icarə haqları qismən ödənilmişdir. Cavabdehə göndərilən elektron qaimələrdən də görünür ki, qaimələr məhz icarə haqlarının ödənişi üçün (biri istisna olmaqla) göndərilmiş, edilən ödənişlərin bir çoxunun təyinatında da məhz həmin qaimələrə istinad olunmuşdur. Ona görə də hazırkı mübahisə icarə müqaviləsindən irəli gələn mübahisədir.
25. İddiaçı cavabdehdən xx.xx.2020 tarixli 19.06.20.General/YKT2020 saylı icarə müqaviləsi üzrə 58005 manat əsas borc məbləğinin, həmin borca hesablanmış ƏDV məbləğinin və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üzrə bank uçot dərəcəsinə uyğun hesablanılmış 7521,52 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.
26. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ümumilikdə 154956,42 (yüz əlli dörd min doqquz yüz əlli altı manat qırx iki qəpik) manat, ƏDV-siz 131319 manat məbləğində elektron qaimələr göndərilmiş, cavabdeh tərəfindən ümumilikdə 73314 (yetmiş üç min üç yüz on dörd) manat məbləğində (ƏDV daxil deyil) ödəniş olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ödənişlər tam olaraq icra edilmədiyindən 58005 manat borc (131319-73314=58005) və 10440,90 (on dörd min dörd yüz qırx manat doxsan qəpik) manat ƏDV məbləği Cavabdehndən iddiaçının xeyrinə tutulmalıdır.
27. Məhkəmə borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı faizlərin tutulmasına münasibətdə qeyd edir ki, iddiaçının tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin 2.2-ci bəndində razılaşdırılmışdır ki, ödəniş müddəti tərəflər arasında ay bitdikdən sonra növbəti ayın 15-dən sonra tərəflər arasında bağlanmış akta uyğun ödəniş həyata keçirilir. Məhkəmə araşdırması nəticəsində məlum oldu ki, cavabdeh tərəfindən sonuncu ödəniş 27 sentyabr 2021-ci il tarixində olmuşdur. Belə olan halda isə cavabdehin öhdəliyi gecikdirməsi öz təsdiqini tapır.
28. İddiaçı 58005 manat əsas borc məbləğinin ödənişinin gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üzrə bank uçot (7.5%) dərəcəsinə uyğun hesablanılmış 7521,52 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia tələbi qismən təmin edilməli, MM-nin 445.7-ci maddəsinə əsasən cavabdehdən gecikdirilmiş vaxt (20 ay 24 gün) üçün illik beş faizlə hesablanmaqla 5024 manat məbləğində (58005x5:100:12x20ay=4833,75, 58005x5:100:366x24=190,18, 4833,75+190,18≈5024 manat) pul tutulmalıdır.
29. Eləcə də, iddiaçı məhkəməyə ödənilmiş mediasiya xərclərinə görə 400 (dörd yüz) manatın və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 100 (bir yüz) manatın cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
30. Məhkəmə hesab edir ki, 400 (dörd yüz) mediasiya xərci, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 100 (bir yüz) manat iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehndən 58005 (əlli səkkiz min beş) manat borc, 10440,90 manat (on min dörd yüz qırx manat doxsan qəpik) ƏDV, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 5024 (beş min iyirmi dörd) manat, 100 (yüz) manat hüquqi yardım xərci, 400 (yüz) manat mediasiya xərci olmaqla, cəmi 73969,9 manat (yetmiş üç min doqquz yüz altmış doqquz manat doxsan qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova