Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2933/2024 05.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi, iddia müddətinin tətbiqi barədə ərizə vermək hüququ və tətbiqi nəticələri) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, X3 katibliyi ilə İddiaçı Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (bundan sonra Mingəçevir Şəhər MKTİB) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müddəti keçmiş 3300 manat debitor borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, 2000-ci ilə kimi "xxxx" MMC-yə iddiaçının sudan və kanalizasiyadan istifadəyə görə 3300 manat borcu yaranmışdır. "xxxx" MMC tərəfindən 2013-cü il tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsində Mingəçevir Şəhər MKTİB-yə qarşı 3320 manat (dövlət rüsumu nəzərə alınmaqla) borcun silinməsi ilə bağlı iddia qaldırılmışdır. Lakin məhkəmə prosesi zamanı "xxxx" MMC məhkəməyə ərizə göndərərək iddianın baxılmamış saxlanmasını xahiş etmiş, eyni zamanda belə razılığa gəlinmişdir ki, məhkəmədən kənar müddəti keçmiş 3300 manat debitor borcu silinəcəkdir. Lakin həmin razılaşmadan 10 il keçməsinə baxmayaraq, bu günə kimi debitor borcu cavabdeh tərəfindən silinməmişdir. 2000-ci ildən 24 il keçməsinə baxmayaraq, cavabdeh tərəf Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində nəzərdə tutulmuş müqavilə tələbləri üzrə iddia müddətini 7 dəfə üzrsüz səbəbdən buraxmışdır. İddia müddəti dəfələrlə keçdiyi üçün 3300 manat borcun silinməsi zərurəti yaranmışdır. Bununla bağlı cavabdehin Baş ofisinə rəsmi olaraq pretenziya məktubu göndərilmişdir. Lakin həmin məktubun heç bir nəticəsi olmamışdır və bu günə kimi 3300 manat borc olaraq qalmışdır. xx.xx.2022-ci il tarixli Mingəçevir Sukanal İdarəsi ilə iddiaçı arasında bağlanmış 640809 saylı üzləşəmə aktında borcun olmaması imzalanaraq təsdiqlənmişdir. Lakin cavabdeh tərəfindən bütün bunlara baxmayaraq, müddəti keçmiş debitor borcu silinməmiş qalır. İddiaçı dövlət büdcəsindən maliyyələşən müəssisədir, müddəti keçmiş debitor borcun ödənilməsi illik maliyyə hesabatında nəzərdə tutulmamışdır. Beləliklə, cavabdeh tərəf üzrsüz səbəbdən 24 il müddəti buraxdığı üçün 2000-ci ildən bu günə qədər qalmış 3300 manat borcun silinməsi qanuna uyğundur.
3. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında "xxxx" ASC prosessual hüquq varisi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 (bundan sonra “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ) ilə əvəz edilmişdir.
4. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə (bundan sonra Mülki Məcəllə) istinad edilmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi X1 məhkəməyə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ərizələr ünvanlayaraq, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, eyni zamanda bildirmişdir ki, sözügedən borcun yaranmasından sonra Azərbaycan Respublikası Prezidentinin dəfələrlə su borclarının silinməsi barədə sərəncamlar çıxarmasına baxmayaraq, sözügedən borc hələ də qalmaqdadır. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, iddiaçı iddia ərizəsində göstərilən 3300 manat borcdan ödənişlər etmişdir. Hazırda sonuncunun cavabdehə 1582,78 manat borcu vardır.
8. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ məhkəmənin baxış iclasının yeri və vaxtı barədə məhkəmənin hazırlıq iclasında məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ iddiaçını 640809 saylı kod əsasında sonuncunun tələbatına uyğun məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli su ilə təmin edir və tullantı sularının fasiləsiz qəbulunu həyata keçir. İddiaçıya məxsus xx.xx.2024-cü il tarixli abonent haqqında məlumata əsasən saldonun başlanğıcına (2011ci il) iddiaçının su təchizatı üzrə 913,54 manat, kanalizasiya xidmətləri üzrə 2387,2 manat olmaqla ümumilikdə 3300,74 manat borcu olmuş, xx.xx.2024-cü il tarixə isə 791,39 manat su təchizatı, 791,39 manat kanalizasiya xidməti olmaqla cavabdehə 1582,78 manat məbləğində borcu qalmışdır.
13. İddiaçı (1) iddia müddətinin keçdiyinə və (2) Azərbaycan Respublikası Prezidentinin Sərəncamları əsasında borcun silindiyinə əsaslanmaqla 3300 manat məbləğində borcun silinməsini tələb edir.
14. Cavabdeh iddianın təmin olunmamasını xahiş edir.
15. Məhkəmə əvvəla qeyd edir ki, xx.xx.2024-cü il tarixli abonentin məlumatlarına əsasən, borc məbləği ümumilikdə 1582,78 manat (xx.xx.2024-cü il tarixli abonent haqqında məlumata əsasən 1582,78 manat təşkil edən borc məbləği dəyişməmişdir) təşkil etdiyindən 1717,22 manat hissədə (iddianın obyekti üzrə ödənişlərin cəmi məbləği) məhkəmə tərəfindən silinmənin aparılması mümkün deyildir. Belə ki, iddiaçının tələbini borcun silinməsi təşkil edir və bu halda yalnız cavabdeh tərəfindən hesablanmış və iddiaçının tələbinin faktiki əsasına uyğun olan mövcud borcun silinməsi mümkündür. Bu səbəbdən də həmin hissədə iddia rədd edilməlidir.
16. Məhkəmə qalan 1582,78 manat məbləğində borcun silinməsi ilə bağlı isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
17. Məhkəməyə təqdim edilən iddiaçı və Mingəçevir Sukanal İdarəsi tərəfindən təsdiq edilən 24 avqust 2023-cü il tarixli 640809 nömrəli və 15 yanvar 2024-cü il tarixli 640809 nömrəli üzləşmə aktlarından görünür ki, tərəflər qarşılıqlı hesablaşmalar apararaq iddiaçının müvafiq olaraq xx.xx.2023-cü il tarixə 2810,78 manat və xx.xx.2024cü il tarixə 2090,78 manat məbləğində borcunun mövcud olduğunu təsdiq etmişlər. Həmçinin həmin üzləşmə aktlarına əsasən, üzləşmə aktlarında borc kimi təsdiq olunan məbləğlər 2000-ci ilə kimi yaranmış borcdur və Mülki Məcəllənin 373-cü maddəsində əsasən iddia müddəti keçdiyi üçün ödənilməməlidir.
18. Mülki Məcəllənin Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
19. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
20. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
21. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 8 may 2008-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
22. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
23. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddətləridir və mülki qanunvericilikdə əks olunan iddia müddətləri institutu kreditor (iddiaçı) tərəfindən müvafiq tələb irəli sürüldüyü halda borclunun (cavabdehin) ərizəsi əsasında tətbiq olunan və bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olan müddətdir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 375.2-ci maddəsi də iddia müddətinin tətbiqi nəticəsində iddiadan imtina haqqında qərarın çıxarılmasını təsbit etmişdir. Bu səbəbdən hazırkı halda iddiaçının iddia müddətinə istinad etməklə borcun silinməsini tələb etməsi əsassızdır.
24. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları əsasında borcun silindiyinə dair mülahizələrlə bağlı isə qeyd edir ki, “Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 08 aprel 2011-ci il tarixli 405 nömrəli Fərmanının 1-ci bəndi ilə qərara alınmışdır ki, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci il 1 fevral tarixinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat məbləğində borcları silinsin.
25. “Bir sıra dövlət müəssisələrinin borclarının tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 10 avqust tarixli 133 nömrəli Qərarı ilə isə "xxxx" ASC-nin 2011-ci il fevralın 1-nə olan müvafiq kreditor borclarının silinməsi təsbit edilmişdir.
26. Başqa sözlə, iddiaçı əhali kateqoriyasına aid olmadığından “Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 08 aprel 2011-ci il tarixli 405 nömrəli Fərmanı, "xxxx" ASC-nin tabeli qurumu olmadığından isə “Bir sıra dövlət müəssisələrinin borclarının tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 10 avqust tarixli 133 nömrəli Qərarı ona şamil edilə bilməz.
27. Göründüyü kimi, iddiaçının borclarının silinməsi ilə bağlı hər hansı normativ hüquqi akt mövcud deyildir.
28. Beləliklə, iddiaçının iddiasının faktiki əsasını təşkil edən iki hal öz təsdiqini tapmadığından məhkəmə bu qərara gəlir ki, iddiaçı Mingəçevir Şəhər MKTİB-nin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası rədd edilməlidir.
29. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
31. Belə olan halda, məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu cavabdehdən tutula bilməz.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova