Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2945/2022 14.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 45 (Gəncə prospekti 0294) ünvanında quraşdırılmış qaz sayğacı ilə bağlı (abonent kodu: **********000294) Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 2.059,25 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 45 ünvanında yerləşən əmlak X2 ilə “Kəsəmən” Kiçik Müəsissəsinin nümayəndəsi X3 arasında bağlanmış 06 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinə əsasən Günel Əhmədovanın istifadəsinə verilmişdir. Həmin ünvanda İddiaçı MMC-yə məxsus uşaq bağçası fəaliyyət göstərmişdir. İddiaçı MMC ilə Cavabdeh İB arasında qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. xx.xx.2021-ci il tarixində Birliyin əməkdaşları sözügedən ünvanda quraşdırılmış qaz sayğacına baxış keçirtmiş, sayğacda müəyyən nasazlığın olmasını əsas gətirərək akt tərtib etmiş, həmin ünvanda quraşdırılmış qaz sayğacını dövlət yoxlamasına göndərmək məqsədi ilə yenisi ilə əvəz etmişlər. Sonradan ona məlum olmuşdur ki, qeyd olunan ünvanda quraşdırılmış qaz sayğacının hesablama mexanizimini hərəkətə gətirən dişli çarxlardan guya birinin dişləri kənar təsir nəticəsində kəsilmiş və yapışqan maddə ilə yapışdırılmışdır. Cavabdeh İB istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 45 ünvanında quraşdırılmış qaz sayğacında güya mövcüd olmuş nasazlıqların baş verməsində istelkaçını təqsirli hesab etmiş, ona görə də həmin abonent koduna itirlimiş qaz sərfiyyatının bərpa olunması məqsədi ilə 2059,25 manat məbləğində əsassız borc hesablamışdır. Halbuki iş materiallarında sayğacın sırf onun təqsiri ucbatından sıradan çıxmasını sübut edən heç bir dəlil mövcud deyildir. Sözügedən ünvanda quraşdırılmış qaz sayğacı obyektdən kənar, açıq ərazidə yerləşdiyi üçün sayğacı fiziki, meteroloji və s. təsirlərdən qorumaq praktik olaraq mümkün deyildir. Ona görə də həmin sayğacda baş verə bilən hər hansı nasazlıqlara görə heç bir halda istehlakçı cavabdehlik daşmamalıdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarda göstərilən məbləğlərin heç bir hüquqi əsası olmadığı üçün həmin məbləğlərlə də razı deyil. Belə ki, birliyin əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın rəyində sözügedən ünvanda istifadədə olan maişət qaz cihazlarının saatlıq sərfiyyatı qeyd olunmuşdur. Lakin həmin cihazların reallıqda mövcud olması, qaz sərfiyyatının komissiyanın rəylərində göstərildiyi kimi olmasına dair hər hansı bir sübut göstərilməmişdir. Digər tərəfdən Cavabdeh İB tərəfindən təşkil olunmuş komissiyanın üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Komissiyanın sırf Cavabdeh İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Buna görə də qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının qaz xəttinin üzərinə xx.xx.2018-ci il tarixdə quraşdırılmış SMART G-6 tipli, 1805AZ**********36 nömrəli qaz sayğacı çıxarılaraq xx.xx.2021-ci il tarixdə dövlət yoxlamasına göndərilmişdir. “Qeyriəhali qaz sayğacının yoxlanması haqqında” xx.xx.2021-ci il tarixli, MSK-29/1640-03068-01 saylı aktdan (akt əlavə edilir) göründüyü kimi iddiaçının istismarında olan qaz sayğacı kənar təsir nəticəsində tam yararsız hala salınmışdır. Belə ki, qaz sayğacının müayinəsi zamanı impuls ötürücüsünün dişli çarxları müəyyən edilməmiş, hesablama mexanizmini hərəkətə gətirən dişli çarxlardan birinin dişləri kənar təsir nəticəsində kəsilib və yapışqan maddə ilə bərkidilməsi aşkar edilmişdir. Göründüyü kimi sayğacda aşkar edilmiş qüsurlar texniki səbəbdən əmələ gəlməmişdir. Bu cür qüsurlar yalnız bilərəkdən sayğacın daxilinə müdaxilə etməklə qaz sayğacının hesablama mexanizmini sıradan çıxarmaq məqsədi daşıyır. Aşkar edilmiş faktla bağlı Birlik tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, 03225901 nömrəli akt tərtib edilmiş və vurulmuş zərərin dəyəri 8237 m3 həcmində və 2.059,25 manat məbləğində müəyyən edilərək iddiaçının qaz hesabına işlənmişdir. Abonent saldosuna baxdıqda iddiaçının sayğaca bilərəkdən müdaxilə edərək faktiki istifadə edilən təbii qazın dəyərinin ödəməsindən yayınmasını aydın görmək olar. Belə ki, müdaxilə edilmiş SMART G-6 tipli, 1805AZ**********36 saylı qaz sayğacının istifadə dinamikasına baxsaq görmək olar ki həmin sayğacdan istifadə müddəti ərzində iddiaçı tərəfindən hər ay orta hesabla 97,15 manat məbləğində təbii qazdan istifadə edilirdi. Lakin müdaxilə edilmiş sayğac çıxarıldıqdan sonra xx.xx.2021-ci il tarixdən hər ay orta hesabla 356,50 manat məbləğində təbii qazdan istifadə edilir. Bu təbii haldır. Tam saz vəziyyətdə olan xx.xx.2021-ci il tarixdə quraşdırılmış qaz sayğacı faktiki sərf edilən qazın dəyərini tam qeydə alır və nəticədə müdaxilə edilmiş sayğacdan istifadə müddətinə münasibətdə yeni sayğacdan istifadə müddətində sərfin məbləği üç dəfə artıq olmuşdur. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Normaya əsasən qaz sayğacına görə cavabdehlik bütövlükdə hüquqi şəxsin üzərinə qoyulmuşdur. Məlumat üçün onu da qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 5.2-ci bəndinə əsasən SMART-kart tipli qaz sayğaclarının göstəricilərinin qazpaylayıcı tərəfindən oxunması nəzərdə tutulmamışdır və bu səbəbdən Birliy tərəfindən yalnız istismar müddətinin başa çatmasına qısa zaman qalmış sayğaclara baxış keçirilir. Göründüyü kimi iddiaçının iddia tələbi tam əsassızdır belə ki, iddiaçı bilərəkdən istifadəsində olan SMART G-6 tipli, 1805AZ**********36 saylı qaz sayğacına müdaxilə edərək hesablayıcı mexanizmini qismən sıradan çıxarmış və üç ilə yaxın müddət ərzində qüsurlu sayğac vasitəsi ilə təbii qazdan istifadə etmişdir. Belə olan halda faktiki sərf edilən qazın həcmi tam olaraq qeydə alınmamışdır və nəticədə Birliyə ziyan dəymişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddiaya dair etiraza uyğun izahat verərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ünvanında yerləşən İddiaçı MMC-yə məxsus bağçada (G6t markalı) qaz sayğacının hesablama mexanizmini hərəkətə gətirən dişli çarxlardan birinin dişləri kənar təsir nəticəsində kəsilib və yapışqan maddə ilə yapışdırılması aşkar edildiyindən dəymiş ziyanın hesablanması tələb edilmişdir. İstehlakçının nümayəndəsi aktı imzalamaqdan imtina etmişdir. Qeyd edilən akta əsasən, Cavabdeh istehlakçılara satılan qaza nəzarət şöbəsinin rəis müavini Fərid Mirzəyev, mühəndislər Vüsal Allahverdiyev və Ələsgər Həsənov tərəflərindən abonent İddiaçı MMC-yə (abonent kodu: **********00294) barəsində tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 17 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən kombinin maksimal saatlıq qaz sərfi 2,6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 66 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın 8237 m3 qazın dəyərində olması müəyyən edilmişdir. -“Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 14 dekabr 2021-ci il tarixli, MSK- 29/1640-03068-01 saylı aktdan görünür ki, G6 markalı smart-kart tipli qaz sayğacına xx.xx.2021-ci il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş, sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxlardan birinin dişləri kənar təsir nəticəsində kəsilib və yapışqan maddə ilə bərkidilməsi müəyyən edilmişdir. **********00294 saylı abonent İddiaçı MMC-nin (uşaq baxçası) abonent saldosundan görünür ki, abonent kombi(3/3) cihazından istifadə edir. 2021-ci ilin dekabrında abonentə akta əsasən 2.059,25 manat məbləğində borc hesablanmışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddiası təmin edilməlidir. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi İddiaçı MMC-nin silinməsini tələb etdiyi 2.059,25 manat məbləğində borc sayğacın yararsız olması ilə əlaqədar itirilmiş təbii qaza görə qaz paylayıcıya dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır. Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İş materiallarından isə görünür ki, Cavabdeh İB xx.xx.2021-ci il tarixli ******* saylı aktla sayğacın yararsız vəziyyətdə olması ilə əlaqədar qaz paylayıcıya dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən “Qaz təchizatı haqqında” AR Qanununun 3.5-ci maddəsinə görə Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi Cavabdeh İB təbii qaz ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh İB-nin əməkdaşları tərəfindən keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən İddiaçı MMC-yə hesablanmış 2.059,25 manat məbləğində borc iddiaçının abunə hesabından silinməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 50 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 5 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 40,60 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçının iddia verilərkən ödədiyi 5 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən İddiaçı MMC-yə hesablanmış 2.059,25 manat məbləğində borc silinsin. Cavabdeh İB-dən çəkilmiş mediasiya xərclərinin əvəzi olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia verilərkən ********* saylı qəbzə əsasən ödənilmiş 5 (beş) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2945/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2945/2022
14.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver