Məhkəmə qərarları › İş №e-2-2(113)-2947/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2947/2022

28.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2947/2022 28.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi Mehdiyeva Hafizə Etibar qızının katibliyi İdiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işinə Bakı şəhərində Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı ASC-nin xeyrinə 01 yanvar 2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 300556 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 300556 manat borcun və 596.56 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2012-ci il 01 yanvar tarixli kredit müqaviləsinə əsasən Cavabdeh MMC "xxxx" İKB ASC-dən illik 18 %-lə 36 ay müddətinə 570.000 (beş yüz yetmiş min) manat məbləğində kredit götürmüşdür. 12 iyun 2014-cü il tarixli 2-(81)-253/2014 saylı 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qətnaməsi ilə Cavabdeh MMC-dən “Nikoyl İKB ASC-nin (İddiaçı ASC) xeyrinə ümumilikdə cəmi 817221.78 manat məbləğində borcun tutulması qət edilmişdir. Hal-hazırda 01 yanvar 2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin banka gecikdirilmiş vaxt üçün 12 iyun 2014-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək illik 5 (beş) faizlə hesablanmış 300556 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 300556 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabadeh Cavabdeh MMC-nin arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. 29 dekabr 2012-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi məhkəməyə izahatında cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 faiz tutulmasını, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsi və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 12 iyun 2014-cü il tarixli 2-(81)-253/2014 nörməli qətnaməsinə əsasən iddiaçı "xxxx" İKB-nin “X3” MMC, "xxxx" MMC, Cavabdeh MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka və girov predmetlərinə yönəldilməsi tələbi qismən təmin edilmiş, "xxxx" İKB ilə Cavabdeh MMC arasında 01 yanvar 2012-ci il tarixli BİZ-1-0-43-12 (Ə) saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 570.000 manat əsas borc, 245.221,78 manat faiz borcu, gecikdirməyə görə hesablanmış 2.000 manat dəbbə pulu və iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh MMC-dən iddiaçı "xxxx" İKB-nin xeyrinə tutulması qət edilmişdir. 28 yanvar 2022-ci il tarixli KBD-1108 nömrəli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh MMC-nə "xxxx" İKB ASC tərəfindən 18 faizlə 36 ay müddətinə 570.000 manat məbləğində kredit verilmişdir. 21 oktyabr 2021-ci il tarixinə Cavabdeh MMC-nin illik 5%-lə hesablanmış 300.556 manat məbləğində borcu vardır. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru Mübariz İbrahimbəylinin 17 sentyabr 2021-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)- 253/2014 nörməli 16 noyabr 2018-ci il tarixli icra sənədi icra olunması üçün aidiyyatı üzrə Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Abusət Qasımovun xx.xx.2021-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)- 253/2014 nörməli 16 noyabr 2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Cavabdeh MMC-nin direktoru X2 Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə xx.xx.2021-ci il tarixli izahatında qeyd olunmuşdur ki, 2-2(81)-253/2014 nörməli 16 noyabr 2018-ci il tarixli icra sənədi üzrə məhkəmə qərarından indi məlumatı olmuş, 2015-ci ilin noyabr ayından bəri işləyir, belə borcun olmasından məlumatszıdır ona görə də məsələyə münasibət bildirə bilmir. 10-12 gün müddətində araşdırıb məlumat verəcəkdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh MMC "xxxx" İKB ASC arasında kredit müqaviləsi imzalanmışdır. 12 iyun 2014-cü il tarixli 2-(81)-253/2014 saylı 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qətnaməsi ilə Cavabdeh MMC-dən “Nikoyl İKB ASC-nin (İddiaçı ASC) xeyrinə ümumilikdə cəmi 817221.78 manat məbləğində borcun tutulması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvyə mindikdən sonra icra olunması üçün aidiyyəti üzrə göndərilmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 12 iyun 2014-cü il tarixli 2-(81)-253/2014 saylı qətnaməsi Cavabdeh MMC tərəfindən tam olaraq icra edilməmiş, nəticədə cavabdehin AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəlləyə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəyə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin müvafiq qətnaməsi ilə 01 yanvar 2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən borcun ödənilməməsi öz təsdiqini tapdığından iddia tələbi təmin edilməli və xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 300556 manat, əldən çıxmış fayda kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 596,56 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı ASC-nin xeyrinə 01 yanvar 2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 300.556 manat və 596.56 manat ödənilmiş dövlət rüsumunun tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar