Məhkəmə qərarları › İş №e-2-2(113)-2949/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2949/2024

04.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2949/2024 04.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pulun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, icarə müqaviləsinin ləğvi, icarə obyektinin qaytarılmasının gecikdirilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pulun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 26 yanvar 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin ünvan 1 ünvanda yerləşən ikimərtəbəli binanın birinci mərtəbəsindəki 76,4 kv.m qeyri-yaşayış sahəsindən çıxarılması, 20000 manat icarə haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 26 yanvar 2021-ci il tarixli icarə müqaviləsi və həmin müqaviləyə 19 mart 2021ci il tarixli dəyişikliyə əsasən ünvan 1 ünvanda yerləşən ikimərtəbəli binanın birinci mərtəbəsindəki 76,4 kv.m qeyri-yaşayış sahəsi cavabdehə icarəyə verilmişdir. 26 yanvar 2021-ci il tarixli icarə müqaviləsinin 4-cü bəndinə əsasən icarəçi hər ay icarəyə verənə 2000 manat icarə haqqı ödəməlidir. Cavabdeh 4 ay ardıcıl icarə haqqını ödəməmişdir. Buna görə də cavabdehin iddiaçıya 8000 manat icarə haqqı borcu yaranmışdır. Cavabdeh bundan qabaq da icarə haqqını hər dəfə vaxtında və tam ödəməmişdir. İddiaçı qabaqcadan bilsə idi ki, cavabdeh öz müqavilə öhdəliklərinə əməl etməyəcək və icarə haqqını dəfələrlə ödəməyəcək, onunla müqavilə bağlamazdı. İddiaçı 24 dekabr 2023-cü il tarixdə cavabdehə pretenziya göndərərək 26 yanvar 2021-ci il tarixli icarə müqaviləsinin 7ci bəndinə əsasən müqavilənin ləğv olunduğunu bildirib, 31 dekabr 2023-cü il tarixə kimi qeyri-yaşayış sahəsini boşaldıb iddiaçının səlahiyyətli nümayəndəsinə təhvil verməyi və 8000 manat icarə haqqı borcunu ödəməyi təklif edib. Lakin cavabdeh qeyri-yaşayış sahəsini boşaltmayıb, icarə haqqı borcunu ödəməyib. Cavabdehin hazırda 10 ay üçün 20000 manat icarə haqqı borcu vardır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 422.1, 422.2-ci maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndə və vəkili X1 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, iddiaçı ilə cavabdeh arasında 26 yanvar 2021-ci il icarə müqaviləsi bağlanmış, cavabdeh 2023-cü ilin sentyabr ayından etibarən icarə haqqını ödəməmişdir. Həmçinin tərəflər müqavilədə razılaşmışlar ki, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Bu səbəbdən cavabdehə pretenziya məktubu göndərilərək obyektin boşaldılması tələb edilmiş və icarə müqaviləsinin ləğv edildiyi bildirilmişdir. Lakin cavabdeh icarə obyektini təhvil verməmişdir.

6. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə məhkəmə iclaslarında iştirak edərək göstərdi ki, icarə obyekti cavabdehə verildikdən sonra 2 dəfə su təchizatı, 3 dəfə kanalizasiya şəbəkəsi iddiaçının hesabına təmir etdirilmişdir. Cavabdeh icarə obyektini aptek kimi işlətmişdir. Sonuncu fəaliyyətini dayandırmış, iddiaçıya icarə obyektini içindəki əşyalarla üçüncü şəxsə icarəyə verməyi təklif etmişdir. Lakin iddiaçı bu təkliflə razılaşmamışdır. Cavabdehə məxsus əşyalar içəridə olduğundan icarə obyekti təhvil alına bilməmişdir.

7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi – qanuni təmsilçisi qeyd etdi ki, icarə obyektinin sahəsi əvvəlcədən 76,4 kv.m olmuş, lakin notarius tərəfindən müqavilədə yanlışlıqla ölçü daha artıq göstərilmişdir. Daha sonra icarə müqaviləsinə dəyişikliklə bu səhv aradan qaldırılmışdır.

8. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda bildirdi ki, cavabdeh icarə obyektini aptek kimi işlətmiş, daha sonra əməkdaşlıq etdiyi şirkətdə problemlər yaranmış, beləcə fəaliyyəti dayanmışdır. Eyni zamanda icarə obyektində kanalizasiya ilə bağlı da problemlər olmuşdur.

9. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi və vəkili qeyd etdi ki, cavabdeh iddiaçıya icarə obyektini üçüncü şəxsə verməyi təklif etmiş, lakin sonuncu bu təkliflə razılaşmamışdır. Həmçinin icarə haqqı da bir müddətdir ki, ödənilmir. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, icarə müqaviləsi artıq ləğv olunub. Bu səbəbdən iddiaçının icarə haqqı tələb etməsi əsassızdır.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İcarə müqaviləsinin üzrə ləğv edilməsi, pulun tutulması və icarə obyektinin qaytarılması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 26 yanvar 2021-ci il tarixli icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı ünvan 1 ünvanında yerləşən iki mərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 96,4 kv/m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 96,4 kv.m sahəni cavabdehə xx.xx.2026-cı il tarixinədək icarəyə verməyi, cavabdeh isə sahəni qəbul edib aylıq 2000 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 19 mart 2021-ci il tarixli saziş imzalanaraq, icarəyə verilən qeyri-yaşayış sahəsinin ölçüsü 76,4 kv.m olaraq müəyyən edilmişdir.

14. İddiaçı 26 yanvar 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və 2023-cü ilin sentyabr ayından 2024-cü ilin iyun ayınadək 10 ay üçün 20000 manat icarə haqqının tutulmasını tələb edir.

15. Cavabdeh iddiaya etiraz edərək, icarə obyektində kanalizasiya problemi olduğunu, həmçinin cavabdehin əməkdaşlıq etdiyi şirkətdə problemlər yarandığından fəaliyyətinin dayandığını, icarə obyekti üçün icarə haqqını bir müddət ödəyə bilmədiyini, iddiaçının da subicarəyə razılıq vermədiyini bildirir və iddianın rədd olunmasını xahiş edir.

16. Məhkəmə kommersiya mübahisəsinin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

17. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

18. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

19. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir.

20. Ümumi qaydaya görə icarə münasibətlərinə müqavilənin müddəti bitdikdə xitam verilir. Belə ki, Mülki Məcəllənin 689.1-ci maddəsinə əsasən, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir.

21. Lakin mülki qanunvericilikdə müddətin müəyyən edildiyi icarə münasibətlərinə vaxtından əvvəl də ləğv edilməsi imkan nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

22. Hazırkı iş üzrə iddianın faktiki əsası qismində 26 yanvar 2021-ci il tarixli icarə müqaviləsinin 7-ci bəndinə və icarə haqqının ödənilmədiyinə istinad olunur.

23. Məhkəmə müqavilənin ləğvi qaydası ilə bağlı göstərir ki, Konstitusiya Məhkəməsinin müqavilənin ləğvi ilə bağlı hüquqi mövqeyinə görə Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

24. Tərəflər arasında bağlanmış 26 yanvar 2021-ci il tarixli icarə müqaviləsinin 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.

25. İddiaçının cavabdehə xx.xx.2023-cü il tarixdə ünvanladığı və cavabdehin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvanda xx.xx.2023-cü il tarixdə qəbul edilən “İcarə müqaviləsinin ləğvi xəbərdarlığı”ndan görünür ki, iddiaçı qeyri-yaşayış sahəsindən özünün bilavasitə istifadəsinə ehtiyac yarandığına istinad edib 26 yanvar 2021-ci il tarixli icarə müqaviləsinin 7-ci bəndinə əsaslanaraq icarə müqaviləsinin ləğv olunduğunu bildirib, xx.xx.2023-cü il tarixə qədər qeyri-yaşayış sahəsinin boşaldılıb təhvil verilməsini tələb etmişdir.

26. İddiaçının onlayn kargüzarlıq vasitəsi ilə xx.xx.22024-cü il tarixdə cavabdehə ünvanladığı bildirişdən görünür ki, iddiaçı qeyri-yaşayış sahəsindən özünün bilavasitə istifadəsinə ehtiyac yarandığına, 4 aydır ardıcıl icarə haqqının ödənilmədiyinə istinad edib 26 yanvar 2021-ci il tarixli icarə müqaviləsinin 7-ci bəndinə əsaslanaraq icarə müqaviləsinin ləğv olunduğunu bildirib.

27. Göründüyü kimi tərəflər müqavilədə razılaşdırmışlar ki, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir və iddiaçı qeyd olunan qaydada, yəni ilk dəfə 2023-cü ilin oktyabr ayında yazılı ərizə ilə cavabdehə müraciət edərək və müqavilənin 7-ci bəndinə istinad edərək müqavilənin birtərəfli qaydada ləğv olunduğunu bildirmiş, icarə obyekti təhvil verilmədiyindən təkrarən 2024-cü ilin fevral ayında müraciət etmiş, bu zaman həmçinin icarə haqqının ödənilmədiyinə istinad etmişdir.

28. Bundan başqa, Mülki Məcəllənin 421.2-ci maddəsində təsbit edilmiş müqavilənin əhəmiyyətli dərəcədə pozulması hallarından biri də Mülki Məcəllənin 685.2-ci maddəsində təsbit edilmişdir.

29. Belə ki, həmin maddəyə əsasən, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə.

30. Hazırkı halda isə icarə haqqının uzun müddət ödənilməməsi işin mübahisəsiz halıdır. Belə olan halda, qeyd olunan əsasla, yəni Mülki Məcəllənin 685.2-ci maddəsinə müvafiq olaraq icarəyə verənin müqaviləni vaxtından əvvəl ləğv etmək hüququnun dizpozisiya şərtləri yaranmışdır.

31. Beləliklə, məhkəmə tərəflər arasında bağlanmış müqavilədə müqavilənin ləğvinin xüsusi qaydasının nəzərdə tutulduğunu, bu qaydanın bir tərəfin müqavilənin ləğvi ilə bağlı iradəsini digər tərəfə bir ay qabaqcadan ifadə etməsi ilə şərtləşdirildiyini nəzərə alaraq icarə müqaviləsinin ləğvinin anının müəyyən edilməsi üçün icarəyəverənin (iddiaçının) iradə ifadəsinin icarəçiyə (cavabdehə) bəyan edilməsi anının müəyyən edilməsini zəruri hesab edir.

32. Məhkəməyə təqdim edilən icarə müqaviləsinin ləğvi barədə xəbərdarlıqdan görünür ki, 26 yanvar 2021-ci il tarixli icarə müqaviləsinin 7-ci bəndinə əsasən iddiaçı müqavilənin ləğv olunduğunu bəyan etmiş və 01 noyabr 2023-cü il tarixə kimi qeyriyaşayış sahəsinin boşaldılmasını xahiş etmişdir.

33. Həmin xəbərdarlıq 26 yanvar 2021-ci il tarixli icarə müqaviləsində cavabdehin ünvanı kimi göstərilən ünvan 2 xx.xx.2023-cü il tarixdə göndərilmiş, həmin ünvanda xəbərdarlıq xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir.

34. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, 26 yanvar 2021-ci il tarixli icarə müqaviləsi xx.xx.2023-cü il tarixdən ləğv edilmiş hesab edilməlidir.

35. Məhkəmə cavabdehin icarə obyektinin kanalizasiya sistemində problem olduğu ilə bağlı arqumentlərinə münasibətdə isə qeyd edir ki, Mülki Məcəllənin 677.3-cü maddəsinə əsasən, kirayəçi kirayə müddəti ərzində aşkar etdiyi müqaviləyə hər hansı uyğunsuzluqlar barəsində və ya əşyanı və ya onun istifadəçilərini gözlənilməz təhlükədən qorumaq üçün tədbirlər görülməsi zərurəti barəsində kirayəyə verənə dərhal bildiriş verməlidir. Bu, əşya barəsində üçüncü şəxslərin hüquqlarının bəyan edildiyi hallarda da qüvvədədir. Əgər kirayəçi bildiriş vermirsə, bunun nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur; kirayəyə verən kirayəçinin bildiriş verməməsi üzündən hər hansı qüsuru aradan qaldıra bilmədikdə, kirayəçinin bu Məcəllənin 677.1-ci maddəsində müəyyənləşdirilmiş hüquqları həyata keçirmək hüququ yoxdur.

36. Əvvəla, göstərilməlidir ki, iş materiallarından cavabdehin iddiaçıya belə bir bildiriş verdiyi təsdiq olunmur. Digər tərəfdən, iddiaçının nümayəndəsi kanalizasiya probleminin həll olduğunu bildirmiş, qeyd edilən qüsurun mövcud olması, həmin qüsur nəticəsində icarə obyektindən istifadənin mümkün olmadığı sübut edilə bilməmişdir. Əksinə, cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında cavabdehin fəaliyyətinin dayanmasına səbəbin əməkdaşlıq etdiyi şirkətdə problemlər olduğunu qeyd etmişdir.

37. Məhkəmə icarə haqqının tutulması tələbi ilə bağlı isə qeyd edir ki, icarə müddətində icarəçi tərəfindən icarə haqqının ödənilməsinin hüquqi əsası qismində Mülki Məcəllənin 700.1-ci maddəsi, icarə münasibətlərində xitam verildikdən sonra icarə obyekti qaytarılanadək icarə haqqının ödənilməsi tələbinin hüquqi əsasını isə Mülki Məcəllənin 705-ci və 697.2-ci maddələri çıxış edir.

38. Belə ki, Mülki Məcəllənin 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər.

39. Həmin Məcəllənin 697.2-ci maddəsinə əsasən, əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər.

40. Məhkəmə icarə obyektinin iddia tələbinin dəqiqləşdirildiyi xx.xx.2024-cü il tarixə qaytarılmadığının işin mübahisəsiz halı olduğunu nəzərə alaraq hesab edir ki, 2023-cü ilin sentyabr ayından 2024-cü ilin iyun ayınadək (iyun ayı da daxil olmaqla) 10 ay üçün 20000 manat məbləğində icarə haqqı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

41. Məhkəmə cavabdehin icarə obyektindən çıxarılması tələbinə münasibətdə isə göstərir ki, Mülki Məcəllənin 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.

42. Tərəflər arasındakı icarə münasibətlərinə xx.xx.2023-cü il tarixdən xitam verildiyini nəzərə alan məhkəmə hesab edir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən ikimərtəbəli binanın birinci mərtəbəsindəki 76,4 kv.m qeyri-yaşayış sahəsindən çıxarılmalıdır.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

43. İddia ərizəsinə əlavə edilmiş 19 dekabr 2023-cü il tarixli MŞB/16-002412 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi sessiyada iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.

44. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

45. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

46. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən və mediasiya sessiyası keçirilərkən (2023-cü ilin dekabr ayı) Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

47. Digər tərəfdən, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 126,40 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir.

48. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən hazırkı iddianın qiymətinə uyğun (20000 manat) ödənilməli dövlət rüsumunun məbləği 150 manat təşkil edir.

49. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

50. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

51. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Beləliklə, məhkəmə iddianın təmin edildiyini və göstərilənləri nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2021-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən ikimərtəbəli binanın birinci mərtəbəsindəki 76,4 kv.m qeyri-yaşayış sahəsindən çıxarılsın. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2021-ci il tarixli icarə müqaviləsi üzrə 20000 (iyirmi min) manat məbləğində icarə haqqı Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar