Məhkəmə qərarları › İş №e-2-2(113)-295/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-295/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-295/2023 26.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, ipoteka müqaviləsi, borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən və Qanuni nümayəndə oğlundan birgə qaydada K4160 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 201373,32 (iki yüz bir min üç yüz yetmiş üç manat otuz iki qəpik) manat əsas borc, 41321,41 (qırx bir min üç yüz iyirmi bir manat qırx bir qəpik) manat faiz borcu, 9806,26 (doqquz min səkkiz yüz altı manat iyirmi altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 252500,99 (iki yüz əlli iki min beş yüz manat doxsan doqquz qəpik) manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin hərracdan ilkin satış qiyməti 218000 (iki yüz on səkkiz min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarına ödənilməsinə yönəldilməsi, daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh1 MMC-dən və Qanuni nümayəndə oğlundan birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 143 (bir yüz qırx üç) manat dövlət rüsumunun, mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə “İmport" MMC arasında xx.xx.2019-cu il tarixli OnGTC-00010LE/2019 saylı bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu imzalanmışdır. Həmin ümumi şərtlər toplusu çərçivəsində tərəflər arasında xx.xx.2019-cu il tarixli, GL3165 saylı kredit limiti müqaviləsi imzalanmış, bank tərəfindən borcalana illik faiz dərəcəsi 25% olmaqla, xx.xx.2029-cu il tarixədək 10000000 (on milyon) manat məbləğində kredit limiti ayrılmışdır. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu və GL3165 saylı kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2020 tarixli, K4160 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış, bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kredit müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 211158,47 (iki yüz on bir min bir yüz əlli səkkiz manat qırx yeddi qəpik) manat məbləğində K3549, K3550, K3781 saylı kredit öhdəliklərinin bağlanması məqsədilə birdəfəlik kredit verilmişdir. İddiaçı ASC ilə borcalan arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GL3165 saylı kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 04 oktyabr 2019-cu il tarixli İ3126 saylı ipoteka müqaviləsi ilə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********86-05301-093004, qeydiyyat tarixi: xx.xx.2019, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Bunlarla yanaşı, İddiaçı ASC ilə borcalan arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GL3165 saylı kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə bank ilə Qanuni nümayəndə arasında xx.xx.2019-cu il tarixli, Z3274 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borcalan qeyd edilən müqavilələr üzrə öhdəliklərini icra etməyərək, kreditlərin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də, bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Eyni zamanda, ipoteka saxlayan İddiaçı ASC ipoteka qoyanlara “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci bəndinə uyğun olaraq ipoteka predmetlərinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanlarının banka məlum olan qeydiyyat ünvanlarına bildiriş göndərmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxslərin 1 saylı Ərazi İdarəsinə təqdim olunmuş və qeydiyyata alınmışdır. Borcalanın xx.xx.2022-ci il tarixinə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri aşağıdakı kimidir: - K4160 saylı maliyyələşdirmə üçün ərizə üzrə 201373,32 (iki yüz bir min üç yüz yetmiş üç manat otuz iki qəpik) manat əsas borc, 41321,41 (qırx bir min üç yüz iyirmi bir manat qırx bir qəpik) manat faiz borcu, 9806,26 (doqquz min səkkiz yüz altı manat iyirmi altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 252500,99 (iki yüz əlli iki min beş yüz manat doxsan doqquz qəpik) manat, gecikmə günlərinin sayı 636 gün təşkil edir. Bundan başqa iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 143 (bir yüz qırx üç) manat dövlət rüsumu, mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqı, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı ödəmişdir.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada K4160 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 191373,32 (bir yüz doxsan bir min üç yüz yetmiş üç manat otuz iki qəpik) manat əsas borc, 51439,24 (əlli bir min dörd yüz otuz doqquz manat iyirmi dörd qəpik) manat faiz borcu, 15525,20 (on beş min beş yüz iyirmi beş manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 258337,77 (iki yüz əlli səkkiz min üç yüz otuz yeddi manat yetmiş yeddi qəpik) manat borcun birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin hərracdan ilkin satış qiyməti 218000 (iki yüz on səkkiz min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarına ödənilməsinə yönəldilməsi, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh1 MMC-dən və Qanuni nümayəndə oğlundan birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 149 (bir yüz qırx doqquz) manat dövlət rüsumunun, mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publİk hüquqi şəxsinin 1 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 317, 319.1, 319.6, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470, 472.2, 500-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 34.1.3, 59.3, 59.4-cü maddələrinə istinad olunmuşdur.

5. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

6. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin və ya nümayəndlərinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-295/2023 saylı qərardadı ilə iş üzrə icraata daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi hissəsində xitam verilmişdir.

Tədqiq olunan sübutlar:

8. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

9. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GL3165 nömrəli kredit limiti müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh1 MMC-yə bank tərəfindən xx.xx.2029-cu il tarixədək 10000000 (on milyon) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən hər bir kredit məhsulunun məbləği, faiz dərəcəsi, müddəti məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə ilə müəyyən edilir.

10. xx.xx.2020-ci il tarixli, K4160 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən Cavabdeh1 MMC-yə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15% (günlük 0.0416%) kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% (günlük 0.0888%) olmaqla, 211158,47 (iki yüz on bir min yüz əlli səkkiz manat qırx yeddi qəpik) manat məbləğində K3549, K3550, K3781 saylı kredit öhdəliklərinin bağlanması məqsədi ilə kredit xətti açılmışdır.

11. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında bağlanan xx.xx.2019-cu il tarixli, Z3274 saylı zaminlik müqaviləsinə əsasən zamin – Qanuni nümayəndə borcalanın xx.xx.2019-cu il tarixli, GL3165 saylı kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək borcalanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

12. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan – Cavabdeh2 və borc alan – Cavabdeh1 MMC arasında bağlanmış və Bakı şəhəri 53 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, İ3126 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GL3165 saylı kredit limiti müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti 10d saylı evin 7 saylı mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən 2395 nömrəli reyestr kitabının 222947 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti 10d saylı evin 7 saylı mənzilinin Cavabdeh1 MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

14. xx.xx.2022-ci il tarixli, PB-OUT-04136-2022 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin məzmunundan görünür ki, ipoteka saxlayan İddiaçı ASC tərəfindən cavabdeh-ipoteka qoyan Cavabdeh2, həmçinin Cavabdeh1 MMC-yə müvafiq bildiriş göndərilmişdir. Bildirişdə həmçinin K4160 saylı maliyyələşdirmə üçün ərizə üzrə 206373.32 (iki yüz altı min üç yüz yetmiş üç manat, otuz iki qəpik) manat əsas borc, 30634.50 (otuz min altı yüz otuz dörd manat, əlli qəpik) manat faiz borcu, 4693.86 (dörd min altı yüz doxsan üç manat, səksən altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 241,701.68 (iki yüz qırx bir min yeddi yüz bir manat, altmış səkkiz qəpik) manat borcun 5 təqvim günü ərzində ödənilməsi təklif edilmişdir.

15. Mediasiya prosesinin tətbiqi barədə barədə Cavabdeh1 MMC, Qanuni nümayəndə və Cavabdeh2 ünvanlanan xx.xx.2022-ci il tarixli təklifdə K4160 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcun 206373.32 (iki yüz altı min üç yüz yetmiş üç manat, otuz iki qəpik) manat əsas borc, 30634.50 (otuz min altı yüz otuz dörd manat, əlli qəpik) manat faiz borcu, 4693.86 (dörd min altı yüz doxsan üç manat, səksən altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 241,701.68 (iki yüz qırx bir min yeddi yüz bir manat, altmış səkkiz qəpik) manat təşkil etdiyi qeyd olunur.

16. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizələr Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixdə təqdim olunmuş və xx.xx.2022-ci il tarixdə, ********** nömrə ilə həmin idarədə qeydə alınmışdır. İddiaçı ASC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat məbləğində dövlət rüsumu və 30 manat məbləğində xidmət haqqı ödəmişdir.

17. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********75 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti 10d saylı evin 7 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.

18. xx.xx.2022-ci il tarixli, PB/PBL-OUT-01477-2022 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri K4160 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 191373,32 manat əsas borc, 48818,51 manat faiz borcu, 13953,16 manat cərimə borcu olmaqla, cəmi 254144,99 manat təşkil edir (gecikmə günü: 656 gün).

19. xx.xx.2023-cü il tarixli, PB/PBL-OUT-00606-2023 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri K4160 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 191373,32 (bir yüz doxsan bir min üç yüz yetmiş üç manat otuz iki qəpik) manat əsas borc, 51439,24 (əlli bir min dörd yüz otuz doqquz manat iyirmi dörd qəpik) manat faiz borcu, 15525,20 (on beş min beş yüz iyirmi beş manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 258337,77 (iki yüz əlli səkkiz min üç yüz otuz yeddi manat yetmiş yeddi qəpik) manat təşkil edir (gecikmə günü: 964 gün).

20. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə xx.xx.2021-ci il tarixli, PB-OUT-06834-2021 nömrəli, xx.xx.2021-ci il tarixli, PB-OUT-06835-2021 nömrəli, xx.xx.2022-ci il tarixli, PB-OUT-04631-2022 nömrəli pretenziya qaydasında xəbərdarlıq məktubları göndərilərək, müqavilələr üzrə yaranmış borcun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/112 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışı məlumatlarına əsasən Cavabdeh1 MMC ilə İddiaçı ASC arasında imzalanmış xx.xx.2020-ci tarixli, K4160 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın banka xx.xx.2022-ci il tarixə ödənilməli olan əsas kredit borcu 191373,32 manat, faiz borcu 48818,51 manat məbləğində müəyyən olunur.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3267-9/3511 saylı ekspert rəyindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti, ev 10d, 7 saylı mənzilinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 299000 manat məbləğində, likvid dəyəri isə təqribən 269000 manat məbləğində müəyyən edilir.

23. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə “İmport" MMC arasında xx.xx.2019-cu il tarixli OnGTC-00010LE/2019 saylı bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu imzalanmışdır. Həmin ümumi şərtlər toplusu çərçivəsində tərəflər arasında xx.xx.2019-cu il tarixli, GL3165 saylı kredit limiti müqaviləsi imzalanmış, bank tərəfindən borcalana illik faiz dərəcəsi 25% olmaqla, xx.xx.2029-cu il tarixədək 10000000 (on milyon) manat məbləğində kredit limiti ayrılmışdır. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu və GL3165 saylı kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2020 tarixli, K4160 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış, bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kredit müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 211158,47 (iki yüz on bir min bir yüz əlli səkkiz manat qırx yeddi qəpik) manat məbləğində K3549, K3550, K3781 saylı kredit öhdəliklərinin bağlanması məqsədilə birdəfəlik kredit verilmişdir. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında xx.xx.2019-cu il tarixli, Z3274 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin zaminlik müqaviləsinə əsasən Paşa Bank” ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2019-cu il tarixli, GL3165 saylı kredit limiti müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin – Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 MMC arasında xx.xx.2019-cu il tarixli, İ3126 nömrəli ipoteka müqaviləsi bağlanmış və sözügedən ipoteka müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GL3165 saylı kredit limiti müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti, ev 10d, 7 saylı mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdehlər (borcalan və zamin) müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmiş, bununla da müqavilə şərtləri və mülki qanunvericiliyin normaları pozulmuşdur.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

25. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi nəzərdə tutulur. 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 59.3-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-ci maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

28. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada K4160 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 191373,32 manat əsas borc, 51439,24 manat faiz borcunun tutulması təşkil edir.

29. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zaminlər) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcunun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində isə qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada (müqavilə şərtlərinə uyğun olaraq) 191373,32 manat (yüz doxsan bir min üç yüz yetmiş üç manat otuz iki qəpik) əsas borc və 30634,50 manat (otuz min altı yüz otuz dörd manat əlli qəpik) faiz borcu (xx.xx.2022-ci il tarixli pretenziya məktubunda göstərilən məbləğ) iddiaçının xeyrinə tutulmalı, faiz borcunun tutulmasına dair iddia qalan hissədə təmin olunmamalıdır.

30. Məhkəmə qeyd etməyi lazım bilir ki, iddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə yuxarıda qeyd edilən qənaətə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarını nəzərə almışdır. Belə ki, cavabdehlərə göndərilən xx.xx.2022-ci il tarixli, PB-OUT-04631-2022 nömrəli pretenziya məktubunun məzmunundan görünür ki, K4160 saylı maliyyələşdirmə üçün ərizə üzrə 206373,32 manat əsas borc, 30634,50 faiz borcu, 4693,86 manat cərimə borcunun 5 gün müddətində ödənilməsi xahiş edilmiş, həmin müddət ərzində borc ödənilməzsə, borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Verilmiş müddət ərzində cavabdehlər tərəfindən ödəniş edilmədiyindən kredit müqaviləsi bank tərəfindən birtərəfli qaydada ləğv edilmişdir. Cavabdeh1 MMC, Qanuni nümayəndə və Cavabdeh2 ünvanlanan xx.xx.2022-ci il tarixli Mediasiya prosesinin tətbiqi barədə barədə təklifdə də eyni məbləğlərdə borc barədə məlumatlar qeyd edilmişdir. Odur ki, iddiaçı yalnız müqavilə ləğv edildiyi vaxtadək olan müddət üçün müqavilə üzrə hesablanmış faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

31. İddia tələbinin digər hissəsini cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə 15525,20 manat cərimə borcunun tutulması təşkil edir.

32. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

33. Məhkəmə hesab edir ki, cavabdehlərdən birgə qaydada tutulacaq cərimə məbləği 4693,80 manat (dörd min altı yüz doxsan üç manat səksən qəpik) məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

34. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.

35. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır.

36. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsində təmin edilməli, tutma xx.xx.2019-cu il tarixli, İ3126 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan (Reyestr nömrəsi: **********86-05301-093004, qeydiyyat tarixi: xx.xx.2019, qeydiyyat nömrəsi: **********) Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti, ev 10d, 7 saylı mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır.

37. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

38. Məhkəmə tərəfindən ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti, ev 10d, 7 saylı mənzilin likvid dəyərinin 103000 manat, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi 142 saylı evin 33 saylı mənzilin likvid dəyərinin 269000 manat olması müəyyən edilmişdir.

39. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti, ev 10d, 7 saylı mənzilin ilkin satış qiyməti 269000 manat məbləğində müəyyən edilməlidir.

40. İddia tələbinin bir hissəsini də ipoteka predmetlərinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq iddiaçıya ödənilməsi təşkil edir.

41. Həmin tələbə münasibətdə qeyd edilməlidir ki, borcun iddiaçının xeyrinə tutulmasının qət edilməsi ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulmasını da özündə ehtiva edir.

42. Eləcə də, iddiaçı iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 149 manat dövlət rüsumunun, ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publİk hüquqi şəxsinin 1 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq onun xeyrinə tutulmasını xahiş etmişdir.

43. Məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı, 400 (dörd yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 131 (yüz otuz bir) manat (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) cavabdehlərdən birgə qaydada (zaminlik müqavilələrinin şərtlərinə uyğun olaraq) tutularaq iddiaçıya ödənilməlidir.

44. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat pul cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada K4160 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 191373,32 manat (yüz doxsan bir min üç yüz yetmiş üç manat otuz iki qəpik) əsas borc, 30634,50 manat (otuz min altı yüz otuz dörd manat əlli qəpik) faiz borcu, 4693,80 manat (dörd min altı yüz doxsan üç manat səksən qəpik) cərimə olmaqla, cəmi 226701,62 manat (iki yüz iyirmi altı min yeddi yüz bir manat altmış iki qəpik) borc, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı, 400 (dörd yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 131 (yüz otuz bir) manat olmaqla, ümumilikdə 227277,62 manat (iki yüz iyirmi yeddi min iki yüz yetmiş yeddi manat altmış iki qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Cavabdeh2 mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh2 qaytarılsın. İpoteka predmeti olan, Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin ilkin satış qiyməti 269000 (iki yüz altmış doqquz min) manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat pul cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar