Məhkəmə qərarları › İş №e-2-2(113)-2950/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2950/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2950/2024 05.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, pul vəsaitinin ödənilməsini gecikdirməklə faydalanmağa görə faiz ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 21.010,25 manat məbləğində əsas borcun, 25.990 manat məbləğində əldən çıxmış faydanın alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 06 iyun 2023cü il tarixli 05-06-23-MLTŞ nömrəli texnika icarə müqaviləsinə əsasən subpodratçı İddiaçı ona məxsus HYUNDAİ R260LC-9S markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı ekskavatoru sifarişçi Cavabdeh MMC-nin icarəsinə vermiş, sifarişçi həmin texnikadan 1 aylıq (26 günlük) istifadə ilə bağlı subpodratçıya 18500 manat məbləğində icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Sözügedən müqavilə əsasında texnikadan cavabdeh tərəfindən 2023-cü ilin iyul ayı rəzində 31 gün istifadə edilmiş və cavabdehin iddiaçıya 21010.25 manat məbləğində borcu yaranmışdır. Texnikadan iyul ayı ərzində cavabdehin istifadə edilməsini texnikanın üzərində quraşdırılmış GPS cihazı vasitəsilə əldə olunmuş məlumatlar da təsdiq edir. Bundan sonra, İddiaçı tərəfindən cavabdehə yaranmış borc məbləğinin ödənilməsi üçün elektron qaimə göndərilmiş, lakin qeyd olunan məbləğ cavabdeh tərəfindən öpdənilməmişdir. Tərəflər arasında bağlanmış texnikanın icarə müqaviləsinin 3.3-cü bəndinə əsasən hesablaşmaların aparılması üçün 1 ay 26 gün hesab olunmuşdur. Həmin müqavilənin 4.1.4-cü bəndinə əsasən sifarişçi ödəməni hər ayın tamamında icraçının göstərilmiş bank hesabına ödəməlidir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh öz öhdəliklərini kobud şəkildə pozmuşdur. Bununla bağlı olaraq iddiaçı tərəfindən cavabdehə pretenziya məktubları göndərilmiş və yaranmış borc məbləğinin cavabdehdən məcburi qaydada tutulması üçün məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq olunmuşdur. Həmçinin iddiaçının qardaşı X2 rayon Polis İdarəsinə müraciət edərək onlara vurulmuş maddi ziyan barədə məlumat vermişdir. xx.xx.2024-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarda material üzrə izahatı alınmış cavabdeh tərəf MMC-də son bir iki ay ərzində işləmiş mühasibin işdən kənarlaşdırıldığı üçün sənədləşmə və ödənişlərdə müəyyən problemlər yarandığını, buna görə də iddiaçıya icarə haqqı üçün ödənilməli olan 18500 manat ödənişin ödənilmədiyi, hazırda idddiaçıya olan borclarının müqavilənin şərtlərinə uyğun olaraq 21010 manat təşkil etməsini və həmin məbləği 05 mart 2024-cü il tarixədək tam şəkildə ödəyəcəklərinə söz verdiyini bildirmişdir. Qərarın məzmunundan da göründüyü kimi, cavabdeh tərəf iddiaçıya olan borcu tam şəkildə etiraf etmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 21.2, 21.3, 386.1, 439.4, 442, 445-445.2.2, 449.1, 1092.1, 1092.2, 1097.3, 1115-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı (Subpodratçı) ilə Cavabdeh MMC (Sifarişçi) arasında imzalanmış 06 iyun 2023-cü il tarixli texnika icarə müqaviləsindən görünür ki, tərəflər təsdiq edirlər ki, sifarişçi tikinti sahəsində istifadə üçün müxtəlif təyinatlı texnikaların daşınma xidməti bu müqaviləyə əlavədə göstərilən qiymətlərlə müəyyən olunur. Tərəflər təsdiq edilər ki, sifarişçi tikinti layihəsi üzrə lazım olan texnikaları subpodratçıya həvalə edir. Ay ərzində materialın daşınmasını təmin edən subpodratçı, bu işləri (Əlavə 1) cədvəl hesablaması ilə yerinə yetirir. Hesablamaların aparılması üçün bir ay 26 gün hesab olunur. Ödənişlər ay ərzində faktiki yerinə yetirilmiş işlərə uyğun olacaqdır. Sifarişçi müqaviləni ləğv edərsə, müqavilə müddəti və qiyməti nəzərə alınmır və yalnız bu vaxta qədər görülən işlərin qiyməti verilir. Bu müqavilə, həmçinin layihə-smeta sənədləri, texniki şərtlər və iş cədvəlində göstərilən işlərin yerinə yetirilməsi zamanı müqavilə sənədlərində göstərilməyən əlavə işlərin meydana çıxması müqavilə sənədlərində qeyd olunan iş həcmlərinin artmasına səbəb olaraq və razılaşdırılan işlərin lazımi qaydada davam etdirilməsi üçün əlavə işlərin görülməsi Sifarişçi tərəfindən əsaslandırıldığı təqdirdə əlavə işlərin dəyəri bu müqavilənin dəyərinə əlavə edilir. xx.xx.2023-cü il tarixli X1 görünür ki, HYUNDAİ R260LC-9S markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı ekskavatoru texnika icarəyə götürülmüş, xidmətin dəyəri 18500 manat+əlavə 5% ilə təsdiq edilmişdir. Səbail RPİ-nin İstintaq şöbəsi tərəfindən qəbul edilmiş 16 yanvar 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında Qərarından görünür ki, X5 Cavabdeh MMC-nin təsisçisi kimi tərəflər arasında imzalanmış 06 iyun 2023-cü il tarixli texnika icarə müqaviləsinə əsasən 21010 manat borcun olduğunu qəbul etmiş, həmin pulu xx.xx.2024-cü il tarixədək tam şəkildə bağlamağa söz vermişdir. EBDP seriyalı, 765427 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 21010,25 manat icarə haqqı məbləği İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubunda icarə müqaviləsinə əsasən ödənilməmiş 21010,25 manat məbləğindən icarə haqqının ödənilməsi tələb edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 231 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 449.1-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 4.1 və 5.1-ci maddələrinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq texnikanı icarəyə vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək icarə haqqı məbləğini ödəməmişdir. Cavabdehin iddiaçıya icarə haqqı borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (“Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar) öz təsdiqini tapır. Buna görə də iddiaçının cavabdehdən MM-nin 700.1-ci maddəsinə əsasən icrarə haqqını tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən obyektin cavabdehə icarəyə verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək icarə haqqını, yəni 21010,25 manat pulu ödəmədiyini, iddiaçının icarə haqqını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 21010,25 manat icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən əldən çıxmış fayda kimi 25990 manat məbləğin də tutulmasını tələb etmiş, həmin məbləğin tələb etmə əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi ilə əsaslandıraraq əldən çıxmış fayda kimi hesablayaraq ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, MM-in 449-cu maddəsinə əsasən faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı isə borcun ödənilməsinin gecikdirilməsi nəticəsində cavabdehin maddi gəlir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni, öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş 231 manat dövlət rüsumunun 153 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il 05-06-23-MLTŞ saylı icarə müqaviləsinə əsasən 21010 (iyirmi bir min on) manat 25 (iyirmi beş) qəpik pul vəsaiti və ödənilmiş 153 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar