Məhkəmə qərarları › İş №e-2-2(113)-2951/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2951/2021

06.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2951/2021 06.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğvi və müqavilə üzrə pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 31.08.2020-ci il tarixdə 06/3247/DLİZ nömrəli Daxili X2nin ləğv edilməsi, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 31.08.2020-ci il tarixli 06/3247/DLİZ nömrəli Daxili X2nə əsasən yaranmış 36000 manat əsas borc, 6425 manat mükafat borcu, cəmi 42425 manat lizinqi borcu məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 31.08.2020-ci il tarixdə 06/3247/DLİZ nömrəli Daxili X2nə əsasən İddiaçı MMC təsviri müqavilədə göstərilən 1 (bir) ədəd, 2016-cı il buraxlışı olan, “Nissan Maxima” minik markalı, mühərrik VQ35-948297Y, ban 1N4AA6AP4GC399204 nəqliyyat vasitəsini Cavabdeh2 istifadəsinə vermişdir. Həmçinin müqavilənin təminatı olaraq İddiaçı MMC ilə Cavabdeh2 arasında 31.08.2020-ci il tarixli 06/3247/DLİZ nömrəli üçtərəfli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 sözügedən müqavilənin 9.4 bəndinə əsasən “lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 51.528 manat təşkil edir. Bu ümumi məbləğdən 15.528 manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Cavabdeh müqaviləsinə əlavə edilmiş lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh 31.08.2020-ci il tarixdən sonra hər ay 1431.35 manat olmaqla ödəniş etməli olduğu təqdirdə hazıradək heç-bir ödəniş etməmişdir. Cavabdeh etibarnamə əsasında idarə etdiyi və İddiaçı MMC-yə məxsus “Nissan” minik markalı **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı İddiaçı MMC tərəfindən cavabdeh və onun zamininə müxtəlif tarixlərdə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və yarnmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqiləşdirilməsinə dair ərizə verərək, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 31.08.2020-ci il tarixdə 06/3247/DLİZ nömrəli Daxili X2nin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 36000 (otuz altı min) manat əsas borc, 7875 (yeddi min səkkiz yüz yetmiş beş) manat mükafat borcu, 356,03 (üç yüz əlli altı manat, üç qəpik) manat gecikdirilmiş cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, cavabdehin istifadəsində olan İddiaçı MMC-yə məxsus “Nissan” minik markalı **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Daha əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəməyə izahatında iddia tələbini qəbul etmədiyini, onunla İddiaçı MMC arasında müqavilə bağlanmasına baxmayaraq, hazırda həmin lizinq obyektinin onun istifadəsində olmadığını, zamin şəxslə sonuncu danışığında yaranmış borcu qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC (“lizinq verən”) ilə Cavabdeh2 (“lizinq alan”) arasında bağlanmış 31.08.2020-ci il tarixli, 06/3247/DLİZ saylı daxili X2nə əsasən, “lizinq verən” əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya “lizinq alan” tərəfindən seçilmiş, “lizinq verən”lə “satıcı” arasında bağlanılan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş, 1 (bir) ədəd, 2016-cı il buraxılışlı olan, “Nissan Maxima” minik markalı, mühərrik VQ35-948297Y, ban 1N4AA6AP4GC399204 nəqliyyat vasitəsini “lizinq alan”ın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. “lizinq alan” isə bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə “lizinq verən”ə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1.2-bəndinə əsasən “lizinq verən”in müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər “lizinq alan” tərəfindən vaxtında icra edilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0.3% həcmində cərimə tələb etmək hüququ vardır. 4.4.1-ci bəndə əsasən “lizinq alan” X2nə 01 saylı əlavə olan ödəniş qrafikinə əsasən dövri olaraq müəyyənləşdirilmiş lizinq ödənişlərini vaxtında və tam şəkildə icra etmək vəzifəsi vardır. 4.4.17-ci bəndə əsasən “lizinq alan” razılıq verir və öhdəsinə götürür ki, bu müqavilə və əmlakın təhvil-təslim aktı imzalandıqdan sonra əmlakın hər cür zədələnməsinə və ya dağılmasına görə məsuliyyət onun üzərində olacaq, zədələnmə və dağılma ilə əlaqədar “lizinq verən”in ziyanlarını ödəyəcək və hətta əmlak sıradan çıxsa belə, lizinqə görə ödəniş qrafikinə uyğun olaraq ödənişlər edəcək. 6.1-ci bəndə əsasən lizinq obyektinin, habelə onun ayrılmaz tərkib hissəsini təşkil edən bütün ləvazimat və sənədlərin təhvil-təslimi X2 ilə müəyyən edilmiş yerdə, müddətdə və şərtlərlə həyata keçirilir. Lizinq obyektinin təhvil-təslimi “Təhvil-Təslim aktı” ilə rəsmiləşdirilir. 9.2-ci bəndə əsasən lizinq ödənişləri lizinq müddətinin hər ayı üçün hesablanır. Lizinq müddətinin hər ayı üçün lizinq ödənişinin məbləği, habelə lizinq ödənişlərinin ödənilməsi qaydası lizinq ödənişləri qrafiki (Bu müqaviləyə əlavə № 1) ilə müəyyən edilir. 9.4-cü bəndə əsasən lizinq alanın “lizinq verən”ə ödəməli olduu lizinq ödənişlərinin ümumi 51.528 (əlli bir min beş yüz iyirmi səkkiz) manat təşkil edir. Bu ümumi məbləğdən 15.528 (on beş min beş yüz iyirmi səkkiz) manat “lizinq verən”in mükafatı təşkil edir. Tərəflər razılaşır və qəbul edirlər ki, lizinq ödənişləri “lizinq alan” tərəfindən X2 və təhviltəslim aktı imzalandıqdan sonra bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçiriləcəkdir. İş materiallarında olan ödəniş cədvəlindən məlum olur ki, Cavabdeh2 36.000 manat lizinq məbləğini 36 ay müddətinə illik 25% faiz, 1.431,35 manat aylıq ödəniş, 15.528 manat cəmi mükafat məbləği olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 31.08.2020-ci il tarixli ərizənin təsdiqlənmiş surətindən məlum olur ki, Cavabdeh2 36 ay müddətinə “Nissan Maxima” markalı, 1N4AA6AP4GC399204 şassi, VQ35-948297Y mühərrik, “Boz Metalik” rəngli olan avtomobili lizinqə verilməsi üçün "xxxx" MMC-nin direktoruna müraciət etmişdir. İş materiallarında olan 31.08.2020-ci il tarixli iltizamın təsdiqlənmiş surətindən məlum olur ki, Cavabdeh2 31.08.2020-ci il tarixli, 06/3247/DLİZ saylı X2nə əsasən lizinq predmetinin onun istifadəsində olduğu, lakin müvafiq ödənişlərin həyata keçirilmədiyi təqdirdə həmin ödənişləri heç bir qeyd-şərt və pretenziya irəli sürmədən ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan tarixdə tərəflər arasında imzalanmış təhvil-təslim aktının təsdiqlənmiş surətindən məlum olur ki, "xxxx" MMC-yə məxsus “Nissan Maxima” markalı, 1N4AA6AP4GC399204 şassi, VQ35-948297Y mühərrik, **-JJ-*** qeydiyyat nişanları olan avtomobil müştəriyə təhvil verilmişdir. İş materiallarında olan 31.08.2020-ci il tarixli, 06/3247/DLİZ nömrəli zaminlik müqaviləsinə əsasən “zamin” (Cavabdeh1) müqavilənin 1.2-ci bəndində göstərilən müqavilə üzrə “lizinq alan”ın (Cavabdeh2) “lizinq verən” (İddiaçı MMC) qarşısında götürdüyü öhdəliyini (əsas borc, lizinq mükafatı, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində “lizinq verən”ə dəyən digər zərərin və əldən çıxmış faydanın ödənilməsi, lizinq predmetinə dəymiş zərərin ödənilməsi) icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür. 1.2-ci bəndə əsasən bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik Azərbaycan Respublikasının vətəndaşı, fərdi sahibkar Cavabdeh2 ilə “lizinq verən” arasında, 36 ay müddətinə qaytarılmaq şərti 51.528 (əlli bir min beş yüz iyirmi səkkiz) manat məbləğində lizinqin verilməsinə dair bağlanmış 06/3247/DLİZ nömrəli 31.08.2020-ci il tarixli “X2”ndən, ona edilmiş əlavələrdən irəli gələn bütün pul tələbləridir. Zamin həmçinin müqaviləyə əsasən “lizinq alan” tərəfindən “lizinq verən”ə ödənilməli olan 15.528 (on beş min beş yüz iyirmi səkkiz) manat məbləğində lizinq mükafatının ödənilməsi üçün məsuliyyət daşıyır. 2.4.1-ci bəndə əsasən “lizinq alan” zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə “lizinq verən”in ilk yələbi ilə zaminliklə təmin edilmiş öhdəliyin 10 (on) gün ərzində tamamilə icra edilməsini, 2.4.3-cü bəndə əsasən müqavilənin 1.2-ci bəndinə göstərilən “X2” üzrə əsas borc, lizinq mükafatı, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində “lizinq verən”ə dəyən digər zərərin (əldən çıxmış fayda, lizinq predmetinin məhv olunması və.s) əvəzinin ödənilməsi də daxil olmaqla “lizinq verən” qarşısında “lizinq alan”la eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürür. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh2 ünvanlanan 02.02.2021-ci il tarixli pretenziya məktubunun məzmununda lizinq predmetindən istifadəyə görə heç bir aylıq ödənişin aparılmaması, müqavilə üzrə gecikmə günlərinin sayının 122 gün təşkil etməsi, qeyd olunan tarixə 06/3247/DLİZ saylı “X2” üzrə lizinq predmetindən istifadəyə görə İddiaçı MMC-yə 3.551,68 manat əsas borc, 3.800 manat cərimə borcu olmaqla cəmi 7.707,72 manat borc yaranması qeyd olunmuş, borcun 15 gün ərzində ödənilməsi tələb olunmuş, əks halda müqaviləyə xitam veriləcəyi, lizinq obyektinin geri tələb ediləcəyi və lizinq müqaviləsi üzrə borc məbləğinin Cavabdeh2 və zaminlərdən tutulmasına dair məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 26.04.2021-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan aydın olur ki, Cavabdeh1 206 gün ərzində yaranmış 10.563,06 manat borcun 5 gün müddətində tam şəkildə ödənilməsi tələb edilmişdir. Əks halda məhkəməyə müraciət olunacağ barədə xəbərdarlıq edilmişdir. İş materillarında olan 15.07.2021-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh2 06/3247/DLİZ saylı “X2” üzrə 15.07.2021-ci il tarixə 36.000 manat əsas lizinq borcu, 7.785 manat mükafat borcu və 356,03 manat gecikdirilmiş cərimə borcu olmaqla cəmi 44.231,03 manat borc məbləği mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, lizinqverən İddiaçı MMC ilə lizinqalan, Cavabdeh2 arasında daxili lizinq müqaviləsi bağlanmış və 1 (bir) ədəd, 2016-cı il buraxlışı olan, “Nissan Maxima” minik markalı, mühərrik VQ35-948297Y, ban 1N4AA6AP4GC399204 nəqliyyat vasitəsi, Cavabdeh2 lizinqə verilmişdir. Əlavə olaraq, zamin Cavabdeh1, lizinq alan Cavabdeh2 lizinq verən Meqalizinq MMC arasında 31.08.2020-ci il tarixli, 06/3247/DLİZ nömrəli zaminlik müqaviləsi bağlanmış, iddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdehlər müqavilələr üzrə öhdəliklərini lazımı qaydada və vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsi bəzi istisnalarla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.2-ci maddəsinə əsasən lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir; 747- 1.3-cü maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir; 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir; 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır; 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləgv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Azərbaycan Respublikası Mülkin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunvericilik lizinq alan tərəfindən lizinq ödənişinin müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi halında hər hansı qeyd şərt olmadan, istisnasız olaraq lizinq obyektinin tam tərkibdə geri qaytarılmasını nəzərdə tutur. Belə ki, mülki qanunvericilik dörd halda lizinq verənə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da, lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququnu tanıyır. Bu hallardan biri, lizinq verənə lizinq alanın lizinq obyektindən istifadə üçün lizinq ödənişini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlı olmuşdur və cavabdehin iddiaçıya ödənilməmiş borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 31.08.2020-ci il tarixdə 06/3247/DLİZ nömrəli Daxili X2nə əsasən lizinq obyekti olan 1 (bir) ədəd, 2016-cı il buraxlışı olan, “Nissan Maxima” minik markalı, mühərrik VQ35-948297Y, ban 1N4AA6AP4GC399204 nəqliyyat vasitəsi avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə qaytarılmalı, Cavabdeh2 və Cavabdeh1 əsas borc 36.000 manat, ona hesablanmış 7875 manat faiz borcu və 356,03 manat cərimə borcu və ödənilməmiş cəmi 44.231,03 manat məbləğində pul iddiaçı Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı MMC-nin xeyrinə tutulmalı, 31.08.2020-ci il tarixli 06/3247/DLİZ nömrəli Daxili X2 ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu əvəzi 30 manat cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 31.08.2020-ci il tarixli 06/3247/DLİZ nömrəli Daxili X2 ləğv edilsin. Lizinq obyekti olan 1 (bir) ədəd, 2016-cı il buraxlışı olan, “Nissan Maxima” minik markalı, mühərrik VQ35-948297Y, ban 1N4AA6AP4GC399204 nəqliyyat vasitəsi avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə geri qaytarılsın. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc 36.000 manat, ona hesablanmış 7875 manat faiz borcu və 356,03 manat cərimə borcu və ödənilməmiş cəmi 44.231,03 manat İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar