Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2955/2025 06.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, prosessual maraq, müqavilənin birtərəfli qaydada ləğvi, idarə ifadəsinin üsulları) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 351661-CNS- 42770 saylı kredit müqaviləsinə əsasən 7520,67 manat əsas borc, 323,62 manat faiz borcu olmaqla ümumilikdə 7844,29 manat məbləğində pulun və ödənilmiş 98,44 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 351661- CNS-42770 saylı kredit müqaviləsinə əsasən borcalana investisiya məqsədi üçün illik 24 faiz hesablanması şərti ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilərək cari hesabına köçürülmüşdür. Eyni zamanda xx.xx.2023-cü il tarixli 351661-CNS-42770 saylı kredit müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə 01 saylı razılaşma bağlanmış, Cavabdeh2 xx.xx.2024-cü il tarixinə olan borcu kapitallaşdırılaraq 7844,91 manat müəyyən edilmiş, illik 20 faiz hesablanması şərti ilə 36 ay müddətinə 7844,91 manat məbləğində kredit verilərək cari hesabına köçürülmüşdür. 2.2. Bununla yanaşı, xx.xx.2024-cü il tarixli 351661-CNS-42770/1 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 xx.xx.2024 cü il tarixli 351661-1-5045 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh1 iddiaçı qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı öz üzərinə götürmüşdür. Lakin borcalan üzərinə götürdüyü kredit öhdəliklərini tam icra etməmiş və nəticədə onun iddiaçıya xx.xx.2024-cü il tarixli 351661-CNS-42770/1 saylı kredit müqaviləsi üzrə 7520,67 manat məbləğində əsas borc, 323,62 manat məbləğində faiz borcu, ümumilikdə isə 7844,29 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. 2.3. Bundan əlavə, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 351661-1-5045 saylı zaminlik müqaviləsinin tələbinə görə «kredit alan» xx.xx.2024cü il tarixli 351661-CNS-42770/1 saylı kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə, «zamin» «kredit alan» ilə birlikdə iddiaçı qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilələrin və qanunvericiliyin tələblərinə əsasən xx.xx.2024-cü il tarixli 351661- CNS-42770/1 saylı kredit müqaviləsi üzrə cavabdehlər iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. 2.4. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqavilələrinin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə ödənilməli dövlət rüsumunun məbləği 98,44 manat təşkil edir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə bağlı ödənilmiş 98,44 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443, 462.1, 472.1, 739.1-ci və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2955/2025 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehlərə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır. II. Tərəflərin mövqeləri:
6. Məkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
7. Məhkəmə bildirişləri cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana göndərilməklə, sonuncuların mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla, telefonoqramlar ötürülməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehlərin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə olunmuş İddiaçı ASC (bank qismində) ilə Cavabdeh2 (kredit alan qismində) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 351661-CNS-42770 saylı kredit müqaviləsinə əsasən bank kredit alana bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə kredit verməyi, kredit alan isə krediti qəbul etməyi, kreditdən təyinatı üzrə istifadə etməyi və geri qaytarmağı, faizləri/komissiyalar, o cümlədən əlavə faizləri bu Müqavilə ilə nəzərdə tutulan müddətdə və şərtlər əsasında ödəməyi öhdəsinə götürür. Kredit alan kreditdən yalnız dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərin alınması, təchizatçılar və podratçıla hesablaşmalın aparılması) təyinatı üzrə istifadə etməlidir (2.1). Kreditin məbləği va valyutası: 10000 manat; kreditin müddəti: kredit alan krediti tam məbləğdə 16 fevral 2026-cı il tarixində və ya müqavilədə nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir; faiz dərəcəsi: kreditdən istifadəyə görə faizlər Bank tərəfindən illik 24%; kreditin qaytarılması və faizlərin ödənilməsi: hər ay, Ödəniş cədvəlinə uyğun olaraq (Əlavə 1) müəyyən edilir (3).
12. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli 351661-CNS-42770 saylı kredit müqaviləsinə 1 saylı Əlavə ilə razılaşdırılmış ödəniş cədvəlindən görünür ki, ilk ödəniş 16 mart 2023-cü il, son ödəniş tarixi isə 16 fevral 2026-cı il olmaqla 10000 manat əsas borc və 4133,33 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
13. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 351661-CNS-42770 saylı kredit müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2024-cü il tarixli 351661- CNS-42770/1 saylı razılaşmadan görünür ki, “Borcalan”ın maliyyə çətinliyinin yaranması səbəbindən, Kredit Müqaviləsindən irəli gələn borc öhdəliyinin lazımi qaydada icrasını təmin etmək məqsədilə, Tərəflər Krediti restrukturizasiya edərək, “Borcalan”ın xx/xx/2024cü il tarixinə olan “Kredit Müqaviləsi”ndən irəli gələn öhdəlikləri kapitallaşdırılaraq 7844,91 manat müəyyən edilir (1-ci bənd). Hazırkı Razılaşmanın 1-ci bəndini nəzərə alaraq, Tərəflər “Kredit Müqaviləsi”nin aşağıda sadalanan bəndlərini növbəti redaksiyada verilmisini qəbul və təsdiq edirlər: “3.3. Kreditin müddəti: Kredit alan Krediti tam məbləğdə xx/xx/2027-ci il tarixində və ya Kredit Müqaviləsində nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir. “Kredit müddəti”nin bitmə tarixi qeyri-iş gününə düşdükdə, əlavə günlərə faizlərin hesablanması şərti ilə qeyri-iş günündən sonrakı ilk iş günü başa çatır. 3.4.1 Kreditdən istifadəyə görə faizlər Bank tərəfindən illik 20% olmaqla və Krediti Müqavilənin 5.9-cu bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır. 3.5. Kreditin qaytarılması və faizlərin ödənilməsi qaydası: Hər ay. Ödəniş cədvəlinə uyğun olaraq (Əlavə 1)”.
14. xx.xx.2024-cü il tarixli 351661-CNS-42770/1 saylı razılaşmaya 1 saylı Əlavə ilə razılaşdırılmış ödəniş cədvəlindən görünür ki, ilk ödəniş 15 iyul 2024-cü il, son ödəniş tarixi isə 14 iyun 2027-ci il olmaqla 7844,91 manat əsas borc və 2653,99 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
15. İş materiallarına əlavə edilmiş iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 351661-1-5045 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixli 351661-CNS-42770/1 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Kredit alan Zaminliklə təmin edilmiş hazırkı Müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin və Kredit alan öhdəliklərini Bank qarşısında yerinə yetirəcəyinə görə birgə məsuliyyət daşıyırlar (1.1). Bu Müqavilə üzrə zaminliklə təmin edilmiş öhdəliklər Bankın, Kredit müqaviləsindən irəli gələn qaydada və müddət ərzində bütün pul tələblərinə bərabərdir, o cümlədən: 7844,91 manat məbləğində və müddətə xx/xx/2027-ci il (daxil olmaqla) verilmiş kredit; kredit müqaviləsinə əsasən əlavə xəbərdarlıq edilmədən faiz dərəcəsini artırma ehtimalı nəzərə almaqla, illik 22 faiz məbləğində kreditdən istifadəyə görə faiz; kredit müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə digər öhdəliklər.
16. İş materiallarına əlavə edilən Cavabdeh2 AZ85VTBA**********1651AZN001 nömrəli bank hesabından çıxarışdan görünür ki, 10000 manat məbləğində pul xx.xx.2023cü il tarixli 351661-CNS-42770 saylı kredit müqaviləsi üzrə hesaba köçürülmüşdür.
17. İddiaçı tərəfindən təsdiq edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli 351661-CNS-42770 saylı kredit müqaviləsi üzrə 7520,67 manat əsas borc, 323,62 manat faiz borcu mövcuddur.
18. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli 351661-CNS-42770 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 10000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə Cavabdeh2 verməyi, cavabdeh isə aldığı pul vəsaitini hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinə xx.xx.2024-cü il tarixli 351661-CNS-42770/1 saylı razılaşma ilə qalıq 7844,91 manat məbləğində borcun restrukturizasiya edilərək xx.xx.2027-ci il tarixədək illik 20 faiz dərəcəsi ilə qaytarılması razılaşdırılmışdır. Həmçinin sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq isə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmış, sonuncu Cavabdeh2 öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı üzərinə götürmüşlər. Borcalan kredit məbləğini təşkil edən 10000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
19. İddiaçı adıçəkilən kredit razılaşması üzrə 7520,67 manat əsas borc, 323,62 manat faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.
20. Cavabdehlər hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmirlər.
21. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.
22. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
24. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
26. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
27. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
28. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixli 60P nömrəli pretenziya məktubu ilə cavabdehə müraciət edərək bütün əsas borcu, xx.xx.2025-ci il tarixə 323,62 manat faiz borcunu tələb etmiş, həmin məktub xx.xx.2025-ci il tarixdə poçt rabitəsi vasitəsilə borcalana çatdırılmışdır.
29. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.
30. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.
31. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
32. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd). Belə olan halda, iddiaçının xx.xx.2025-ci il tarixdə borcalan Cavabdeh2 pretenziya məktubunu yollayaraq bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun borcalan tərəfindən qəbul edildiyi xx.xx.2025-ci il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.
33. Hazırda da iddiaçı xx.xx.2025-ci il tarixə olan əsas və faiz borcunu tələb edir.
34. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli 351661-CNS-42770 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə əsas borc 7520,67 manat, faiz borcu 323,62 manat təşkil edir.
35. xx.xx.2024-cü il tarixli 351661-CNS-42770/1 saylı razılaşmaya 1 saylı Əlavə ilə razılaşdırılmış ödəniş cədvəlindən görünür ki, ilk ödəniş 15 iyul 2024-cü il, son ödəniş tarixi isə 14 iyun 2027-ci il olmaqla 7844,91 manat əsas borc və 2653,99 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır. Həmçinin görünür ki, xx.xx.2025-ci il tarixə ödənilməli olan faiz borcu 839,15 manat təşkil edir.
36. Hesabdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli razılaşmadan sonra xx.xx.2024-cü il tarixdə 287,15 manat əsas borc, 2,85 manat faiz borcu, xx.xx.2024-cü il tarixdə 16,73 manat faiz borcu, xx.xx.2024-cü il tarixdə 269,13 manat faiz borcu ödənilmişdir.
37. Ödəniş cədvəli məlumatları ilə hesabdan çıxarış məlumatlarını müqayisəli təhlil etdikdə aydın olur ki, xx.xx.2025-ci il tarixli maliyyə arayışında əsas və faiz borcu düzgün təsbit edilmişdir.
38. Beləliklə, məhkəmə hesabdan çıxarış məlumatları ilə maliyyə arayışlarını qarşıqlıqlı təhlil edərək bu qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli 351661-CNS-42770 saylı kredit müqaviləsi üzrə əsas borc 7520,67 manat, faiz borcu 323,62 manat müəyyən edilməlidir.
39. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
40. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
41. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
42. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
43. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli 351661-CNS- 42770 saylı kredit müqaviləsi üzrə 7520,67 manat əsas və 323,62 manat faiz borcu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
44. İddiaçı eləcə də 98,44 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
45. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 98,44 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
46. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
47. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98,44 manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
V. Nəticə:
49. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 351661-CNS-42770 saylı kredit müqaviləsinə əsasən 7520,67 əsas borc, 323,62 faiz borcu olmaqla ümumilikdə 7844,29 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98,44 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova