Məhkəmə qərarları › İş №e-2-2(113)-296/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-296/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-296/2024 28.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 qızına qarşı “borcun ödənilməsi və.s” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, ipoteka, mediasiya xərci) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələblərinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00346-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi; Cavabdeh2 kreditin əsas borcu üzrə 11.800 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1.330,03 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1.652,00 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 14.011 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 162 manat məbləğində pulun tutulması; tələbin Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 74.79 kv.m ümumi sahədən ibarət 67 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 70.000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun və dövlət rüsumu kimi ödənilmiş 162 manat məbləğində pulun İddiaçı Bokt ASC-yə ödənilməsi; ipoteka predmeti olan əmlak açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00346-01 №- li İstehlak Krеditi Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 11.800 (on bir min səkkiz yüz) ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Kreditin təminatı qismində İpoteka saxlayan İddiaçı BOKT ASC ilə Bakı şəhəri 14 saylı notariat ofisində bağladığı 16 dekabr 2022-ci il tarixli, 3M-4571 reyestr nömrəli sonrakı İpoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 74.79 kv.m ümumi sahədən ibarət 67 nömrəli mənzil ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Sonrakı İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində**********28-05101-093019 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya etiraz edərək rədd olunmasını məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

7. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-2(113)-296/2024 saylı qərardadı ilə iddianın ipoteka predmeti olan əmlak açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması” hissəsində icraata xitam verilmişdir.

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tariхli, 2022/00346-01 №- li müqavilə imzalanmış və həmin müqaviləyə əsasən İddiaçı BOKT ASC tərəfindən Cavabdeh2 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 11.800 (on bir min səkkiz yüz) ABŞ dolları məbləğində krеdit vеrilmişdir.

10. Kreditin təminatı qismində İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 dekabr 2022-ci il tarixli, 3M-4571 reyestr nömrəli sonrakı İpoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 74.79 kv.m ümumi sahədən ibarət 67 nömrəli mənzil ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

11. Kredit müqaviləsi və ipoteka müqaviləsi tərəflərin imzaları ilə təsdiq olunmuşdur.

12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

13. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

15. X3 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

16. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

17. Məhkəmə qeyd edir ki, iddia tələbi şərti olaraq üç hissədən ibarətdir: 1) xx.xx.2022-ci il tariхli, 2022/00346-01 №- li kredit müqaviləsinin ləğv edilməsi, 2) xx.xx.2022ci il tariхli, 2022/00346-01 №- li kredit müqaviləsi üzrə borcun tələb edilməsi, 3) tutmanın ipoteka predmetinə yönəldilməsi.

18. Məhkəmə iddianın xx.xx.2022-ci il tariхli, 2022/00346-01 №- li kredit müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.

19. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tariхli, 2022/00346-01 №- li kredit müqaviləsinin 2.3.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi halda borc alanın müqavilə üzrə borcverənə olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək borcverənin hüquqlarından biridir.

20. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı BOKT ASC borcun ödənilməsini tələb etməklə müqavilənin ləğv edilməsi ilə bağlı iradə ifadəsini Cavabdeh2 çatdırmışdır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı mövqedən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

22. İş materiallarında olan xx.xx.2022-ci il tarixli köçürmə sifarişindən görünür ki, 11.800 manat məbləğində pul Cavabdeh2 hesabına köçürülmüşdür.

23. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh2 ona verilmiş olan puldan ümumiyyətlə hər hansı bir ödəniş etməmişdir.

24. Belə olan halda, Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00346-01 №- li kredit müqaviləsi ləğv edilmiş hesab edilməlidir.

25. Məhkəmə kredit müqaviləsi üzrə borcun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

26. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tariхli, 2022/00346-01 №- li kredit müqaviləsi üzrə borcalanın borcverənə 11.800 ABŞ dolları əsas, 1.330,03 ABŞ dolları faiz, 1.652 ABŞ dolları cərimə borcu vardır. kredit borcu vardır.

27. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

28. Belə ki, ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, Bank tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş məbləğdə pul Cavabdeh2 hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.

29. Belə olan halda, məhkəmə qeyd edir ki, iddia xx.xx.2022-ci il tariхli, 2022/00346- 01 №- li kredit müqaviləsi üzrə əsas və faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır və qeyd edilən müqavilə üzrə əsas borc 11.800 ABŞ dolları, faiz borcu üzrə 1.330,03 ABŞ dolları olmaqla, cəmi 13,130,03 ABŞ dolları Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.

30. Məhkəmə həmçinin hesab edir ki, müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır.

31. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

32. Hazırki işin hallarından görünür ki, cavabdehin 11.800 ABŞ dolları əsas borcuna münasibətdə 600 ABŞ dolları məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

33. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

34. İşdə olan İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 dekabr 2022-ci il tarixli, 3M-4571 reyestr nömrəli ipotеka müqaviləsindən görünür ki, ipoteka predmetini Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 74.79 kv.m ümumi sahədən ibarət 67 nömrəli mənzil təşkil edir.

35. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti 70.000 manat müəyyən edilir.

36. Müqavilənin 3.3-cü bəndinə əsasən öhdəliyin icra müddəti: kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin ipoteka qoyana faktiki təqdim edildiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixinədək müəyən edilmişdir.

37. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü müddətinə gecikdirdikdə və ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında ipoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 təqvim günü ərzində icra olunmadıqda ipoteka saxlayan ipoteka ilə təmin edilmiş əmlaka tutma yönətmək hüququna malikdir.

38. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5270/2023 saylı qərardadı ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 74.79 kv.m ümumi sahədən ibarət 67 nömrəli mənzilin likvid və bazar dəyərinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir.

39. Daha sonra, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 296/2024 saylı qərardadı ilə ipoteka ilə təmin edilmiş əmlakın likvid və bazar dəyərini nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir.

40. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 74.79 kv.m ümumi sahədən ibarət 67 nömrəli mənzilin likvid dəyəri 98.000 manat, bazar dəyəri 115.000 manat müəyyən edilmişdir.

41. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti məhz "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən 98.000 manat müəyyən edilməlidir.

42. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tariхli, 2022/00346-01 №li kredit müqaviləsi üzrə tutma ilkin satış qiyməti 98.000 manat müəyyən edilməklə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 74.79 kv.m ümumi sahədən ibarət 67 nömrəli mənzilə yönəldilərək açıq hərracda satılmalı, satışdan əldə olunan məbləğ kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməlidir.

43. Məhkəmə həmçinin hesab edir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul Bakı 11 saylı Mediasiya təşkilatına ödənmişdir.

44. Ona görə də, mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

45. Bundan başqa, məhkəmə dövlət rüsumunun əvəzi olaraq 162 manat məbləğində pulun tutulması ilə bağlı aşağıdakıları qeyd edir.

46. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 162 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

47. Lakin məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq tutulmalı olan rüsum məbləği mediasiyaya çəkilmiş xərclə (200 manat) tam əhatə olunduğundan iddia 162 manat məbləğində dövlət rüsumunun tutulması hissəsində təmin edilə bilməz.

48. Məhkəmə həmçinin qeyd edir ki, işdən də, göründüyü kimi Məhkəmə tikintitexniki ekspertizasının keçirilməsi xərci 400 manat təşkil edir. Ona görə də, 400 manat məbləğində cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənməlidir.

49. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

50. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş hesab edilsin. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 11.800 (on bir min səkkiz yüz) ABŞ dolları, faiz borcu üzrə 1.330 (bir min üç yüz otuz) ABŞ dolları, 03 (üç) sent, cərimə borcu üzrə 600 (altı yüz) ABŞ dolları olmaqla, cəmi 13.730 (on üç min yeddi yüz otuz) ABŞ dolları, 03 (üç) sent məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla Cavabdeh2 tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə tutma ilkin satış qiyməti 98.000 (doxsan min) manat olmaqla Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 74.79 kv.m ümumi sahədən ibarət 67 nömrəli mənzilə yönəldilərək, açıq hərracda satılsın və satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. Mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinin dəyəri olaraq 400 manat məbləğində pul Cavabdeh2 tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar