Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2975/2023 14.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik müqaviləsi, mediasiya xərci) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh, eyni zamanda Cavabdeh2 qanuni nümayəndəsi (direktoru) Cavabdeh1 iştirakları ilə, İddiaçı Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC və Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 0051/K nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 3.881,71 manat əsas və 15,63 manat faiz borcu olmaqla, cəmi 3.897,34 manat məbləğində pulun və 60 manat ödənilmiş mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh2 MMC (əvvəlki adı "xxxx" MMC”) arasında bağlanmış 0051/K nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə 206OMSL201700004 saylı kredit əqdi üzrə öhdəliyin yenidən maliyyələşdirilməsi məqsədi ilə illik 18 faiz olmaqla, 18 ay müddətinə 19.000 manat məbləğində kredit verilmişdir. Əlavə olaraq, borc alanın bu müqavilə üzrə borc verən qarşısında öhdəliklərin təminatı kimi Cavabdeh1 ilə xx.xx.2020-ci il, 0051/K saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit vəsaitindən istifadə etməyinə baxmayaraq, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və hesablanmış faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. xx.xx.2023-cü il tarixə xx.xx.2020-ci il tarixli 0051/K saylı kredit müqaviləsinə əsasən 3.881.71 manat əsas və 15,63 manat faiz borcu olmaqla, cəmi 3.897.34 manat borc məbləği mövcuddur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh, eyni zamanda Cavabdeh2 qanuni nümayəndəsi (direktoru) Cavabdeh1 məhkəməyə izahat verərək iddia ilə qismən yəni 2.250 manat hissəsində razı olduğunu, qalan hissədə isə iddianın rədd olunması barədə qərar qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 445.7-ci madəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
7. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
8. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 (əvvəlki adı "xxxx" MMC”) arasında 0051/K nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən borc alan Cavabdeh2nə (əvvəlki adı "xxxx" MMC”) 18 ay müddətində, illik 18% olmaqla 19.000 manat məbləğində kredit verilmişdir.
10. Kredit müqaviləsi və ödəniş cədvəli tərəflərin imzası və möhürü ilə təsdiq olunmuşdur.
11. 0051/K nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh1 ilə xx.xx.2020-ci il, 0051/K saylı zaminlik müqaviləsi bağlanılmışdır.
12. Zaminlik müqaviləsi tərəflərin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.
13. Göründüyü kimi, pulun verilməsi və zaminlik müqaviləsinin bağlanması işin mübahisələndirilməyən halıdır.
14. İddiaçı tərəf hazırda, cavabdehin ödənişləri vaxtı-vaxtında etmədiyinə görə ödəmiş olduğu pulların cərimə və faiz borcuna silindiyini və əsas borcunun qaldığına istinad edərək, pulun tutulmasını xahiş edir.
15. Cavabdeh tərəf isə iddianın 2.250 manat hissəsi ilə razı olduğunu, etmiş olduğu ödənişlərin Bank tərəfindən faiz və cərimə borcuna silindiyinə istinad edərək, iddianın qalan hissədə rədd edilməsini xahiş edir.
16. Belə olan halda, Məhkəmə tərəfindən araşdırılmalı olan məsələ cavabdeh tərəfindən edilmiş ödənişlərin nə qədər gecikmə ilə edib-etməməsi və Bankın edilmiş olan ödənişləri təyinatı üzrə doğru silib-silməməsidir.
17. İş materiallarına əlavə edilmiş Azərbaycan tərəflər arasında bağlanmış 0051/K nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə son ödəniş tarixi xx.xx.2022-ci il tarix müəyyən edilmişdir. Bundan başqa görünür ki, borclu tərəf 6 ay ancaq faiz borcundan hər ay 285 manat ödəniş etməli və 7-ci aydan başlayaraq həm əsas və faiz borcu üzrə hər ay 1.741,72 manat ödəniş etməli idi. Həmçinin qeyd edilmiş ödəniş cədvəlindən görünür ki, əgər borclu öz öhdəliyini vaxtı-vaxtında icra etmiş olsa idi, əsas borc üzrə 19.000 manat, faiz borcu üzrə 3.610,68 manat, yəni cəmi 22.610,68 manat ödəniş etməli idi.
18. İş materiallarına əlavə olunmuş ödəniş cədvəli, maliyyə arayışı, hesabdan çıxarış və cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzləri müqayisəli şəkildə təhlil edilərək görünür ki, cavabdeh tərəf xx.xx.2021-ci il tarixinədək ödənişləri vaxtı-vaxtında və müəyyən edilmiş məbləğdə etsə də, qeyd edilmiş tarixdən sonra ödənişlərin edilməsini gecikdirmişdir.
19. Belə ki, ilk növbədə 2022-ci ilin yanvar ayında 1.741,72 manat ödəniş etməli olduğu halda ümumiyyətlə ödəniş etməmiş və fevral ayında ödəmiş olduğu məbləğdən 67,82 (56,89+7,13+3,8) manat məbləğində pul müqavilənin 3.6.2-ci bəndinə əsasən hesablanmış cərimə borcundan silinmişdir.
20. Bundan sonra mart ayında edilmiş ödəniş 07.03.22-ci il tarixdə edilməli olduğu halda xx.xx.2022-ci il tarixdə edilmiş olduğundan edilmiş ödənişdən 8,2 manat məbləğində pul cərimə borcuna, 108,94 manat (vaxtında ödəniş etmiş olsa idi ödəniş cədvəlinə əsasən 100,74 silinicəkdi) faiz borcuna silinmişdir.
21. Bundan sonra aprel ayında cəmi 323,69 manat ödəniş etmiş və ödənişdən 14,99 manat cərimə, 91,11 faiz, 217,59 manat əsas borcuna silinmişdir.
22. Aprel ayından avqust ayınadək ümumiyyətlə ödəniş olmamışdır.
23. Avqust ayında etmiş olduğu 700 manat ödənişdən 409,93 manat cərimə, 179,39 manat faiz, 110,56 əsas borcuna, sentyabr ayında ödəniş edilməmiş, oktyabr ayında etmiş olduğu 600 manat ödənişdən 175,75 cərimə, 28,35 faiz, 395 əsas borcuna silinmiş, noyabr və dekabr aylarında ödəniş olmamış, yanvar 2023-cü ildə 600 manat ödəniş etmiş bundan 310,95 cərimə, 50,15 faiz, 238,9 əsas borcuna silinmişdir, son ödəniş isə 2023-cü ilin aprel ayında 600 manat olmuş və bundan 318,64 cərimə, 51,4 faiz, 229,96 əsas borcuna silinmişdir.
24. Göründüyü kimi cavabdeh tərəf ödənişlərin edilməsini mütəmadi olaraq gecikdirmiş və nəticədə gecikmə ilə etmiş olduğu ödənişlər ilk növbədə müqavilənin şərtlərinə uyğun olaraq hesablanmış cərimə borcuna silinmişdir.
25. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və əsas borc üzrə 3.881.71 manat məbləğində pul Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada tutularaq Banka ödənilməlidir.
26. Məhkəmə iddianın tələb edilən 15,63 manat faiz borcu ilə bağlı aşağıdakıları qeyd edir.
27. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf tələb edilən faiz borcunun Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən müqavilənin müddətinin bitdiyi vaxtdan sonra illik 5 faizlə hesablanmış faiz borcu olduğunu qeyd edir.
28. İşdən görünür ki, tərəflər arasında bağlanmış olan müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. İddiaçı tərəfindən isə maliyyə arayışı üzrə tələb edilən faiz borcunu xx.xx.2023-cü il tarixinədək hesablanmışdır. Göründüyü kimi təxmini 10 aydan artıq bir müddət keçmişdir.
29. Belə olan halda, Məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 10 aylıq olan məbləğ 167,1 (3.881,71x5/100=194 (1 illik) 194/12=16,17 ( 1 aylıq) 16,17x10=167,1) manat təşkil edir.
30. Ancaq iddiaçı tərəfin 15,63 manat tələb edilməsini nəzərə alıaraq Məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə də, əsaslıdır.
31. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 60 manat məbləğində pul Bakı 18 saylı Mediasiya təşkilatına ödənilmişdir.
32. Beləliklə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. 0051/K nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 3.881 (üç min səkkiz yüz səksən bir) manat, 71 (yetmiş bir) qəpik əsas, kredit müqaviləsinin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmaqla 15 (on beş) manat, 63 (altmış üç) qəpik faiz borcu olmaqla, cəmi 3.897 (üç min səkkiz yüz doxsan yeddi) manat, 34 (otuz dörd) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh2ndən və Cavabdeh1 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul müştərək qaydada Cavabdeh2ndən və Cavabdeh1 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov