Məhkəmə qərarları › İş №e-2-2(113)-2978/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2978/2022

20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2978/2022 20.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı icarə müqaviləsinin ləğvi və pul tələbinə dair kommersiya işinə Bakı şəhərində Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixdə S TPB/130921 saylı İcarə Sazişinə xitam verilməsi, Cavabdeh MMC-dən icarə və xidmət haqqına görə 17.571,99 manat borcun, 1845 manat cərimə məbləğinin və mediasiya proseduru üçün ödənilmiş 200 manat məhkəmə məsrəfinin, ümumilikdə 19.616,99 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasındaxx.xx.2021-ci il tarixdə STPB/130921 saylı İcarə Sazişi imzalanmışdır. İcarə Sazişinə əsasən İddiaçı MMC Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 153 ünvanındakı “X2 South” binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 166,2 kv.m. olan əmlakı xx.xx.2021-ci il tarixindən 03 il müddətinə Cavabdeh MMC-yə icarəyə vermişdir (bənd 1.1.; 2.1.). İcarə verilən əmlakın hər kv. m. üçün aylıq 34 manat olmaqla bütün sahə üçün ümumi icarə haqqı aylıq 5650,80 manat (ƏDV xaric) təşkil edir (bənd 4.1.). İcarə haqqının ilk ödənişi xx.xx.2021-ci il tarixdə xx.xx.2021 – xx.xx.2021-ci ilədək olan dövrə münasibətdə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan sonra icarə haqqı avans olaraq hər 3 təqvim ayı üçün elektron hesab faktura təqdim ediləndən sonra 5 iş günü ərzində ödənilir (bənd 4.2.). İcarəçi hazırki X1 2-də göstərildiyi kimi kommunal xidmətlərin dəyərini (xidmət haqqı) və icarəyə verilən əmlakda istehlak olunan elektrik enerjisi ilə bağlı (sayğaca uyğun) haqqı (sayğac üzrə xidmət haqqı), həmçinin bu sənədə qoşulmuş Əlavə 3-də göstərildiyi qaydada avtomobil dayanacağı haqqını hesabat ayından sonrakı ayda elektron qaimə faktura təqdim ediləndən sonra 10 iş günü ərzində ödəyəcək (bənd 4.3.). İcarə Sazişinə 2 saylı Əlavə ilə İddiaçı MMC əlavədə nəzərdə tutulan xidmətlərin göstərməsini, Cavabdeh MMC isə xx.xx.2021-ci il tarixdən etibarən icarə müddəti ərzində hər kv. m. üçün 8 manat Xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. (Əlavə 2, bənd 4.) xx.xx.2021-ci il tarixdə S TPB/130921 saylı İcarə Sazişi üzrə qeyd edilən qeyri-yaşayış sahəsi üçün Cavabdeh MMC-nin icarə və xidmət haqqına dair İddiaçı MMC-yə borcu 17.571,99 manat təşkil edir. Dəfələrlə müraciət olunmasına baxmayaraq, yuxarıda qeyd olunan məbləğ Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməmişdir. Sonuncu dəfə İcarə Sazişinə xitam verilməsi barədə təklif, borcun və cərimə məbləğinin ödənilməsi barədə müraciət xx.xx.2022-ci il tarixdə pretenziya qaydasında edilmiş, lakin hal-hazıradək icarə və xidmət haqqı üzrə borc Cavabdeh MMC tərəfindən ödənilməmişdir. İcarəçi ödəniş vaxtı çatmış icarə haqqını, xidmət haqqını və ya sayğac üzrə xidmət haqqını icarədara ödəmədikdə, bu barədə yazılı bildiriş aldıqdan sonra 15 gün ərzində belə pozuntunu aradan qaldırmalıdır. İcarədar icarəçinin ödəniş üçün təyin edilmiş belə müddətdən sonra ödənişi gecikdirdiyi hər gün üçün illik 18 % cərimə faizi tətbiq etmək hüququna malikdir (bənd 11.1.). Müqavilənin bu şərtinə əsasən Cavabdeh MMC-dən tələb edilən cərimə borcunun məbləği 1845 manat təşkil edir. Belə ki, Cavabdeh MMC-nin sonuncu ödəniş tarixini 14 oktyabr 2021-ci il nəzərə alınsa həmin dövrdən hal-hazıradək olan 7 aylıq dövr üçün ümumilikdə 10,5% (18 % / 12 ay = 1,5 % aylıq faiz; 1,5 % x 7 ay = 10,5 %) hesablanmalı və qalıq 17.571,99 manat borcun 10,5 % cərimə faizi kimi 1845 manat cavabdehdən pul tutulmalıdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “icarədar” İddiaçı MMC, “icarəçi” Cavabdeh MMC olmaqla imzalanmış xx.xx.2021-ci il tarixdə STPB/130921 saylı icarə müqaviləsinə əsasən icarədar Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanında yerləşən “X2 South” binasının (bundan sonra “Bina” adlanacaq) 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 166.2 kvadrat metr olan əmlakı (bundan sonra “İcarəyə verilən Əmlak”) İcarəçiyə (icarəyə) verir, icarəyə verilən Əmlak (mərtəbənin) ümumi planında tam tesvir edilmiş və hüdudları qırmızı xətlə işarələnmişdir və bu planın nüsxəsi bu sazişə Əlavə 1 kimi qoşulmuşdur. 1.2 icarəçi icarədarın əvvəlcədən alınmış yazılı razılığı olmadan İcarəyə verilən Əmlakı sub-icarəyə verməyəcək. İcarədar bununla razılaşır ki, İcarəçinin işçiləri İcarəyə verilən Əmlakdan bu İcarədə qeyd edilmiş məqsədlərlə istifadə edə bilərlər. Sub-icarəyə vermə hüququ əsassız olaraq imtina olunmamalıdır. 1.3 icarədar bu icarəyə verilən əmlakla əlaqədar icarəçini Əlavə 2-də sadalanan kommunal xidmətlər ilə təmin edəcək. 2.1-ci bəndə əsasən icarədar bununla icarəyə verilən əmlakı 13 sentyabr 2021-ci il tarixindən icarəçiyə icarəyə verir və İcarə bu tarixdən etibarən 3 (üç) il müddətinə (bundan sonra “Müddət”) davam edir. İcarə sazişi uzadılma və ya vaxtından əvvəl xitam vermə halları istisna olmaqla, hazırkı icarənin müddəalarına uyğun olaraq, 12 sentyabr 2024-cü il tarixində saat 23:59-da başa çatır. 11.1-ci bəndə əsasən icarəçi ödəniş vaxtı çatmış icarə haqqını, xidmət haqqını və ya sayğac üzrə xidmət haqqını icarədara ödəmədikdə bu barədə yazılı bildiriş aldıqdan sonra on beş (15) gün ərzində belə pozuntunu aradan qaldırmalıdır. İcarədar icarəçinin ödəniş üçün təyin edilmiş belə müddətdən sonra ödənişi gecikdirdiyi hər gün üçün illik 18 % cərimə faizi tətbiq etmək hüququna malikdir. 12.2-ci bəndə əsasən tərəflərin hər biri uzadılmış müddət ərzində, lazım gələrsə və səbəbsiz olaraq, digər tərəfə 6 ay əvvəldən bildiriş verməklə icarəyə xitam verə bilər. 12.5.2-ci bəndə əsasən icarə haqqı və yaxud xidmət haqqı və ya onların hər hansı bir hissəsi 3 ardıcıl ödəniş müddəti ərzində ödənilmədikdə icarədar icarə müqaviləsinə xitam vermək hüququna malikdir. xx.xx.2021-ci il tarixdə STPB/130921 saylı icarə müqaviləsinə Əlavə 2-nin 1.1-ci bəndinə əsasən binanın əsas strukturunun, xarici örtüyünün, binanın bu paketə daxil olan kommunal xətlərinin (əsas kanalizasiya xətti, qaz, su və elektrik sistemləri) və qurğu və avadanlıqların təmiri, onlara texniki xidmət göstərilməsi və təzələnməsi. Burada verilmiş hər hansı digər şərtlərə baxmayaraq, icarəyə verən icarəçinin, onun əməkdaşlarının, işçilərinin və ya podratçıların səhlənkarlığı nəticəsində baş vermiş zədələri təmir etməyə məcbur deyil. 4-cü bəndə əsasən icarəçi 27 sentyabr 2021-ci il tarixdən etibarən bütün icarə müddəti ərzində icarədara ayda hər kvadrat metr üçün 8 (səkkiz) manat məbləğində xidmət haqqı ödəyəcək. Bu qiymətə ƏDV və sayğac üzrə xidmət haqqı daxil deyil. İcarəçi sayğac üzrə xidmət haqqını hər hesabat ayından sonrakı ayda, icarədarın uyğun hesabı və elektron qaimə fakturası alındığı tarixdən sonrakı 5 iş günü ərzində ödəyəcək. EBBP seriyalı, 023448 saylı xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 8.236,87 manat, EBBR seriyalı, 042824 saylı xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 8.236,87 manat, EBBV seriyalı, 832946 saylı xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1098,25 manat İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Cavabdeh MMC-yə ünvanlanan 04 may 2022-ci il tarixli pretenziya məktubunda tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixdə STPB/130921 saylı icarə sazişinə xitam verilməsi, icarə və xidmət haqqına görə 17.571,99 manat borcun və sazişin 11.1-ci bəndinə əsasən cərimə məbləğinin ödənilməsi barədə tələblərə 5 iş günü müddətində münasibət bildirilməsi qeyd olunmuş əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli 5897/1 saylı maliyyə arayışında qeyd olnmuşdur ki, 13 sentyabr 2021-ci il tarixli, STPB/130921 saylı İcarə Sazişinə əsasən “X2 South” biznes mərkəzinin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 166.2 kv.m olan sahə üçün Cavabdeh MMC tərəfindən 27 sentyabr 2021 -ci il tarixindən 26 dekabr 2021 -ci tarixinədək 24710.61 AZN (iyirmi dörd min yeddi yüz on manat altmış bir qəpik) məbləğində icarə və xidmət haqqı ödənilmişdir. Həmin Sazişə əsasən son ödəniş 14 oktyabr 2021-ci il tarixində 16 473.74 AZN (on altı min dörd yüz yetmiş üç manat yetmiş dörd qəpik) məbləğində olmuşdur. Halhazırda yuxarıda qeyd olunan sahə üzrə icarə və xidmət haqqına dair borc 27 dekabr 2021-ci il tarixindən 28 fevral 2022-ci tarixinədək 17 571.99 AZN (on yeddi min beş yüz yetmiş bir manat doxsan doqquz qəpik) təşkil edir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən 200 manat Vəkil tərəfindən Bakı 10 saylı Mediasiya Təşkilatının hesabına ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında icarə müqaviləsi imzalanmış, hər iki tərəf müqavilə üzrə öhdəliklər götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini icra etsə də cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq, icarə müqaviləsində razılaşdırılmış qaydada icarə haqqını ödəməmişdir. Belə olan halda iddiaçı tərəflər arasında imzalanmış müqavilənin ləğv edilməsi və hesablanmış borcun tutulması barədə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəyə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 690.1-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. 690.2-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. Həmin Məcəllənin 700.1-ci maddəyə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəyə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəyə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi icarə müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixdə STPB/130921 saylı İcarə Sazişi ləğv edilməli, Cavabdeh MMC-dən 17.571,99 manat borc İddiaçı MMC-nin xeyrinə tutulamlıdır. İddiaçı iddia tələbində 1.845 manat məbləğində cərimə məbləğiin ödənilməsini də tələb etmişdir. Məhkəmə iddia tələbinin qeyd olunan hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə, 1.757 manat məbləğində cərimə məbləğinin tutulmasını ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixdə STPB/130921 saylı icarə sazişi ləğv edilsin. Cavabdeh MMC-dən 17.571,99 manat əsas borc, 1.757 manat cərimə məbləği, 200 manat mediasiya xərci İddiaçı MMC-nin xeyrinə tutulsun İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar