Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2978/2024 25.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehnə qarşı “borcun silinməsi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: akt, abonent saldosu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi və pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 189714 manat məbləğində borc silinməsini, borcun silinməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (Ödəyici kodu: 10/23500) ilə Cavabdeh İB arasında qaz təminatı ilə bağlı AMX6721/22 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında qaz istifadəsinə uyğun olaraq, aylıq ödənişlər həyata keçirilmişdir. Lakin xx.xx.2024-cü il tarixində Cavabdeh İB tərəfindən qaz sərfiyyatı barədə təqdim edilmiş elektron qaimə-fakturada 59764.32 manat borc yazıldığını müəyyən etmişlər. Əlavə olaraq, xx.xx.2024-cü il tarixində Cavabdeh İB tərəfindən qaz sərfiyyatı barədə təqdim edilmiş elektron qaimə-fakturada isə fevral ayı üzrə qaz istifadəsi üzrə 102742.86 manat borc məbləği yaranmışdır. Qaz sərfiyyatı ilə bağlı yanvar və fevral aylarında əvvəlki dövrlərdə olduğu qurğulardan əlavə qurğu istifadə edilməməsinə baxmayaraq, sərfiyyat iki dəfədən çox artmışdır. Bu səbəbdən Azəriqaz İB-nə sayğacın yoxlanılması barədə rəsmi ərizə ilə müraciət olunmuş, xx.xx.2024-cü il tarixində Azəriqaz İB-nin əməkdaşları tərəfindən qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Həmin sayğac 2019-cu il tarixində quraşdırılmış və bu günə qədər texniki baxışı həyata keçirilməmişdir. Sayğacın dəyişdirildiyi xx.xx.2024-cü il tarixindən sayğac üzərində olan göstəriciləri nəzərə alaraq, 189714 manat artıq vəsait hesablanmışdır.
3. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh tərəfindən 2024-cü ilin yanvar ayından mart ayına qədər hesablanmış 189714 manat borcun silinməsi, cavabdeh tərəfindən 2018-ci ilin dekabr ayından 2019-cu ilin oktyabr ayınadək aktlar əsasında hesablanmış ve iddiaçı tərəfindən ödənilmiş 41922,30 manat pulun iddiaçının **********01212 nömrəli qaz hesabına geri qaytarılması, qeyd olunan tələblərin icrası vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2024-cü ilin yanvar ayından mart ayına qədər iddiaçı tərəfindən təbii qazdan istifadə edilsə də, abonent haqqında məlumatdan görünür ki, həmin dövr üzrə cavabdeh tərəfindən təqdim edilmiş hesabfakturalarda göstərilən borclar əvvəlki illərin müvafiq ayları ilə müqayisədə tələb edilmiş borclardan dəfələrlə artıqdır. Bu səbəbdən məhkəmədən həmin dövr üzrə cavabdeh tərəfindən artıq hesablanmış borcun silinməsini xahiş edir. Bundan əlavə, iddiaçı məhkəməyə müraciət edən zaman barəsində aktlar tərtib edilməsindən məlumatsız olmuş, məhkəmə icraatı zamanı ona cavabdeh tərəfindən 2018-ci ilin dekabr ayından 2019-cu ilin oktyabr ayınadək aktlar əsasında 41922,30 manat borc hesablandığını bilmiş, bu səbəbdən iddia tələbinin həcmi artırılmışdır. Həmin vəsait iddiaçı tərəfindən cavabdehə ödənildiyini üçün vəsaitin geri qaytarılmasını xahiş edir.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi V.Abdullayev iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı məxsus sayğacda nasazlıq olması səbəbindən ona cavabdeh tərəfindən 2018-ci ilin dekabr ayından 2019-cu ilin oktyabr ayınadək aktlar əsasında 41922,30 manat borc hesablanmış, həmin aktların üzərindən uzun müddət keçdiyi üçün təqdim edə bilmir. Aktlar əsasında hesablanmış borclar iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Həmin vəsaitin geri qaytarılması üçün hər hansı əsas yoxdur. Aktlar sayğaca baxış keçirilən zaman sayğacın düzgün işləməməsinin müəyyən edilməsi ilə əlaqədar tərtib edilmiş, aparılan yoxlamalar dövlət reyestrində qeydə alınmamışdır. Bundan əlavə, 2024-cü ilin 19 mart tarixində iddiaçıya məxsus sayğac çıxarılmış, yenisi ilə əvəz edilmiş, çıxarılan sayğac laborator yoxlanmaya təqdim edilmiş, sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Sayğacda yaranmış qüsur texniki qüsur olmuş (qüsur nəticəsində sayğac sərf edilmiş təbii qazı olduğundan daha artıq və ya daha az qeydə ala bilərdi), qüsurun konkret olaraq hansı tarixdən yaranmasının müəyyən edilməsi mümkün olmamış, elektron göstərici mexaniki göstəricidən artıq olmuşdur. Sayğacın üzərində olan göstəricilər əsas götürülməklə 2024-cü ilin yanvar ayından mart ayına qədər iddiaçıya sərfiyyat borcu barədə hesab fakturalar təqdim edilmişdir. İddiaçıya hesablanmış 189714 manat sərfiyyat borcunun silinməsi üçün əsas yoxdur.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı və cavabdeh arasında bağlanmış 26 dekabr 2022-ci il tarixli 6721/22 saylı nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
8. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta əsasən iddiaçıya məxsus ünvanda sayğacın əvəzinə müvəqqəti olaraq G 1000 83052014 saylı sayğac quraşdırılmışdır.
9. İş materiallarında olan Qaz sayğaclarının yoxlanılması haqqında 000652 nömrəli Protokola əsasən sayğaca hava vurulduğu, hesablayıcı mexanizminin işlədiyi, impuls ötürücüsünün normal, batareyanının istismar müddətinin sonuna 7 ay qaldığı, xx.xx.2023xx.xx.2024-cü ili əhatə edən arxivə əsasən maksimal mütləq təzyiq P=1.94 bar, korreksiya olunmuş maksimal qaz həcmi 1046 m3 korreksiya olunmamış qaz həcmi 700 m3 qeydə alınmışdır. Elektron göstərici mexaniki göstəricidən 15 m3 çoxdur olması qeyd olunaraq nəticə etibarı ilə sayğacın istismara yararsız olduğu göstərilmişdir.
10. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş hesab fakturalara əsasən cavabdeh tərəfindən iddiaçıya 2023-cü ilin dekabr ayı üzrə 28806,36 manat, 2024-cü ilin yanvar ayı üzrə 59764,32 manat, 2024-cü ilin fevral ayı üzrə 102742,86 manat borc hesablanmışdır.
11. Cavabdeh tərəfindən iddiaçıya EBDD 596180 nömrəli, xx.xx.2023-cü il tarixli (34525.26 manat), EBCO 922189 nömrəli, xx.xx.2023-cü il tarixli (36767.61 manat), EBDX 141920 nömrəli, xx.xx.2024-cü il tarixli (28806.36 manat), MT2312 00165043 nömrəli, xx.xx.2023-cü il tarixli (7136.58 manat), EBDH 828084 nömrəli, xx.xx.2023-cü il tarixli (2272.71 manat), EBDL 972148 nömrəli, xx.xx.2023-cü il tarixli (2268.75 manat), EBDQ 654413 nömrəli, xx.xx.2023-cü il tarixli (1965.98 manat), EBDO 228360 nömrəli, xx.xx.2023-cü il tarixli (2837.67 manat), EBDF 995969 nömrəli, xx.xx.2023-cü il tarixli (10695.46 manat), EBDS 988034 nömrəli, xx.xx.2023-cü il tarixli (3253.14 manat) elektron qaimələr göndərilmişdir.
12. İddiaçıya məxsus abonent haqqında məlumata əsasən cavabdeh tərəfindən iddiaçıya 2018-ci ilin dekabr ayında 6622,80 manat, 2019-cu ilin fevral ayında 17481,80 manat, 2019-cu ilin mart ayında 7944, 2019-cu ilin aprel ayında 1030, 2019-cu ilin may ayında 169,60 manat, 2019-cu ilin iyun ayında 1538,40 manat, 2019-cu ilin iyul ayında 3048,40 manat, 2019-cu ilin avqust ayında 3316,80 manat, 2019-cu ilin sentyabr ayında 770,40 manat aktlar əsasında borc hesablanmışdır.
13. Cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli akta əsasən qaz sayğacının olmadığı və ya işləmədiyi dövr üzrə iddiaçıya 2019-cu ilin sentyabr ayı üzrə 3852 kub metr (770,40 manat) borc hesablanmışdır.
14. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
15. İddia tələbləri üç hissədən ibarətdir: 1. cavabdeh tərəfindən 2018-ci ilin dekabr ayından 2019-cu ilin oktyabr ayınadək aktlar əsasında hesablanmış ve iddiaçı tərəfindən ödənilmiş 41922,30 manat pulun geri qaytarılması; 2. cavabdeh tərəfindən 2024-cü ilin yanvar ayından mart ayına qədər hesablanmış 189714 manat borcun silinməsi; 3. qeyd olunan tələblərin icrası vəzifəsinin cavabdehin üzərinə qoyulması.
16. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.
17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 26 dekabr 2022-ci il tarixli “Qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçını təbii qazla təmin etməyi, iddiaçı isə istehlak etdiyi təbii qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, qaz sayğacının olmadığı və ya işləmədiyi dövr üzrə iddiaçıya 2019-cu ilin sentyabr ayı üzrə 3852 kub metr (770,40 manat) borc hesablanmışdır.
18. Cavabdehin nümayəndəsi V.Abdullayev məhkəmə iclaslarında verdiyi izahatlarında göstərilən məzmunda aktların eyni zamanda iddiaçı barəsində 2018-ci ilin dekabr, 2019-cu ilin fevral, 2019-cu ilin mart, 2019-cu ilin may, 2019-cu ilin iyun, 2019-cu ilin iyul, 2019-cu ilin avqust ayları üzrə də tərtib edildiyini, lakin həmin aktları məhkəməyə təqdim edə bilmədiklərini bildirmiş, həmin aktlar üzrə iddiaçıya ümumilikdə 41922,30 manat borcun hesablandığını təsdiq etmişdir.
19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 2018-ci ilin dekabr, 2019-cu ilin fevral, 2019-cu ilin mart, 2019-cu ilin may, 2019-cu ilin iyun, 2019-cu ilin iyul, 2019-cu ilin avqust və 2019-cu ilin sentyabr ayında cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilmiş, baxış nəticəsində iddiaçıya əlavə borclar hesablanmışdır.
20. Məhkəmə hesab edir ki, cavabdehin istinad etdiyi hallar borcun hesablanmasının düzgün hesab edilməsi üçün əsas vermir.
21. Belə ki, Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
22. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun.
23. Materiallardan isə görünür ki, cavabdeh həmin aktlarla sayğacın yararlı olmaması ilə əlaqədar ona dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, tərəflər arasında bağlanılmış müqavilədə istehlakçının sayğacda mövcud qüsurlara görə təqsirindən asılı olmayaraq məsuliyyət daşımalı olmasını nəzərdə tutan müddəa yer almamış, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi isə materiallarda olan sənədlərlə öz təsdiqini tapmamışdır.
24. Bundan əlavə, məhkəmə tərəfindən cavabdehə istinad edilən aktların məhkəməyə təqdim edilməsi təklif edilsə də, cavabdeh həmin aktları məhkəməyə təqdim edə bilməmiş, bununla da etirazının əsası kimi istinad etdiyi halları (aktlar üzrə hesablanmış borcun əsaslı olması) sübut edə bilməmişdir.
25. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:
26. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
27. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
28. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
29. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:
30. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
31. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
32. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
33. “Qazdan istifadə qaydaları”nın 2.10-cu maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir.
34. Qaz təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “Qazdan istifadə qaydaları”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilərək, təbii qazdan qeyri-qanuni istifadəyə dair akt tərtib edərək borc hesablamışdır.
35. Göründüyü kimi, cavabdeh təbii qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
36. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borclar cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamaların nəticəsi olaraq hesablandığı halda həmin yoxlamalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır.
37. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamaların nəticəsi olaraq iddiaçıya ümumilikdə 41922,30 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır.
38. Belə olan halda, həmin yoxlamaların (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 41922,30 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamaların hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamaların nəticəsi olaraq hesablanmış borclar da əsaslı hesab edilə bilməz.
39. İddiaçının abonent haqqında məlumatından görünür ki, iddiaçıya əsassız olaraq hesablanmış 41922,30 manat borc iddiaçı tərəfindən 2019-cu ildə ödənilmiş, hazırda iddiaçı həmin vəsaitin geri qaytarılmasını tələb edir.
40. Məhkəmə araşdırması zamanı göstərilən borcların əsassız olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddiaçının həmin tələbi əsaslıdır və təmin edilməlidir.
41. Məhkəmə iddia tələbini ikinci hissədə (189714 manat borcun silinməsi) qismən əsaslı hesab edir.
42. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus əraziyə baxış keçirilmiş, baxış nəticəsində iddiaçıya məxsus sayğac çıxarılmış, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan arxiv məlumatları üzrə sayğacın düzgün işləməməsi, istismara yararsız olması müəyyən edilmişdir.
43. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışda göstərilmişdir ki, abonent saldosuna əsasən qaz sərfiyyatı 2023-cü ilin yanvar, fevral və mart aylarında 698701 kub metr, sayğac çıxarıldığı 2024-cü ilin yanvar, fevral və mart aylarında ******* kub metr hesablanmışdır. 2023-cü ilin eyni dövrü ilə müqayisədə qaz sərfiyyatında artım 580396 kub metr həcmində olmuşdur. Qaz saygaclarının yoxlanıİması haqqında 000652 saylı yoxlama protokoluna əsasən sayğac istismara yararsız hesab edilmiş və texniki qüsurun səbəbi bildirilməmişdir. Həmçinin abonent saldosuna əsasən 2023-cü ilin aprel ayında 64821 kub metr, 2024-cü ilin aprel ayında sayğac çıxarılaraq yeni müvəqqəti sayğac quraşdırıldıqdan sonra aprel ayında 30445 kub metr hesablanmışdır. 2023-cü ilin aprel ayı ilə müqayisədə qaz sərfiyyatında 34376 kub metr azalma olmuşdur.
44. Tərəflərin nümayəndələrin izahatlarından, habelə materiallardan görünür ki, iddiaçı tərəfindən 2024-cü ilin yanvar, fevral, mart aylarında təbii qazdan istifadə edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin aylar üzrə hesablanmış bütün borcun silinməsi barədə iddia tam təmin edilə bilməz.
45. Belə ki, iddiaçıya təqdim edilmiş hesab-fakturalarda 2024-cü ilin yanvar, fevral, mart ayları üzrə göstərilmiş borcların əsaslı olmaması (digər aylarla müqayisədə borcun həddən çox olması), mübahisəli dövrdə qaz sayğacının düzgün işləməməsi məhkəmə araşdırması zamanı müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə iddiaçı ona satılmış təbii qazın dəyərini ödəməyi öhdəsinə götürdüyündən məhkəmə hesab edir ki, 2024-cü ilin yanvar, fevral, mart ayları üzrə iddiaçının sərf etdiyi təbii qazın dəyəri sayğacın işləmədiyi və sərfiyyatı düzgün qeydə ala bilmədiyi, habelə iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilməyən əvvəlki ay üzrə (2023-cü ilin dekabr ayı) nəzərə alınmaqla müəyyən edilməli, həmin sərfiyyat mübahisələndirilən borcdan çıxılmalıdır.
46. Belə ki, “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
47. İddiaçıya məxsus abonent saldosundan və hesab fakturadan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2023-cü ilin dekabr ayı üzrə 28806,36 manat borc hesablanmışdır.
48. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının silinməsini xahiş etdiyi 189714 manatdan iddiaçının 2024-cü ilin yanvar, fevral və mart ayları üzrə orta sərfiyyatı (28806,36 manat * 3 ay = 86419,08 manat) çıxılmalı, iddiaçıya əsassız olaraq hesablanmış 103294,92 manat borc silinməlidir.
49. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən hesablanmış 103294,92 manat məbləğində borc əsassız hesab edilməklə silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
50. Məhkəmə iddia tələbini üçüncü hissədə əsassız hesab edir.
51. Belə ki, iddiaçı iddia ərizəsində həmçinin ilk iki iddia tələbinin icrası vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğu üçün təmin edilməməlidir.
52. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 103294,92 manat məbləğində borc silinməli, cavabdehdən 41922,30 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 400 manat dövlət rüsumu cavabdehə, 122,78 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə:
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı MMC-yə əsassız olaraq hesablanmış 103294,92 (bir yüz üç min iki yüz doxsan dörd manat doxsan iki qəpik) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdeh İB-yə həvalə edilsin. Cavabdeh İB-dən 41922,30 manat məbləğində pul, 400 manat dövlət rüsumu, ümumilikdə 42322,30 (qırx iki min üç yüz iyirmi iki manat otuz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 122,78 manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova