Məhkəmə qərarları › İş №e-2-2(113)-298/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-298/2025

09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-298/2025 09.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMCyə qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı borc tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 351000 manat məbləğində əsas və 21838,50 manat məbləğində faiz borcu olmaqla, cəmi 372838,50 manat pul vəsaitinin, həmçinin iş üzrə ödənilmiş 662,84 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 04 aprel 2022-ci il tarixli, 028/M saylı Kredit xətti müqaviləsinə əsasən borcalana 24 (iyirmi dörd) ay müddətinə illik 6% (altı) faiz dərəcəsi ilə 351.000 (üş yüz əlli bir min manat) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən müqavilə üzrə ayrılmış krediti və həmin məbləğə hesablanmış faizlərin Borc alandan müqaviləyə uygun ödənilməsini tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin 5.4.2-cü bəndinə əsasən borcalan aldığı krediti qanunvericiliyə uyğun olaraq kredit məqsədi üzrə istifadə edilməsi və kreditin vaxtında qaytarılması üçün məsuliyyət daşıyır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********989 saylı xx.xx.2024-cü il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə cavabdehin banka 351000 manat məbləğində əsas və 21838,50 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 372838,50 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Cavabdeh MMC tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixdə imzalanmış “Kredit Müqaviləsi”nə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli № 028/M saylı razılaşmanın 1.3-cü bəndinə əsasən Cavabdeh MMC müqaviləni imzalamaqla, krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öz öhdəsinə götürməyi qəbul etmişdir. Bank ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli № 028/M saylı kredit müqaviləsinə əsasən 351000 manat məbləğində pul vəsaiti, illik faiz dərəcəsi 6%, kreditin müddəti 24 ay, xx.xx.2024-cü il tarixədək olmaqla Cavabdeh MMC tərəfindən kredit götürülmüşdür. Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli, **********989 saylı bildiriş məktubundan görünür ki, Cavabdeh MMC xx.xx.2022-ci il tarixdə imzalanmış № 028/M saylı “Kredit Müqaviləsi”nə əsasən gecikmə yarandığı qeyd olunmuş və öhdəliyin icrası tələb olunmuşdur. Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli **********153 saylı maliyyə arayışına əsasən Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixə ləğv prosesində olan İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri xx.xx.2022-ci il tarixdə imzalanmış № 028/M saylı “Kredit Müqaviləsi”nə əsasən 351000 manat əsas borc, 21838.50 manat faiz borcu, cəmi 372 838.50 manat təşkil edir. xx.xx.2024-cü il tarixli **********87 nömrəli qəbzdən görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC 891 manat məbləğində dövlət rüsumu ödəmişdir. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və 30 sentyabr 2024-cü il tarixli, 3-16-16/2- 9/6803/2024 №-li ekspert rəyi ilə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 028/M saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 028/M saylı kredit müqaviləsi üzrə banka ödənilməli olan kredit borcu 16 yanvar 2024-cü il tarixinə əsas borc 351.000,00 manat, faiz borcu 23.125,50 manat, xx.xx.2024cü il tarixinə əsas borc 351.000,00 manat, faiz borcu 27.513,00 manat olması müəyyən edilmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixdə imzalanmış № 028/M saylı “Kredit Müqaviləsi”nə əsasən illik faiz dərəcəsi 6% olmaqla 351000 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək kredit məbləğini versə də, borcalan müqavilə üzrə öhdəliklərini tam icra etməmiş, aldığı krediti və faizini qaytarmamış, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehə qarşı kredit müqaviləsi əsasında borcu tələb etmək hüququ yaranmışdır. Məhkəmə işin hallarını, sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi əsaslı və haqlı olduğundan təmin edilməlidir. Məhkəmə borc məbləğinə münasibətdə qeyd edir ki, ekspertiza nəticəsində xx.xx.2022-ci il tarixli, 028/M saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixinə əsas borc iddia tələbi ilə eyni, faiz borcun məbləğləri isə iddia ərizəsində tələb edilən faiz borcun məbləğindən çox olduğu müəyyən edilmişdir. Məhkəmə MPM-in 218.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə faiz borcun məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən faiz borcu həmin kredit razılaşmaları üzrə iddia tələbinə uyğun, 21838,50 manat məbləğində tutulmalıdır. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 662.84 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 351000 manat məbləğində əsas və 21838,50 manat məbləğində faiz borcu olmaqla, cəmi 372838,50 (üç yüz yetmiş iki min səkkiz yüz otuz səkkiz manat əlli qəpik) manat pul vəsaiti, həmçinin iş üzrə ödənilmiş 662,84 (altı yüz altmış iki manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 (bir yüz qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar