Məhkəmə qərarları › İş №e-2-2(113)-2989/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2989/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2989/2021 08.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Sotiriou Giordanoya qarşı kredit xətti müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 şəxsində bağlanmış 27.09.2019-cu il tarixli BC-00004-15/19A saylı kredit xətti müqaviləsindən irəli gələn 21.04.2021-ci il tarixinə ödənilməmiş 4990,55 manat əsas borc, 838,57 manat faiz məbləği, 516,15 manat dəbbə pulu borcu, iddia qaldırılması üçün 30,40 manat dövlət rüsumu, ümumilikdə 6345,27 manat və 30,40 manat pulun cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Sotiriou Giordanodan müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 şəxsində bağlanmış 27.09.2019-cu il tarixli BC-00004-15/19A saylı kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə biznes məqsədi ilə 24 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 5000 manat məbləğində 27.09.2021-ci il tarixinədək bərpa olunan kredit xətti açır, kredit xətti çərçivəsində tam şəkildə və ya hissə-hissə kreditli borcalanın isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və onu 27.09.2021-ci il tarixinədək faiz ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh2 oğlu 27.09.2019-cu il tarixdə iddiaçıyla BCZ-A004-15/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 MMC-nin həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. İddiaçı Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə cavabdeh Sotiriou Giordano 27.09.2019-cu il tarixdə iddiaçıyla BCZ-0004/15/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 MMC-nin həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh1 MMC kredit xətti müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 MMC-nin nümayəndəsi, Cavabdeh2 və Sotiriou Giordano məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 27 sentyabr 2019-cu il tarixli, BC-00004-15/19A nömrəli kredit xətti müqaviləsindən görünür ki, Bank "xxxx" ASC-nin Xətai filialı tərəfindən Cavabdeh1 MMC-yə (direktor Cavabdeh2 şəxsində) 24 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilməsi barədə aralarında razılığa gəlinmişdir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən borcalan kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya borcalan tərəfindən borcverəni aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, o cümlədən borcalan özünün fəaliyyəti, iqtisadi-maliyyə imkanları və bu müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icrası üçün əhəmiyyətli olan digər faktlar (dövlət büdcəsinə, digər hüquqi və fiziki şəxslərə olan borclar, kreditorlar qarşısında icra edilməmiş mülki-hüquqi öhdəliklər və s.) haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olunduqda borcverənin tələbi ilə aldığı krediti qaytarmalı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməlidir. Borcverən kreditin dərhal qaytarılmasını tələb etməklə yanaşı borcalana qarşı istifadə edilmiş kreditin ümumi məbləğinin 1%-i miqdarında cərimə tətbiq edə bilər. 27 sentyabr 2019-cu il tarixli, BCZ-0004-15/19A nömrəli və BCZ-A004-15/19A nömrəli zaminlik müqavilələrindən görünür ki, zaminlər - Cavabdeh2 və Sotiriou Giordano borcalan Cavabdeh1 MMC ilə kreditor - Bank "xxxx" ASC arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixli, BC-00004-15/19A nömrəli kredit xətti müqaviləsinə əsasən kredit almış borc alanın kreditor qarşısında öz öhdəliklərini tam həcmdə və lazımi qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürürlər. Bank "xxxx" ASC tərəfindən təqdim edilmiş 21.04.2021-ci il tarixli, RİED 2021/2204 nömrəli (maliyyə) arayışından görünür ki, Bank "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixli, BC-00004-15/19A nömrəli kredit xətti müqaviləsinə əsasən 21.04.2021-ci il tarixinə Cavabdeh1 MMC-nin Bank "xxxx" ASC-yə olan borcu 4990,55 manat əsas, 838,57 manat faiz borcu, 516,15 manat dəbbə borcu olmaqla, cəmi 6345,27 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.7, 462.1, 465.2 və 467-ci maddələrinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur, Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia əsas borc və faiz borcu tələbi hissəsində tam təmin edilməli, bununla yanaşı məhkəmə iddia tələbinin (cərimə) dəbbə pulu hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 51,88 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehlərdən tutulması ilə bağlı qeyd edir ki, iddia tələbinin 92,68%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunun 92,68%-i, yəni 27,80 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir, 0,40 manat faktiki bank xərci olduğuna görə həmin tələb təmin edilə bilməz, belə ki, iddiaçı həmin vəsaiti dövlət rüsumu kimi tələb etmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 şəxsində bağlanmış 27.09.2019-cu il tarixli BC-00004-15/19A saylı kredit xətti müqaviləsindən irəli gələn 21.04.2021-ci il tarixinə ödənilməmiş 4990,55 manat əsas borc, 838,57 manat faiz məbləği, 51,88 manat dəbbə pulu borcu, ümumilikdə 5881 manat və ödənilmiş 30 manat dövlət rüsumunun 92,68%-i, yəni 27,80 manatı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Sotiriou Giordanodan müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 MMC araasında bağlanmış 27.09.2019-cu il tarixli BC-00004-15/19A saylı kredit xətti müqaviləsindən irəli gələn 21.04.2021-ci il tarixinə ödənilməmiş 4990,55 manat əsas borc, 838,57 manat faiz, 51,88 manat dəbbə pulu, ümumilikdə 5881 manat və ödənilmiş dövlət rüsumu kimi 27,80 manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Sotiriou Giordanodan müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar