Məhkəmə qərarları › İş №e-2-2(113)-299/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-299/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-299/2025 21.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2nə qarşı “müqavilənin ləğv edilməsi və pulun tutulması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh1 Mənzil Tikinti Kooperativinin cavabdeh İddiaçı qarşı “ödənilmiş icarə haqqının geri qaytarılması və s.” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2nə qarşı “müqavilənin ləğv edilməsi və pulun tutulması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh1 Mənzil Tikinti Kooperativinin cavabdeh İddiaçı qarşı “ödənilmiş icarə haqqının geri qaytarılması və s.” tələbinə dair qarşılıqlı iddiası üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2nə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə arasında bağlanılmış müqaviləsinin ləğv edilməsi, defektoskopiyaya çəkilən xərcə görə 2.150,55 (iki min bir yüz əlli manat, əlli beş qəpik) manat, kranın (demontaj) sökülməsinə görə 18.225,00 (on səkkiz min iki yüz iyirmi beş) manat, kranın quraşdırılmasına görə 15.066,00 (on beş min altmış altı) manat, kranın ayaqlarına (anker) görə 12.150,00 (on iki min bir yüz əlli) manat, kranın şənbə və bazar günləri işlədilməsinə görə 2.458,20 (iki min dörd yüz əlli səkkiz manat iyirmi qəpik) manat, operatorun şənbə və bazar günləri işlədilməsinə görə 560,85 (beş yüz altmış manat səksən beş qəpik) manat, kranın müqavilə üzrə müəyyən edilmiş saatdan çox işlədilməsinə görə 450,00 (dörd yüz əlli) manat, cəmi 51.060,60 (əlli bir min altmış manat altmış qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh1 MTK-dan, krana dəymiş ziyana görə 100.475,60 (bir yüz min dörd yüz yetmiş beş manat, altmış qəpik) manat, ekspertiza xərcinə görə 400,00 (dörd yüz) manat və əldən çıxmış faydaya görə 306.180,00 (üç yüz altı min bir yüz səksən) manat, cəmi 407.055,60 (dörd yüz yeddi min əlli beş manat altmış qəpik) manat pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-dən, məhkəməyə müraciət üçün vəkil xidmət haqqına görə 3.500,00 (üç min beş yüz) manat, dövlət rüsumuna görə 751,62 (yeddi yüz altmış iki manat altmış iki qəpik) manat pul vəsaitinin müştərək qaydada Cavabdeh1 MTK və Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, onunla “Parktoun“ MTK arasında xx.xx.2023-cü il tarixli AL-15/11/23 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən icarəyəverən olaraq o QTZ-80 (yük/q 8 ton № 27507) A-15743 reyestr nömrəli, 8 tonluq, 55 metr qolunun uzunluğu, 100 metr hündürlükdə 1 ədəd qülləli Kranı montaj edərək tam yararlı halda Cavabdeh1 MTK-ya təhvil verməklə müqavilə ilə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirmişdir. Lakin Cavabdeh1 MTK tərəfindən müqavilə üzrə öhdəliklər lazımi şəkildə icra edilməmiş və pozulmuşdur. Belə ki, Cavabdeh1 MTK ona ünvanlanmış Pretenziya məktubunda kranın texniki və hüquqi sənədləri olmadığına görə kranın istismarının dayandırıldığını bildirmişdir. Tərəfindən cavabdehin Pretenziya məktubuna cavab məktubu göndərilmiş və bir sıra məqamlar onların diqqətinə çatdırılmışdır. Müqavilənin predmeti olan Qülləli Kranın hüquqi və texniki sənədləri, həmçinin fəaliyyətinin dayandırılması ilə bağlı bildirmək istəyir ki, Fövqəladə Hallar Nazirliyi Sanayedə X2 və X7 Agentliyi əməkdaşlarının göstərişi ilə X8 MMC (VÖEN **********) xx.xx.2024 cü il tarixli, GSİ-001-2024 saylı müqavilə üzrə İstehsal tarixi 2010 QTZ 80 markalı qülləli kranın defektoskopiya (maqnit toz üsulu ilə və yaxud lazımi hallarda ultarasəs müyainəsi iləqaynaq tikişlərin və digər hissələrin yoxlanılması) işlərinin aparılması yük sınağının keçirilməsi və istehsal tarixi 2010 QTZ 80 markalı qülləli kranın pasport göstəricilərinin və digər texniki sənədlərinə əsasən müvafıq normativ hüquqi aktların qaydalarına uyğun şəkildə, dövlət dilinə tərcümə edilməklə (dublikart pasport) sənədlərin yenidən komplektləşdirilməsi işlərinin aparılması üzrə müqavilələrin bağlanılması ödənişinin edilməsi və işlərə start verilməsinə göstəriş verilmişdir. Bunun üçün X8 MMC (VÖEN **********) Müqavilə tarixi xx.xx.2024 cü il Müqavilə № GSİ-001 -2024 saylı müqavilə üzrə tefektoskopiya üçün 1 500,00 AZN + 18 % ƏDV(270,00 manat ) = 1 770,00 və dublikart pasportun hazırlanması üçün 1 500,00 AZN + 18 % ƏDV(270,00 manat) = 1 770,00 manat ödənilmişdir. X8 MMC əməkdaşları Parktoun MTK-nın ərazisinə gələrək xx.xx.2024 cü il tarixdə qülləli krana defektskopiya edildikdən sonra 45-55 gün içində defektskopiya və qülləli kranın pasportunu bizə verəcəklərini bildirmişlər. Tərəfimdən X8 MMC ilə bağladığımız müqavilənin surəti cavabdeh "xxxx" MTK-ya göndərilmişdir. Cavabdeh məktubunda kranın fəaliyyətinin dayandırıldığını qeyd etməsinə baxmayaraq kran xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixədək fəaliyyət göstərmişdir. Kranın maşinisti X5 bu halı təsdiq edə bilər. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki,Fövqəladə Hallar Nazirliyi Sanayedə X2 və X7 Agentliyi tərəfindən qülləli kranın mənim adıma qeydiyyata alınması barədə “Təhlükə ptensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə A-15743 nömrəli Çıxarış və Qeydiyyat nömrəsi 27507 nömrəli Qülləli Kran pasportu” verilmişdir. Bir daha məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, Cavabdeh1 MTK müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək kobud pozuntulara yol vermişdir. Qeyd etmək istəyirəm ki, xx.xx.2024-cü il tarixli, GSİ-001-2024 saylı müqavilə üzrə defektoskopiya üçün 1 500,00 manat +18% ƏDV (270, 00 manat) = 1 770,00 manat qülləli kran Parktoun MTK ərazisində olduğu üçün tərəfimdən xərc çəkilmişdir. Belə ki, 1 500,00 manat + 18% ƏDV (270, 00 manat) = 1 770,00 manat qülləli kran hər tikinti sahəsində montaj olunduğu zaman tərəfimdən defektoskopiyaya çəkilən xərcə görə dəymiş ziyan kimi 1 770,00 AZN ƏDV daxil + 21.5 vergi xərci, yəni 2 150,55 (iki min bir yüzəlli manat, əlli beş qəpik) manat Cavabdeh1 MTK tərəfindən mənə ödənilməlidir. İcarə müqaviləsinin 1.2.3-cü bəndində qeyd edilmişdir ki, Qülləli Kran 15 aydan az işləyərsə demontaj xərci (sökülməsi) 15.000 AZN + 6,5% vergi xərci (hal-hazırda vergi xərci 21.5 %) İcarəçi tərəfindən İcarəyə verənə, yəni İddiaçı ödənilməlidir. Müqavilə qüvvədə olduğu müddət ərzində mənə məxsus kran Cavabdeh1 MTK-nın göstərişinə əsasən başqa şirkət, yəni Cavabdeh2 MMC ilədemontaj üçün mənimlə müqavilə olmamasına baxmayaraq Cavabdeh2 MMC məndən icazəsiz Qülləli Kranımı sökmüşdür.Bu səbəbdən Cavabdeh1 MTK müqavilənin 1.2.3-cü bəndinin öhdəliyini pozmuş və 15 000,00 + 21,5%= 18 225,00 (on səkkiz min iki yüz iyirmi beş) manat məbləğində pul Cavabdeh1 MTK tərəfindən mənə ödənilməlidir. Buna baxmayaraq müqavilədə göstərilmiş qülləli kranın işləməsi üçün 24 aylıq müddət olmasını nəzərə alaraq ilk montaj (Kranın quraşdırılması) xərci mənim tərəfimdən çəkilmişdir. Qülləli kranın tırlara yüklənməsi üçün 25 tonluk avtokran 1 gün üçün xərci 400 AZN, qülləli kranıBakı şəhəri, Nizami rayonu, Babək prospekti 74 ünvanında yerləşən"xxxx" MMC-yə məxsus depoda 8 tır iləünvan 2 ünvanına daşınma xərci 8 X 400 = 3200 AZN, qülləli kranı 60 tonluk avtokranla 8 tırdan tikini ərazisinə boşaldılma və qülləli kranı quraşdırılması (montajı) xərci 3 gün Dekabrın 29,30,31 günü daxil olmaqla 60 tonluk avtokranın işləməsi üçün 3 X 800 = 2400 AZN, 25 tonluk avtokran ilə qülləli kranın 55 metrlik sterlasını yerinə taxılması 31 dekabr 400 AZN və qülləli kranın 35 metrə montajı (qurulması) işçilik xərci 6000 AZN,cəmi12.400 + 21,5% = 15 066,00 (on beş min altmış altı) manat tərəfimdən xərc çəkilmişdir. Qeyd olunan məbləğ Cavabdeh1 MTK tərəfindən mənə ödənilməlidir. İcarə müqaviləsinin 1.2.4-cü bəndinə əsasən əgər sifarişçi betonda qalan qülləli kranın ayaqlarını (ankerini) çıxardıb icarəyə verənə vermədiyi təqdirdə 10.000AZN+ 6,5% vergi xərci (hal-hazırda vergi xərci 21.5 %) icarəyə verənə ödənilməlidir. Bununla bağlı qeyd edim ki, Qülləli KranCavabdeh1 MTK tərəfindənsöküldükdən sonra ayaqlar (ankerlər) mənə geri qaytarılmamışdır. Hal-hazırda da Cavabdeh1 MTK-nin göstərişinə əsasən mənə məxsus kranın ayaqlarının (ankerlərinin) üstündə Cavabdeh2 MMC tərəfindən şase tipli olan başqa COMANSA ** LC *** markalı qülləli kran montajedilmidir. Bu səbəbdən müqavilənin şərtlərinə əsasən 10.000 AZN+ vergi xərci 21.5 % = 12 150,00 (on iki min bir yüz əlli) manat pul məbləği Cavabdeh1 MTK tərəfindən mənə ödənilməlidir. İcarə müqaviləsinin 1.3.1 və 1.3.8-cü bəndlərinə əsasən tərəflər arasında Qülləli Kranın və operatorun gün ərzində saat 08:00-dan 18:00 dək aylıq işləmə günü 26 gün, həmin müddətlərdən sonra kranın və operatorun əlavə işlədilməsinə görə 1 saat üçün 37 AZN vergi + 6,5% (hal-hazırda vergi xərci 21.5%) məbləğində pulun verilməsi razılaşdırılmışdır. Lakin müqavilənin qeyd olunan şərtləri də sizin tərəfinizdən pozulmuş, qülləli kran və operator xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixdə saat 13:00-dək dayanmadan bazar günləri də daxil olmaqla (2024-cü il üzrə yanvar ayının 7, 14, 21, 28 və fevral ayının 4,11,18,25 günləri) daxil olmaqla işləmişdir və Cavabdeh1 MTK bazar günləri üçün ödəniş etməmişdir. Cavabdeh1 MTK kranın bazar günləri işləməsinə görə 6 575 manat : 26 iş günü = 252,90 manat x 8 gün = 2 023,20 manat + 21.5 % vergi xərci =2 458,20 (iki min dörd yüzəlli səkkiz manat iyirmi qəpik) manat, operatorun isə bazar günləri işləməsinə görə Əmək Məcəlləsinə əsasən tarif (vəzifə) maaşının iki qatı məbləğində 57,70 manat + 21.5 faiz vergi xərci = 70,10 manat x 8 = 560,85 (beş yüz altmış manat səksən beş qəpik) manat pul məbləği Cavabdeh1 MTK tərəfindən ödənilməlidir. Bundan əlavə kran gündəlik müəyyən olunmuş saatlardan əlavə olaraq axşam saat 10-dan sonra Şirkətin tikinti ərazisinə gətirilmiş armaturların tırlardan boşaldılmasına görə işlədilmişdir. Belə ki, qülləli kran əlavə 10 saat işlədildiyinə görə görə 37 manat + 21.5 faiz vergi xərci = 45,00 manat x 10 saat = 450,00 (dörd yüzəlli) manat Cavabdeh1 MTK tərəfindən ödənilməlidir. Həmçinin bildirmək istəyirəm ki, müqavilə şərtlərinə əsasən Cavabdeh1 MTK-nın ərasizində yerləşdirilmiş mənə məxsus Qülləli Kran Cavabdeh2 MMC şirkəti tərəfindən sökülərək Bakı şəhəri,Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 74 ünvanında yerləşən"xxxx" MMC-yə məxsus olan depoya mənim iştirakım olmadan yığılmışdır. Qeyd edim ki, QTZ-80 qülləli kran mənim mülkiyyətimdədir və yalnız tərəflər arasında müqavilə ləğv olunacağı təqdirdə şəxsən mənim tərəfimdən sökülə bilərdi. Lakin Siz müqavilənin bu şərtini kobud surətdə pozmuş, başqa bir şirkətlə müqavilə bağlayaraq kranımı sökmüsünüz. Məndə olan məlumata əsasən QTZ-80 markalı Qülləli Kranım Cavabdeh2 MMC şirkəti tərəfindən həmin depoya gətirilmişdir. Nəzərinizə çatdırım ki, sonradan İddiaçı, X5 və X1 iştirakı ilə tərəfimizdən krana baxış keçiriləm zaman xx.xx.2024 cü il tarixdə saat 16:25 də qülləli kranın üzərində ciddizədələrin olduğu və qülləli kranın bir çox detalının üzərində olmadığı müəyyən edilmişdir. Tərəfimdən qülləli krana dəymiş maddi zərərin müəyyən edilməsi üçün müstəqil ekspertə müraciət olunmuş və 400,00 (dörd yüz) manat məbləğində pul ödənilmişdir. Müstəqil Ekspert tərəfindən tərtib olunmuş qüsur aktına əsasən qülləli krana 82 695,97 manat (səksən iki min altı yüz doxsan beş manat doxsan yeddi qəpik) manat məbləğində maddi zərər vurulmuşdur. Belə ki, ekspertə ödədiyim 400,00 (dörd yüz) manat və 82 695,97 manat + 21,5 % vergi xərci = 100 475,60 (bir yüz min dörd yüz yetmiş beş manat, altmış qəpik) manat pul məbləği cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC tərəfindən mənə ödənilməlidir. Həmçinin bildirmək istəyirəm ki, tərəflər arasında olan müqavilə 24 aylıq (2 il) müddətinə bağlanmışdır. Lakin Cavabdeh1 MTK şirkəti yalançı sahibkarlıq imici yaradaraq və mənim həmin şirkətə qarşı etibarından sui-istifadə edərək icarə müqaviləsi bağlanılmışdır. Lakin cavabdeh müqaviləni bağladıqdan sonra müqavilənin şərtlərinə əməl etməmiş, öz üzərinizə düşən öhdəlikləri yerinə yetirməmiş, yəni icarə predmetini müqavilə qüvvədə olan müddət ərzində mənim icazə və iştirakım olmadan mənə məxsus olan qülləli kranı sökmüsünüz, həmin kranımdan istifadə edərək faydalanmış və gəlir əldə etmisiz. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənim öz əmlakımdan istifafə etmək hüquqlarım pozulmuş, öz mülkiyyətimdən istifadə edə bilməməm nəticəsində gəlir, fayda götürə bilməmiş, üzərimdə olan digər öhdəlikləri (vergi və s) yerinə yetirməkdə çətinliklər yaratmış, həm mənəvi, həm də psixoloji cəhətdən sarsıtmış və fərdi sahibkar kimi işgüzar nüfuzuma xələl gətirilmişdir. Həmçinin cavabdeh “Sahibkarlıq fəaliyyəti” adından istifadə edərək, lakin onunla bir araya fəaliyyətlə məşğul olaraq mənim AR Konstitusiyasında nəzərdə tutulmuş mülkiyyət hüquqlarımı pozmuşdur. Bundan əlavə xüsusilə qeyd etmək istəyirəm ki, cavabdehlə müqavilə bağlamamışdan əvvəl mən başqa bir şirkətə kranın icarəyə verilməsi barədə müqavilə bağlamışdım. Lakin sonradan cavabdehlə razılaşıb müqavilə bağlasam da cavabdeh müqavilənin şərtlərini pozmuş və bu səbəbdən mənə xeyli zərər vurmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki,cavabdehdən öncə Kamur Group MMC ilə aramızda bağlansa da qiymət razılaşmaması səbəbindən müqaviləmiz ləğv olunmuş və daha sonra Cavabdeh1 MTK ilə müqavilə bağlamışam. Həmçinin Qülləli kranımın ayaqlarını(ankerlərini) və krana məxsus işləməsi üçün zəruri olan hissələrini vermədiyi üçün mən başqa bir şirkətlə müqavilə bağladığıma görə kranımı işə qoya bilmirəm. Çünkicavabdeh mənim kranımın ayaqlarını (ankerlərini) və avadanlıqlarını hələdə verməmiş və bu səbəbdən mən xeyli miqdarda gəlir əldə etməkdən məhrum olmuşam. Tərəfimdən Kranın icazəm olmadan sökülməsi ilə bağlı polisə müraciət olunmuşdur. Polisdə müvafiq qaydada araşdırılma aparılmış və araşdırmanın nəticəsi ilə bağlı sənədləri hazırkı iddia ərizəmə əlavə edirəm. Cavabdeh1 MTK xx.xx.2024 cü il tarixdə QTZ-80 markalı qülləli kranımı demontajetdikdən sonra QTZ-80 markalı qülləli krana aid olan ayaqlarını (ankerlərini) ona 3 və ya 4 gün ərzində verəcəklərini bildirmişdilər və bu səbəbdən xx.xx.2024 cü ildə tarixdə başqa bir şirkət olan BST MMC ilə QTZ-80 markalı qülləli kranın icarəyə verilməsi üçün 24 aylıq (1 ayda 26 gün) aylıq qiyməti 10.500 AZN + 21.5 % vergi xərci müqaviləsi bağlamışdır. Lakin cavabdeh "xxxx" və Cavabdeh2 MMC ona xeyli miqdarda 10 500,00 AZN x 21,5% = 12.757,50 manat x 24 ay =306 180,00 (üç yüz altı min bir yüz səksən) manat məbləğində ziyan vurmuş və həmin məbləğ əldən çıxmış fayda olaraq Cavabdeh1 MTK və Cavabdeh2 MMC tərəfindən ona ödənilməlidir.

3. Cavabdeh1 Mənzil Tikinti Kooperativi cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi və İddiaçı, ona ödənilmiş 14300 (on dörd min üç yüz) manat icarə haqqının, Kranın quraşdırılması üçün cavabdehə ödənilmiş 2150 (iki min yüz əlli) manat pulun, Cavabdeh2 MMC-yə kranın sökülməsi üçün ödənilmiş 4000 (dörd min) manat pulun və MTK-ya dəymiş 200000 (iki yüz min) manat maddi ziyanın alınaraq Cavabdeh1 MTK-nə ödənilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Belə ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında 15 noyabr 2023-cü il tarixli N° AL-15/11/23 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı məxsus'olan 1 ədəd Qülləli kran QTZ-80 reyester N® A- 04546, 8 tonluq, 55 metr qalının uzunluğu, 100 metr hündürlükdə təşkil edən kranı icarəyə götürmüşük. Kran tikinti ərazisində quraşdırıldıqdan sonra, kranın texniki və hüquqi sənədləri bizə təqdim edilməli idi, lakin kifayət qədər müddət keçməsinə baxmayaraq, həmin sənədlər bizə təqdim edilmədi və buna görə də, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X2 və Dağ X11 Agentliyinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə akt tərtib edilərək kranın istismarı qadağan edilmişdir. Həmçinin 19 yanvar 2014-cü il tarixdə məktub verərək kranın istismarının qadağan edilməsi barədə bir daha xəbərdarlıq edilmişdir. Buna baxmayaraq cavabdehə icarə haqqı ödənilmişdir ki, cavabdeh qeyd olunan nöqsanları qısa müddətdə aradan qaldırsın. Nəzərə almaq lazımdır ki, kran artıq quraşdırıldığına görə, vaxt və artıq xərc itkisinə məruz qalmamaqdan ötrü cavabdehə maksimum vaxt verildi və kran işləməsə belə pul ödənildi ki, problemləri həll etsin və tikinti dayanmasın. Kifayət qədər müddət keçməsinə baxmayaraq cavabdeh sənədləri təqdim emədi və kranın istismarına icazə ala bilmədi. Cavabdeh kranın 5 istismarına icazə ala bilməsə də, kranın da sökülərək tikinti sahəsindən götürülməsini təmin etmədi. Ona görə də, cavabdehlə aramızda olan 15 noyabr 2023-cü il tarixli N» AL-15/11/23 saylı icarə müqaviləsi bir tərəfli qaydada ləğv edilmiş və cavabdehə pretenziya verilərək 1 ədəd Qıilləli kran QTZ-80 reyester N° A-04546, 8 tonluq, 55 metr qalının uzunluğu, 100 metr hündürlükdə kranın sökülərək-tikinti ərazisindən götürülməsi və ödənilmiş icarə haqqının geri qaytarılması təklif olunmuşdur. Əks təqdirdə həmin kranın sökülməsinin tərəfimizdən təmin olunacağı və ona artıq ödənilmiş icarə haqqının qanunvericiliyə uyğun geri tələb olunacağı bildirilmişdir. Cavabdeh isə kranın söküntüsünü təmin etməmiş, əksinə özünün düşündüyü fərziyyələrlə dolu pretenziyasını bizə yollamışdır. Halbuki, cavabdeh nəzərə almalı idi ki, biz hündürmərtəbəli yaşayış binalarını inşa edirik, həmin ərazidən köçürülmüş sakinlərə hər ay külli miqdarda vəsait ödəyirik və tikintinin bir gün belə dayanması MTK-nın külli miqdarda vəsaitin itirməsi ilə nəticələnir. Beləliklə, cavabdeh müqavilə öhdəliklərini pozmuş və buna görə binanın tikintisi 2 (iki) ay gecikmişdir. Bunun da nəticəsi olaraq MTK-ya 200000 (iki yüz min) manat maddi ziyan dəymişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil ilkin iddianın məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Nümayəndə ilkin iddiaya etiraz edərək rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər.

7. Cavabdeh2nə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

9. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh2 lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 676.0-cı maddəsinə əsasən bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: - 676.0.1. kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır; - 676.0.2. kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır; - 677.1-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin predmeti olan əşyanın bu Məcəllənin 676-cı maddəsinin tələblərinə uyğun gəlməməsi kirayəçiyə aşağıdakı hüquqi müdafiə vasitələrini tətbiq etmək hüququ verir: - 677.1.1. əgər müqaviləyə uyğunsuzluğu nəticəsində əşya məhv olarsa və ya onun müqavilə üzrə müəyyənləşdirilmiş istifadəyə yararlığı azalarsa, əşyanın yararlığının itdiyi müddət üçün kirayəçi kirayə haqqını ödəməkdən azad edilir, onun yararlığının azaldığı müddət üçün isə yalnız kirayə haqqının bir hissəsini ödəməyə borclu olur. Yararlığın əhəmiyyətsiz dərəcədə azalması hesaba alınmır. Yaşayış otağının kirayəsi müqaviləsində kirayəçinin ziyanına olaraq bundan kənaraçıxmaların qüvvəsi yoxdur; - 677.1.2. əgər müqaviləyə hər hansı uyğunsuzluq onun bağlandığı məqamda məlum olarsa və ya belə uyğunsuzluq kirayəyə verənin cavabdeh olduğu hansısa hal nəticəsində sonradan əmələ gələrsə və ya kirayəyə verən həmin uyğunsuzluğun aradan qaldırılmasını gecikdirərsə, kirayəçi bu Məcəllənin 677.1.1-ci maddəsinə əlavə olaraq öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər; - 677.1.3. bundan savayı, kirayəyə verənin gecikdirməsi halında kirayəçi qüsuru özü aradan qaldıra bilər və çəkdiyi zəruri xərclərin əvəzini ödəməyi tələb edə bilər; - 677.1.4. əgər kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan götürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. İstifadəyə əhəmiyyətsiz maneə və ya istifadədən məhrumetmə nəticəsində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, kirayəçinin xüsusi mənafeləri buna haqq qazandırsın. Əgər kirayəyə verən əşyanı vaxtında istifadəyə verdiyinə və ya qüsuru müəyyənləşdirilmiş müddət bitənədək aradan qaldırdığına əsaslanaraq müqavilənin ləğvinə yol verilə bilməsi barədə mübahisə edirsə, o bunları sübut etməlidir. Yaşayış otağının kirayəsi üzrə hüquq münasibətlərində müqaviləni ləğv etmək hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

12. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən hər iki iddia qismən təmin edilməlidir.

13. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (icarəyə verən) ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi (icarəçi) arasında xx.xx.2023-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır.

14. Qeyd edilmiş müqavilənin 1-ci bəndindən görünür ki, icarə müqaviləsinin predmetini reyester nömrəsi A-04546 olan , 8 tonluq, 55 metr qolunın uzunluğu, 100 metr hündürlükdə olan 1 ədəd QTZ-80 Qülləli kran təşkil edir.

15. Müqavilənin 1.3.7-ci bəndinə əsasən aylıq icarə haqqı 7.000 manat təşkil edir.

16. Hazırda ilkin iddiaçı icarə müqavilə üzrə öhdəliyini tam icra etdiyini, qeyd edilmiş kranın Cavabdeh1 Mənzil Tikinti Kooperativinə təhvil verildiyini, ancaq cavabdeh tərəfindən müqavilədən imtina edilərək kranın söküldüyünü və bunun nəticəsində onun iddiada göstərilmiş xərclər çəkdiyini və krana qeyd edilmiş ziyanın dəydiyini bildirir.

17. Qarşılıqlı iddiaçı isə kranın istismarının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X2 və Dağ X11 Agentliyi tərəfindən sənədlərin hazır olmaması səbəbindən qadağan edildiyini, buna görə də, bir müddət gözlədikdən sonra müqavilədən imtina etmək məcburiyyətində qaldıqlarını, əsassız olaraq 2 aylıq icarə haqqı və quraşdırılma pulu ödədiklərini və sökülməsi zamanı əlavə xərclər cəkdiyini və bu müddət ərzində maddi ziyana düşdüklərini bildirir.

18. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin həlli baxmından hər iki iddiaya paralel olaraq qiymət verilməlidir.

19. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qeyd edilmiş kran 2023-cü ilin dekabr ayının sonlarında quraşdırılmış və xx.xx.2024-cü ildə sökülmüşdür.

20. Qeyd edilmiş halı hər iki tərəf qəbul etmişdir.

21. İş materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" MMC və İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, qeyd edilmiş kran "xxxx" MMC tərəfindən 55.000 manata İddiaçı satılmışdır.

22. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə qeyd edilmiş kranla bağlı defektoskopiya işlərinə dair X8 MMC tərəfindən hesabat tərtib edilmişdir.

23. Qeyd edilmiş xidmətin aparılması ilə bağlı isə "xxxx" MMC ilə X8 MMC arasında xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır və müqavilənin dəyəri 3.540 manat olmuşdur.

24. Qeyd edilmiş 3.540 manat məbləğində pul İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə köçürülmüş, sonuncu isə bu pulu xx.xx.2024-cü il tarixdə X8 MMC-nin hesabına köçürmüşdür.

25. Göründüyü kimi, kranın defektoskopiya işlərinə dair X8 MMC tərəfindən hesabat hələ xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir.

26. İş materiallarına əlavə edilmiş qeyd edilmiş kranın pasportunun surətindən (əslinə baxış keçirilmişdir) görünür ki, kran xx.xx.2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Sənayedə X2 və Dağ X11 Agentliyində qeydə alınmışdır.

27. Bundan başqa iş materiallarından görünür ki, qeyd edilmiş kranla bağlı Fövqəladə Hallar Nazirliyinin Sənayedə X2 və Dağ X11 Agentliyi tərəfindən verilmiş təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə xx.xx.2024-cü il tarixli çıxarış verilmişdir.

28. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Fövqəladə Hallar Nazirliyinin Sənayedə X2 və Dağ X11 Agentliyi tərəfindən Cavabdeh1 Mənzil Tikinti Kooperativinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə Şahbazi küçəsi ilə Qırmızı Şərq küçəsi bina 104 ünvanında quraşdırılmış qülləli krana baxış keçirilmiş, kranın texniki pasportu, iş icra layihəsi, cavabdeh şəxslərin əmri, quraşdırılma aktı, kran operatorunun sertifikatı təqdim edilməmiş. Texniki sənədlər təqdim olunana qədər kranın istismarı qadağan edilmişdir.

29. Göründüyü kimi, dekabr ayının sonunda quraşdırılmış olan kranın istismarı xx.xx.2024-cü il tarixdən Fövqəladə Hallar Nazirliyinin Sənayedə X2 və Dağ X11 Agentliyi tərəfindən qadağan edilmişdir.

30. İş materiallarından görünür ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə Cavabdeh2 arasında kranın sökülməsinə dair xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır. Qeyd edilmiş müqavilənin 1 saylı əlavəsindən görünür ki, qeyd edilmiş işin dəyəri 4.000 manat təşkil edir.

31. Məhkəmə iclasında İddiaçı Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən kranın sökülməsi təklifinin ona edilməsi halı soruşulmuş, İddiaçı da, kranın sökülməsi barədə təklifin xx.xx.2024-cü il tarixində edildiyini bildirmişdir.

32. Yuxarıda qeyd edilmiş sənədlərdən görünür ki, İddiaçı tərəfindən icarəyə verilmiş kran Fövqəladə Hallar Nazirliyinin Sənayedə X2 və Dağ X11 Agentliyində xx.xx.2024-cü il tarixində qeydə alındığı üçün, həmin kranın fəaliyyət göstərməsi qeyri-mümkün olmuşdur və əgər də, bir müddət fəaliyyət göstərmiş olsa da, fəaliyyəti qanunsuz olmuşdur.

33. Belə ki, nəzərə alınmalıdır ki, qeyd edilmiş kran təhlükə potensiallı obyekt olduğundan onun müvafiq qurum tərəfindən, texniki sənədlərə əsasən istismarına icazə verilməsi zəruri şərtdir.

34. İş materiallarında da, göründüyü və işin mübahisələndirilməyən digər halı da, ondan ibarətdir ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı 14.300 manat məbləğində icarə haqqı ödənilmişdir.

35. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək, İddiaçı ilə əmək müqaviləsi olduğunu, operator vəzifəsində çalışdığını, kranın 2023-cü ilin dekabr ayının 26- 27-də quraşdırıldığını, 2024-cü ilin yanvar ayında gəlib kran operatoru işlədiyini, kranın sənədlərinin hazır olmadığının bilmədiyini, fevral ayında da, kranın işlədiyini bildirmişdir.

36. Məhkəmə şahidin iş üzrə ilkin iddiaçı ilə əmək münasibətlərində olmuş olduğundan və kranın da, istismarının müvafiq dövlət orqanı tərəfindən qadağan edildiyindən, eyni zamanda da, kranın yanvar və fevral ayında işləməsi ilə bağlı hər hansı bir başqa sübut təqdim edilmədiyindən onun vermiş olduğu ifadəyə tənqidi yanaşır.

37. Məhkəmə iclasında həmçinin Cavabdeh1 Mənzil Tikinti Kooperativindən əgər qeyd edilmiş krandan istifadə edilməyibsə, necə tikilməkdə olan binanın bir neçə mərtəbəsinin tikintisinin həyata keçirildiyi halı soruşulmuş və Cavabdeh1 Mənzil Tikinti Kooperativi də, binanın ilk mərtəbələrinin tikilməsi zamanı avtokranlarla gündəlik lazım olan məmulatların qaldırıldığını bildirmişdir.

38. Göründüyü kimi, Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı icarə haqqı ödənilmiş olsa da, icarə obyektindən istifadə etmək imkanı olmamışdır.

39. Ona görə də, müqavilədən imtinası əsaslı olmuşdur.

40. Ona görə də, tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməli və Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı ödənilmiş 14.300 manat məbləği icarə haqqı qaytarılmalıdır.

41. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı tərəfindən kranın defektoskopiyası üçün çəkilmiş xərcin əvəzi olaraq 2.150,55 manat məbləğində pulun tələb edilməsi əsassızdır.

42. Belə ki, qeyd edilmiş kranın istismarının Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən mümkün olmaması kranın defektoskopiyasının keçirilməsi xərcinin ondan tələb edilməsi əsassızdır.

43. Bundan başqa Məhkəmə qeyd edir ki, işin mübahisləndirilməyən digər halı ondan ibarətdir ki, kran söküldükdən sonra onun “ayaqları” Cavabdeh1 Mənzil Tikinti Kooperativində qalmışdır.

44. Tərəflər arasında bağlanmış müqavilənin 1.2.4-cü bəndindən görünür ki, əgər sifarişçi betonda qalan qülləli kranın ayaqlarını çıxarıb icraçıya verməsə 10.000+vergi xərci 6,5 faiz sifarişçi tərəfindən icraçıya ödəniləcək.

45. Göründüyü kimi, tərəflər özləri kranın ayaqlarının verilmədiyi təqdirdə, 10.000 manat pulun icarəçi tərəfindən icarəyə verənə ödənilməsi barədə razılığa gəlmişlər. Ancaq Məhkəmə iclasında 6,5 faiz vergi xərcinin nədən ibarət olmasını iddiaçı tərəf əsaslandıra bilməmiş və bu barədə qanunvericilikdə hər hansı bir müddəa yoxdur.

46. Ona görə də, Məhkəmə hesab edir ki, kranın ayaqları Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı verilmədiyi üçün 10.000 manat məbləğində pul Cavabdeh1 Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməlidir.

47. Məhkəmə ilkin iddianın krana dəymiş ziyanın əvəzi olaraq 100.475,6 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

48. İddiaçı tərəf iddianın qeyd olunan hissəsi ilə bağlı müstəqil ekspert Əmrulla Kərimov tərəfindən verilmiş 25 aprel 2024-cü il tarixli mütəxəssis rəyinə istinad edir.

49. Qeyd edilmiş rəydə krana dəymiş ziyan 82.695,97 manat qiymətləndirilmişdir.

50. Rəyin məzmununa nəzər yetirildikdə görünür ki, kranın ayaqlarının dəyəri olaraq 10.000 manat pul da, bu qiymətin daxilindədir.

51. Məhkəmə qeyd edir ki, yuxarıda da, qeyd edildiyi kimi, kranın xx.xx.2024-cü ildə sökülməsi işin mübahisələndirilməyən halıdır.

52. Qeyd edilmiş rəy isə kran söküldükdən dərhal sonra deyil, 1 aydan daha çox vaxt keçdikdən sonra verilmişdir.

53. Bundan başqa iş materiallarından görünür ki, İddiaçı "xxxx" MMC arasında qeyd edilmiş kranın icarəyə verilməsi barədə xx.xx.2024-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır.

54. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixdə məktub göndərilmiş və qeyd edilmiş kranın ayaqlarının onlara təhvil verilmədiyi üçün xx.xx.2024-cü il tarixdə icarə müqaviləsinin xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur.

55. Bundan sonra işdən də, göründüyü kimi, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli saziş bağlanmışdır.

56. Bu xüsusda Məhkəmə qeyd edir ki, göründüyü kimi, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən sökülərək İddiaçı verilmiş olan krana dair, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır və icarə müqaviləsinin ləğv edilmə səbəbi məhz kranın ayaqlarının olmaması olmuşdur, yəni əgər kranda başqa hər hansı bir ziyan dəymiş olsa idi, İddiaçı bunu digər bir şirkətlə müqavilə bağlamamışdan öncə Cavabdeh1 Mənzil Tikinti Kooperativindən tələb etmiş olardı.

57. Hazırda isə, qeyd edilmiş müqavilənin icrasının baş tutmama səbəbi ancaq kranın ayaqlarının olmaması olmuşdur.

58. Yəni, xx.xx.2024-cü il tarixində Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən kran sökülərkən ona ziyan dəymiş olsa idi, İddiaçı digər hüquqi şəxslər müqavilə bağlamaz idi, öncə ziyanı aradan qaldıra bilərdi.

59. Ancaq verilmiş rəyin tarixinin 25 aprel 2024-cü il olması, o nəticəyə gəlmək üçün əsas verir ki, xx.xx.2024-cü il tarixində kran sökülməsi ilə, ona ziyan dəyməsi arasında hər hansı bir bağlılıq yoxdur.

60. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə iclasında hər iki tərəfdən kran sökülərkən İddiaçı orada iştirak etməsi halı soruşulmuş, hər iki tərəf və şahid İddiaçı söküntü prosesində bilavasitə iştirak etməsə də, söküntü prosesini izlədiklərini bildirmişlər.

61. Qeyd edilmiş haldan da, görünür ki, əgər karana söküntü zamanı ziyan dəymiş olsa idi, kranın sökülməsi prosesini izləmiş olan İddiaçı bu məsələyə daha operativ və qısa müddətdə münasibət bildirmiş olardı.

62. Ona görə də, Məhkəmə hesab edir ki, krana əgər hər hansı bir ziyan dəymiş olsa da, bunun Cavabdeh1 Mənzil Tikinti Kooperativi sifarişi əsasında Cavabdeh2 tərəfindən aparılmış söküntü ilə əlaqəsi yoxdur və qeyd edilən hissədə İddiaçı iddiası təmin edilə bilməz.

63. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı kranın sökülməsi ilə bağlı 18.225 manat tələb etsə də, kranın sökülməsi onun tərəfindən aparılamışdır, quraşdırılması ilə bağlı 15.066 manat tələb etsə də, bu pulun nədən ibarət olmasını əsaslandıra bilməmişdir, kranın və operatorun şənbə bazar günləri işləməsinə, kranın müqavilədə nəzərdə tutulmuş saatdan artıq işləməsinə görə pulun tutulmasına görə pulun tutulmasını tələb etsə də, kranın işləməsi halını sübut edə biməmişdir.

64. Belə ki, yuxarıda qeyd edilmiş Fövqəladə Hallar Nazirliyinin Sənayedə X2 və Dağ X11 Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixdən kranın istismarı qadağan edilmişdir.

65. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı əldən çıxmış faydanın nədən olmasını da, əsaslandıra bilməmişdir.

66. Bundan başqa da, nəzərə alınmalıdır ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən müqavilədən imtina edilməsinin səbəsi məhz İddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında icra etməməsi olmuşdur.

67. Bundan başqa iş materiallarından görünür ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə Cavabdeh2 arasında İddiaçı məxsus kranın sökülməsi ilə bağlı, xx.xx.2024-cü il tarixində xidmət müqaviləsi bağlanmış və kranın sökülməsi xərci 4.000 manat təşkil etmiş və qeyd edilmiş pul Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh2nə ödənilmişdir.

68. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etməməsi yəni, əşya kirayəçinin istifadəsi üçün sənədlərin hazır olmaması, kranın müvafiq dövlət orqanında qeydiyyatdan küçməməsi səbəbindən yararlı vəziyyətdə olmaması nəticəsində dəymiş zərəri ödəmək öhdəliyi də, yaranmışdır.

69. Ona görə də, Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh2nə ödənilmiş kranın sökülməsi xərci olaraq 4.000 manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh1 Mənzil Tikinti Kooperativinə ödənilməlidir.

70. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin tələb etdiyi kranın quraşdırılması ilə bağlı İddiaçı ödəmiş olduğu 2.150 manat pul tələbi təmin edilə bilməz. Belə ki, nəzərə alınmaldır ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativi İddiaçı aid kranın sənədlərinin hələ hazır olmadığını bilmiş, sənədlərin ağlabatan müddətdə hazır olacağına gözləməyə razı olmuş və qeyd edilmiş krandan müvafiq dövlət orqanı tərəfindən istismarının qadağan edilməsinədək istifadə etmişdir.

71. Bundan başqa Məhkəmə hesab edir ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin 200.000 manat maddi ziyanın ödənilməsi ilə bağlı tələbi də, təmin edilə bilməz.

72. Belə ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativi qeyd edilən maddi ziyanın nə ilə bağlı olmasını əsaslandıra bilməmişdir.

73. Bundan başqa Məhkəmə hesab edir ki, vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 manat məbləğində pul Cavabdeh1 Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməlidir.

74. Beləliklə, ilkin və qarşılıqlı iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

75. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: lkin iddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilsin. QTZ80 modelli Qülləli Kranın ayaqlarının qaytarılmamasına görə 10.000 (on min) manat məbləğində pul Cavabdeh1ndən tutularaq İddiaçı verilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul Cavabdeh1ndən tutularaq İddiaçı verilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Ödənilmiş icarə haqqının əvəzi olaraq 14.300 (on dörd min üç yüz) manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh1nə qaytarılsın. QTZ80 modelli Qülləli Kranın sökülməsinə çəkilmiş xərcin əvəzi olaraq 4.000 (dörd min) manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh1nə qaytarılsın. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Pul tələbləri qismən əvəzləşdirilsin. 7.300 (yeddi min üç yüz) manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh1nə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar