Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2990/2025 01.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borc” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xidmət haqqına görə yaranmış 84.881,33 əsas borc məbləğinin və 400 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq Nəqliyyat İdarəsinin hesabına köçürülməsi haqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi ilə Cavabdeh MMC arasında 13 Yanvar 2022-ci il tarixli SOCAR**********20190660X00001 saylı “Nəqliyyat və xüsusi texnika vasitələri ilə təmin edilmə xidmətinin göstərilməsi barədə” müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Nəqliyyat İdarəsi, nəqliyyat və xüsusi texnika vasitələri ilə sifarişçini təmin edir sifarişçi isə həmin xidmətləri qəbul edir və bu müqavilədə müəyyən edilmiş qaydada xidmət haqqını ödəyir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə yaranmış öhdəliklər yerinə yetirilməmiş, xidmət haqqını tam şəkildə ödənməmiş və bunun nəticəsində xx.xx.2025-ci il tarixinə Nəqliyyat İdarəsinə 84.881,33 (səksən dört min səkkiz yüz səksən bir manat otuz üç qəpik) məbləğində borc yaranmışdır. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3 maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə 19 Yanvar 2023-cü il tarixli 14-2-18/2-15/2023 saylı məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh təşkilat tərəfindən heç bir cavab alınmamışdır. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdehin tərəfindən müəyyən ödənişlərin olmasına baxmayaraq 84.881,33 manat ödənilməmiş qalıb. Borc tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı ilə təsdiq olunmuşdur. Bundan əlavə xx.xx.2023-cü il tarixində Bakı 15 saylı Mediasiya Təşkilatına müraciət olunmuşdur. İlkin Mediasiya sessiyası keçirilmiş və mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməsi barədə İdarəyə xx.xx.2023-cü il tarixində arayış təqdim edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.
5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi ilə Cavabdeh MMC arasında imzalanmış 13 Yanvar 2022-ci il tarixli SOCAR**********20190660X00001 saylı “Nəqliyyat və xüsusi texnika vasitələri ilə təmin edilmə xidmətinin göstərilməsi barədə” müqaviləy əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” “Sifarişçini nəqliyyat və xüsusi texnika vasitələri (N və XTV) ilə təmin edir (bundan sonra “İş” və ya “Xidmət”), “Sifarişçi” isə həmin xidmətləri qəbul edir və bu müqavilədə müəyyən edilmiş qaydada xidmət haqqını ödəyir.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən İcraçı” tərəfindən göstərilən nəqliyyat xidmətlərinin dəyəri nəqliyyat və xüsusi texnika vasitələrinin növündən (markasından) asılı olaraq Müqaviləyə əlavə olunan 01 saylı Əlavəyə əsasən hesablanır.
10. Müqavilənin 2.2-ci bəndinə əsasən tariflər dəyişdirildikdə yeni tariflər Tərəflər arasında yazılı formada razılaşdırılır və Tərəflər üçün məcburi xarakter daşıyır.
11. Müqavilənin 2.3-cü bəndinə əsasən xidmət haqqı ay ərzində göstərilmiş xidmətə görə hər növbəti ayın əvvəlində “İcraçfmn təqdim etdiyi hesab-fakturaya əsasən ödənilir.
12. Müqavilənin 2.4-cü bəndinə əsasən ödəniş hesab-fakturnın əsli təqdim edildikdən sonra 15 (on beş) iş günü müddətində “İcraçı”nın hesablaşma hesabına köçürmə yolu ilə aparılır. Hesab-faktura “Tərəflər arasında ödənişin həyata keçirilməsi üçün əsas şərtlərdən biridir.
13. Müqavilənin 3.1-ci bəndinə əsasən “Sifarişçi”nin hüquq və vəzifələri:
14. Müqavilənin 3.1.1-ci bəndinə əsasən müqaviləyə əlavə olunan qiymətlərin razılaşdırılma protokoluna (01 saylı Əlavə) əsasən xidmətlərin haqqını ödəyir;
15. İddiaçı tərəfindən nəqliyyat xidməti üzrə xx.xx.2021—xx.xx.2022-ci illəri əhatə edən e-qaimələr tərtib edilərək cavabdehə göndərilmişdir.
16. Kredit haqqında bildirişə əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə EBBN624788 saylı e-qaimə üzrə 97377,08 manat, eyni tarixə EBBM463233 saylı e-qaimə üzrə 88576,25 manat, xx.xx.2022-ci il tarixdə EBBP143223 saylı e-qaimə üzrə 95799,58 manat, eyni tarixdə EBBQ743816 saylı e-qaimə üzrə 71520 manat və EBBS357029 saylı e-qaimə üzrə 78388,54 manat məbləğində ödəniş edilmişdir.
17. 10.10.2022-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən cavabdeh MMC-nin cəmi borcu 84.881,33 manat müəyyən edilmiş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.
18. xx.xx.2025-ci il tarixli ƏDV sub-uçot hesabından köçürmələrin siyahısına əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə ƏDV depozit hesabına 15943,75 manat məbləğində, eyni tarixdə 17527,87 manat məbləğində, xx.xx.2022-ci il tarixində 17243,92 manat məbləğində, eyni tarixdə 12873,6 və 14109,94 manat məbləğində köçürmələr edilmişdir.
19. Arayışa əsasən cavabdeh MMC-yə müqavilə üzrə ƏDV daxil olmaqla 633.869,69 manat dəyərində müqavilə şərtlərinə əsasən xidmət göstərildiyi və sonuncu ödənişin xx.xx.2022-ci il tarixində 548.988,36 manat məbləğində olduğu və xx.xx.2025-ci il tarixə 84.881,33 manat ödənilməmiş borcun qaldığı qeyd edilmişdir.
20. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
22. Məhkəmə araşdırılması zamanı iddiaçının nümayəndəsi bildirdi ki, təqdim etdikləri xüsusi texnika və nəqliyyat vasitələri ilə cavabdehə xidmət göstərilib. Beləliklə, müəyyən edilir ki, tərəflər arasında qarışıq icarə-podrat münasibətləri yaranmışdır. Müqavilə üzrə iddiaçı öz üzərinə düzən öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya ödənilməmiş borcu qalmışdır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
24. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
26. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
27. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
28. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə üzrə sifarişçinin tapşırığı ilə onu nəqliyyat və xüsusi texniki vasitələrlə təmin edir və buna görə xidmət haqqı müəyyən edilmişdir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
30. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
31. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin icarə və podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
33. 700.1-ci maddəsinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;
34. 700.3-cü maddəsinə əsasən, əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir;
35. 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;
36. 752.1-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
37. 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
38. 769-cu maddəsinə görə, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
39. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
40. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq, həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa da, tam ödənilməmiş qalmışdır.
41. Məhkəmə hesab edir ki, iddianın əsas borcun ödənilməsi tələbinin əsaslı olması yalnız elektron vergi-hesab fakturaları ilə deyil, həmçinin xidmətlərin göstərilməsinə dair qarşılıqlı üzləşmə aktı və qismi ödənişlər ilə də təsdiqini tapır. Belə olduğu halda, iddia təmin edilməli, 84881,33 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
42. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiyaxərci/dövlət rüsumu ödənilmişdir və həmin xərcinin cavabdehdən tutulması tələb edilmişdir.
43. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
44. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilmiş məbləğinə mütənasib olaraq (rüsumun hesablanması kalkulyatorunun göstəricisi nəzərə alınmaqla) mediasiya xərcinin əvəzi olaraq ödənilmiş 345 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir
V. Nəticə:
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 84.881,33 manat borc məbləği və mediasiya xərcinin əvəzi olaraq 345 manat tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova